Yanvarın 25-də Yunanıstanda növbədənkənar parlament seçkisi keçirilib. Onun nəticələri gözlənilməz olmadı - sol qruplaşma qalib gəldi. İndi dünyanın diqqəti bundan sonra Yunanıstanda və bütövlükdə Avropada nələrin baş verə biləcəyinin təhlilinə yönəlib. Məsələ bundan ibarətdir ki, hakimiyyətə gələn qüvvələr fərqli siyasi kurs həyata keçirəcəklərindən danışırlar. Onlar Brüsseli də ciddi tənqid atəşinə tutaraq xüsusilə kredit siyasətində Aİ-nin düzgün davranmadığını qeyd edirlər. Bunun nəticəsidir ki, Yunanıstanda həyat səviyyəsi aşağı düşüb, sosial sahəyə diqqət azalıb. Ölkənin aldığı borcların ödənilməsi mexanizmi vətəndaşların marağına deyil, bankların istəyinə uyğun müəyyənləşdirilib ki, bu da cəmiyyətdə çoxlu narazılıqlara səbəb olub.
Solçuların uğurları: yunan cəmiyyətinin seçimi
Yunanıstanda növbədənkənar parlament seçkisinin gərgin keçəcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Avropa İttifaqı bu prosesdən müəyyən dərəcədə ehtiyat edirdi. Böyük Britaniyanın Baş naziri Devid Kemeron seçki öncəsi demişdi ki, “əgər sollar qalib gəlsələr, Avropada iqtisadi qeyri-sabitlik daha da artacaq”. Bu cür reaksiya bütövlükdə vəziyyətin mürəkkəbliyindən xəbər verirdi.
Ölkənin daxili siyasi mühitində cərəyan edən hadisələr də bunu təsdiqləyirdi. Son illər radikal solçuların ittifaqı kimi tanınan SİRİZA daha güclü sosial bazaya malik olan qüvvə kimi qəbul edilir. 2012-ci il seçkilərində o, ikinci sırada yer almışdısa, bu dəfə onun birinci olacağı gözlənilirdi. Doğrudan da, SİRİZA səslərin 36,34 faizini toplayaraq qalib gəlib. Keçmiş baş nazir A.Samarasın başçılıq etdiyi “Yeni demokratiya” partiyası isə 23 faiz səslə ikinci sırada qərarlaşıb. Maraqlıdır ki, üçüncü yeri ifrat sağçı “Qızıl şəfəq” tutub. SİRİZA hökuməti yunan kilsəsinə yaxınlığı ilə tanınan “Müstəqil yunanlar” adlanan partiya ilə koalisiya formalaşdırıb.
Yunanıstanda keçirilən seçkinin yekunları və solların hakimiyyətə gəlişi Avropada geniş əks-səda doğurub. Bir sıra siyasətçilər narahatlığa əsas olmadığını deyirlər. Onların fikirlərinə görə, yunanların Aİ-dən uzaqlaşmaq ehtimalı yoxdur. A.Tsipras isə bir qədər sərt mövqedən çıxış edir. Əslində, növbədənkənar seçkilərin keçirilməsində SİRİZA-nın böyük rolu olub. Çünki ölkə konstitusiyasına görə, parlamentdə prezident 3 dəfə səsvermə nəticəsində seçilmirsə, qanunverici orqan buraxılır və növbədənkənar seçki təyin edilir. Məhz SİRİZA-nın səyi nəticəsində iqtidarın vahid namizədi kimi S.Dimas 3 turda lazım olan səsi toplaya bilmədiyindən parlamenti yenidən formalaşdırmaq qərara alındı.
İndi faktiki olaraq Yunanıstan öz tarixində yeni mərhələyə başlayır. Bunu A.Tsipras da açıq ifadə edib. O, Aİ-nin kredit siyasətini qəbul etmir. Hesab edir ki, Yunanıstana qarşı ədalətsizlik olub. Çünki ona milyardlarla kredit təklif ediləndə ölkənin deyil, bankların maraqları gözlənilib. Ayrılan vəsaitin cəmi 2 faizi yunan iqtisadiyyatının inkişafına sərf edilib, qalanları isə borca çıxılıb.
SİRİZA-nın mövqeyinə görə, belə bir vəziyyətdə Yunanıstanı böhrandan qurtarmaq mümkün deyil. Çıxış yolu həmin borcların böyük bir hissəsinin silinməsindədir. Bunun üçün isə “bədnam üçlük” adlandırılan Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu hamının əvəzinə qərar qəbul etmək imkanından məhrum edilməlidir. Məsələnin bu tərəfi, əslində, çox çətin situasiyanın yarandığını göstərir. Çünki A.Tsipras fərqli bir mexanizm təklif etmir. Ümumi səviyyədə tənqid etmək isə hələ müsbət nəticə demək deyil. Doğrudur, o, İkinci dünya müharibəsindən sonra Almaniyanın borclarının silinməsini misal gətirir. Ancaq bu da həqiqətdir ki, Avropada kredit siyasətini tənzimləmək üçün dəqiq mexanizm olmalıdır.
Hər bir halda SİRİZA-nın iradları bununla məhdudlaşmır. O, Yunanıstan vətəndaşlarının həyat səviyyəsinin aşağı düşməsinin qarşısının alınmasının vacibliyini vurğulayır. Belə ki, sosial sahəyə ayrılan vəsaitlərin ciddi şəkildə azaldılması və buna rəğmən, vergilərin artırılması insanların gəlirlərini kəskin surətdə aşağı salıb. Əslində isə sosial sahəyə daha çox diqqət yetirilməli, əməkhaqqı və təqaüdlər artırılmalı, borcu isə vətəndaş deyil, dövlət ödəməlidir.
Yeni hökumətin nə dərəcədə uğurlu işləyəcəyini zaman göstərəcək. Çünki seçki öncəsi verilən vədlər bir sıra hallarda unudulur. Lakin məsələyə Yunanıstan cəmiyyətinin hazırkı sosial-iqtisadi və psixoloji vəziyyəti müstəvisində yanaşdıqda, qarşıda hələ çox çətinliklərin ola biləcəyini proqnozlaşdırmaq mümkündür. Ölkədə orta əməkhaqqı 690 ABŞ dollarıdır. İşsizlik 25 faiz təşkil edir. Gənclər arasında isə bu rəqəm 50 faizə çatır. Dövlət 240 milyard avro borc götürüb.
Gözlənilənlər: bundan sonra nə ola bilər?
Bunların fonunda cəmiyyətdə mənəvi-əxlaqi dəyərlər aşınmaqdadır. Gənc yunanlar arasında ifrat milliyyətçilik, radikal görüşlər, solçuluq, islamofobiya kimi hallar geniş yayılmağa başlayıb. Bu, bütövlükdə Aİ-nin qarşılaşdığı problemlərlə eyni vaxta təsadüf edir. Deməli, yaxın gələcəkdə yunan cəmiyyətinin özünü toparlaması çox çətin olacaq. Sol ideologiya bu vəzifənin öhdəsindən gələ biləcəkmi?
Bu, hələlik məlum deyil. Üstəlik, SİRİZA əvvəllər bəyan etdiyi bir sıra fikirlərdən indi geri çəkilir. Məsələn, SİRİZA əvvəllər ölkəni avrozonadan çıxaracağını deyirdisə, indi bu məsələdə daha ehtiyatlı davranaraq həmin addımı atmaq niyyətində olmadığını, sadəcə, əsl demokratiya və bazar iqtisadiyyatı yaratmaq fikrində olduğunu bildirir.
Brüssel isə əvvəlki kimi Yunanıstana məsləhətlər verməkdə davam edir. Aİ rəsmi Afinadan iqtisadi islahatlar həyata keçirməyi tələb edir. Bu zaman Yunanıstanla münasibətlərini dəyişmək fikrində deyil. A.Tsiprası isə bu cür mövqe qane etmir. O, iqtisadi islahatların aparılması üçün cəmiyyətə göstərilən təzyiqləri yumşaltmağı, sosial sahəyə daha çox diqqət yetirməyi üstün tutur.
Bir sıra ekspertlər ehtiyat edirlər ki, SİRİZA ölkəni defolt elan edib, avro zonasından çıxaracaq. Bu narahatlıq hələ də qalır. Ancaq A.Tsipras son vaxtlar avronu saxlamaq istədiklərini bildirir. Görünür, onun bu sözlərinə elə də inanmırlar. Əslində, çətin ki, yeni hökumət bu cür radikal dəyişikliyə getsin. Çünki təkbaşına düşdüyü vəziyyətdən xilas olmaq üçün Yunanıstanın potensialı yoxdur. Siyasətçilərin “tarixi ləyaqəti” bərpa etmək haqqında söylədikləri isə daha çox seçiciyə ünvanlanmış təbliğat təsiri bağışlayır.
Bütün bunlar göstərir ki, Yunanıstan faktiki olaraq tarixi seçim etməlidir. Bundan sonra ölkənin necə idarə olunması məsələsi həllini tapmalıdır. Bir sıra mütəxəssislərin fikrincə, yeni hökumət koalisiyası uzun müddət mövcud ola bilməyəcək. Bir komandada sollarla sağların ittifaqı çətin alına bilər. Görünür, onları məhz radikal mövqe birləşdirir. Bu isə zaman-zaman Yunanıstanda millətçiliyin güclənməyini göstərir. Hadisələrin bu cür gedişatının ümumən Avropaya necə təsir edəcəyi maraqlı görünür.
Yunanıstan hökumətinin borcla bağlı irəli sürdüyü təkliflərə İspaniya və Portuqaliya kimi dövlətlər müsbət reaksiya verməyiblər. Çünki onların özləri də borc içindədirlər və yunanların əvəzinə pul vermək istəmirlər. Madridlə Lissabonu başa düşmək olar. Başqa tərəfdən, bu prosesin Aİ-ni iki cəbhəyə ayıracağından ehtiyatlanırlar. Həqiqətən də, əgər rəsmi Afina Aİ çərçivəsində sərt siyasət yürüdərsə, fikir ayrılıqları daha da dərinləşə bilər. A.Tsipras indidən A.Merkeli yanlış mövqe tutmaqda ittiham edir. Ümumiyyətlə götürdükdə, bir təşkilat daxilində bu qədər fərqli siyasi mövqe tutan ölkələrin mövcudluğu maraqlı görünür. Yunanıstan digər üzvlərlə Aİ-nin qoyduğu şərtlər çərçivəsində davranmayacaqsa, vəziyyətin necə olacağını proqnozlaşdırmaq çətin olacaqdır.
Digər tərəfdən, Yunanıstandan başlayan radikal solçuluq bütövlükdə Avropanı əhatə edə bilərmi? Bu suala da cavab tapmaq maraqlı olardı. Ekspertlər belə bir ehtimalı istisna etmirlər. O halda sözün həqiqi mənasında Aİ təşkilat kimi ciddi dəyişikliklərə uğraya bilər. Bu da bütövlükdə qlobal geosiyasətdə qeyri-müəyyənliyin artmasına gətirib çıxarar.
Belə görünür ki, SİRİZA-nın parlament seçkisində qələbəsi sıradan bir hadisə deyil. Bu proses müəyyən mərhələdən sonra bütün Avropaya təsir edə bilər. Onun qarşısını almaq da mümkün olmayacaq. Çünki söhbət sosial bazanın Aİ-nin indiyə qədər yeritdiyi siyasətdən narazılığından gedir. O başqa məsələdir ki, Yunanıstan bu istiqamətdə daha çox fərqlənən ölkə halına gəldi. Hər bir halda parlament seçkisi böhrandan çıxış yolu deyil. Əksinə, bəlkə də bu, Avropa səviyyəsində yeni və genişmiqyaslı ziddiyyətli proseslərin başlanğıcıdır.
Newtimes
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.