Milli Atlas Azərbaycan dövlətinin suverenliyinin zəruri atributudur

Bəşəriyyət müasir texnoloji inkişaf səviyyəsinə müşahidə və vərdişlərin,  bilik və bacarıqların sistemləşdirilərək elmi təfəkkür formasına keçməsi sayəsində nail olmuşdur. Qədim dövrlərdən bəri yaşamaq uğrunda mübarizə aparan qəbilə, tayfa və xalqlar həm  məskunlaşdıqları əraziləri, həm də ətrafdakı məkanları öyrənməyə çalışmış, əldə etdikləri məlumat və bilikləri müxtəlif formalarda əks etdirərək bir-birinə, gələcək nəsillərə və digər toplumlara ötürmüşlər. Belə formalardan biri də universal ünsiyyət vasitəsi olan, fərqli dillərdə danışan insanların başa düşə biləcəyi kartoqrafik  təsvir və materiallardır.

Mütəxəssislər belə hesab edirlər ki, kartoqrafiya hətta yazıdan da əvvəl meydana gəlmişdir. Zaman keçdikcə bu sahə texniki və elmi-metodoloji baxımdan təkmilləşmiş, dövlət və cəmiyyət üçün onun əhəmiyyəti daha da artmışdır. Azərbaycan alimləri və mütəxəssisləri də milli xəritəçəkmə mədəniyyətinin tərəqqisi istiqamətində xeyli uğurlara imza atmış, hələ sovet dövründə respublikamızın fiziki, coğrafi, geoloji, ekoloji, siyasi və inzibati xəritələrini tərtib etmişlər. Lakin ölkəmiz müstəqillik qazandıqdan sonra bu sahənin prioritetlərinə yeni elementlər qatılmış, xəritə və atlasların elmi-praktiki və təsərrüfat əhəmiyyətləri ilə yanaşı, siyasi və ideoloji seqmenti də xüsusi aktuallıq kəsb etməyə başlamışdır. Erməni ekspansionizminin saxta xəritə və atlaslardan ölkəmizə qarşı ideoloji silah kimi geniş istifadə etməsi bu məsələnin nə qədər vacib olduğunu əyani şəkildə göstərir.

Dövlətin öz məqsədlərinə çatması yolunda kartoqrafik materialların əhəmiyyətini və təsir imkanlarını yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasında bu sahənin inkişafına xüsusi həssaslıqla yanaşaraq, xəritəçəkmə fəaliyyətinə dövlət qayğısının artırılması istiqamətində təsirli tədbirlərin görülməsini təmin etmişdir. Təsadüfi deyil ki, 2001-ci ildə ölkədə struktur islahatları aparılarkən kartoqrafiya problemləri də diqqət mərkəzində saxlanılmış, mövcud resurslardan daha səmərəli istifadə etmək üçün Dövlət Torpaq Komitəsi ilə Dövlət Geodeziya və Kartoqrafiya Komitəsinin bazasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır.

Son illərdə dövlət idarəçiliyində və iqtisadiyyatda kartoqrafiya materiallarına tələbatın artması səbəbindən mövcud sahədə ixtisaslaşmış dövlət qurumu kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi xəritə və atlasların istehsalı üzrə bir sıra tədbirlər həyata keçirmişdir. Adıçəkilən Komitənin ictimaiyyətə açıqladığı məlumatlar və statistik göstəricilər Azərbaycanda kartoqrafiya sahəsinin inkişafının yeni mərhələsinin  Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlı olduğunu söyləməyə əsas verir. Belə ki, cənab Prezidentin müstəsna diqqəti və himayəsi sayəsində 2003-cü ildən indiyə qədər respublikada müxtəlif mövzularda 200-dən çox xəritə və atlas nəşr edilmişdir. Bu sırada ölkəmizdə ilk dəfə olaraq ana dilində Azərbaycan Respublikasının Ekoloji Atlası, Azərbaycan Respublikasının Torpaq Atlası, Azərbaycan Respublikasının Turist Atlası, Azərbaycan Respublikasının Tarixi Atlası, Azərbaycan Respublikasının Aqroiqlim Atlası, Naxçıvanın Tarixi Atlası və s. hazırlanmışdır. Nəşr olunmuş adıçəkilən  xəritə və atlaslar keyfiyyət, məzmun və dizayn baxımından kartoqrafiya sahəsində mövcud beynəlxalq standartlara cavab verir. Bundan başqa, son 10 ildə milli maraqlarımıza uyğun olaraq dövlət sərhədlərinin delimitasiyası sahəsində görülən işlərin nəticələri də ictimaiyyətə məlumdur. 

Müasir dövrdə dinamik inkişaf yolunda olan Azərbaycan Respublikası beynəlxalq münasibətlərdə siyasi, iqtisadi, informasiya və s. xarakterli amillərin əhəmiyyətini nəzərə alıb elmin bir çox sahəsinə, xüsusilə kartoqrafiya elminin inkişafına xüsusi diqqət ayırır. Xəritəçəkmə sahəsində indiyədək həyata keçirilmiş tədbirlərin əhəmiyyətini azaltmadan, inamla qeyd etmək olar ki, kartoqrafiyamızın şah əsəri, şübhəsiz, Azərbaycan Respublikasının Milli Atlasıdır. Çapı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 20 aprel tarixli 1436 saylı sərəncamı ilə təmin olunmuş bu fundamental nəşr ölkəmiz haqqında mühüm informasiya mənbəyi, analitik material, sosial-iqtisadi inkişaf üçün tələb olunan biliklərin məcmusudur.

Milli Atlasda Azərbaycanın tarixi, mədəniyyəti, iqlimi, flora və faunası, yeraltı və yerüstü sərvətləri, iqtisadiyyatı və digər sahələr haqqında mötəbər bilgilər toplanmışdır. Atlasda qiymətli elmi məlumatların, eləcə də xəritə, diaqram və cədvəlin, arayışların, qrafik və illüstrasiyaların yer alması redaksiya heyətinin və bu işə cəlb olunmuş bütün mütəxəssislərin gərgin əməyinin nəticəsidir.

Lakin Milli Atlas sadəcə elmi və ya məlumat-sorğu vəsaiti deyildir. Bu, üçrəngli bayrağımız, gerbimiz və himnimizlə yanaşı, müstəqil Azərbaycan dövlətinin siyasi-inzibati vəziyyətinin, təbiətinin, iqtisadiyyatının, flora və faunasının, kənd təsərrüfatının, sənayesinin, təhsilinin, səhiyyəsinin, mədəniyyətinin, tarixinin,  ən əsası suverenliyinin zəruri atributu, onun kartoqrafik inikası və təsdiqidir.

Beynəlxalq təcrübə göstərir ki, milli atlasları yalnız müstəqil dövlətlər hazırlayırlar. Hazırda dünyadakı 200-dək ölkədən təxminən yarısının milli atlası vardır. Qərb ölkələri bu prosesi hələ ötən əsrin 70-90-cı illərində başa çatdırmışlar. Böyük intellektual, elmi-texnoloji və maliyyə tutumu olan bu işə postsovet ölkələrinin əksəriyyəti hələ başlaya bilməmiş və ya prosesi yekunlaşdırmamışdır. Bu ölkələr içərisində  yalnız Rusiya Federasiyası, Belarus,  Ukrayna, Qazaxıstandan sonra Azərbaycan öz Milli Atlasını nəşr edən 5-ci dövlətdir. Təbii ki, Azərbaycanın  Milli Atlasının ərsəyə gəlməsi həm dövlət müstəqilliyimizin bizə bəxş etdiyi tarixi nailiyyət, həm xalqımızın yüksək intellektual potensialının göstəricisi, həm də son illər sosial-iqtisadi sahədə qazanılmış uğurların nəticəsidir.

Atlas cəmiyyətimiz üçün bir neçə aspektdən faydalı olacaqdır. Əvvəla, bu nəşr vətəndaşlarımız, xüsusilə də gənc nəsil üçün  maarifləndirici  funksiya daşıyır. Belə ki, o, tariximiz, mədəniyyətimiz, iqtisadiyyatımız, təbii sərvətlərimiz  və s. barədə  dəqiq məlumatlar və dolğun biliklər  əldə etməyə, ölkəmizi və onun hər bir guşəsini daha yaxından tanımağa imkan yaradacaq. Digər tərəfdən, təhsil alan yeniyetmə və gənclərimiz bu tipli vəsaitlərlə işləmək vərdişləri qazanacaqlar ki, bu da onların dünyagörüşünün genişlənməsinə, intellektual səviyyələrinin artmasına səbəb olacaqdır.

Milli Atlas, eyni zamanda, Azərbaycanın milli maraqlarının qorunması,  ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işinə də mühüm töhfə verə bilər. Məlumdur ki, Ermənistan Respublikası və erməni diasporu uzun illərdən bəri saxta xəritələr hazırlayaraq onlardan ölkəmizə və xalqımıza qarşı geniş istifadə edirlər. Qeyd etmək lazımdır ki, təcavüzkar Ermənistan Respublikası da öz  milli atlasını nəşr etmişdir. İki cilddən ibarət Ermənistan milli atlasında ölkəmizin ərazi bütövlüyünü təhrif edərək, tamamilə həqiqətə uyğun olmayan bir sıra məlumatlar, o cümlədən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərini də öz ərazisi kimi göstərmişdir. Bundan əlavə, qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Dağlıq Qarabağın da ayrıca milli atlasını hazırlamışdır. Sözügedən atlas müxtəlif dillərə tərcümə olunaraq dünya ölkələrində yayılır və Azərbaycanın ərazisi haqqında həqiqətə uyğun olmayan fikir formalaşdırır. Bu səbəbdən Azərbaycan Milli Atlasının nəşr edilməsi, xarici ölkələrə, beynəlxalq təşkilatlara və xarici ölkələrin kitabxanalarına göndərilməsi regionun tarixi, cərəyan edən proseslərin mahiyyəti  barədə əsl həqiqətlərin oxucuya çatdırılması, erməni yalanlarının ifşa olunması baxımından da mühüm əhəmiyyət kəsb edir.

 Azərbaycan Respublikasının Milli Atlası 19 bölmədən, 444 səhifədən və 1000-ə yaxın xəritə, diaqram, cədvəl, izahedici mətndən, slaydlardan və digər zəruri material və məlumatlardan ibarətdir.

Atlasın məzmunu ölkəmizin bütün əsas iqtisadi və sosial-mədəni sahələrini əhatə edir. Bununla belə respublikamız haqqında ümumi məlumatlar da kartoqrafik üsulla əks etdirilmişdir. Belə məlumatların toplandığı “Ümumi səciyyə” adlı  bölmədə Azərbaycan Respublikasının dünya siyasi xəritəsindəki mövqeyi əks etdirilmiş, ölkəmizin yerləşdiyi region, onun qonşuları haqqında məlumatlar kartoqrafik üsulla təsvir edilmişdir.

Eyni zamanda, Azərbaycan Respublikasının coğrafiyası haqqında mətn formatında məlumatlar verilmişdir. Burada Azərbaycan Respublikasının ərazisinin Yerətrafı kosmik fəzada peykdən çəkilmiş fotosu, siyasi-inzibati, ümumcoğrafi xəritələri, ölkəmizin türk dünyasındakı mövqeyini əks etdirən xəritəsi, Naxçıvan Muxtar Respublikasının siyasi-inzibati, ümumcoğrafi, eləcə də Abşeron yarımadasının ümumcoğrafi xəritələri təsvir edilmişdir.

Bununla yanaşı, bölmədə Azərbaycan Respublikasının təbii şəraitinin və ehtiyatlarının qiymətləndirilməsi, iqtisadi, ekoloji-coğrafi rayonlaşma, ölkəmizin, eləcə də Abşeron yarımadasının  ayrıca ekoloji vəziyyətinin qiymətləndirilməsini əks etdirən xəritələr mövcuddur. Ümumilikdə, bu bölmədə 18 adda xəritə, material və izahedici mətn yerləşdirilmişdir.

Atlasın ən geniş, əhatəli bölmələrindən biri “Tarix” bölməsidir. Azərbaycan xalqının öz tarixi keçmişini yüksək səviyyədə açıqlayan bu bölmənin xəritə və mətnləri hazırlanarkən tarix elminin ictimai rəyin formalaşmasında mühüm əhəmiyyəti nəzərə alınmışdır. Bununla yanaşı, ölkəmizin müstəqilliyinin əldə edilməsinə qədər tarixi inkişaf mərhələləri xəritələrdə öz əksini tapmışdır.

 Bu baxımdan, Azərbaycan ərazisinin ən qədim dövrlərin tarixi xəritələrindəki təsvirləri, bu ərazidə eramızdan əvvəl yaranmış dövlətlər, qədim tayfa birlikləri, qədim Daş dövrü və Tunc dövrü abidələri haqqında xəritələr mühüm əhəmiyyət kəsb edir.

Bundan başqa, Azərbaycan Ərəb xilafəti dövründə, Xürrəmilər hərəkatı, Atabəylər dövləti, Hülakilər dövləti, Naxçıvan və Qarabağın XIII - XIV əsrlərdəki vəziyyəti haqqında xəritələr xronoloji ardıcıllıqla yerləşdirilmişdir. Orta əsrlərdə mövcud olmuş Qaraqoyunlu, Ağqoyunlu dövlətləri haqqında, Səfəvilər dövlətinin yaranmasının və inkişafının əsas mərhələlərini, eləcə də XV - XVII əsrləri özündə əks etdirən xəritələr çox mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın xanlıqlar dövrü Atlasda ayrıca xəritələrlə təsvir edilmişdir. Burada Qarabağ, Naxçıvan, İrəvan, Quba xanlıqlarının və s. xanlıqların xəritələri həmin dövrlərdə baş vermiş tarixi hadisələr haqqında real təsəvvür yaradır.

Məlumdur ki, xalqımıza qarşı erməni millətçiləri tərəfindən müxtəlif vaxtlarda məqsədyönlü şəkildə həyata keçirilən terror, etnik təmizləmə, soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə müşayiət olunan  çox ağrılı mərhələlərini təşkil etmişdir. Bu millətçi siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından çıxarmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsi nəticəsində onların bu bölgədə süni surətdə çoxaldılması, XX əsrin əvvəllərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur.

Bu məqsədlə erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında qarşıya qoyduqları “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətlərini genişləndirərək XX əsrin əvvəllərindən öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Bu cinayətkar siyasətin davamlılığını sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə  - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımına və etnik təmizləmələrə məruz qalmışlar.

Azərbaycanın çar Rusiyası tərəfindən işğalını əks etdirən xəritələr həmin dövrdəki tarixi hadisələri əhatə edir. Eyni zamanda, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmış, bu dövrdə  regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə apararkən “erməni amili”ndən  siyasi alət kimi istifadə etməklə, əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirmişdir.  Atlasda öz əksini tapmış bu dövrü əks etdirən xəritələr qədim Azərbaycan torpaqlarına İran və Türkiyədən ermənilərin Rusiya imperiyası tərəfindən məqsədli şəkildə köçürülməsi haqqında aydın təsəvvür yaradır.

Atlasda Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi, eləcə də ermənilər tərəfindən Azərbaycana qarşı 1918-ci ildə Bakıda və digər bölgələrdə törədilmiş soyqırımları ayrıca xəritələrdə göstərilmişdir.  Bundan əlavə, Azərbaycan SSR-in yaranması və inkişaf mərhələləri müxtəlif xəritələrdə təsvir edilmişdir. Böyük Vətən müharibəsində Azərbaycan neftinin əhəmiyyətini nəzərə alaraq iki xəritə, bir sıra fotoşəkillər, mətnlər verilmişdir.

XX əsrin 80-ci illərinin ikinci yarısında SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən  və mono-etnik dövlət yaratmağa nail olan Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təcavüzü nəticəsində dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. XX əsrin sonlarında ermənilərin Xocalıda törətdikləri soyqırımı isə  bütün insanlığa qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. 1988-1993-cü illərdə Ermənistanın silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, ətraf 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) da işğal etmişlər. Eyni zamanda, Ermənistanda yaşayan 250 min nəfər azərbaycanlı öz doğma yurdundan zorla qovulmuş və bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan çox insan doğma yurdundan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, Azərbaycanın  20 faiz ərazisi işğal edilmişdir.

Atlasda Ermənistanın Azərbaycan Respublikasına qarşı 1988-1993-cü illər ərzindəki təcavüzünə dair xəritələr xüsusi yer tutur. Bu, işğal edilmiş ərazilər, etnik təmizləmələr barədə ətraflı təsəvvür yaradılması baxımından əhəmiyyətlidir.

Ölkəmizin informasiya müharibəsi, eləcə də kartoqrafik erməni saxtakarlığı ilə mübarizə apardığı müasir dövrdə “Azərbaycan Respublikasının Milli Atlası” bu kimi təhdidlərə tutarlı cavabdır.

Atlasda Azərbaycan ərazisində qədim dövrlərdən indiyə qədər dövriyyədə olmuş pul nişanları, qədim zərbxanalar, əsginaslar, sikkələr təsvirlərlə və xəritələrlə göstərilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının son dövrlərdə tədavüldə olan pul nişanları haqqında da ətraflı məlumat verilir.

Ümumilikdə,  Atlasın “Tarix” bölməsində 70-ə qədər xəritə və geniş materialların yerləşdirilməsi olduqca təqdirəlayiq haldır. Azərbaycan ərazisinin müxtəlif dövrlərdə hazırlanmış kartoqrafik materiallardakı təsvirləri, bu torpaqlarda yaranmış qədim dövlətlər və maddi abidələr haqqında xəritələr mühüm elmi, siyasi əhəmiyyət kəsb edir.

Xəzər dənizinin ölkəmiz üçün həyati əhəmiyyəti eyni adlı bölmədə xəritə və mətnlərdə təsvir edilmişdir.  Bu bölmədə Xəzər dənizinin ümumcoğrafi xəritəsi, su toplama hövzəsi, dənizdə ilin qış dövründə buzların dreyfi, geomorfologiyası, günəş radiasiyası, su səthində axınlar, küləklər, dalğalanmalar, temperatur rejimi, buxarlanma, sahil küləkləri və s. haqqında xəritələr verilmişdir. Xəzər dənizində neft və qaz yataqları, dənizin ekologiyası haqqında olan xəritələr maraqlıdır. Bölmədə, ümumilikdə 27 kartoqrafik material, mətn, slayd və s. məlumatlar verilmişdir.

“Geoloji quruluş və Yer təkinin ehtiyatları” bölməsində 31 xəritə, mətn, fotoşəkillər və s. materiallar təqdim edilmişdir. Burada Azərbaycan Respublikasının ərazisinin geoloji quruluşu ayrıca xəritədə göstərilmişdir. Abşeron yarımadasının respublikanın iqtisadi həyatında əhəmiyyətini nəzərə alaraq, yarımadanın və Naxçıvan Muxtar Respublikasının ərazisinin geoloji quruluşunun ayrıca xəritələrdə göstərilməsi çox zəruridir və mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Milli Atlası bütövlükdə ölkə kartoqrafiyasının böyük uğuru olmaqla yanaşı, Azərbaycan elminin də mühüm nailiyyətidir. Atlasda Azərbaycan Respublikasının sosial-iqtisadi göstəricilərini əks etdirən bölmələr  sahələr üzrə  təqdim olunur. Atlasa daxil edilmiş  “Səth suları və hidroloji şəraitlər”,  “Relyef və geomorfologiya”, “İqlim və aqroiqlim ehtiyatları”, “Torpaq və torpaq ehtiyatları”, “Landşaftlar”, “Bitki örtüyü”, “Sosial mühit”, “Sənaye”, “Kənd təsərrüfatı”, “Nəqliyyat”, “Təhsil, mədəniyyət, idman” və “Turizm” bölmələrində də respublikamızın dinamik inkişafını ardıcıl izləməyə imkan verən xəritə, cədvəl, diaqram və s. materiallar yerləşdirilmişdir. Bu, ölkəmizin potensialı haqqında dolğun təsəvvür yaranmasına, beləliklə də, xarici investisiyalar və turist səfərləri üçün cəlbedici mühitin formalaşmasına kömək edəcəkdir.

Xalqımızın zəngin tarixini və dövlətin müstəqilliyini təsdiq edən ən qiymətli ilk mənbə kimi, Milli Atlasda izahedici mətnlər və göstəricilər 3 dildə – Azərbaycan, rus və ingilis dillərində 500-ü VIP olmaqla, 5000 nüsxədə çap edilmişdir. Milli Atlasın CIS variantının  hazırlanması da ölkəmizdə yaradılacaq Milli Məkan Məlumatları İnfrastrukturunun fundamenti hesab etmək olar.

Atlas tədqiqatçılar, o cümlədən, tarixçilər, iqtisadçılar və siyasətşünaslar üçün də mötəbər mənbə rolunu oynaya bilər. Nəşri diqqətlə öyrənən araşdırmaçı Azərbaycanın daxili və xarici siyasəti, inkişaf meyilləri, prioritetləri, təhlükəsizlik və müdafiə konsepsiyası və digər məsələləri anlamaq üçün müəyyən imkanlara sahib olur.

Ümumulikdə, “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri Azərbaycanın elmi, ictimai və mədəni həyatında mühüm tarixi hadisə kimi dəyərləndirilməlidir. Şübhə etmirəm ki, Atlas Azərbaycanın sosial-iqtisadi inkişafına, gənc nəslin maariflənməsinə və vətənpərvərlik ruhunda tərbiyəsinə, xalqımızın tarixi irsi və zəngin  mədəniyyəti barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına sanballı töhfə verəcəkdir.

Əli HƏSƏNOV,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin müdiri,
tarix elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında