Müxtəlif regionlarda baş verən münaqişələrin həllini tapmaması və böyük dövlətlərin öz maraqları uğrunda mübarizəsinin daha da kəskinləşməsi meydana çoxlu sayda suallar çıxarıb. Mütəxəssislər dünyanın mövcud nizamının pozulmaqda olduğunu vurğulayırlar. Bu barədə artıq bir müddətdir ki, müxtəlif səviyyələrdə söhbət gedir. Məsələyə fərqli bucaq altında baxılır. Əsasən böyük dövlətlərin öz maraqlarının təmin edilməsi istiqamətində göstərdikləri fəallıq qabardılır. Bununla yanaşı, müasir tarixi mərhələnin özünün bir gedişatı da var. Dünya bütövlükdə çox həssas məqama gəlib çatıb. Dini radikalizm xeyli dərəcədə təhlükəli faktora çevrilib. Başqa amillər də mövcuddur. Bunların işığında dünyanın geosiyasi nizamının necə dəyişə biləcəyi üzərində düşünməyə dəyər.
Böyük dövlətlərin məsuliyyəti
Mövcud dünya nizamının hansı səviyyəyə qədər dağılacağı ilə bağlı mütəxəssislər sual qoyurlar. Onların fikirlərinə görə, hazırda müşahidə edilən böhranlar, ixtilaflar və böyük dövlətlərin nüfuz uğrunda güzəştsiz mübarizəsi qlobal miqyasda ciddi problemlər yaradıb. Bu proses getdikcə dərinləşir və bütövlükdə dünya yeni köklü dəyişikliklər astanasındadır.
Doğrudan da, İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sistemi xeyli çətinliklərlə üzləşib. Qərbin yeritdiyi siyasət ortaya çoxlu sayda problemlər çıxarıb. Digər tərəfdən, dünya siyasətində yeni güclü oyunçular da fəallaşıblar. Professor Uolter Mid bunların sırasında Rusiya, İran və Çini ayrıca vurğulayır. Səbəb isə ondan ibarətdir ki, bu ölkələr ABŞ-ın liderlik etdiyi hazırkı dünya nizamına alternativ yaratmağa çalışırlar.
Lakin həmin dövlətlərin fəaliyyətini başqa istiqamətə - Qərbə inteqrasiyaya yönəltmək lazımdır. Bəzi ekspertlər bu mövqe ilə razılaşmayıb, U.Midin mövcud vəziyyəti bir qədər təhrif etdiyini deyirlər. Ola bilsin ki, burada müəyyən dərəcədə həqiqət vardır. U.Mid hansısa məqamları şişirdə bilər. Ancaq etiraf edilməlidir ki, müasir mərhələdə meydana xeyli sayda əvvəllər müşahidə edilməyən siyasi, geosiyasi, iqtisadi, mədəni və hərbi faktorlar çıxıb.
Müxtəlif regionlarda münaqişələr nəinki səngimir, hətta daha qorxulu məzmun almışdır. Yaxın Şərq, Cənubi Qafqaz, Ukrayna, Mərkəzi Asiya, Şimali Afrika və başqa məkanlarda özünü göstərən ziddiyyətləri bir kənara qoymaq olmaz. Ən təhlükəlisi odur ki, bu regionlarda meydana gələn problemlərdə məhz böyük dövlətlərin öz maraqları uğrunda apardıqları mübarizə ciddi rol oynayıb. Dünya nizamına bu müstəvidə nəzərə saldıqda, həqiqətən, onun köklü dəyişikliklərə məruz qala biləcəyini qəbul etmək lazım gəlir.
Bu kontekstdə əhəmiyyətli hesab etdiyimiz bir sıra məqamlar üzərində dayanmaq istərdik. Hər şeydən əvvəl, ABŞ-ın xarici siyasət sahəsində müasir reallığa uyğun olmayan addımlar atdığını demək lazımdır. Vaşinqton özünün liderlik ambisiyasına uyaraq ikili standartlar üzrə hərəkət edir. O, bir sıra hallarda dünyanın müxtəlif regionlarında münaqişələrin həllinə beynəlxalq hüquq normaları çərçivəsində təsir göstərmir. Bir situasiyada qəti hərəkət edirsə, ona uyğun olan başqa vəziyyətdə tamamilə fərqli davranır. Bu da ədalət hissinin itirilməsi ilə nəticələnir, xalqların problemlərin obyektiv həll ediləcəyinə inamı azalır. Eyni zamanda, məsələ bununla yekunlaşmır.
Amerika dünyada sürətlə inkişaf edən dövlətlərə qarşı addımlar atır. Burada, ilk növbədə, Çini nümunə göstərmək olar. İndi bu iki nəhəng ölkə arasında geosiyasi nüfuz uğrunda gərgin mübarizə getdiyini hər kəs etiraf edir. Problem bundan ibarətdir ki, bu rəqabətdən dünyanın bir çox ölkəsi zərər görür. Mövcud sabitlik pozulur, milyonlarla insan əziyyət çəkir, kütləvi qırğınlar baş verir. Son dövrlərdə Asiya-Sakit okean hövzəsinə Vaşinqton və Pekinin çoxlu sayda hərbi qüvvə yığması bu aspektdə olduqca böyük narahatlıq yaradır.
Kompromis yolu mövcuddurmu?
Hazırda Yaxın Şərq və Ukraynada baş verənlər qlobal miqyasda dünya nizamının böyük dəyişikliklərə məruz qala biləcəyi ilə bağlı verilən proqnozların əsaslı olduğunu göstərir. Yaxın Şərq bütövlükdə müharibə və ixtilaflar içindədir. Burada dini amillə siyasi məsələlər o dərəcədə bir-birinə qarışıb ki, yaranmış mürəkkəb vəziyyətdən çıxış yolunun nədən ibarət olduğu məlum deyil. Regionda təhlükəli terror qrupları fəaliyyət göstərirlər. Geosiyasi aspektdə məsələnin ciddi tərəfi həmin qrupları böyük dövlətlərin himayə etməsindən ibarətdir. Təsadüfi deyil ki, Suriya və İraqda geosiyasi güclərin qarşıdurmasından daha çox bəhs olunur. Belə çıxır ki, Yaxın Şərq faktiki olaraq həmin qüvvələr arasında mübarizə meydanına çevrilib. Bunun nə ilə nəticələnəcəyini demək çətindir.
Digər qaynar məkan Ukraynadır. Bu ölkə Qərblə Rusiyanı birbaşa üz-üzə qoyub. Səbəb kimi Avropa İttifaqı və NATO-nun genişlənmə planlarını göstərmək olar. Rusiya bunun müqabilində öz maraqlarını müdafiə etmək məcburiyyətində qalıb. Ciddi bir münaqişə meydana gəlib. İndi, demək olar ki, qlobal geosiyasətin hər bir aktual məsələsi kontekstində Ukrayna problemi vurğulanır. O cümlədən, Almaniyanın dünya səviyyəsində yeritdiyi siyasəti onun Ukraynadakı fəaliyyəti aspektində qiymətləndirməyə çalışırlar.
Məsələ burasındadır ki, Berlin son illər öz geosiyasi təsirini artırmağa can atır. O, Avropa İttifaqının ən güclü ölkəsinə çevrilib. Bu keyfiyyətdə də daha yüksək mövqelərə çıxmaq istəyir. Lakin Almaniya bu zaman hərbi güc tətbiqindən istifadə etmək istəmir. Mütəxəssislər hesab edirlər ki, indiki şərtlər daxilində bu, Berlinin qarşısına qoyduğu məqsədlərə çatmasına maneə törədir. Bununla yanaşı, bizcə, Almaniya daha uzaqgörən mövqe tutur. O, hərbi qüvvədən istifadə etmədən də Ukraynaya yardımlar edir. Almanlar döyüş meydanında vuruşmurlar, lakin öz maraqlarını təmin etməyə çalışırlar. Buna görə də Berlinin geosiyasi mübarizə strategiyasını ciddi qəbul etmək gərəkdir.
Nəzərə almaq lazımdır ki, Almaniya Avropa və ona yaxın olan məkanlar üçün sabitlik nümunəsidir. Berlin daha çox iqtisadi, ticari və mədəni əlaqələrə üstünlük verir. Onun sabitləşdirici rol oynamaqda davam etməsi faydalıdır. Digər güclü dövlətlərdən fərqli olaraq, Almaniya 5 lider dövlətdən biri olmaqla kifayətlənir.
Bunlara baxmayaraq, Almaniyanın Ukrayna məsələsində Rusiya ilə anlaşdığını demək olmaz. Əksinə, onlar arasında mübarizə getdikcə daha kəskin xarakter alır. Almanlar Kiyevi müdafiə edəcəklərini bəyan edirlər. Deməli, hətta dünya liderliyi iddiasında olmayan Almaniya belə geosiyasi mübarizənin iştirakçısına çevrilmişdir.
Rusiya isə əvvəlcədən Qərblə nüfuz uğrunda savaşın içindədir. Hazırda onlar arasında münasibətlər o qədər gərgindir ki, artıq çox həssas bir vəziyyətdən söhbət gedir. Faktiki olaraq Qərb-Rusiya münasibətləri dünyanın mövcud nizamını poza bilər. Neftin qiymətinin sürətlə aşağı düşməsi bu kontekstdə təkanverici faktorlardan biri hesab edilir. Məsələn, Rusiya rəsmiləri son vaxtlar nüvə silahına malik olduqlarını tez-tez deyirlər. Özü də bunu kimlərinsə təsiri altına düşmək təhlükəsi kontekstində vurğulayırlar. Moskva diz çökməyəcəyini bəyan edir, misal olaraq da tarixə nəzər salınmasını tövsiyə edir.
Rusiyanın bu cür qətiyyəti qarşısında Qərb də mövqeyindən çəkilmir. Bir tərəfdən, bəyan edir ki, Rusiyaya tətbiq edilən sanksiyalar aradan qaldırıla bilər, digər tərəfdən də, dərhal şərt kimi Ukraynada vəziyyətin nizamlanmasını irəli sürür. Bu barədə B.Obama, F.Olland və A.Merkel bir neçə dəfə fikir bildiriblər. Deməli, qarşıdurma davam edəcək.
Yuxarıda vurğulanan məqamlara ümumi mövqedən yanaşdıqda, sözün həqiqi mənasında, müasir dünya nizamının təhlükə altında olduğunu görürük. İkinci dünya müharibəsindən sonra yaranmış beynəlxalq münasibətlər sistemi laxlayır. Onun əvəzində yenisinin yaradılması məsələsi isə hələ ki, öz həllini tapmayıb.
ABŞ-ın hələlik kifayət qədər güclü olduğu və liderliyini davam etdirə biləcəyini düşünənlər isə bir qədər səhvə yol verirlər. Çünki indi bir qrup dövlətin ortaq mövqe nümayiş etdirərək, vəziyyəti dəyişə biləcəyi imkanından söhbət gedir. Bu keyfiyyətdə BRİKS və ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) kimi regional təşkilatları vurğulamaq olar. Proseslərin başqa regional təşkilatların meydana gəlməsinə təkan verə bilməsi istisna olunmur. O halda, bir dövlətin, hətta o, ABŞ olsa belə, təkbaşına liderlik edə bilməsi məsələsi olduqca mürəkkəbləşir. Bu, o deməkdir ki, Vaşinqton həmin iddiasında qalmaqda davam etsə, geosiyasi konfrontasiya da qalacaqdır. Bu cür vəziyyətin yaranmaması üçün çalışmaq, bizcə, daha səmərəli siyasət olardı.
Leyla MƏMMƏDƏLİYEVA
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.