Demokratik inkişaf, insan hüquqlarının qorunması,qanunun
aliliyinin və fundamental azadlıqların təmin olunması bizim
əsas prioritetlərimizdəndir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan böyük dövlətlərin maraqlarının kəsişdiyi ərazidə — Avropa və Asiyanın geosiyasi qovuşuğunda yerləşərək, geniş təbii ehtiyatlara və böyük sənaye potensialına malikdir. Ölkəmizin rəhbərliyi Azərbaycan xalqının qəti əzminə və inamına arxalanaraq müstəqilliyimizin möhkəmləndirilməsinə və demokratik islahatların həyata keçirilməsinə istiqamətlənmiş siyasət aparır.
Müasir dövrdə hər hansı bir dövlətin geostrateji və geosiyasi üstünlükləri, hər şeydən öncə, onun fiziki-coğrafi mövqeyi, təbii sərvətləri, əhalisi, iqtisadi inkişafı, siyasi quruluşu və təbii ki, həmin ölkənin lideri ilə müəyyən edilir. Əsl lider məhz bu üstünlüklərdən xalqın və dövlətin maraqları naminə müdrikcəsinə və siyasi uzaqgörənliklə istifadə edir, ölkəsini hər cəhətdən inkişaf etdirir, yeni tarix yazır.
Tarixdə şəxsiyyətin rolu haqqında çox araşdırmalar aparılıb.Mən özüm də ömrümün 10 ildən artıq bir dövrünü fundamental elmi araşdırmaya həsr etmişəm. Müstəqil Azərbaycan dövlətinin yaranmasında və möhkəmləndirilməsində Heydər Əliyevin rolunu, xalqımız qarşısında tarixi xidmətlərini, zəngin dövlətçilik və siyasi fəaliyyətini tədqiq edib, elmi cəhətdən əsaslandırmışam. Ulu öndərin zəngin dövlətçilik və siyasi fəaliyyəti haqqında ilk doktorluq dissertasiyasının müəllifiyəm.
Bu və ya digər dövlətin rəhbərlərinin, siyasi liderlərinin, görkəmli şəxsiyyətlərinin tarixdə oynadıqları rolun əhəmiyyəti və miqyası həmin ölkənin aid olduğu konkret şəraitlə, orada gedən proseslərlə sıx bağlıdır. Özünün taleyüklü problemlərini həll edərək sabit, rəvan inkişaf yolu ilə irəliləyən ölkələrdə siyasi liderin rolu danılmazdır. Dediklərimizə sübut olaraq akademik Ramiz Mehdiyevin bu barədə fikirlərinə diqqət yetirək: R.Mehdiyev yazır: “Kəskin ziddiyyətlər, faciəli proseslər, dərin kataklizmlər içərisində çapalayan ölkənin taleyüklü anında ona hansı şəxsiyyətin rəhbərlik etməsi isə onun tarixi-siyasi taleyində həlledici rol oynayır.Müstəqillik yoluna yenicə qədəm qoymuş, xarici və daxili siyasətinin əsas prinsipləri hələ müəyyən edilməmiş, ziddiyyətlərin kəskinləşdiyi bir zamanda acınacaqlı vəziyyətə düşmüş Azərbaycan üçün bu, xüsusilə böyük əhəmiyyət kəsb edirdi... Ən mürəkkəb vəziyyətlərdə düzgün qərar çıxarmaq, ağır və çətin problemlər içərisindən ən vacib və təxirəsalınmaz olanları müəyyənləşdirib həll etmək, qarşıya ümdə vəzifələr qoyaraq onların yerinə yetirilməsi üçün iradə və əzmkarlıq göstərmək, öz kəsərli sözü, dəmir məntiqi ilə hamını bu yolda səfərbər etmək qabiliyyətinə bu qədər yüksək səviyyədə sahib olan şəxsiyyətə tarixdə nadir hallarda rast gəlmək mümkündür”.
Ulu öndər Heydər Əliyev məhz respublikamızın müasir tarixinin ən ağır günlərində — 1993-cü ildə xalqın təkidi ilə Azərbaycanda siyasi rəhbərliyə qayıtdı və ölkəni dünyanın siyasi xəritəsindən silinməkdən, bir dövlət olaraq parçalanmaqdan xilas etdi. Bu, o demək idi ki, Azərbaycanın siyasi inkişaf mərhələsində yeni era — Heydər Əliyev erası başlayır. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev hələ 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki nitqində Azərbaycanın ağır iqtisadi böhran vəziyyətindən çıxarılması üçün sosial-iqtisadi sahədə qarşıda durantəxirəsalınmaz vəzifələri irəli sürmüş və onların həyata keçirilməsi uğrunda həyatının sonuna qədər biliyini, bacarığını, təcrübəsini həsr edəcəyinə söz vermişdi. Ümummilli liderin yeritdiyi məqsədyönlü daxili və xarici siyasət sayəsində Azərbaycanın malik olduğu təbii sərvətləri, zəngin karbohidrogen ehtiyatları onun əsl sahibinə — Azərbaycan xalqına verildi. Bu faktorlar Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi, mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin keçdiyi və çox böyük geosiyasi, geoiqtisadi və geostrateji əhəmiyyətə malik Qafqazda sülhün, sabitliyin qorunmasını şərtləndirən amillərə çevrildi. Heydər Əliyev bu amillərdən məharətlə istifadə edərək, regionda sülhün və sabitliyin təmin olunmasında geniş təsir imkanlarına malik olan dünyanın aparıcı dövlətləri ilə balanslaşdırılmış siyasət yürütməyə nail oldu. O yazır: “İndi Azərbaycan Respublikası müstəqil dövlət kimi öz dövlətçiliyinin bütün sahələrində çox iş görməlidir. Dünya miqyasında bir müstəqil dövlət kimi yaşamaq, beynəlxalq aləmdə layiqli yer tutmaq üçün Azərbaycan xalqı həm bugünkü potensialından səmərəli istifadə etməli, həm də öz gələcəyi haqqında düşünməlidir. Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir”.
Demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, Azərbaycan vətəndaşlarının Konstitusiyanın müəyyən etdiyi prinsiplər əsasında azad, sərbəst yaşamasını, bütün insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını təmin etmək üçün şərait yaradılır, demokratik dövlət quruculuğu və yeni siyasi-iqtisadi sistemin formalaşdırılması üçün hüquqi-normativ bazanın yaradılması istiqamətində uğurlu işlər həyata keçirilirdi.
Müstəqil Azərbaycanın memarı və təminatçısı Heydər Əliyev respublikanın inkişaf strategiyasında Qafqaz dövlətləri ilə ictimai-siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsi məsələsinə böyük önəm vermiş oldu. Bu məsələdə Heydər Əliyev ilk öncə Qafqaz dövlətləri və millətləri arasında mövcud olmuş tarixi əməkdaşlıq ənənələrindən geniş şəkildə istifadə etmişdir. Bununla da, bölgənin mədəni-mənəvi dəyərlərinin və mentalitetinin mahir bilicisi olan Heydər Əliyev Qafqazda sülh, əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyətkəsb edən regional əməkdaşlığın inkişaf etməsində müstəsna rol oynamışdır.
Ümummilli liderimizin alternativi olmayan düşünülmüş daxili və xarici siyasəti bu gün onun siyasi varisi, Heydər Əliyev məktəbinin layiqli yetirməsi və davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tariximizin ən yeni mərhələsində son onillik İlham Əliyev dövrünün parlaq fəaliyyəti və uğurlu illəri kimi yadda qalacaqdır.Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuşdur. Məlum olduğu kimi, ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin fundamentini ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti təşkil edir. Hazırlanan dövlət proqramları, onların dəqiq icra mexanizmi bütün xalq tərəfindən dəstəkləndiyindən ölkəmizin sürətli inkişafı üçün əlverişli şərait yaranmışdır. Prezidentimiz tərəfindən ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan yüksək inkişafa nail olub. Dövlətimizin əsaslarının möhkəmlənməsi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz İlham Əliyevin müdrikliyi, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkün olmuşdur. Hesab edirəm ki, Prezident İlham Əliyev şəxsiyyəti müasir cəmiyyətdə liderlik fenomeninin ən önəmli cəhətlərini özündə birləşdirir.
Prezidentimiz dəfələrlə bəyan etmişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ölkədə yalnız Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Çünki bu, Azərbaycanın bu günü, sabahı, gələcəyi üçün yeganə siyasətdir. Bu siyasətin alternativi yoxdur. Bu siyasət Azərbaycanı böyük bəlalardan xilas etmişdir. Ölkəmiz xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atmışdır. Məhz ulu öndərin rəhbərliyi ilə Azərbaycanda dövlətçilik ənənələri yaradılmışdır və tam haqlı olaraq, Heydər Əliyev müasir Azərbaycanın memarı sayılır. Prezident İlham Əliyev demişdir: “Bizim qarşımızda nadir imkanlar var. Sabah, ondan sonrakı illərdə Azərbaycan necə olacaq — bu, bizdən asılıdır. Elə etməliyik ki, güclü dövlət yaradaq, müstəqilliyimizi daha da möhkəmləndirək. Azərbaycanın potensialını tam şəkildə insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldək və beləliklə, ölkəmizdə vətəndaş cəmiyyəti yaradaq. Azad cəmiyyət,hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət və Azərbaycanın maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi — bu, bizim qarşımızda duran əsas qlobal istiqamətlərdir”.
Ulu öndərin müdrik siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə demokratiyanın davamlı inkişafına və insanların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının qorunmasına böyük önəm verir. 2003-cü ildə keçirilən respublika prezidenti seçkilərindən sonra böyük səs çoxluğu ilə qələbə qazanan cənab İlham Əliyev bildirmişdi ki, “mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam”. O, bütün sözlərinə praktiki olaraq əməl etdiyi kimi, bu vədinə də sadiq qalmış, hamımızın prezidenti olmuşdur.
Azərbaycanda demokratiyanın inkişafı,vətəndaş cəmiyyətinin bərqərar olması, əsas insan hüquq və azadlıqlarının qorunması, siyasi plüralizmin, söz və ifadə azadlığının təmin olunması İlham Əliyevin fəaliyyətində prioritet istiqamətlərdəndir. Azərbaycanın dövlət başçısı ölkədə demokratik dövlət quruculuğu prosesinin genişlənməsində, bu sahədə mühüm uğurların qazanılmasında demokratiyanın inkişafını mühüm amil hesab edir. Təsadüfi deyil ki, dövlət başçısı 14 oktyabr 2005-ci ildə Azərbaycan gənclərinin IV Forumunun yekun toplantısında müstəqil dövlətin qarşısında duran başlıca məqsədi belə səciyyələndirmişdir: “Azərbaycanda demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması bizim başlıca məqsədimizdir. Harada tərəqqi, inkişaf varsa, o yerdə demokratik cəmiyyət mövcuddur. Mən tam əminəm ki, ölkədə nə qədər neft, qaz, başqa təbii ehtiyatlar olsa belə, əgər ölkə azad deyildirsə, demokratiya tam bərqərar edilməyibsə, həmin ölkənin gələcəyi o qədər də uğurlu olmayacaqdır”.
Hamımız yaxşı xatırlayırıq ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda söz və mətbuat azadlığının qarantı olduğunu dəfələrlə bəyan etmişdi. Ulu öndər mətbuatın üzləşdiyi problemləri şəxsən özü həll edir, onların maddi çətinliklərini aradan qaldırmaq üçün müvafiq sərəncamlar verirdi. Buna uyğun olan rasional və konstruktiv siyasət Prezident İlham Əliyev tərəfindən də müvəffəqiyyətlə davam etdirilir, dövlətin informasiya siyasətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, sahənin maddi-sosial problemlərinin həlli, bəşər sivilizasiyasına, beynəlxalq demokratik dəyərlər sisteminə fəal inteqrasiya istiqamətində məqsədyönlü işlər aparılır. Dövlətimizin başçısı cənab İlham Əliyev də ölkədə azad sözün, mətbuatın qarantı kimi çıxış edir və bunu əməli işi ilə təsdiqləyir. Prezidentimiz hər zaman bildirir ki, siyasi əqidəsindən və baxışlarından asılı olmayaraq, hər bir jurnalist və mətbuat işçisinin hüquqları daim dövlət tərəfindən qorunur.Prezident İlham Əliyev demokratiyanın daha da inkişaf etdirilməsi ilə bağlı demişdir: “Azərbaycan demokratiya yolunu öz xalqının iradəsi ilə seçmiş bir ölkədir. Biz bu yola qədəm qoymaqla, bütün demokratik normalara riayət etməklə, özümüzün tarixi, geosiyasi və başqa xüsusiyyətlərimizi nəzərə almaqla azadlıq və demokratiya, modernləşmə prinsiplərinin reallaşdırılmasını təmin edəcəyik. Biz bilirik ki, nə istəyirik, haraya gedirik və bunun nəticəsi nə olacaqdır. Nəticə güclü ölkə olacaq, güclü Azərbaycan olacaq”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli prioritetlər qismində modernləşmənin ambisiyalı hədəflərini irəli sürərək, hesab edir ki, onları “yalnız bütün Azərbaycan sosiumunun iştirakı ilə həyata keçirmək olar”, bu isə ictimaiyyətlə əlaqələrin inkişafını mühüm siyasi vəzifə kimi önə çəkir. Ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafına əsasən qeyd edə bilərik ki, dövlətin və xalqın vəzifələri siyasi sistemin bütün səviyyələrində üst-üstə düşür. Azərbaycanda vətəndaş cəmiyyətinin və hüquqi dövlətin fəaliyyət göstərməsinin demokratik prinsipləri ölkəmizdə xalq və dövlət arasında konstruktiv əlaqələr mədəniyyətini formalaşdırır. Ümummilli liderimiz Heydər Əliyev milli inkişaf dəyərlərinin təsdiqi əsasında bu cür əlaqələrin konstruktivliyinin mühüm təminatçısı olmuşdur və bu ənənəni hazırda Prezident İlham Əliyev inkişaf etdirir. Belə ki, zaman da, qazanılmış siyasi kapital da — ideya, resurs və kadrlar Azərbaycanın xeyrinə işləyir, dövlətin möhkəmlənməsinə xidmət edir. Lakin, heç şübhəsiz ki, ən başlıcası həmin resurslardan düzgün istifadə edilməsi üçün qərar qəbul edən siyasi lider faktorudur.
Ölkə rəhbəri İlham Əliyevin milli-mənəvi dəyərlərə münasibəti də ümummilli liderin azərbaycançılıq ideologiyası əsasında formalaşmışdır. Bu gün Azərbaycanın sürətli inkişafı yeni-yeni istiqamətləri əhatə edir və ölkəmizin regionda lider dövlət olduğunu bir daha təsdiqləyir. Fərəhləndirici haldır ki, 2013-cü ildə Azərbaycanda kosmik sənayenin yaranmasının əsası qoyulmuşdur.Həmin il “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmuşdur. Ötən ilin əvvəllərində ilk Azərbaycan peyki - “Azərspace-1" fəzaya qaldırılmışdır. Bu, xalqımızın, dövlətimizin böyük tarixi nailiyyətidir.
Aparılan məqsədyönlü siyasət nəticəsində son on il ərzində yoxsulluqla bağlı tədbirlər də gözəl nəticələrə gətirib çıxarmışdır. On il ərzində Azərbaycanda yoxsulluq təxminən 10 dəfə azalmışdır. Təbii ki, bu, iqtisadi islahatların müvəffəqiyyətlə aparılmasını təsdiqləyir. Azərbaycan sosialyönümlü siyasət aparan dövlətdir. Prezidentimizin haqlı olaraq, göstərdiyi kimi, ölkə iqtisadiyyatı arta, ancaq vətəndaşların sosial durumu da pisləşə bilər. Lakin biz Azərbaycanda bunun tam əksini görürük. Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır. Sosial məsələlərin həlli üçün böyük vəsait ayrılır. Son 10 il ərzində orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artmışdır. Sosial infrastrukturun yaradılması üçün böyük vəsait səfərbər edilmişdir. Son 10 il ərzində Azərbaycanda 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 Olimpiya mərkəzi tikilmişdir. Azərbaycanın xarici dövlət borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulun təxminən 7-8 faizini təşkil edir. Dünya miqyasında bu, ən yaxşı göstəricilərdən biridir.
Hazırda ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin bərqərar olması, beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, infrastrukturun, dünya standartlarına cavab verən yolların, otellərin istifadəyə verilməsi və s. amillər nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə şərait yaradır. Beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycanda əlverişli mühit mövcuddur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bununla bağlı demişdir: “Baxın, Bakıda nə qədər böyük, mötəbər idman yarışları, forumlar, Humanitar Forum, Sivilizasiyalararası Dialoq Forumu keçirilir. İndi Ümumdünya Gənclər Forumu keçiriləcəkdir. Davos Dünya İqtisadi Forumu Bakıda keçirilmişdir, yenə də keçiriləcəkdir. Yəni, Bakıda iqtisadi, humanitar, idman, siyasi forumlar keçirilir. Bu, təsadüfi deyil. Bu, ölkəmizin inamlı inkişafının təzahürüdür. 2012-ci ildə ”Eurovision" mahnı müsabiqəsi böyük uğurla keçirilmişdir. İndiyə qədər xatırlayırlar ki, Bakıda bəlkə də ən gözəl yarışma keçirilmişdir. Gələn il birinci Avropa Oyunları, 2016-cı ildə Dünya Şahmat Olimpiadası Bakıda keçiriləcək. 2016-cı ildə “Formula 1" yarışı keçiriləcəkdir. Bu da dünya miqyasında, hətta futbol üzrə dünya çempionatından daha böyük maraq doğuran bir yarışdır. Bu da Bakıda keçiriləcək. 2017-ci ildə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. 2020-ci ildə futbol üzrə Avropa çempionatı keçiriləcəkdir — həm qrup, həm də dörddəbir final yarışları. Cəmi dörd şəhərdə dörddəbir final yarışı keçiriləcək - Bakı, Roma, Münhen, Sankt-Peterburq. Budur Bakının səviyyəsi və budur bizim gördüyümüz işlərin nəticəsi”.
Əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin sayının artması da Prezident İlham Əliyevin qətiyyət və səylərinin nəticəsidir. Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının istəyinin ifadəsi olaraq torpaqlarımızın bütövlüyünün təminatı üçün bütün imkanlardan istifadə ediləcəyini əminliklə bildirir. Bütün beynəlxalq səviyyəli görüşlərdə bölgədə və dünyada sülhün, sabitliyin təminatı üçün maneə olan Dağlıq Qarabağ probleminin əsas müzakirə mövzusu kimi gündəmə gətirilməsi Azərbaycanın apardığı uğurlu xarici siyasətin nəticəsidir.
Rəsmi Bakı daim dünya dövlətlərini, beynəlxalq təşkilatları hadisələrin mahiyyətini düzgün qiymətləndirməyə, ədalətli mövqe nümayiş etdirməyə, ikili standartlara son qoymağa çağırır. Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yanaşmadakı mövqeyində müəyyən dəyişikliklərin baş verməsi ölkə rəhbərliyinin qətiyyətli siyasi mübarizəsinin nəticəsidir. Cənab Prezident bununla bağlı demişdir: “Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcəkdir. Mən buna şübhə etmirəm və buna nail olmaq üçün biz hələ ki, danışıqları davam etdirəcəyik, ancaq öz gücümüzü də artıracağıq”.
Ötən 10 il ərzində hərbi büdcəmiz 20 dəfədən çox artmışdır. Azərbaycan Ordusu bu gün dünya miqyasında güclü ordular sırasındadır. Son on il ərzində alınmış silah-sursat, hərbi texnika Ermənistanla Azərbaycan arasındakı hərbi balansı tamamilə bizim xeyrimizə dəyişmişdir. Bizim üstünlüyümüz aşkar surətdə görünür. Eyni zamanda, Azərbaycanda son 10 il ərzində əvvəlki illərdə olmamış hərbi sənaye kompleksi yaradılmışdır. Bu gün onlarca zavod fəaliyyət göstərir, 750 adda hərbi təyinatlı məhsul istehsal edilir.
Qədim dövrlərdən bu günə qədər Azərbaycan bütün dünyaya açıq olan bir diyar kimi tanınır və ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür. Ölkəmizin rəhbəri 2013-cü ildə prezident seçkilərindən sonra inauqurasiya mərasimində tolerantlıqla, insan hüquq və azadlıqları ilə bağlı demişdir: “Azərbaycanda son on il ərzində dinlərarası, millətlərarası münasibətlər artıq dünya üçün bir örnək olmuşdur. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar Azərbaycanı dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim etmişdir. Bu, bizim həyat tərzimizdir, eyni zamanda, bizim siyasətimizdir. Artıq Azərbaycanın bu sahədəki təcrübəsi öyrənilir. Bu gün Azərbaycan dünya miqyasında bu istiqamətdə aparılan siyasətlə seçilən, fərqlənən ölkələrdən biridir. Bir sözlə, demokratiya, insan hüquqları, hüquqi dövlət quruculuğu ilə bağlı bütün addımlar ölkəmizi daha da gücləndirmiş və dinamik inkişafa imkan vermişdir”.
İradə HÜSEYNOVA,
Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri,
YAP Siyasi Şurasının üzvü,
Əməkdar müəllim,
Beynəlxalq “Sokrat” mükafatı laureatı,
tarix elmləri doktoru,
professor
(ardı var)
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.