Gündəlik həyatımızda tez-tez işlədilən “terror” məfhumu getdikcə genişlənir və bəşəriyyətin ən dəhşətli bəlalarından birinə çevrilməkdədir. Terror cəmiyyətlərdə yaşamaq təhlükəsizliyini ortadan qaldırır. Terror terroru doğurur və yaşayış mühitini tamamilə dəyişdirir. Özü ilə bərabər davamlı bir qorxu, həyəcan gətirir. Sabit və təhlükəsiz yaşayışa əngəl yaradır, şübhə oyadır. Eyni zamanda, terror baş verməsi ilə birlikdə yüzlərlə cavabsız suallar doğurur. Hansısa qüvvələrin dəstəyi və əməyi ilə meydana gələn terror arxasınca çoxsaylı insan itkisi, unudulmayacaq vəhşilik qoyub getməklə yanaşı, dövlətlərarası əlaqələri zədələyir, dinlər, dövlətlər arasında ixtilaflar formalaşdırır. Qısası, terror dedikdə dəhşət, şiddət, qorxu, vəhşət, xaos...nəzərdə tutulur.
Terror yalnız bir bölgə üzrə yayılmır. Qloballaşma dövründə terrorun əhatə dairəsi də genişlənir, sərhədləri aşır və yeni-yeni problemlər doğurur. Terror dövlətin iqtisadi və sosial həyatına müharibələr qədər kəskin təsir göstərir. Həmçinin terror qeyri-nizami xarakter daşıdığı üçün onun əvvəlcədən təxmin olunması mümkünsüzdür.
Hər bir terror hadisəsində kimin-kimə qarşı etdiyindən başqa, qaranlıq məqamları özündə ehtiva edən gizli bir səbəb olur. 2001-ci il 11 sentyabr hadisələri bugünün özündə də açıq şəkildə öz həllini tapmayıb. Bu barədə xeyli sayda mülahizələr yürüdülsə də, hətta ABŞ-ın özü tərəfindən təşkil olunduğu iddia edilsə belə, hələ də üstüörtülü şəkildə qalmaqdadır. Çünki terror hər hansı bir məqsədə xidmət etmək üçün törədilir. Hər hansı bir “siyasi tələ”, “siyasi oyun” yaratmaq üçün baş verir. Ona görə də terror hadisəsi nə qədər geniş şəkildə, detalları ilə araşdırılsa, rəsmi mövqe bildirilsə də gizliliyini və şübhəliliyini qorumaqda davam edir.
Rəsmi məlumatlara görə, hazırda dünyada 42 terror təşkilatı fəaliyyət göstərir. Qeyri-rəsmi məlumatlara görə isə, şübhəsizdir ki, bu göstərici xeyli çoxdur.
İslam və terror
“İslamofobiya” anlayışı çağdaş dövrümüzdə İslama düşmən münasibəti, İslama nifrəti ifadə etməkdədir. Etimoloji baxımdan “İslam qorxusu” olaraq tərcümə olunmasına baxmayaraq, bu məfhum İslamdan qorxmanı aşılamağa xidmət edir. İslamofobiya, əslində, müsəlmanları “başqası” olaraq görməyə İslamı nifrətə, zorakılığa çağıran, irrasional, terrorizmi dəstəkləyən, mədəniyyətlər arasında toqquşma yaradan bir din olaraq tanıtmağa yönəldən bir aksiyadır.
Qərb daim İslama qarşı kəskin münasibət formalaşdırmış, öz siyasətlərində bunu açıq, yaxud gizli şəkildə ehtiva etmişdir. Qərb dünyasında bugünün özündə də müsəlmanın geridə qalmış, köhnə düşüncəli, avam, cahil, idarə olunan obrazı formalaşmışdır. Bu baxımdan, Qərbdə müsəlman ya cahil, ya da terrorçu olaraq tanınır. Bir anlıq tarixə nəzər salsaq, bu mülahizəni təkzib etmək üçün kifayət qədər fakt göstərə bilərik. İlk sivilizasiya məhz Şərqdə formalaşmışdır. Şərq təfəkkürü, elmi-fəlsəfi dünyagörüşü, ixtiraları daim diqqət mərkəzində olmuşdur. XI əsrdə “səlib yürüşləri”ni reallaşdıran xristianlar məhz Şərqdən (o cümlədən, müsəlmanlardan) mədəniyyət, etik davranış qaydalarını mənimsəmiş, barbar yaşam tərzindən tədricən uzaqlaşmağa başlamışlar. Zaman keçdikcə mənimsədikləri yenilikləri, mədəniyyəti, davranışı özününküləşdirmiş, saxta etik normalarını formalaşdırmışlar. Günümüzdə isə Qərb İslam dünyasını cahillikdə “günahlandırır”. İslamın sütun təməli hesab olunan “Qurani-Kərim” VII əsrdən yayılmasına baxmayaraq, bugünün özündə belə Qərbin aparıcı alimlərinin tapa bilməyəcəyi elmi sirləri, kəşfləri özündə gizlədir. Budurmu cahillik? Bu gün Qərb alimləri “Qurani-Kərim”də əsrlər bundan əvvəl yazılmış faktları sübut edir və heyrətlənirlər. Yəni, İslam cəhalət deyil, İslam elmdir.
Doxsanıncı illərin ortalarından etibarən islamofobiya mütəmadi olaraq səslənməyə başlamışdır. O vaxt amerikalı Samuel Hantinqton tərəfindən qələmə alınmış “Sivilizasiyaların toqquşması” məqaləsində ifadə olunan “İslam Qərb üçün potensial düşmənçilik ocağıdır” formulu 2001-ci il terror hadisələrindən sonra müsəlmanların əleyhinə “üstünlük” qazandırmışdır.
Salman Rüşdi ilə bağlı olaylardan və 11 sentyabr 2001-ci il hadisələrindən sonra mənfi imic formalaşdıran İslam dini Qərbdə öz yerini islamofobiyaya buraxmışdır. Bundan sonra “İslam terrorizmi”, “terrorçu müsəlmanlar” ifadələri geniş şəkildə səslənməyə başlamışdır. Təəssüf ki, dünya əhalisinin bir qismi oxuduğu kitaba, baxdığı verilişə, söylənilən mülahizələrə əsasən fikir formalaşdırır. Qərb isə “hakimiyyətin IV qolu”, “manipulyasiyanın I qolu” (müəllif N.M.) hesab olunan KİV vasitəsilə antiislam təbliğatını düşünülmüş şəkildə reallaşdırır. Antiislam təbliğatının mütəşəkkil və planlı şəkildə həyata keçirilməsi isə təbii ki, İslam dininə xas olmayan fikirlərin yayılmasına, dini tanıtma pərdəsi altında İslamın öz dəyərlərindən uzaq olan mülahizələrin formalaşmasına səbəb olur.
Bütün bu qara piara baxmayaraq, İslam dini dünyanın əsas dinlərindən biri olaraq qalmaqdadır. Zaman keçdikcə İslamın gerçək müddəaları ilə tanış olan şəxslərin bu dinə olan sevgisi və hörməti daha da artır. Bu isə, təbii ki, İslam dini sıralarına qoşulanların sayının da getdikcə artmasına təkan verir. Bu gün İslam Qərbdə sırası ən sürətlə genişlənən dindir və bəzi məlumatlara əsasən, Avropanın ən böyük ikinci dini statusunu qazanmışdır. Qərb dünyasını qorxudan və sarsıdan amillərdən aparıcısı da məhz budur: İslam birliyi. Tarixi faktlar da sübut edir ki, Qərb daim İslam dövlətlərinin birliyindən ehtiyat etmiş, onları bir-birinin əli ilə məhv etməyə istiqamətlənən strategiya yürütmüşdür. Qərbin güclü müsəlman rəqiblərini yox etmək üçün əl atdığı ən sevdiyi düstur: Qərb fitnəsi - müsəlman qırğını- tamaşaçı mövqeyi.
Qərb ölkələrində müsəlmanlardan qorxu xroniki xəstəliyə çevrilib. Bu vəziyyət elə bir şəkil alıb ki, daim azadlıq, ədalət, bərabərlik çağırışları edən Qərb ölkələrinin çoxunda müsəlmanlara qarşı gizli mübarizə üsulları seçilmişdir (hicaba qadağa və s.). Qərbin “azadlıqlar ölkəsi” kimi tanınan İsveçrədə hətta minarəyə qarşı mübarizə aparılmış, 2009-cu il 29 noyabr tarixində yeni minarə tikilməsinə qadağa qoyulub qoyulmaması ilə bağlı referendum keçirilmiş və əhalinin 57 faizdən çoxu qadağanı dəstəkləmişdir.
İslam humanizm, dostluq, qardaşlıq, yardımlaşma, sülh, əmin-amanlıq, sabitlik dinidir. İslam dünyada ədaləti, bərabərliyi bərpa etməyə çalışan bir dindir. İslam insanların bir-birinə düşmənçiliyinə son qoymağa, irqindən, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq dostluğa çağırışa yönələn bir dindir. İslam inkişaf, elm, yenilik dinidir. İslam dininin müddəaları terrora, zorakılığa qarşıdır. İslam terror deyil! Terror, qeyri-müsəlmanları İslama gətirmə üsulu deyil və olmayacaq da! İslamı ləkələməyə çalışanlar, İslam adından sui-istifadə edənlər bu dinin pərdəsi altında öz arzu və niyyətlərini reallaşdıraraq dini ləkələməyə çalışırlar...
Paris terroru; mülahizələr
Fransada fəaliyyət göstərən “Charlie Hebdo” satirik nəşrinə qarşı təşkil olunan silahlı hücum, əsasən qətliam xarakteri daşıyır. Əlbəttə, bu qorxuncdur, özü ilə birlikdə bir çox sual və problem doğuracaqdır. Həmçinin, bir sıra saxta məlumatlar, gərəksiz şübhələr yaradacaqdır.
Danılmaz faktdır ki, bu hadisə ilə islamofobiya yenidən gündəmə gəldi. Xüsusilə Qərbdə, demək olar ki, yeni bir mərhələyə qədəm qoydu. Hadisə Qərbdə İslama qarşı narazılıqların gücləndiyi bir vaxtda, həmçinin İslam peyğəmbəri Məhəmməd Peyğəmbərin (s.) karikaturasını dərc edən nəşrdə törədildi. Bu isə İslam amilinin ön plana çıxmasına “tutarlı” əsas verdi. Lakin nəzərə almaq lazımdır ki, bu jurnal digər dinləri də daim təhqir edir, bu səbəbdən dini icmaların narazılığına səbəb olurdu. Yəhudi icmaları dəfələrlə jurnalın karikaturaları ilə barışmayaraq onu məhkəməyə vermişlər. Məhəmməd Peyğəmbərin (s.) karikaturası 2006, daha sonra isə 2011 və 2012-ci illərdə dərc olunub. Bu baxımdan, hücumu sırf Peyğəmbərin karikaturası ilə əlaqələndirmək bir qədər ziddiyyətlidir. Jurnal qalmaqallı karikaturalar dərc etdiyi üçün uzun müddət təhdid altında olmuş, hətta bəzən bombalı hücumlara hədəf olmuşdur. Bu cür neqativ hallarla qarşılaşmamaq üçün Fransa hökuməti jurnalın redaksiya heyətinin təhlükəsizliyini qorumağı öz himayəsinə götürmüşdür.
Hadisə şahidlərinin ifadələrinə görə terrorçular hadisə yerindən qaçarkən “Peyğəmbərin intiqamı alındı” deyə qışqırmışlar. İngiltərənin “Mirror” qəzetində isə hadisə şahidlərdən birinin ifadəsi yer almışdır. Qəzet qapını açan terrorçuların “ Biz Əl-Qaidə”dənik, deyə bağırdığını iddia edən yazı dərc etmişdir. Zərərsizləşdirilmiş terrorçulardan kimliyi müəyyən edilən 34 yaşlı Səid Kuaşinin “Əl-Qaidə” düşərgəsində bir neçə ay təlim keçməsi, onun qardaşı 32 yaşlı Şərif Kuaşinin isə 10 il əvvəl İraqdakı silahlılara qoşulmaq cəhdinə görə 1,5 il azadlıqdan məhrum edilməsi faktı vəziyyəti bir qədər də qəlizləşdirmişdir. Fransada mövcud olan İslam icmasının bəyanatında müsəlmanların da eyni dərəcədə terror təhlükəsində olduğu bildirilmişdir. Belə ki, nəşrdə törədilən terrordan sonra bir gün ərzində Fransada 3 məscidin yaxınlığında bomba partladılmışdır. Bunun özü isə yeni bir terror həyəcanını gündəmə gətirir.
Fransa hadisələri, bir terror kimi qiymətləndirilsə də, onun müsəlmanlıqla bir yerdə səslənməsinə, İslamofobiya və irqçi düşüncələri yaymasına əngəl olmaq lazımdır. Terrorun dini, milliyyəti, irqi olmur. Dinə ləkə salmaqla problemin öhdəsindən gəlməyə çalışmaq yanlış, səmərəsiz bir addım olar. “Charlie Hebdo” sadəcə İslama deyil, xristianlığa da rişxənd edən, dinlərə qarşı təhqiredici məlumatlar paylaşan bir jurnaldır. Əgər bu hadisədə din amili olsaydı, terror aktı məhz 2006-cı ildə və sonrakı dövrlərdə, yaxud ABŞ-da İslamın müqəddəs kitabı “Qurani-Kərim” yandırılarkən tolerantlıq çağırışı edən dünya güclərinin susduğu bir vaxtda törədilərdi. Fransa Prezidenti Fransua Olland da verdiyi açıqlamasında bildirmişdir : “Bugünkü terror antisemit bir hücum idi. Ancaq bunların nə İslamla, nə də dinlə bir əlaqəsi var”.
Lakin bütün bunlara baxmayaraq, maraqlıdır ki, terror deyilən kimi ilk ağıla gələn müsəlmanlar - İslam dünyası oldu... Bu hadisə təxribat xarakterli, İslamı təhrif etməyə yönəlmiş bir aktdır. Unutmayaq ki, belə hadisələr tarixdə çox təkrar olunubdur...
Erməni terrorundan əziyyət çəkən Azərbaycanın rəsmi mövqeyi
Azərbaycan Respublikası Fransada baş verən hadisələrə ilk münasibət bildirənlərdən biri olmuşdur. Dövlət başçısının 7 yanvar tarixində Fransa Prezidentinə ünvanladığı başsağlığında dövlətimizin terrorizmin bütün təzahürlərinə qarşı hər cür mübarizə aparılmasını dəstəklədiyini bildirmişdir. Yeni Azərbaycan Partiyasının 9 yanvar tarixli bəyanatında isə Fransada baş verən terror hadisələri pislənilmiş, Azərbaycanın hər zaman bütün dünyanı terrorizmə qarşı birləşməyə çağırdığı ifadə olunmuşdur. Həmçinin, Azərbaycan 11 yanvar
tarixində Parisin Respublika meydanında keçirilmiş həmrəylik yürüşündə də iştirak edib. Bu yürüşdə Azərbaycanı Baş nazirin müavini Əli Əhmədov təmsil edib. Bununla, dövlətimiz terrora qarşı qətiyyətli və qərəzsiz mövqeyini bir daha bəyan etmişdir.
Azərbaycan dəfələrlə terrorçuların əməllərindən əziyyət çəkmiş, terrorun nə cür bəlalara gətirib çıxardığının şahidi olmuşdur. Təəssüf ki, beynəlxalq birlik terrorizm mövzusunda da daha çox şəxsi mülahizələrə əsaslanır. Unutmaq olmaz ki, bu gün dünyada türklərə qarşı dəhşətli fəlakət və vəhşiliklər törədən erməni terrorizmi mövcuddur. Bu terror təşkilatlarının təmsil olunduğu din xristianlıqdır. Lakin “bərabərlik, ədalət carçısı” olan Qərb bunu görmür, yaxud da görmək istəmir. Terroru canlı şəkildə yaşayan Fransa erməni lobbisinin məskunlaşdığı başlıca dövlətlərdəndir. Məhz həmin lobbi erməni terror təşkilatlarını maliyyələşdirməklə məşğuldur. Çox uzağa getməyək keçən əsrin sonunda baş vermiş dəhşətli “Xocalı faciəsi” erməni terrorunun ən “parlaq” səhifələrindəndir. Bakı metropoliteninin “20 Yanvar” stansiyasında, “28 May” və “Gənclik” stansiyaları arasında elektrik qatarında törədilmiş partlayışlar, Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması, sərnişin marşrutlarında partlayışlar və s. bu kimi sadalamaqla bitməyən terror hadisələri erməni əməlləridir. Lakin dünya birliyi bununla bağlı vahid mövqeyini hələ də ortaya qoymamış, bu hadisələri terror səviyyəsində qiymətləndirməyə belə cəhd etməmişdir.
Fransa, həmçinin qondarma “erməni soyqırımı”nın da təbliğatçısı olan bir ölkədir. Hətta 2001-ci ildə Fransa Milli Məclisi ermənilərə qarşı soyqırımı törədildiyini qəbul etmişdir. Türkiyənin o vaxtkı Baş naziri Rəcəb Tayyib Ərdoğan (indiki Prezident) Fransanın bu qərarına qarşı ibrətamiz bir cavab vermişdir: “Soyqırımı görmək istəyənlər öz çirkli və qanlı tarixlərinə baxsınlar. Əgər Fransa Milli Məclisi tarixlə maraqlanmaq istəyirsə, getsin Afrikanın, Ruandanın, Əlcəzairin tarixinə nəzər salsın”.
1954-cü ildən 1962-ci ilə qədər Əlcəzairin müstəqillik mübarizəsində milyondan çox əlcəzairli həyatını itirib. Fransızların Ruandada baş verən qırğına göz yumması isə yüz minlərlə adamın həyatına son qoyub.
Heç bir əməl — yaxşı, ya pis — cəzasız qalmır. Tarix hər bir şeyi vaxtında öz yerinə qoyur. Fransa tarixində yaşadığı bu dəhşətli terror hadisəsi ilə sarsılmış vəziyyətdə olsa da, terrorun nəticələrini və təsirlərini də anlaya bilmişdir. Bu qətliama heç bir halda haqq qazandırmaq olmaz. Faciəni təşkil edənlər cəzalandırılmalı, hesab verməlidir. Eyni zamanda , qətliamdan siyasi oyun naminə istifadə etmək də lazım deyil.
Nailə MƏMMƏDOVA,
“Azerbaijan Realities” analitik təhlil qrupunun üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.