Avropa radikallaşacaqmı?

Fransada “Charlie Hebdo” jurnalının redaksiyasına edilmiş silahlı basqın nəticəsində baş vermiş insan itkiləri Avropada mühacirlər və xüsusilə də islam dini barədə müzakirələri yenidən körüklədi. İndi “Köhnə dünya”da mühacirlərə qarşı, xüsusilə də müsəlmanlara qarşı yeni siyasətin formalaşdırılmasının əhəmiyyəti barədə qızğın müzakirələr aparılır. Bəs, Paris hadisələri Fransa, ümumiyyətlə, Avropa siyasətini dəyişdirəcəkmi və ən əsası, qanlı hücum mühacirət siyasətinin sərtləşdirilməsinə və radikalların hakimiyyətə aparan yollarını açacaqmı?

Avropanın İkinci Dünya müharibəsindən sonra əldə etdiyi ən böyük uğur inteqrasiya prosesinin üst səviyyəyə yüksəldə bilməsi oldu. Yəni son əsrdə “Köhnə dünya”nı xaraba qoymuş iki böyük müharibədən sonra ölkələr arasında münasibətlərin strateji xarakter alması və sərhədlərin itməsinə gətirib çıxarmış inteqrasiyası prosesinin sürətlənməsi, o cümlədən kontinent vətəndaşlarının sərbəst yerdəyişmələrinə imkan verən qanunverici bazanın yaradılması Avropanın ən böyük uğuru kimi tarixə düşdü. İnteqrasiya prosesinin ardından gələn güclü iqtisadi inkişaf da Avropanın dünyanın ikinci güc mərkəzinə çevrilməsinə şərait yaratdı. Sosial iqtisadi rifah sahəsində də əldə olunmuş böyük nailiyyətlər də “Köhnə dünya”nın cəlbediciliyini artırdı və müxtəlif irqə, dinə və sosial statuslara malik insanların üz tutduqları məkana çevrildi. Məhz güclü inteqrasiyanın fonunda başlayan mühacirət prosesi Avropanın etnomilli landşaftının dəyişməsinə səbəb oldu və bu gün kontinent əhali baxımından monolit deyil. Çoxmilli mədəniyyətlərin çulğalaşdığı məkana çevrilən Avropa indi gəldiyi nöqtədən geriyə baxmağa və nizamını pozan amilləri aradan qaldırmağa çalışır. Səbəb-nəticə asılılığını bir kənara qoyaraq etiraf etmək lazım gəlir ki, bu gün Avropanın son yetmiş il ərzində yaratdığı təhlükəsizlik sistemi yeni çağırışlara adekvat reaksiya vermək iqtidarında deyil və kontinentin ən güclü mühərriki hesab edilən inteqrasiya prosesinin yeni tənzimlənmələrə ehtiyacı var.

Əslində Avropa Birliyi, xüsusilə də ittifaqın yeni üzvləri uzun müddətdir çətinlik çəkir. Birliyin ağır sütunlarından biri sayılan Fransada da vəziyyət o qədər ürəkaçan deyil. 5-ci respublikanın iqtisadiyyatında müşahidə olunun problemlər və işsizlik fransızların Avropa Birliyinə və xüsusilə də inteqrasiya məsələsinə münasibətlərinin sərtləşməsinə şərait yaradır. “Charlie Hebdo” jurnalının redaksiyasına edilmiş silahlı basqın da Fransada Avropa Birliyinə və mühacirlərə qarşı çıxışlar edən siyasi qüvvələrin mövqelərinin güclənməsinə təkan verəcək atmosferin formalaşmasına gətirib çıxarır. Bu gün ultramillətçi “Milli Cəbhə” partiyasının yaranmış ictimai-siyasi vəziyyətdən bəhrənləməyə çalışacağı şübhə doğurmur. Xatırladaq ki, cari ilin mart ayında Fransada yerin özünüidarəetmə orqanlarında vacib orqan hesab edilən baş departamentlər şuralarına, ilin son ayında isə regional şuralara seçkilər keçiriləcək. Son araşdırmalar da göstərir ki, sözügedən seçkilərdə sosialistlər sağçılar və radikallarla ciddi mübarizəyə girişməli olacaqlar. Siyasi müşahidəçilər sosialistlərin seçkilərdə xeyli çətinliklərlə üzləşəcəklərini proqnozlaşdırırlar. İqtidar partiyası mövqelərini itirməmək üçün yaxın aylarda sıravi seçicini razı sala biləcək addımlar atmalıdır. Son qanlı hadisədən qəzəblənmiş fransızların radikalların düşərgəsinə üz tutmaması üçün mühacirlərə qarşı, xüsusilə də müsəlmanlara qarşı siyasətini dəyişməlidir.

Bəs, rəsmi Paris belə bir addım atmağa hazırdırmı? Ümumiyyətlə, Fransa hökuməti mühacirət qanununu sərtləşdirəcəkmi? Mütəxəssislər deyirlər ki, 5-ci respublikanın mühacirət qanunu əslində düşünüldüyü  dərəcədə liberal deyil. Yəni Fransa vətəndaşlığı almaq çox çətin məsələdir. Amma rəsmi Paris fransızların çalışmaq istəmədikləri yerlərdə işləməyi arzulayan şəxslərə məhdud olsa da qapısını açmağa məcburdur. Həmin şəxslər də əsasən Afrika kontinentini təmsil edirlər. İndi məsələ bundadır ki, rəsmi Paris daha çox “Qara kontinent”dən gələn mühacir axınının qarşısını almaq üçün müvafiq tədbirlər görəcəkmi? Demək çətindir, amma son bəyanatlar belə düşünməyə əsas verir ki, Fransa hökuməti ölkənin qarşısında duran məsələləri həll etməkdə qərarlıdır. Bununla belə, siyasi müşahidəçilər düşünürlər ki, yeni məhdudiyyətlər mühacirət qanununun daha da sərtləşdirilməsi  axının qarşısını müəyyən dərəcədə alacaq, ancaq belə bir məhdudiyyətin gözlənilən səmərənin verməyəcəyi də iddia olunur. Politoloqlar ehtimal edirlər ki, mühacirətin qarşısı alınsa belə, hazırda Fransada yaşayan müsəlmanlar arasında radikal əhval-ruhiyyəli vətəndaşlar var. İkincisi, mühacirlərin qarşısının alınması əmək bazarına və ümumi iqtisadi vəziyyətə mənfi təsir göstərəcək. Qeyd etdiyimiz kimi, mühacirlər fransızların işləmək istəmədikləri mövqelərdə çalışırlar. Buna görə də, müsəlman mühacirləri təcrid etmək də mümkün deyil və bu baxımdan Fransa hökumətini etnomədəniyyət neytrallıq siyasətinin ciddi dəyişikliklərə məruz qalacağı şübhə doğurur.

Paris hadisələrinin Avropada millətçi əhval-ruhiyyənin artmasına gətirib çıxaracağını çox az adam mübahisə edir. Vaxtilə Avropa Birliyinin institutları tərəfindən rədd edilən qanun layihələrinin üst səviyyədə qəbul olunacağı artıq ciddi müzakirələrə yol açmır. Kontinentin aparıcısı ölkələrindən biri olan Fransanın da ümumi trend fonunda addımlayacağı gözlənilir. Baş nazir Manuel Vallsının bu günlərdə Yelisey Sarayında açıqladığı terrorla mübarizə planı belə deməyə əsas verir. Cənab Vallsın sözlərinə görə, Fransada təqribən 3 min potensial təhlükəli islamçı var. 1,5 min nəfərin nəzarət altında olduğunu vurğulayan hökumət başçısı əlavə edir ki, mümkün təhlükələrin qarşısının alınması istiqamətində ciddi çalışılmalıdır. Yaxın 3 il ərzində 750 milyon avro xərcləməyi planlaşdıran rəsmi Paris Şenqen müqaviləsi ölkələrinin sərhədlərində nəzarətin gücləndirilməsini də təklif edir. Lakin bir sıra fransalı mütəxəssis düşünür ki, hökumətin yeni təklifləri qısamüddətli planda ölkənin tələblərinə cavab verir. Problemin daha dərin olduğunu vurğulayan politoloqlar deyirlər ki, “Charlie Hebdo” cinayətini törədən Kuaşi qardaşları kifayət qədər cəmiyyətə inteqrasiya olunmuşdular. Buna görə də, Fransa hökumətinin elan etdiyi tədbirlər ailələrdə radikallaşmanın qarşısının alınması barədə yaranan suallara cavab vermir.

Bir sözlə, Avropa tarixində böyük sınaq mərhələsinə qədəm qoyur. “Köhnə dünya” uzun illərdə qürurlandığı multikulturalizm siyasətinin əsas prinsiplərindən imtina edərsə, inteqrasiya prosesinə zərbə vurmaqla yanaşı, güclü iqtisadi və siyasi mərkəz statusuna da kölgə salmış olacaq. Yeni qaydalar köhnə nizamı laxladarsa, Avropanın ancaq avropalının evi halına gələcək və belə bir perspektiv Qərbin həmişə uzaq qaçmaq istədiyi ayırıcı xətlərin meydana gəlməsinə şərait yaradacaq. Belə bir perspektivə Avropa hazırdırmı? Birmənalı cavab vermək çətindir, amma görünən budur ki, Avropa qarşısında dayanmış mühüm məsələləri həll etməyə məcburdur.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında