İtaliya Azərbaycanın mövqeyini dəstəkləyir

Sentyabrın 24-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İtaliya Senatının İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Parlamentin sədri qonağı səmimi salamlayaraq, bu səfərin əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, İtaliya ilə əməkdaşlığın dərinləşməsinə Azərbaycan rəhbərliyi böyük önəm verir. Prezident İlham Əliyevin 2008-ci ildə İtaliyaya səfəri zamanı aparılan danışıqlar münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət etmişdir. Heç də təsadüfi deyildir ki, bu gün İtaliya Avropada Azərbaycanın ticari əlaqələr üzrə ən böyük tərəfdaşıdır. Belə ki, 2009-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 4 milyard ABŞ dolları təşkil etmişdirsə, cari ilin 9 ayı ərzində bu göstərici 4 milyard 200 min dolları keçmişdir. Bu günədək ölkələrimiz arasında 26 sənəd imzalanmışdır ki, bu da münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir.
O.Əsədov dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu xüsusi vurğulayaraq hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab etmişdir. Bildirilmişdir ki, Milli Məclisdə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu on beş ildir ki, fəaliyyət göstərir.
Azərbaycan yerləşdiyi bölgədə dinamik inkişaf edən ölkədir. Ancaq Dağlıq Qarabağ problemi nəinki ölkənin, ümumilikdə regionun tərəqqisinə maneçilik törədir, Avratlantik strukturlara inteqrasiya prosesinə təsir edir. Milli Məclisin sədri Cənubi Qafqazdakı vəziyyətlə əlaqədar İtaliya parlamentinin qəbul etdiyi qətnaməyə görə qonağa minnətdarlığını bildirmiş, İtaliyanın Dağlıq Qarabağ məsələsində ədalətli mövqe tutmasını yüksək dəyərləndirmişdir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Rossana Boldi ölkəsinin Azərbaycana böyük maraq göstərdiyini vurğulamışdır. O, Milli Məclis sədrinə İtaliya parlamentinin ünvanına söylədiyi xoş sözlərə görə minnətdarlığını ifadə etmişdir. Qonaq demişdir ki, ölkələrimiz arasında iqtisadi, ticari, humanitar və mədəni sahələrdə əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar vardır. Bildirilmişdir ki, Azərbaycanda əlverişli investisiya mühiti yaradılmışdır, mövcud potensialdan maksimum istifadə olunması xalqlarımızın mənafelərinə uyğundur.
Görüşdə xanım Rossana Boldi Dağlıq Qarabağ probleminin həllində İtaliya parlamentinin və hökumətinin Azərbaycanın mövqeyini dəstəklədiyini bir daha vurğulamışdır.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, İtaliyanın ölkəmizdəki səfiri Mario Corco Stefano Baldi və digər rəsmi şəxslər iştirak etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında