Mən bu yazını Avropa qurumlarının rəhbərlərinə məktub kimi qələmə alıram. Hörmətli cənablar! Biz Avropanı həmişə bəşər sivilizasiyasının ilk ocaqlarından biri, intibahın, tərəqqinin, demokratiyanın, dövlətçilik və idarəetmə prinsiplərinin mənbəyi kimi qəbul etmişik. Tam əminliklə deyirəm ki, bu qənaətdə olanlar yanılmayıblar. Sizdən həmişə səmimi münasibət, ədalətli qərar və anlaşıqlı cavab gözləmişik. Çox zaman gözlədiyimizi ala bilmişik. Amma həmişə yox. Bu yazı da məhz həmin səbəbdən - yəni həmişə ədalətli qərar eşitməməyimiz səbəbindən qələmə alındı.
Bugünkü həqiqətlər və Deni Didro
Cənab ekspertlər, bildiyiniz kimi, bu gün cümlə azərbaycanlıların əsas problemi Dağlıq Qarabağ münaqişəsinin həllinin düyünə düşməsidir. Bu problem dünyadakı digər problemlərin heç birinə bənzəmir. Münaqişənin həlli yollarını BMT, ATƏT kimi beynəlxalq təşkilatlar, ABŞ, Rusiya, Böyük Britaniya, Türkiyə, Fransa kimi aparıcı dövlətlər uzun müddət axtarıblar. Ancaq kələfin ucu tapılmır ki, tapılmır. Nəhayət, ATƏT rəsmiləri Azərbaycana və Ermənistana eşitdirirlər ki, tale sizi qonşu yaradıb, gedin, barışın. Minsk qrupunun həmsədrləri bildirirlər ki, indi günahkar axtarmaq vaxtı deyil, münaqişənin həllinə doğru güzəştli addımlar atmaq lazımdır. Vasitəçi dövlətlərin fikrincə isə, problemi Azərbaycan və Ermənistan rəhbərləri üzbəüz danışıqlar vasitəsiylə həll edə bilərlər.
Əvvəla, bizə tövsiyə edilir ki, indi günahkar axtarmaq vaxtı deyil, barışın. Necə məgər, günahkar axtarmaq vaxtı deyil? İşğalçıya işğalçı deyilməyəcəksə, on minlərlə insanın ölümünə bais olan ideoloqlar cani adlandırılmayacaqsa, onda problemi necə həll etmək olar? Ölkəmizin ərazilərinin 20 faizini viran qoyub narkotranzit, qaçaqmalçılıq ünvanına, əcnəbi terrorçuların təlim platsdarmına çevirmiş Ermənistan ordusu həmin ərazilərdən çəkilməyəcəksə, onda hansı problemin həllindən söhbət gedir?
İkinci, tövsiyə edilir ki, problemi Azərbaycan və Ermənistan prezidentləri üzbəüz danışıqlarla həll etsinlər. Siz yaxşı bilirsiniz və bilmirsinizsə, bir də xatırladım ki, Azərbaycan Prezidenti İlham Əliyev öz xalqının mənafeyinə uyğun gəlməyən heç bir addımı atmayacaq. Xalqın mənafeyi isə işğal edilmiş torpaqların qeyd-şərtsiz azad olunmasından ibarətdir. İlham Əliyev bu platformanı əsas tutaraq Ermənistan prezidenti ilə görüşləri, danışıqları davam etdirir. Eyni zamanda Ermənistan prezidenti də heç bir güzəştə hazır olmadığını on dəfələrlə sübut edib. Çünki onun dövləti həmin əraziləri 30 minədək azəri türkünün qanı bahasına işğal edib. Bu işğalçı müharibə Ermənistana da on minlərlə itki bahasına başa gəlib. Üstəlik, Azərbaycan ərazisinin işğal edilməsi üçün erməni lobbisi yüz milyonlarla dollar vəsait sərf edib. İndi Ermənistan prezidenti hansısa güzəştə doğru addım atarmı? Əlbəttə yox.
Deməli, həlledici sözü beynəlxalq təşkilatlar və regionda marağı olan aparıcı dövlətlər deməlidrlər. Beynəlxalq təşkilatlar isə iyirmi ildən artıqdır ki, ətalət mürgüsündən ayrıla bilmirlər. Bir daha xatırladıram ki, BMT, ATƏT və AŞ-dan əvvəl Deni Didro var idi. Avropanın bu müdrik fikir sahibi demişdi: “İnsanların bütün istəkləri onlar üçün əzizdir. Ancaq doğma evə qayıtmaq arzusu heç bir arzuya bənzəmir”. Didro bunu Ermənistandan və Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş rayonlarından qaçqın düşmüş adamlar haqqında deməyib. Amma mən bu ifadələri birbaşa onlara şamil edirəm. Çünki mənim yüz minlərlə soydaşım artıq iyirmi üç ildir ki, öz ata-baba yurdunu, öz əli ilə, dırnağı ilə qurub yaratdığı ev-eşiyini ancaq yuxularda görə bilir. Hərgah, yatmağa yeri, yuxuya rahatlığı olsa.
Siz - dünyaya sivilizasiya, tərəqqi, intibah, demokratiya gətirən “əski qitə”nin təmsilçiləri isə, yüz minlərlə Qarabağ qaçqınlarının (Azərbaycanda onlara məcburi köçkün, Ermənistandan qovulmuş soydaşlarımıza və Özbəkistanın Fərqanə vilayətindən təkrarən didərgin düşüb Azərbaycanda məskunlaşmış ahıska türklərinə isə qaçqın deyirlər. Hər üç zümrədən olan , ümumilikdə qaçqın adlandırılanların sayı bir milyondan artıqdır) problemini, elementar yaşayış imkanlarının olmamasını “unudaraq” hansısa qanun pozuntusuna görə həbs olunan beş-on azərbaycanlının azad edilməsinin qayğısına qalırsınız. Xeyir ola? Avropada, Azərbaycanda, lap elə Ermənistanda qayğısına qalmalı adam tapılmadımı? Tapılmadısa, gəlin sizə göstərim. Artıq mənim minlərlə soydaşımın yaş kağızındakı “doğulduğu yer” qrafasının qarşısında “çadır” sözü yazılıb. Artıq mənim on minlərlə soydaşım Azərbaycanda olsa da, öz yurd-yuvasından, ata-baba torpağından uzaqlarda dəfn edilib. Avropa bu faktları görmürsə, rəzalətdir, görüb qulaqardına vurursa, cinayət.
Hörmətli cənablar! Avropa telekanalları tez-tez it və pişiklər üçün xüsusi vitaminlərlə zənginləşdirilmiş yeni ərzaq növlərindən söz açırlar. Sizin ölkələrdə ev heyvanları üçün hər cür rahatlıq yaradılır. İtlər və pişiklər sizin soydaşınız olmasa da (ifadədə səhv etmirəm) bir damın altında yaşadığınıza görə onlara qayğı göstərirsiniz. Axı Azərbaycanda yüz minlərlə insan - bəzi Avropa siyasətçilərinin də dəstəklədiyi ermənilər tərəfindən qaçqınlıq əzab-əziyyətinə düçar olmuşlar — nəinki vitaminləşdirilmiş və ya yeniləşdirilmiş, heç adi gündəlik ərzağa olan tələbatını da ödəyə bilmir. Bizim demokratiya umduğumuz Avropa onların dərdlərinə çarə qıla bilmirsə, onda heç olmazsa, Azərbaycana bəlalar gətirmiş barbar insanlara qayğı göstərib bizi təhqir etməsin.
Mənə həqiqəti deməyin, onu sizə özüm söyləyirəm
Rus yazıçısı Vsevolod Ovçinnikov “Yapon olmaq məharəti” kitabının məllifi Bob Danhemdən belə bir sitat gətirir : “Qərbdə adama ya həqiqəti demirlər, ya da yalan danışırlar. Yaponlar isə demək olar, heç vaxt yalan danışmırlar, lakin həqiqəti söyləmək heç vaxt ağıllarına gəlməz”. Allah Bob Danhemə rəhmət eləsin. O qərbliləri də görüb, yaponları da. Onların xüsusiyyətlərini də yaxşı öyrənib. Qərblilərin həqiqəti demədikləri barədə mister Bobun dediklərinə mən də şərikəm. Bizə həqiqəti demirsiniz. Münaqişənin həllinin nə üçün uzandığını, niyə işğalçıya öz adı ilə müraciət etmədiyinizi gizlədirsiniz. Axı Avropa açıq sözün, demokratik prinsiplərin dayağıdır. Eybi yox, siz həqiqətin özünüzə bəlli olan tərəflərini gizlədin, mən isə öz bildiklərimi sizə ünvanlayıram.
Sadə azərbaycanlı tərbiyəsi, ali təhsil almış, altmışdan çox yaşı olan jurnalist kimi avropalıların sənətə, sənətkara, sənət əsərinə, abidəyə nə qədər həssaslıqla yanaşdıqlarını yaxşı bilirəm. Ona görə də Şuşanın işğalıyla başlanan ərazi itkilərimiz nəticəsində Azərbaycanın itirdiyi mədəni-maarif ocaqları, tarixi, memarlıq abidələri barədə söz açıram. Ümidvaram ki, siz bu faktları biganəliklə qarşılaya bilməyəcəksiniz.
Beləliklə, ərazimizin 20 faizinin düşmən əlinə keçməsi nəticəsində: 500-dən artıq tarixi-memarlıq abidəsi, 103 arxeoloji abidə, 10 minlərlə eksponatı olan 22 muzey, 4 rəsm qalereyası, 4 milyon 600 min kitab və əlyazması saxlanılan 927 kitabxana, 808 klub, 10 mədəniyyət və istirahət parkı, 85 musiqi və incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı düşmən əlinə keçib. Yəni, vəhşicəsinə məhv edilib. Bəzi avropalılar həmin vəhşiliyi hələ də müdafiə edirlər.
Şuşada Gövhər ağa məscidi, Aşağı məscid, Mamay məscidi, misilsiz incəsənət xadimi, rəssam və musiqişünas Mir Möhsün Nəvvabın xatirə muzeyi, 1000-dən çox eksponatı olan Şuşa tarix muzeyi dağıdılıb. Üzeyir Hacıbəyov, Natəvan və Bülbül kimi sənət korifeylərinin abidələri erməni barbarları tərəfindən güllələnmiş və gürcü sənətsevərlərinin köməyi ilə düşməndən alınıb Bakıya gətirilmişdir. “Yaralı abidələr” Bakı İncəsənət Muzeyinin həyətində indi də dünya sənətsevərlərinə gözdağı kimi nümayiş etdirilir.
Füzuli rayonu ərazisində Əhmədalılar İslam-memarlıq abidəsi, Baba türbəsi, Hacı Ələkbər məscidi, Hacı Qiyasəddin məscidi yerlə-yeksan edilib. Laçında Malik Əjdər türbəsi, Sultan baba türbəsi, Şeyx Əhməd türbəsi, Həmzə Sultan və Sultan Əhməd sarayları, Ağoğlan çayı üzərindəki məbəd vəhşicəsinə dağıdılıb. Avropa məsulları bu faktları hələ də “eşidə bilmirlər”. Cəbrayılda Sultan Allahverdi hamamı adlı memarlıq abidəsi, Şıxlar kəndindəki dairəvi türbə də Şuşa, Laçın və Qubadlı rəsm qalereyaları kimi talan edilib, tamamilə dağıdılıb. Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Salam Salamzadə, Maral Rəhmanzadə kimi şöhrətli Azərbaycan sənətkarlarının rəngkarlıq əsərləri işğalçıların əlində oyuncağa çevrilib. 50 hektar ərazini əhatə edən Xocalı kurqanı, XIV əsrdə inşa edilmiş Xocalı türbəsi və dairəvi məbəd də eynilə o biri abidələrimizin taleyini yaşamağa məhkum edilib.
Bəlkə də bütün itkilərə az da olsa, dözmək olardı. Ancaq ikiyə parçalanmış Azərbaycan xalqı üçün müqəddəs ünvana çevrilən, 1027-ci ildə Araz çayının üstündə inşa edilib iki sahili birləşdirən Xudafərin körpüsünün düşmən əlində təhqir edilməsinə dözmək olmur. Bu itki bizə ürək ağrısı versə də, beynəlxalq təşkilatları qətiyyən narahat etmir.
Azıxantropun ocağından gələn top səsləri
Hörmətli avropalılar! Bəşər tarixinin ən qədim yaşayış məskənlərindən biri sayılan - Avropanın 5 ilkin yaşayış məntəqələrindən biri kimi UNESCO-nun qeydiyyatında olan, 1 milyon 200 min il əvvələ aid edilən Azıx mağarasının düşmən əlinə keçməsi təkcə Azərbaycan tarixinə deyil, həm də bəşər tarixinə vurulan zərbədir. Çünki ermənilər Xudafərin körpüsünə qənim olmaq üçün bu abidənin yanında su elektrik stansiyası tikməyə başladıqları kimi, dünya elminə azıxantrop termini qazandırmış Azıx abidəsindən də təsərrüfat və hərbi məqsədlərlə istifadə edirlər. Avropa susur.
Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə işçi qrupun üzvü Nüsrət İbrahimovun mətbuatda yayılan məlumatlarına görə Dağlıq Qarabağın və ətraf 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə ölkəmizin tarixi və mədəniyyət abidələrinə dəyən zərər 177 milyard dollar təşkil edir. Əhalinin mülkiyyətinə isə 55,4 milyard dollar məbləğində zərər vurulub. Qeyd edilib ki, Azərbaycanın yerüstü və yeraltı təbii sərvətlərinin ermənilər tərəfindən talan və məhv edilməsi nəticəsində dəymiş birbaşa və dolayı zərərin 190 milyard dollardan artıq olacağı şübhə doğurmur. Bu faktlar da bir çox dünya siyasətçilərini düşündürmür. Yeni münaqişə ocaqları yarananda isə dərhal “oyanırlar”.
Yadınıza salıram ki...
1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarına əlavə olunan və beynəlxalq xarakter daşımayan silahlı münaqişə qurbanlarının himayəsinə həsr edilən 1977-ci il 8 iyun tarixli protokolun (Azərbaycan 1993-cü ildən həmin Konvensiyaya qoşulmuşdur) 16-cı maddəsində (IV fəsil) göstərilir: “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının müddəalarına xələl gətirmədən, xalqların mədəni və ya mənəvi irsini təşkil edən tarixi abidələrə, incəsənət əsərlərinə və ya ibadətgahlara qarşı yönəldilən hər hansı düşmənçilik hərəkətinə yol vermək və onlardan hərbi səylərə yardım etmək üçün istifadə etmək qadağandır”. Bu, beynəlxalq Konvensiyanın qadağası, o, ermənilərin göz qabağında olan əməlləri, o da qarət, yerlə-yeksan və təhqir edilmiş Azərbaycan abidələri. Yenə də susursunuz.
Xatırladım ki, həm regionun boynunda yükə çevrilmiş ermənilər, həm də Azərbaycandakı hüquq müdafiəçiləri Avropa ekspertləri üçün Ziqmund Freydin qazlarına çevrilə bilərlər. Bu nə deməkdir? Freyd elmi araşdırmaları zamanı qaz balaları üzərində təcrübə aparır. O, yumurtadan təzəcə çıxmış qaz balalarını beş həftə anaları ilə görüşməyə qoymur. Nəticədə qazlar bütün günü özlərinə ana sandıqları Freydin ayaqlarına sürtünə-sürtünə gəzirlər və alimin işləməsinə imkan vermir, onu bezar edirlər. Əminəm ki, Avropa bu canlıların əlindən bezar olmaqdansa, onları öz anaları ilə görüşdürməyi üstün tutacaq.
Nəhayət, bolqarıstanlı şair Xristo Stoyanov “Azərbaycanı ürəyimdə aparıram” adlı şeirində Bakıdakı Qız qalasını sədaqət abidəsi, azərbaycanlıları isə etibar nümunəsi adlandırır. Avropalı şair çox haqlıdır. Siz bizdən ancaq və ancaq sədaqət görə bilərsiniz. Freydin “qazları” isə gəldi-gedərdir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.