Hrant Dink “sevdası”, yaxud siyasi oyunun bir parçası?

Türkiyədə 8 il bundan əvvəl öldürülmüş erməni jurnalist Hrant Dinki anım məqsədi ilə yürüşlər təşkil edilir. Məsələ ictimai arenadan siyasi müstəviyə keçirilir. Bunun fonunda “soyqırımı” məsələsini daha da aktuallaşdırmağa cəhd edilir. Bu prosesdə rəsmi şəxslər də mövqe bildirirlər. Hiss olunur ki, burada günahların hamısını Osmanlının üzərinə atmaq niyyəti güdülür. 1915-ci ildə baş verənlərin 100 illiyi yaxınlaşdıqca, bu aspektdə bir sıra dairələr də fəallaşır. Əslində, nələr baş verir? Hrant Dink məsələsi niyə şişirdilir?

Səmimi dostluğun şərtləri və erməni riyakarlığı

Bir müddətdir ki, Türkiyədə ermənilərlə dostluq münasibətləri qurub, inkişaf etdirmək mənasını verən bir kampaniya aparılır. Bir neçə dəfə bununla bağlı tədbirlər də təşkil edilib. Proses getdikcə cəmiyyətin bütün təbəqələrini əhatə etməkdədir. Son olaraq bunun əyani göstəricisi H.Dinkin qətlə yetirilməsinin 8-ci ildönümünə həsr edilmiş aksiyalar oldu. Burada məsələyə obyektiv yanaşmanı ifadə edən bir sıra məqamlar üzərində dayanmaq istərdik.

Jurnalist H.Dink müəmmalı şəkildə aradan götürüldü. Uzun müddətdir ki, bu iş araşdırılır, lakin hiss olunur ki, hansısa dairələr bundan siyasi məqsədlərlə istifadə edirlər. Belə təəssürat yaranır ki, H.Dinkin yaxın ətrafı belə baş verənlərin aydınlaşmasında maraqlı deyil. Çünki, əslində, burada qətl hadisəsi baş verib və bunu törətmiş şəxs günahını etiraf edib. Qaranlıq məqamlar bu adi hadisənin ətrafında müxtəlif oyunlar qurmağı planlaşdıranların fəaliyyəti ilə bağlıdır. Bunlar kimlər ola bilər?

Bizcə, bu sualın cavabını Türkiyəni daim “erməni məsələsi”nin gərginliyi altında saxlamaq istəyənlər bilirlər. Onlar spekulyativ şəkildə bundan yararlanaraq ölkə ictimaiyyətini müəyyən faktorlardan asılı vəziyyətdə saxlamağa çalışırlar. Bunun kökünün Türkiyənin hüdudlarından kənara çıxdığını təxmin etmək olar. Çünki aydın görünür ki, H.Dinkin adından istintaqın obyektiv aparılması üçün deyil, aktual olan hansısa siyasi məsələlərə təsir etmək məqsədilə istifadə edilir. Bəzi məqamlara nəzər salaq.

Bir qədər öncə H.Dink məsələsindən Türkiyədə daha çox demokratiyanın inkişaf etdirilməsi, o cümlədən ölkədə yaşayan etnik azlıqların hüquqları aspektində bəhs olunurdu. Sonra prosesə siyasətçilər qoşuldular. Onlardan BDP və CHP daha fəal idilər. Xüsusilə kürdlərin toplaşdığı BDP-nin rəhbərləri H.Dinklə bağlı yürüşlərdə iştirak etməyə başladılar. Bununla da məsələ tam siyasiləşdi.

Sonrakı mərhələdə isə H.Dinkin adı “erməni soyqırımı” və sərhədlərin açılması kontekstində hallandırılmağa başladı. 23 aprel yaxınlaşdıqca bu məsələni qabartmağa cəhd edilir. Maraqlı və düşündürücüdür ki, bu prosesdə Türkiyənin bir sıra rəsmi şəxsləri də iştirak etməyə başlayıblar. Təbii ki, hansısa vətəndaşın, o cümlədən jurnalistin öldürülməsi faktı pislənməlidir. Lakin bu faktdan siyasi məqsədlər üçün istifadə meylləri daha çox ittiham edilməlidir.

Məsələnin mahiyyəti bir qədər dərindədir. Çünki ermənilər və onların havadarları uzun müddətdir ki, “soyqırımı” nağılını danışırlar. O artıq bir çox aspektlərdə “köhnəlib”, “arqumentlər yeniləşməlidir”. Onda Ermənistanın Türkiyə və Azərbaycana iddiaları daha real görünə bilər. Buna görə də H.Dinklə bağlı yaranmış vəziyyət tez-tez aktuallaşdırılır. Bunun fonunda isə “soyqırımı” ilə bağlı ittihamlarda ermənilərin haqlı olduğu təəssüratı yarana bilər.

Bu tezisi təsdiq edən hadisələr son günlər özünü daha çox göstərməyə başlayıb. Sanki Türkiyə tədricən 1915-ci ildə baş verənlərdə dövlətin günah işlətdiyini etiraf edir. Ümumiyyətlə, Osmanlının ayağına etmədiyi işləri yazmağa cəhdlər edilir. Bu zaman hiyləgərcəsinə türk-erməni dostluğunun 800 illik tarixinin olduğu deyilir. Lakin bunu yalnız türklər söyləyirlər. Ermənilər isə adətləri üzrə müxtəlif bəhanələrlə bütün günahları türklərin üstünə atmağa çalışırlar. Bununla bağlı iki misal göstərə bilərik.

Baş nazir Əhməd Davudoğlu erməni xalqına müraciətində belə bir fikir ifadə edib: “Türkiyə Respublikasına Osmanlı İmperatorluğundan miras qalmış əhəmiyyətli məsələlərdən birinə duyğu və düşüncələri ilə işıq tutmağa çalışan Hrant Dink aramızdan ayrılalı səkkiz il oldu. Dinkin kədərli ailəsinə və bütün sevənlərinə səbr diləyirik”. Burada sətiraltı Osmanlının səhv etdiyi anlamı vardır. Əslində isə proseslər başqa cür baş vermişdi.

Tarixin örnəkləri: düzgün nəticələr çıxarılmalıdır

Birinci dünya müharibəsində ermənilər Osmanlının Van şəhərinə tərəf irəliləyən rus ordusuna dəstək vermək üçün şəhərdə müsəlmanların qətliamını törədiblər. Sonra Rusiya əsgərləri buranı işğal edib. Lakin türk ordusu Vanı bir qədər sonra geri qaytarıb. Ancaq bir neçə ay şəhər əldən-ələ keçib. Bu cür gedişatda Osmanlı ona xəyanət etmiş erməniləri ölkənin içərilərinə doğru məcburən köçürüb. Yolda onların bir çoxu kənardan basqınların qurbanı olublar.

Bunları hər kəs bilir. Lakin ermənilər və onların havadarları məsələnin başlanğıcını bir kənara qoyub o zamankı Osmanlı dövlətinin insanların təhlükəsizliyini tam təmin etməli olduğunu deyirlər. İkinci misal bu iddianın əsassızlığını göstərir.

Biz XX əsrin sonlarında Azərbaycan ərazilərində ermənilərin həyata keçirdikləri qətliamları nəzərdə tuturuq. Maraqlıdır, niyə həmin qətllərin qarşısının alınmadığına görə kimsəni ittiham etmirlər? Çünki onları erməni terrorçuların özləri törədiblər. Əgər Osmanlının Birinci dünya müharibəsində ermənilərin təhlükəsizliyinə qarant olması tələb olunursa, həmin məntiqlə Dağlıq Qarabağda vəhşicəsinə öldürülən minlərlə insanın təhlükəsizliyi də təmin edilməli idi. Məsələn, ermənilər deməlidirlər ki, Xocalıdakı dinc sakinlərin kütləvi surətdə məhv edilməsi bir soyqırımıdır və bunun qarşısı alınmalı idi.

Bunun əvəzində Xocalı hadisələrinə necə reaksiya verirlər? Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bununla bağlı suala belə cavab vermişdi: “Müharibədir də...”. 1915-ci ildə baş verənlərdən söhbət düşəndə isə göz yaşları axıdılır və müsəlmanlara qarşı ittihamlar səslənir. Bax, bütün bunlara görə nə ermənilərin səmimiyyətinə, nə də H.Dinklə bağlı baş verənlərin təbiiliyinə inana bilmirik. Burada müəyyən məqsədlər vardır. Onlar nələrdən ibarətdir?

Erməni diasporunun vacib fiqurlarından olan Ermənistan prezidentinin keçmiş müşaviri Jerar Libaridyanın Türkiyə mətbuatına verdiyi bir müsahibədən həmin kontekstdə müəyyən nəticələr çıxarmaq olar. Onu vurğulayaq ki, bu fikirləri o, bir qədər əvvəl Ə.Davudoğlunun “Turkish Policy Quarterly”də nəşr edilən məqaləsinə cavab olaraq söyləyib.

Türkiyə tərəfi ermənilərə qarşı nə qədər çox addım atırsa, J.Libaridyan kimilər də bir o qədər ittihamla çıxış edir, Ankaranın 1915-ci il hadisələrinə münasibətini dəyişmək istəmədiyini və “onların təfəkkürünün qarışıq olduğunu” deyir. J.Libaridyanın mövqeyinə görə, ermənilər deyil, türklər dəyişməlidirlər. Mübaliğəsiz demək olar ki, bu qeyri-məqbul və birtərəfli düşüncə erməni cəmiyyətinin bütün təbəqələri üçün səciyyəvidir. Hətta prezident Serj Sarkisyan da bu cür düşünür. Rəcəb Tayyib Ərdoğan onu Çanaqqalanın azad edilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərə dəvət edib. Cavabında erməni lider əvvəlcə “soyqırımı”nın “ildönümünü qeyd etməliyik” kimi mesaj göndərib.

İndi bütün bunları ümumiləşdirərək yaranmış vəziyyətə baxaq. Türklər ermənilərə tərəf əl uzadır, onlar isə qarşılığında ittihamlar irəli sürürlər. Birtərəfli qaydada əməkdaşlıq heç zaman mümkün deyil. Ancaq ermənilər həm qondarma “soyqırımı”nı yeni aspektdə gündəmə gətirirlər, həm də Türkiyə ilə Azərbaycanın arasına nifaq salmağa çalışırlar. Onlar sərhədlərin açılması şərtini hər bir fürsətdə qoyurlar. J.Libaridyan da bunu normal hal kimi qəbul etdiyini bildirib. Deməli, hazırkı mərhələdə “erməni məsələsi”ni, o cümlədən H.Dinkin qətlə yetirilməsini bu cür gündəmə gətirirlərsə, onun arxasında duran məqsədlərdən biri də Türkiyə ilə Azərbaycanı qarşı-qarşıya qoymaqdır. Təbii ki, Ankara zəngin dövlətçilik ənənəsinə malikdir. Bununla yanaşı, milyonlarla insanın qəlbini duymaq gərəkdir. Ayrıca, torpağının 20 faizi işğal olunmuş, minlərlə vətəndaşını itirmiş və indi də təcavüzə məruz qalan Azərbaycanı unutmaq olmaz. Dağlıq Qarabağda qətlə yetirilən azərbaycanlı jurnalistlərlə bağlı niyə yürüş keçirilmir? Deyəsən, bu heç kimin yadına düşmür!

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında