Avropa İttifaqı və postsovet məkanı: geosiyasi dəyişikliklər fonunda problemlər

Avropa İttifaqı son 25 ildə genişlənmə istiqamətində müəyyən addımlar atıb ki, bu da bir sıra problemlər meydana gətirib. Yuqoslaviyanın bölünməsində Aİ birbaşa iştirak edib. Təşkilatın genişlənmə siyasəti son nəticədə Ukrayna böhranına gətirib çıxarıb. Afrikanın şimalında, Misir, Suriya, İraq və Liviyada baş verən proseslərdə Aİ-nin öz rolu vardır. Sürix protokollarının imzalanmasında, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsində bu təşkilatın canfəşanlığı yaddan çıxmayıb. Brüssel həmin məsələdə Türkiyəyə xeyli təzyiqlər edib. Bütün bunlar onu təsdiqləyir ki, Aİ üçün digər istiqamətlərlə yanaşı, postsovet məkanının da əhəmiyyəti artıb. Təşkilatın bu istiqamətdə yeritdiyi siyasətin mütəxəssislərin diqqət mərkəzində olması da elə məhz bununla izah olunur. Təhlil göstərir ki, buradakı mənzərə heç də tam aydın deyil. Aİ-nin yol verdiyi səhvlər və bir çox digər amillər vəziyyəti xeyli mürəkkəbləşdirib. Qarşıdakı illərdə Brüsselin nə kimi addımlar atacağı maraq doğurur.

Seçim: normativ, yoxsa sərt güc?

Avropa İttifaqı nə qədər güclü olsa da, onun ciddi çətinliklərlə qarşılaşdığı faktdır. Bu təşkilatın dünyanın müxtəlif regionlarında reallaşdırmaq istədiyi planların bir  qisminin boşa çıxmasını inkar etmək olmaz. Lakin məsələnin bu tərəfinə Aİ rəsmiləri, nədənsə, diqqət yetirmirlər. Bu isə öz növbəsində köhnə səhvlərin təkrarlanmasına gətirib çıxarır. Problemin konseptual aspekti düşündürücüdür.

Aİ-nin bir təşkilat kimi geosiyasi gələcəyi haqqında müxtəlif proqnozlar verilir. Onun yeniləşməsi istiqamətləri dəqiq müəyyənləşməyib. Bunların kökündə iki yanaşma dayanır. Birincisi, Aİ-nin “normativ güc” modelini saxlamasını ifadə edir. İkincisi isə təşkilatın “bir dünya gücü” olmasını nərədə tutur. Bir-birindən məzmun və strateji məqsədlərə görə fərqlənən həmin modellər Avropanın dünyadakı yeri və rolunu müəyyənləşdirməlidir. (bax: Cengiz Dinç. Sivil Güç - Realist Oyuncu İkileminde Avrupa Birliği’nin Küresel Konumu ÜzerineTartışmalar / “Uluslararası Hukuk ve Politika”, Cilt 7, Sayı: 28, ss.89-124, 2011).

Aİ daxilində meyarları müəyyənləşən “normativ güc” tərəfdarları təşkilatın sərhədlərindən kənarda “hərbi qüvvə və zor tətbiq edərək sabitliyi saxlamağa və ya maraqları qorumağa çalışmağın onun öz təməl fəlsəfəsinə xəyanət olduğunu düşünürlər. (bax: əvvəlki mənbəyə, s.89). Bu, maraqlı qiymətləndirmədir, çünki faktiki olaraq Aİ-nin yaradılması fəlsəfəsinin prinsiplərini önə çəkir.

Ancaq ikinci yanaşmanın tərəfdarları hesab edirlər ki, “dünyada hələ realist bir nizam var” və “Aİ özünü sanki bunu görmədiyi kimi apara bilməz” (bax: əvvəlki mənbəyə). Müxtəlif regionlarda cərəyan edən geosiyasi proseslər qlobal miqyasda ciddi dəyişikliklərdən xəbər verir. Belə şəraitdə Aİ kimi bir təşkilat necə özünə qapana bilər? O, söykəndiyi təməl prinsipləri (dəyərləri) qorumaq üçün ətraf aləmdən təcrid olunmamalıdır. Deməli, ikinci yanaşmanın tərəfdarlarına görə, Aİ dünya miqyasında təsirli siyasət yeritməyə məcburdur.

Maraqlıdır ki, bunların fonunda son vaxtlar Almaniyanın Avropa və dünya siyasətində oynaya biləcəyi rola daha çox diqqət yetirilir. Mövcud fikirlərə görə, Berlinin zəifləməsi bütövlükdə Aİ-nin siyasətinə ciddi təsir göstərə bilər. Çünki Almaniya indi Avropa sistemini, Transatlantik məkanda geosiyasi proseslərin dinamikasını və liberal dünya nizamının inkişafını uyğunlaşdıra bilər.

Hələlik təşkilat daxilində həmin modellərin mübarizəsi gedir. İngiltərə və Fransa “sərt dünya gücü” tərəfdarıdırlarsa, Almaniya, İspaniya və Hollandiya “normativ güc”ə üstünlük verirlər. (bax: Cengiz Dinç. Sivil Güç - Realist Oyuncu İkileminde Avrupa Birliği’nin Küresel Konumu ÜzerineTartışmalar / “Uluslararası Hukuk ve Politika”, Cilt 7, Sayı: 28, 2011, s.91). Müşahidə edilən bu fikir ayrılığı müəyyən dərəcədə Aİ-nin xarici siyasətinin məzmununa da təsir göstərir. Belə ki, məsələn, bu, postsovet məkanında təşkilatın fəaliyyətində, özü də bir sıra hallarda ziddiyyətli şəkildə təzahür edir. Müəyyən məqamlarda isə “ikili standartlar” siyasətinin əlamətləri özünü göstərir. Bütövlükdə Aİ-nin bu istiqamətdə apardığı siyasi kursun təhlili böyük aktuallıq kəsb edir.

Mütəxəssislər vurğulayırlar ki, “diqqətin hakimiyyətin yuxarı pilləsində olan bir fiqur üzərində cəmləşdirilməsi Qərb siyasətçilərini doğru yoldan yayındırıb”. (bax: Samuel Charap, Jeremy Shapiro. How to Avoid a New Cold War / “Current History”, 2014, Volume: 113, Issue: 765, p.: 265). Bunu S.Hüseyn, M.Qəzzafi və B.Əsədlə bağlı atılan addımlar təsdiq edir. Sanki bu xətt Rusiya istiqamətində indi də davam edir. Və həmin məqamın üzərində düşünmək olar. Bir sıra hallarda bu tendensiya o qədər geniş vüsət alıb ki, ekspertlər “dağılan dünya nizamı” ifadəsini işlətməkdən çəkinmirlər. Məsələn, Riçard Haas xüsusi qeyd edir ki, “xaosun mənbəyi... prinsipial razılaşmaları inkar edənlərdir...”.

Məsələnin bu aspektinə daha geniş nəzər salmazdan öncə, Aİ-nin Lissabon müqaviləsindən (2007-ci il) başlayan islahatlarının bir sıra məqamlarına diqqət yetirməyə ehtiyac görürük. Lissabon islahatları, heç şübhəsiz, təşkilatın qlobal geosiyasi oyunçu kimi mövqelərini möhkəmləndirdi. Aİ beynəlxalq hüququn subyekti kimi tanındı. Xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndə postu müəyyən edildi. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Aİ strukturlarının rolu gücləndirildi. Bunlar öz xarici siyasətini formalaşdırmaq üçün Aİ-nin imkanlarını daha da yaxşılaşdırmaq və “dünya miqyasında ”bir səslə" danışmaq naminə düşünülmüşdü" (bax: Olğqa Potemkina. Evropeyskiy soöz kak iqrok na mecdunarodnoy arene / Rossiyskiy sovet po mecdunarodnım delam, 23 oktəbrə 2012).

Təsadüfi deyil ki, 2012-ci il sentyabrın 12-də Avropa Parlamentinin plenar iclasında Avropa Komissiyasının sədri J.M.Barrozo bəyan etmişdi ki, “Aİ əsl iqtisadi və valyuta ittifaqına can atmalıdır. Bu, xarici siyasətlə təhlükəsizlik siyasətini geniş şəkildə uyğunlaşdırmağı tələb edir”. (bax: Benjamin Fox. Barroso envisages ‘federation of nation states’ / “EUobserver”, 13 September 2012).

Bu kursun həyata keçirilməsinə maliyyə-iqtisadi sahədə və avro zonasında müşahidə edilən böhran öz təsirini göstərdi. Postlissabon mərhələsində Brüssel həmin faktorları sadəcə nəzərə almağa məhkumdur. O cümlədən bank sahəsində təşkilatın inteqrasiyaya ehtiyacı yaranıb. Təcrübə göstərir ki, bu, siyasi və təhlükəsizlik aspektlərində vahid mövqe formalaşdırmadan mümkün deyil. Aİ real olaraq yeni və daha səmərəli fəaliyyət formasına keçid etmək zərurəti ilə üzləşib.

Etiraf etmək lazımdır ki, onun bu problemi həll etdiyini hələlik demək çətindir. Lakin müəyyən istiqamətlər üzrə konkret məqamları dəqiqləşdirmək mümkündür. Həmçinin Aİ-nin postsovet məkanı siyasətinin mərkəzində Rusiya məsələsinin dayandığını etiraf etmək gərəkdir.

Rusiya faktoru: strateji tərəfdaşlıq?

Avropa İttifaqı özünün ənənəvi strateji tərəfdaşı kimi ABŞ, Çin və Rusiyanı görür. Lakin burada bir incə məqam vardır. Aİ Rusiya və Çinə ABŞ-dan fərqli məqsədlə yanaşır. Belə ki, o, Rusiyanı həm postsovet məkanının ən böyük dövləti olaraq qəbul edir, həm də BRİKS təşkilatının aparıcı dövləti kimi onu öz dəyərlərinə yaxınlaşdırmağa çalışır.

Bunun üçün Aİ Braziliya, Hindistan və CAR-dan istifadə etməyə cəhd göstərir. Məsələn, Braziliya və Hindistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması təklifini dəstəkləyir. Qərb analitikləri bu məqamı Rusiya və Çinin “Avropa dəyərlərinə” yaxınlaşdırlması planının tərkib hissəsi adlandırırlar.

Moskva isə bunu birtərəfli yanaşma hesab edir. Çünki onun postsovet məkanında geosiyasi maraqları prinsipial əhəmiyyət kəsb edir ki, bunu nümayiş etdirən isə Kremlin öz inteqrasiya modelini reallaşdırmağa çalışmasıdır. Deməli, Rusiya Aİ ilə əməkdaşlığın yeni strateji məqsədlərinin müəyyənləşdirilməsində maraqlıdır. Tərəflər arasında hələ də ixtilaflara səbəb olan əsas faktorlardan biri də məhz budur. Avropa İttifaqı və Rusiya “Lissabondan Vladivostoka qədər harmonik iqtisadi sistem” yaratmağı lazım bilir, ancaq onun reallaşdırılması mexanizmi məsələsində tamamilə fərqli modellərə üstünlük verirlər. Bu ziddiyyət Aİ-nin bütövlükdə postsovet məkanında yeritdiyi siyasətin məzmununda da bu və ya digər dərəcədə öz əksini tapır. Lakin burada Aİ-nin yol verdiyi bir yanlışlığı mütləq vurğulamaq gərəkdir. Mütəxəssislərin fikrincə, SSRİ dağılandan sonra Rusiyanın zəifləməsi Qərb siyasətçilərini aldatdı. Onlara elə gəldi ki, “zəiflik həm də mövqe dəyişikliyidir”. Bu məqam Brüsseli Moskvaya qarşı qeyri-real addımlar atmağa  təhrik etdi. Genişlənmə siyasətinin üzərində inad etmək yanlış bir davranış idi. Bunlara baxmayaraq, Aİ-Rusiya münasibətlərinin iqtisadi aspekti inkişaf edirdi.

Aİ və Rusiya 2011-ci ildə ticarət dövriyyəsini üçdəbirə qədər artıraraq 307 milyard avro həcminə yüksəltmişdilər. Həmin ildə Rusiyanın valyuta ehtiyatının 41%-i avro ilə nominallaşmışdı. Bundan başqa, Avropa İttifaqı ilə Rusiya iqtisadi əməkdaşlığın 2050-ci ilə qədər “yol xəritəsi”ni intensiv surətdə işləyib hazırlayırdılar.

Bunlara əsasən, tərəflərin əməkdaşlığı yüksələn xətlə inkişaf etdirəcəklərini gözləmək olardı. Ancaq Yaxın Şərq və Ukrayna böhranları meydana çıxdı. Digər tərəfdən, Moskvanın postsovet məkanı ölkələrini əhatə edən Avrasiya İqtisadi İttifaqı (Aİİ) təşəbbüsü üzərində daha qətiyyətli dayanması münasibətlərə öz təsirini göstərdi. İndi Aİ-Rusiya əlaqələrinə həmin faktorlar kontekstində baxmaq lazımdır. Mütəxəssislər həmin əsasda qeyd edirlər ki, “postsovet məkanında ön plana nüfuz uğrunda rəqabət və energetika sferasındakı ziddiyyətlər çıxır, əməkdaşlığın başqa istiqamətləri isə arxa plana atılır”. (bax: Evropeyskiy Soöz v XXI veke: vremə ispıtaniy. Pod red. O.Ö. Potemkinoy. M.: İzdatelğstvo “Vesğ Mir”, 2012, 656 s.).

Diqqəti bu məqamların üzərində cəmləşdirən bəzi mütəxəssislər Aİ ilə Rusiyanın “real strateji tərəfdaş” olmadığı qənaətinə gəlirlər. Onlar tərəflərin müxtəlif sahələr üzrə əməkdaşlığı inkişaf etdirə biləcəklərini istisna etməsələr də, münasibətlərin əsl strateji əlaqələr səviyyəsinə yüksəldilməsi üçün bunların yetərli olmadığını vurğulayır, tərəflərin daha çox “əməkdaşlığa məcbur qonşular” kimi davranacaqlarını bildirirlər.

Hazırda Ukrayna böhranı yuxarıda baxılan kontekstdə ciddi əhəmiyyət kəsb edir. Aİ ilə Rusiya arasındakı münasibətlər demək olar ki, Kiyev uğrunda mübarizə taktikası və strategiyasından asılı vəziyyətə düşüb. Almaniyanın kansleri A.Merkel Rusiya Federasiyasına tətbiq olunan sanksiyaları nəzərdə tutaraq jurnalistlərə deyib: “Mən əminəm ki, Rusiyanın hərəkətlərinə ümumilikdə Avropanın reaksiyası düzgün idi”.

Bu cür vəziyyətin yaranmasının kökündə Ukrayna, Moldova və Gürcüstanın Aİ ilə assosiativ üzvlük haqqında saziş imzalaması durur. Rəsmi Moskva dəfələrlə xəbərdarlıq etmişdi ki, həmin addım Rusiya üçün müəyyən sosial-iqtisadi problemlər yaradacaq. Brüssel isə bu arqumentləri qəbul etmədi. Rusiyanın Krımı nəzarətə götürməsindən sonra Aİ vəziyyətin nə dərəcədə ciddi olduğunun fərqinə vardı. Ancaq bu dəfə Kreml dayanmaq istəmədi.

İndi Ukraynada ağır situasiya meydana gəlib. Ölkənin ərazi bütövlüyü təhlükə altındadır. Aİ bunlara görə Rusiyaya qarşı sanksiyalar tətbiq edir və hətta onu gücləndirmək barədə düşünür. Eyni zamanda, məsələ ilə bağlı ziddiyyətli informasiyalar da yayılır. KİV Fransa Prezidenti F.Ollandla V.Putinin Ukrayna böhranının həlli ilə bağlı ortaq fikrə gələ biləcəklərindən yazır. F.Olland A.Merkel ilə telefon danışığında “böhranın həll edilməsində meydana çıxan perspektivi müzakirə ediblər”. (bax: məs., Olland i Merkelğ obsudili proqress v razreşenii krizisa na Ukraine / RİA Novosti, 7 dekabrə 2014).

Bu cür informasiyaların yayılması fonunda Ukraynanın şərq əyalətlərində hərbi əməliyyatların davam etməsi müəyyən şübhələr yaradır. Hiss olunur ki, bu problem Aİ-Rusiya münasibətlərinə uzun müddət öz mənfi təsirini göstərəcəkdir. Əslində, bir çox ekspertlər də bu fikri irəli sürürlər. Onlar hətta Aİ-nin xarici siyasətdə Ukraynanın üzərindən bir “strateji test” həyata keçirdiyini də deyirlər. Çünki Brüssel sözdə ifadə etdiklərini praktikada reallaşdırmır (bax: Fatma Yılmaz-Elmas. Ukrayna Krizi: AB’nin Yeni Aktörlük Sınavı, USAK, 20 mart 2014).

Artıq bu, Şərqi Avropanın və postsovet məkanının təhlükəsizliyi aspektində qorxulu bir əlamətdir. Əgər həmin tezis əsaslıdırsa, Aİ-nin xarici siyasətinin bütövlükdə yenidən qiymətləndirilməsinə ehtiyac duyulur. Çünki Brüsselin “geosiyasi testləri” böyük bir məkanda xalqların faciəsinə səbəb ola bilər. Hərçənd, son hadisələr göstərir ki, Aİ Ukrayna məsələsində ehtiyatlı, ancaq inadlı davranmağa çalışır. Böhranın aradan qaldırılmasının dəqiq vaxtı bəlli olmasa da, Brüssel təşəbbüsü əks tərəfə vermək istəmir.

Görünür, burada postsovet məkanı ilə bağlı Aİ-nin inteqrasiya modellərinin olmasını nəzərə almaq lazım gəlir. Rusiyanın da öz layihələri olduğundan regionda ciddi rəqabət meydana gəlir. Prinsipial məsələ postsovet ölkələrinin hansı modelə üstünlük verməsində – Avropanınmı, yoxsa Rusiyanınmı təklifini qəbul etməsindədir.

Həmin ölkələri daha çox öz standartlarına uyğunlaşdırmaq şərti ilə Aİ onların Moskva ilə əməkdaşlığına etiraz etmir, Kreml isə bunun əksini həyata keçirməyə çalışır. Nəticədə, “postsovet məkanı ölkələrinə yalnız əməkdaşlıq modeli deyil, həm də inkişaf kursu təklif edilir” (bax: Lödmila Babınina. ES i Rossiə: konkurenüiə za postsovetskoe prostranstvo? / Rossiyskiy sovet po mejdunarodnım delam, 29 maə 2013).

Belə çıxır ki, Aİ-Rusiya münasibətlərində Ukrayna faktoru ciddi rol oynayır. Ekspertlərin fikrincə, Rusiyanın Krımı zəbt etməsi, əslində, Aİ və NATO-nun genişlənməsinə bir cavab idi. Kreml bu məsələni obrazlı olaraq “bütün səbəblərin kökü” adlandırır. (bax: John J. Mearsheimer. Why the Ukraine Crisis Is the West’s Fault / “Foreign Affairs”, September/October 2014, Volume 93, Number 5, pp. 1-12).

Göründüyü kimi, Aİ-nin illər boyu həyata keçirmək istədiyi xarici siyasətdə ciddi boşluqlar var. Ukrayna məsələsində bunu aydın hiss edirik.

Lakin o, bütün məqamları əhatə etmir. Burada Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri amilini də diqqətə almaq gərəkdir. Etiraf etmək lazımdır ki, məsələnin bu cür qoyuluşunda mövcud vəziyyət kifayət qədər mürəkkəb təsir bağışlayır. Ancaq reallığı inkar etmək də çıxış yolu deyildir.

Kamal ADIGÖZƏLOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında