Dövlət başçımızın iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans ölkə əhalisinin bütün zümrələri tərəfindən böyük maraqla qarşılandı və yüksək qiymətləndirildi. Əlbəttə, biz ziyalıları respublikamızın qazandığı uğurlar, insanların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər daha çox maraqlandırır. Ancaq bilirik ki, bu uğurlara nail olmaq üçün ilk növbədə insanların öz dövlətinə inam və etmadının artırılması lazımdır. Möhtərəm dövlət başçımız bu məqamı daim nəzərə alır və dövri olaraq məmurların, dövlət qulluqçularının nəzərinə çatdırır ki, vəzifə verilən, etimad göstərilən hər kəsin birinci borcu xalqa, insanlara xidmət etməkdir. Yuxarıda adını çəkdiyimiz konfransda da cənab Prezident bu məsələyə xüsusi yer ayırdı.
Dövlət başçımız konfransdakı yekun nitqində qeyd etdi ki, ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. O, xüsusi olaraq vurğuladı ki, bir çox məsələlərdə regionda və dünyada özünəməxsus nümunələr formalaşdıran respublikamız bu sahədə də nümunəvi ölkə olmalıdır: “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq.”
Cənab Prezidentin həmin ifadələrini eşidəndə mən ulu öndər Heydər Əliyevin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə göstərdiyi prinsipiallığı xatırladım. O zamanlar ümummilli liderimiz özü də kabinetdə oturmaq istəmirdi, rayon rəhbərlərindən, nazirlərdən də xalqın arasında olmağı, insanların arzu və istəyini, problemlərini öyrənməyi tələb edirdi. Bu konfransın materialları ilə tanış olarkən bir daha əmin oldum ki, Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu və idarəçilik təcrübəsini uğurla davam etdirir – deyənlər tamamilə haqlıdırlar.
Prezident məmurlara xəbərdarlıq edərək dedi: “Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır”.
Dövlət başçısı bütün digər tədbirlərdə olduğu kimi, bu konfransda da ölkə ictimaiyyəti qarşısında uğurları söyləməklə yanaşı, daha mühüm vəzifələrin dayandığını da xatırlatdı. Müstəqil Azərbaycan Respublikasının bu gün nadir inkişaf dövrünü yaşadığını xatırladan dövlət başçımız qeyd etdi ki, iqtisadi, siyasi islahatlar aparılır, bütün azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə gedir və xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın əsas amilidir: “Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi, hər bir ölkə üçün maraqlı olmalıdır. Siyasi, iqtisadi islahatlar, müstəqil siyasət, dinlərarası dialoq, yüksək səviyyəli milli dini tolerantlıq, dözümlülük, sosial siyasət və görülən işlər göz qabağındadır. Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir”.
Biz də buna əminik, cənab Prezident! Əmin ola bilərsiniz ki, ölkənin ziyalı ictimaiyyəti böyük yekdilliklə sizin siyasətinizi dəstəkləyir. Biz sizin uğurlarınıza sevinməklə kifayətlənmirik, eyni zamanda, gələcək nailiyyətlərin əldə olunmasında iştirakçıya çevrilmək arzumuzu da qətiyyətlə reallaşdırırıq.
Orucəli RZAYEV,
Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının direktoru,
fizika-riyaziyyat elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.