Ötən il qəbul edilmiş Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans yaddaqalan məqamlarla zəngin oldu. Çünki geridə qalan il ərzində dünyada bir sıra hadisələr baş vermişdir, müxtəlif proseslər getmişdir.
Konfransda qeyd edildi ki, dünyada gərginlik artır, həm Yaxın Şərqdə, həm Avropada qanlı toqquşmalar baş verir, müharibələr davam edir. Bir sözlə, dünyada siyasi böhran davam edir, maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlamışdır. Gündən -günə tərəqqi edən, götürülmüş siyasi kursun bütün istiqamətləri üzrə nailiyyətlərə imza atan Azərbaycanda isə ötən il ərzində bütün işlər müsbət istiqamətdə getmişdir. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan inamla irəliyə getdiyinə görə ölkədə dayanıqlı inkişaf təmin olunmuşdur.
Dövlət başçımız konfransdakı nitqində gənc müstəqil respublikamızın bugünkü uğurları barədə söz açarkən dedi: “Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Yəni, bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim çoxsaylı görüşlər, orada səslənən fikirlər bunu bir daha göstərir və Azərbaycanın inkişaf modelini yüksək qiymətləndirirlər”.
Bütün bunları yada salan dövlət başçımız onu da xatırlatdı ki, əldə etdiyimiz nailiyyətlərə çatmaq üçün getdiyimiz yol o qədər də asan, maneəsiz olmayıb: “ Bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıbdır və aparılır. Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. Bu, bəzilərinin, necə deyərlər, gözünü deşir. Biz bunu da bilirik”.
Azərbaycan Prezidenti iştirak və çıxış etdiyi bütün tədbirlərdə olduğu kimi, bu konfransda da ölkəmizin yeganə problemi olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün həyata keçirdiyimiz tədbirlərin çox mühüm zəmin yaratdığını dilə gətirdi: “Əlbəttə, iqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq, qoruyacağıq və qoruyuruq. Ona görə iqtisadi güc bizə, bax, bu imkanları yaradır. Ona görə xatırlayıram, hələ 2003-cü ildə demişdim ki, əgər biz iqtisadi müstəqilliyə nail olmasaq, bizim siyasi müstəqilliyimiz də yarımçıq olacaq. Bu gün biz ətrafdakı ölkələrin vəziyyətini görürük. Baxın, dilənçi Ermənistana nəzər yetirin. Ermənistan nəinki müstəmləkə deyil, hətta o, bəlkə heç nökər adına da layiq deyil. Milli ləyaqət kriminal xunta tərəfindən tapdalanır və son hadisələr bunu bir daha göstərir. Görün, nə qədər bunlar aciz durumdadırlar ki, hətta haqlı tələbləri də irəli sürə bilmirlər. Bu ölkə artıq sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilmir. Müstəmləkə kimi yaşaya bilər. O qədər xalqlar var ki, onların müstəqilliyi yoxdur. Əgər öz çirkin siyasətindən əl çəkməsə, onlardan biri də Ermənistan olacaq”.
Cənab Prezidentin həmin tezisləri, sözün həqiqi mənasında, günün reallıqlarıdır. Həmin reallıqlar nəticəsində bu gün dünyada Azərbaycan modeli var. Yeri gəlmişkən, dövlət başçımız Azərbaycan modeli haqqında fikirlərini həm konfransdakı giriş nitqində, həm də yekun nitqində yada saldı və xatırlatdı ki, biz boşboğazlıqla yox, real işlərlə məşğuluq, xalqa xidmət edirik və edəcəyik.
Ekspert və politoloqların fikrincə, Azərbaycan dövlətinin çoxsaylı uğurlara imza atmasının bir səbəbi ölkənin dəqiq hesablanmış və elmi şəkildə əsaslandırılmış siyasi kursla idarə edilməsidirsə, digər səbəbi özünütənqid prinsiplərinin mövcudluğu və bütün nöqsanların açıq şəkildə etiraf edilməsidir. Bu, bir faktdır ki, Prezident İlham Əliyev istənilən çıxış və nitqlərinin dünyanın hər yerində zərrəbinlə öyrənildiyini bilə - bilə ölkəmizdəki nöqsanları açıq-aşkar etiraf edir, söyləyir və çıxış yollarını göstərir. Bu konfransda da tənqidi məqamlara kifayət qədər yer verildi. Həmin məqamlardan cəmi ikisini xatırladaq. Birinci məqam aqrar sektorla bağlı söhbət gedərkən gündəliyə gətirildi: “Kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil. İndi Kənd Təsərrüfatı naziri, bəlkə də, demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş aparılmalıdır. Ancaq o təqdirdə Azərbaycanın uğurlu inkişafı təmin oluna bilər”.
Dövlət başçımızın növbəti tənqidi fikirləri isə daha böyük auditoriyanı əhatə edirdi. Prezident ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini xatırladaraq dedi ki, Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır: “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir. Müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır. Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş siyasət, müstəqil siyasət aparılır. Budur bizim uğurlarımızın təməlində dayanan əsas amillər. İqtisadi, siyasi islahatlar aparılır, bütün azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə gedir və xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın əsas amilidir”.
Həm Prezidentin nitqlərində, həm də digər natiqlərin çıxışlarında sadalanan çoxsaylı uğurlarla yanaşı, dövlət başçımızın dilə gətirdiyi tənqidi məqamlar da bütövlükdə Azərbaycan həqiqətləridir. Həmin həqiqətlərin ən böyüyü isə odur ki, bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq dövlət rəsmilərimiz, dostlarımız və sadə azərbaycanlılar – hər kəs bu barədə danışa bilər. Çünki cənab Prezidentin xatırlatdığı kimi, bu model, doğrudan da, bir nümunə olaraq hər bir ölkə üçün maraqlı olmalıdır. Azərbaycanda reallaşdırılan siyasi, iqtisadi islahatlar, yeridilən müstəqil siyasət, bütün dünyada yüksək qiymətləndirilən dinlərarası dialoq, ən ali səviyyəli milli - dini tolerantlıq, dözümlülük, sosial siyasət və görülən işlər hamının gözü qabağındadır.
Dövlət başçısının siyasi iradəsi, lider kimi qətiyyəti, xalqın isə öz iqtidarını daim, bütün sahələrdə dəstəkləməsi sübut edir ki, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir. Biz buna tam əminik. Çünki geridə qalan illərin təcrübəsi bu əminliyə zəmanət verir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.