Dünyanın biznes və siyasət liderləri bu il də ənənəvi olaraq İsveçrənin Davos kurort şəhərində keçirilən beynəlxalq iqtisadi forumda bir araya gəldilər. Sayca 45-ci olan forumda 140 ölkədən 2 min 500-ə yaxın nümayəndə iştirak edirdi. Onların arasında ölkə prezidentləri, hökumət rəhbərləri, beynəlxalq təşkilat başçıları, QHT nümayəndələri, iqtisadi ekspertlər və tanınmış ictimai-siyasi xadimlər də var idi.
Məlum olduğu kimi, 2008-ci ildən etibarən Davosda başlıca olaraq dünya maliyyə sistemindəki böhrandan çıxış yollarını axtarmaq barədə müzakirələr aparılır. “Yeni qlobal kontekst” adlandırılan yubiley forumunun iştirakçıları inkişaf və stabillik, böhranlar və onların aradan qaldırılması üçün əməkdaşlıq, cəmiyyət və təhlükəsizlik, innovasiyalar və sənaye məsələləri ətrafında fikir mübadiləsi aparmışlar. Siyasi liderlər və aparıcı biznes rəhbərləri dünyanın ən kəskin problemlərini, əsas geosiyasi çağırışlar ətrafında ciddi fikir mübadiləsi etmişlər. Forumun proqramına bu ilin əsas hadisələrinə həsr edilən debatlar, tədbirin bir gününün həsr edildiyi qlobal enerji gündəliyinin məsələləri də daxil edilmişdi.
Dünya İqtisadi Forumunda Azərbaycan həmişə dövlət başçısı səviyyəsində təmsil olunur. 45-ci forum da Prezident İlham Əliyevin çoxsaylı təmaslar və forumdaxili sessiyalarda iştirakı ilə yaddaqalan olmuşdur. Dövlətimizin başçısı gündəlikdə olan bəzi məsələlərin müzakirəsinə qatılmışdır.
“Dünya iqtisadi liderlərinin qeyri-formal toplantısı: Enerji geosiyasəti üzrə yeni qlobal kontekst”, “Zorakı ekstremizmin öhdəsindən gəlinməsi”, “Regionların transformasiyası: Avrasiya” mövzularında olan sessiyalarda Azərbaycanın energetika sahəsində qazandığı nailiyyətlər, enerji sektorunda əldə olunan gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə uğurla yönəldilməsi, ölkəmizin qlobal enerji layihələrində fəal iştirakı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın önəmli rolu, “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətindən danışmışdır.
Davosda, həmçinin “Bakı-2015" ilk Avropa Oyunlarının təqdimatı olmuşdur. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir. Məlum olduğu kimi, bu il Bakıda ilk Avropa Oyunları keçiriləcək. Bu əhəmiyyətli tədbirlə əlaqədar ciddi hazırlıq işləri aparılır. İlk Avropa Oyunları ilə əlaqədar həm Sürix, həm də Davos şəhərlərinin müxtəlif yerlərində oyunlara həsr olunan reklam lövhələri vurulmuşdu. Bu da Davos İqtisadi Forumunda iştirak edən nümayəndələrdə ölkəmiz və onun zəngin mədəniyyəti, idman ənənələri barədə geniş təsəvvür yaratmağa imkan verirdi.
Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə keçirilən təqdimat mərasiminə İsveçrənin ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, Dünya İqtisadi Forumunda iştirak edən xarici ölkələrin təmsilçiləri qatılmışdılar. Foruma qatılan nümayəndələr ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirən sərgini böyük maraqla izləmişlər. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunan bukletləri təqdim edilmişdir.
Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, Bakıda ilk Avropa Oyunlarının keçirilməsinə beş aydan az vaxt qalır. Digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları heç vaxt təşkil olunmamışdır. Dövlətimizin başçısı bu oyunları Azərbaycanda keçirmək qərarına görə Avropa Olimpiya ailəsinə minnətdarlığını bildirmişdir.
Qeyd olunmuşdur ki, Avropa Oyunları qış Olimpiya Oyunlarından daha böyükdür. Bu böyük tədbirə hazırlıq üçün cəmi iki il yarım vaxtımız var idi. Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iyirmi idman növü üzrə yarışacaq 6 mindən artıq atletin gəlməsi gözlənilir. Həmin idman növlərindən 16-sı Olimpiya idman növüdür. İki il yarım, təbii ki, çox məhdud vaxt çərçivəsidir. Lakin Avropa Olimpiya Komitəsinin böyük dəstəyi ilə Təşkilat Komitəsi çox ciddi fəaliyyət göstərir. Ölkəmizin başçısı diqqətə çatdırmışdır ki, biz güclü tərəfdaşlıq qurmuşuq və bu gün oyunları mümkün qədər ən yüksək səviyyədə təşkil etmək məqsədilə 40-dan artıq ölkənin nümayəndələrinin çalışdığı beynəlxalq komandamız var. Respublikamızın rəhbəri bildirmişdir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsi təsadüfi deyildir. Bunun əsas səbəblərindən biri də atletlərimizin nailiyyətləri ilə bağlıdır. Azərbaycan müstəqillik illəri ərzində özünü həm də idman ənənələri ilə seçilən ölkə kimi tanıdıb. Sonuncu London Olimpiya Oyunlarındakı iştirakımız ölkəmiz üçün çox vacib olub. On medal qazandıq, onlardan ikisi qızıldır. Biz dünya ölkələri arasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci olduq.
Azərbaycan Prezidenti ilk Avropa Oyunlarını yüksək dəyərləndirərək demişdir ki, idman Yer üzünün insanlarını birləşdirir. Olimpiya Oyunları zamanı bütün müharibələr dayandırılmalıdır. Bir-biri ilə müharibə şəraitində olan ölkələrin idmançıları yarışlar zamanı ədalətli şəkildə mübarizə aparırlar, əllərini sıxır və qalib gələni təbrik edirlər. Budur idman. Bu, Olimpiya hərəkatını və bütün dünya xalqlarını birləşdirən nadir fürsətdir.
Sonra mərasim iştirakçıları “Bakı-2015"-ə həsr olunan filmə baxmışlar. Filmdə ilk Avropa Oyunlarına hazırlıq işləri və digər tədbirlər barədə geniş məlumat verilmişdir.
Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiyasındakı çıxışı böyük maraqla qarşılanmışdır. Dövlətimizin başçısı diqqətə çatdırmışdır ki, Azərbaycan transformasiyadan çox narahatdır. Ölkə başçısı bu barədə məlumat verərkən bir az keçmişi, 1991-ci ili - müstəqilliyimizin ilk illərini xatırlatmışdır: “Biz o zaman müstəqil dövlət qurmaq öhdəliyi götürmüşdük. Eyni zamanda, bazar iqtisadiyyatı prinsipləri əsasında modern iqtisadiyyat qurmalı idik. Transformasiya bizim üçün siyasi sistemin transformasiyası idi, çünki müstəqillikdən əvvəl bizdə belə bir imkan yox idi. Həmçinin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid olmalı idi. Mən belə hesab edirəm ki, 23 illik müstəqillik dövrü açıq qapı siyasətini yürüdən, sərmayələri cəlb edən və bugünkü əsas çağırışları aradan qaldıran ölkənin əldə etdiyi nailiyyətləri baxımından çox maraqlı dövr hesab edilə bilər”.
Hazırda Azərbaycan iqtisadiyyatının 85 faizini özəl sektor formalaşdırır. Eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi siyasəti də uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, neft qiymətlərindən asılılığımız get-gedə azalır. Bu gün respublikamızın iqtisadiyyatının böyük bir hissəsi qeyri-enerji sektoru tərəfindən təmin edilir. Həmçinin əsas beynəlxalq maliyyə təsisatlarının, xüsusən də Avropa Yenidənqurma və İnkişaf Bankı və digərlərinin yardımı ilə çox sayda böyük infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. Dövlətimizin başçısı qeyd etmişdir ki, hazırda Azərbaycan artıq donor ölkəyə çevrilib. Biz artıq özümüz Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təsisatları vasitəsilə bəzi layihələri maliyyələşdiririk.
Azərbaycan Prezidenti diqqətə çatdırmışdır ki, enerji resurslarımız regionda mühüm rol oynayır. Bu yaxınlarda digər yeni nəhəng meqalayihəyə başlanılmışdır. Bu, “Cənub” qaz dəhlizi adlanır. Bu layihə vasitəsilə qaz Azərbaycandan Avropaya nəql ediləcək. Prezident bunun Avropanın ən iri infrastruktur layihələrindən biri olacağını bildirmişdir. “Cənub” qaz dəhlizi layihəsi artıq həyata keçirilən layihədir. Dövlətimizin apardığı bu siyasət hər kəsin - hasilatçı, tranzit və istehlakçı ölkələrin bizim imkanlarımızdan bəhrələnməsinə yönəlib.
Azərbaycan Prezidenti Ermənistanın işğalçılıq siyasətini hələ də davam etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdıraraq demişdir ki, biz 20 ildən artıqdır Ermənistanın işğalından əziyyət çəkirik. İyirmi ildən çoxdur ki, aparılan danışıqlar hər hansı nəticə verməyib. Dövlətimizin başçısı xüsusi vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, eləcə də keçmiş sovet məkanındakı və ümumiyyətlə, dünyadakı bütün münaqişələrə eyni prizmadan baxılmalıdır, eyni yanaşma, eləcə də eyni beynəlxalq hüquq normaları tətbiq edilməlidir. Əgər hər hansı münaqişə həll olunmursa və ya dondurulursa, onda digər münaqişələrə fürsət yaranır. Prezident vurğulamışdır ki, əgər siz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etməsəniz, bu kimi halları dünyanın digər yerlərində də görməyə hazır olun. Beynəlxalq hüquq normaları bəzi ölkələrin maraqlarına uyğun olaraq interpretasiya edilməli deyil. Onlar yazıldığı kimi interpretasiya edilməlidir. BMT-nin Nizamnaməsində, ATƏT-in və digər beynəlxalq təşkilatların sənədlərində beynəlxalq hüquq normalarının prioritet xarakteri barədə çox aydın şəkildə təriflər verilib. Onların hamısına hörmətlə yanaşmaq lazımdır. Belə olan halda, biz ikili standartlardan sığortalana bilərik və daha vacibi isə bu, regionumuzda yeni münaqişələrin yaranması riskini azaldacağıq.
Sessiyada Avropa Komissiyasının sabiq sədri Joze Manuel Barrozu və digər çıxış edənlər də Azərbaycanın müstəqillik dövründə uğurlu inkişaf yolu keçdiyini, ölkəmizin qazandığı nailiyyətlərin nümunə xarakteri daşıdığını bildirmişlər.
“Zorakı ekstremizmin öhdəsindən gəlinməsi” mövzusunda sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq aləmdə təzahür edən terror halları, terrorizmin müxtəlif təzahürləri ilə mübarizədə Azərbaycanın üzləşdiyi problemlər, Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı həyata keçirilən terror aktları, Azərbaycanın terrorizmə qarşı beynəlxalq mübarizədə fəal iştirakı və antiterror koalisiyasının fəal üzvlərindən olması limi mühüm faktları sessiya iştirakçılarının diqqətinə çatdırmışdır. Dövlətimizin başçısı çıxışında beynəlxalq aləmdə təzahür edən terror hallarına toxunmuşdur. Terrorizmin müxtəlif təzahürləri ilə mübarizədə Azərbaycanın üzləşdiyi problemlərdən danışmışdır. Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktının həyata keçirildiyini, nəticədə 2000-dən artıq soydaşımızın qətlə yetirildiyini deyən Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı iki məsələdən birinin terrorizm mövzusuna həsr olunduğunu vurğulamışdır. Dövlətimizin başçısı onu da bildirmişdir ki, Azərbaycan hər zaman terrorizmə qarşı beynəlxalq mübarizədə aktiv iştirak edib və antiterror koalisiyasının fəal üzvlərindən olub.
45- ci Davos İqtisadi Forumunda Azərbaycan yenə də dünya birliyinin diqqət mərkəzində oldu. Onu da qeyd edək ki, bu forumun böyük əhəmiyyət kəsb etməsinin əsas səbəblərindən biri də orada dünyanın bütün iqtisadi və siyasi elitasının iştirak etməsidir. Belə bir nüfuzlu tədbirdə iştirak etmək, ilboyu baş verə biləcək risklərin mövcudluğunu və onların neytrallaşdırılmasını dəqiqləşdirmək, həmin ilin Azərbaycanda siyasi, eyni zamanda iqtisadi xəttin hansı formada gerçəkləşdirilməsi baxımından olduqca faydalıdır.
Ümumiyyətlə, 45-ci Davos Forumunda Azərbaycan Prezidenti çoxsaylı görüşlər keçirmiş, ölkəmizin qazandığı uğurlardan danışılmış, ikitərəfli əlaqələrin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi əsas müzakirə mövzusu olmuşdur.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.