Gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biridir. Gənclər siyasəti gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleksidir. Dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu zəruri edir.
Prezident İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 26 yanvar 2015-ci il tarixli sərəncamından
Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı Dövlət Gənclər siyasətinin uğurla davam etdirilməsi gənc müstəqil Azərbaycan Respublikasının daha da qüdrətləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu siyasət gündən-günə öz yeni çalarlarını almaqla, beynəlxalq aləmdə formalaşmış Azərbaycan modelini daha da zənginləşdirir. Təsadüfi deyil ki, ümummilli liderimizin böyük siyasi uzaqgörənliklə ərsəyə gətirdiyi 2 Fevral – Gənclər Günü respublikamızda ənənəvi olaraq hər il bir neçə əlamətdar hadisə ilə yadda qalır. Bu il isə həmin ənənə daha əlamətdar olan faktlarla milli tariximizə yazıldı. Onlardan cəmi ikisini xatırlatmaq kifayətdir. Birinci fakt ötənilki Gənclər Günündən sonra ölkə paytaxtında keçirilən Beynəlxalq Gənclər Forumu, ikinci fakt isə bilavasitə Gənclər Günü ərəfəsində dövlət başçımızın sərəncamı ilə gənclərin İnkişaf Strategiyasının təsdiqlənməsi idi.
Qeyd olunan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkə gəncləri ictimai həyatın bütün sahələrində öz təşəbbüskarlığı ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Rəsmi sənədlərdə və hesabatlarda qeyd olunur ki, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib.
Cəmiyyət həyatının bütün sahələri kimi, gənclərlə birbaşa bağlı dövlət proqramları qəbul olunub və onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib. Həmin tendensiya son zamanlar daha böyük uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qeyd etdiyi kimi, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı artırılıb. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, respublikanın 30-a yaxın şəhər və rayonunda gənclər mərkəzlərinin inşası və s. ölkə başçısının gənclərə diqqət və qayğısının əməli nəticəsidir.
Müasir dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf, təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi potensialı artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, müsbət nəticələr verir. Təbii ki, əldə olunan uğurlar, Azərbaycanın yeni inkişaf imkanları, habelə dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar da gənclərlə bağlı yeni sənədlərin qəbulunu zəruri edir. Buna görə də ölkə gənclərinin hərtərəfli inkişafını təmin etmək məqsədilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” Prezident tərəfindən təsdiq olunub.
Strategiyanın ölkə mətbuatında yayılmış mətni ilə tanış olmaq kifayətdir ki, bu sənədin nə qədər əhəmiyyət kəsb etdiyi barədə təsəvvür yaransın. Gənclərin gündəlik qayğılarından tutmuş ictimai-siyasi proseslərdə fəal iştirakı, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, məşğulluğun artırılması və digər bu kimi məsələlər strategiyanın əsas vəzifələri sırasındadır. Nəzərdə tutulan hər bir vəzifənin arxasında ciddi fəaliyyət dayanır. Buna görə də gənclərlə işləyən heç bir qurum bu işdə yaxasını kənara çəkməməli, yeni nəslin hərtərəfli inkişafına səy göstərməlidir.
Xatırladaq ki, hələ on il əvvəl “biz neft sektorundan əldə edilən kapitalı insan kapitalına çevirəcəyik” – deyən Prezident İlham Əliyev məhz həmin tezisin reallaşdırılması nəticəsində Azərbaycan gənclərinin intellektual səviyyəsini inkişaf etmiş ölkələrin gənclərinin səviyyəsinə qaldırılmasını bir vəzifə kimi qarşıya qoymuşdu. Bu gün həmin çağırışların böyük əksəriyyəti günün reallıqlarıdır. Üstəlik, yeni strategiya gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlərin həyata keçirilməsini, televiziya kanallarında yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar verilişlərin hazırlanmasını nəzərdə tutur. Sənəd, eyni zamanda, gənclər arasında ixtisas və peşə seçimini, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsini artırmağı, gənc mütəxəssislərin bilik və bacarıqlarını işəgötürənlərin tələblərinə uyğunlaşdırmağı, əlilliyi olan gənc mütəxəssislərin sosial müdafiəsini gücləndirməyi, gənclər üçün aktual olan məsələlərin həllində qeyri-hökumət təşkilatlarının iştirakını stimullaşdırmağı, xarici ölkələrdəki gənclərimizin fəaliyyətinin əlaqələndirilməsini, onlar tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində aparılan işlərə dəstək verilməsini və digər məsələləri əhatə edir.
Xatırladılmalı digər məqamlardan biri də odur ki, indiyədək gənclərlə birbaşa bağlı olan “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” icra olunub. Əli Həsənovun fikrincə, əldə olunan nəticələr deməyə əsas verir ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da Azərbaycan gənclərinin iqtisadi, humanitar və sosial həyatında yeni səhifə açacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabr ayında Bakıda keçirilən Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun iştirakçılarına göndərdiyi məktubda qeyd edilirdi ki, gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət və məşğulluq problemlərinin həlli sahəsində kompleks tədbirlərin görülməsi daim diqqət mərkəzindədir. Bu məqsədlə son 10 ildə müvafiq dövlət proqramları təsdiqlənərək icra edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin layihə və təşəbbüslərinə dəstək verən fond yaradılmışdır.
Dövlət başçımız adı çəkilən forumun rəsmi açılış mərasimində çıxış edərkən isə gənclik və təhsil məsələlərinin bir-birindən ayrılmaz olduğunu vurğulamışdır: “Bizim üçün mühüm prioritetlərdən biri də təhsildir. Fərəhlənirik ki, Azərbaycanda savadlılıq səviyyəsi, demək olar ki, yüz faiz təmin edilib. Gənclər siyasətinə gəldikdə, həmçinin olduqca mükəmməl qanunvericilik bazası mövcuddur. Gənclər siyasəti ilə bağlı qanun var. Azərbaycanda gənclərlə bağlı iki Dövlət Proqramı qəbul edilib və uğurla həyata keçirilib. Bu yaxınlarda biz Gənclər Fondunu yaratmışıq. Dövlət büdcəsindən bu fonda ayrılan vəsaitlər gənclərə özlərini cəmiyyətdə təqdim etməyə şərait yaradır. Onlar mədəniyyət, təhsil və sosial sahələrə, eləcə də siyasi islahatlara aid olan layihələr üzərində işləyirlər. Başqa sözlə desək, bu fond gənc nəslə öz istedadını müəyyən etməyə, özünü cəmiyyətə təqdim etməyə və beləliklə, ölkəmizin inkişafına töhfə verməyə yardım edir”.
Dövlət Gənclər siyasətinin prioritet istiqamətlərindən biri də idmandır. Azərbaycan gənclərinin bu sahədəki möhtəşəm nailiyyətlərindən söz açan Prezident gənclərimizin idman uğurları ilə fəxr edir: “Sonuncu Olimpiya Oyunları bizim üçün tarixi əhəmiyyətə malikdir. Çünki 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan əvvəlki illərlə müqayisədə ən yüksək nəticəni əldə etdi. Azərbaycan, demək olar ki, 200 ölkə arasında 30-cu oldu. Gənclər arasında Olimpiya Oyunları da Azərbaycan üçün əlamətdar oldu. Yığmamız təxminən 200 ölkə arasında 10-cu oldu. Bu, onu göstərir ki, Olimpiya hərəkatının inkişafı, müasir idman qurğularının yaradılması siyasəti nəticə verir. Eyni zamanda, idman cəmiyyətimizin həyatının ayrılmaz hissəsinə çevrilib. Gənc nəslin idman fəaliyyətinə qoşulması və həvəsləndirilməsi məqsədini daşıyan dövlət proqramları nəinki ölkənin beynəlxalq yarışlarda nüfuzu, o cümlədən gənclərə uğurlu yolun göstərilməsi baxımından vacibdir”.
Onu da yada salaq ki, hazırda ölkədə 250-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. On il əvvəl isə onların sayı cəmi 51 idi. Yəni son on ildə ölkədəki gənclər təşkilatların sayı beş dəfə artmış, Gənclər və İdman Nazirliyi tərəfindən bu dövrdə 550 layihə dəstəklənmiş və həmin layihələrin icrası məqsədilə dövlət büdcəsindən 13 milyon manatdan çox vəsait ayrılmışdır. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Gənclər Fondunun yaradılması ilə gənclər təşkilatlarının xarici donorlardan asıllığına, demək olar ki, son qoyulmuş və onlar üçün yeni imkanlar yaradılmışdır. Bu isə o deməkdir ki, Azərbaycan gəncliyi qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, milli dövlətimizin daha da qüdrətlənməsinə özünəməxsus töhfələr verəcəkdir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.