20 Yanvar faciəsinin cənub bölgəsində əks-sədası

Ölkəmizin hər yerində qanlı yanvar şəhidlərinin adları daim urvatda saxlanır, əziz tutulur. Şəhidlik şərbəti içmiş vətən oğullarının xatirəsi heç zaman unudulmur.

İyirmi beş il öncə, yanvarın 19-dan 20-ə keçən gecə Bakının üstünü alan qara buludlar Azərbaycan paytaxtının yüzdən çox vətəndaşını ölüm yağmuruna tutmaqla kifayətlənmədi. Dinc əhaliyə divan tutmaq üçün Bakıya yeridilmiş qoşun hissələri bir neçə gün sonra cənub istiqamətinə - Neftçala, Cəlilabad və Lənkərana doğru səmt götürdü. Yanvarın 25-i və 26-da sovet qoşunları həmin bölgələrdə yerli əhali ilə müxtəlif  bəhanələr altında qarşıdurmalara gedir, günahsız insanları həbs edir və güllələyirdilər.

Neftçalada təxribat planını həyata keçirən azğın sovet hərbçiləri etiraz dalğasının önündə gedənləri danışıqlar aparmaq adı altında Qarabağı Müdafiə Komitəsinin binasına toplayaraq hədə-qorxu gəlməyə, hansısa silahları təhvil verməyi tələb etməyə başlamışdılar. Adamlar binanın içərisinə toplandıqdan sonra çöldə partlayış səsləri eşidilməyə başladı. Binadan çölə qaçanlar da atəşə tutuldular. Ələ keçən fəallar qolları bağlı vəziyyətdə Bankə qəsəbəsinə aparıldı. Onlara olmazın işgəncələr verildi. Xıllı qəsəbəsində isə tank və PDM-ləri şübhələndikləri adamların qapısına sürür, həyətlərdəki ot tayalarını yandırırdılar.

Yerli yazar İbrahim Nurlu “Neftçalada yanvar qırğını” adlı kitabında yazır ki, əsarətin son günləri şəhərin küçələrində tanklar gəzir, sovet əsgərləri vəziyyətə nəzarət edirdilər.  Neftçala rayon hərbi komendantı O.Şeluxinin  imzası ilə yayılan riyakar məlumatda göstərilirdi ki, xüsusi qoşun hissələri Neftçalaya daxil olan zaman rayon müdafiə şurasının üzvləri silah işlətmiş və xüsusi qoşun hissələri buna cavab olaraq atəş açmışlar. Leytenant Aksyonov ölmüş, bir əsgər yaralanmışdır. Eyni zamanda şəhər sakinlərindən bir nəfər ölmüş, üç nəfər xəstəxanaya düşmüşdür. Guya əhalidə pulemyot, avtomat, tapança və qumbara var və axtarış davam edir.

Artıq ilk yaralılar yerə sərilib çabalayırdı. Əbülfəz Cəfərovla Novruz Dadaşovu qapı ağzında vurmuşdular. Ələkbər Talıbov da yaralanmışdı.

Cəhənnəm hamamı

Bu sətirlərin müəllifi vaxtilə Bankə qəsəbəsində dislokasiya olunmuş hərbi hissənin həmin hamamının yarıuçuq binasını görüb. 1990-cı il yanvarın 25-də orada baş verənləri isə canlı şahidlərin dilindən eşitmişəm. Acı xatirələri dinlədikcə başımın tükləri biz-biz olub. Müdhiş  hadisələrdən sonra camaat bu cəzaxananı “Cəhənnəm hamamı” adlandırıb.

“Tutulanları döyə-döyə maşınlardan yerə atırdılar. Rusca kobud ana söyüşləri, yaralıların iniltisi, döyülənlərin qışqırığı bir-birinə qarışmışdı. Bizi kəsif tər və rütubət iyi verən daş binaya doldurdular. Əsgər hamamı idi (təəssüf ki, həmin hamam qanlı tariximizin yaddaşı üçün qorunmur. Hazırda dağılmaqda, izi itməkdədir). Yaralıların al qanı soyuq, çirkli beton döşəməni qızartmağa başladı...”

“Bir azdan içəri uzun boylu bir zabit girdi. Əlində hərəkat üzvlərinin siyahısı vardı. Zabit siyahını oxuduqca adları çəkilənləri önə itələdilər. Onları həyətdə divar boyu sıraya düzdülər. Gecədən xeyli keçmişdi. Soyuq iliyə işləyirdi. Məhbusların paltarları cırılmış, qan və sudan islanmışdı. Bayaqkı zabit komanda verdi. Əsgərlər silahlarını ayağa çəkib nişan aldılar.

Elə bu vaxt içəridən çıxan zabit komanda verdi:

– Otstavit!

Sən demə, qorxudurmuşlar”.

Dəfələrlə eyni şey təkrarlandı. Avtomatlar ayağa çəkilir, komanda verilir, lakin atəç açılmırdı. Məhbuslar üçün artıq ölümün özü də adiləşmişdi.Sonra məhbusları 4 hərbi yük maşınına mindirib yaralılarla birlikdə üst-üstə qalaqladılar. Altda qalanların bağırtısı, üstdəkilərə endirilən zərbələr dəhşət yaradırdı. Onları aparıb hərbi vertolyota mindirdilər.

Xəzərin üstü ilə...

Abdulla Ağayevin xatirələrindən: “Qoltuq (Neftçalanın kəndi) Novruzun qolunu güllə iki yerə parçalamışdı. Ələkbərin gözü, başı şişmiş, bir qolu sınmış və güllə yarası almışdı. Abhüseynin dodağı partlamış, qabırğası sınmışdı. Vertolyotda Ələkbər Talıbov, Ramiz Hüseynov yaxınımda uzanmışdılar. Əbülfəzin cəsədi də yanımızda idi. Əsgərlər onu dənizə atmaq istədilər, amma pilot imkan vermədi. 

Əbülfəzin atası Böyükağa kişi deyirdi ki, tutulanları Bakıya apararkən qanlı cinayətin izini itirmək üçün oğlu ilə yanaşı, bir neçə nəfəri də təyyarədən dənizə ataraq Xəzərin sularına qərq etmək istəyiblərmiş. Lakin gürcü əsilli pilot buna qəti etiraz edərək belə olduğu halda təyyarəni bütövlükdə dənizə batıracağını deyib. Beləliklə, onları Bakıya gətirib çıxarıblar və bir gün sonra ataya Bakıdan oğlunun ölüm xəbərini göndəriblər. Mənfur düşmənlər onun nişan üzüyünü əlindən çıxara bilməyib barmağını kəsmiş, saatını, şərfini götürmüşdülər.

Aylarca çəkən məhbusluq həyatı, heç vaxt unudulmayacaq ağır işgəncələr, şikəstlik, əlillik... Azadlıq mücahidləri Qorbaçov hökumətindən, sovet ordusunun quduz cəza dəstələrindən bunları gördülər”.

Həmin qanlı-qadalı günlərdə neftçalalı Şəmsəddin Orucov Bakıda öz evində, anasının və ailəsinin gözləri önündə əsgərlərin gülləsinə tuş gəlib. Əbülfəz Cəfərov və Nurəddin Ağahüseynov da müqəddəs şəhidlik zirvəsinə ucalıblar. Əbülfəz Bankə qəsəbəsində yaşayırdı, nişanlı idi. Nurəddin özünün “Zaporojets” markalı şəxsi minik avtomobilində qanına qəltan edilib.

Yaralananlardan Ramiz Hüseynov, Novruz Dadaşov, Ələkbər Talıbov, Bəxtiyar Ağayev, Məhəmməd Fərziyev, Fərman Hüseynov, Oqtay Orucov, Əliheydər Məmmədov, Abdulla Ağayev və İmamverdi Zeynalov uzun müddət  ağrı-acı çəkiblər. Ümumiyyətlə, qanlı yanvar hadisələri zamanı Netçalada 30 nəfər soydaşımız həbs olunub. Fiziki və maddi- mənəvi, psixoloji ziyan çəkənlərin sayı daha çoxdur. Onlardan bir çoxuna Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı verilib.  Neftçalanın Bankə qəsəbəsində Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin xatirəsinə abidə kompleksi qurulub, park salınıb. Bankədəki 1 nömrəli orta məktəb şəhid Əbülfəz Cəfərovun adını daşıyır. 

Neftçalalılar fəxr edirlər ki, 1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış həmvətənlərimizin arasında onların da eloğluları olub.

“Sizi köynəyindən keçirtdi vətən...”

Lənkəranda da hər kəs şəhidlərin xatirəsini əziz tutur. Abidə kompleksi ideal şəkildə əsaslı təmir olunub, başdan-başa qara mərmər daşlarla üzlənib. Vətənin azadlığı naminə canlarından keçən soydaşlarımızın məzarları daim ziyarət edilir, abidələrinin önündən gül dəstələri əskik olmur. Məzarıstanın yerləşdiyi küçə “Şəhidlər Xiyabanı” adlandırılıb. Bu küçə şəhidlərin adına layiq şəkildə yenidən qurulub, ərazidəki avtomobil körpüsü genişləndirilib, xiyaban boyunca hər iki tərəfdə piyada səkiləri salınıb, milli ornamentli divarlar hörülüb.

Bütün şəhidlərin ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Onların mənzil-məişət problemləri həllini tapıb, müavinətləri vaxtlı-vaxtında verilir, digər güzəştlərdən bol-bol istifadə etmələri üçün lazımi şərait yaradılıb. Lənkəranlı şəhid ailələri onlara bəslənən münasibətdən hədsiz razıdırlar.

Qanlı və şanlı yanvar hadisələrində Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalanlardan 11-i Lənkəran torpağının övladıdır. Onlardan beşi - Telman Bağırov, Mirsalam Əbülfətov, Asif Əsədullayev, Əflatun Kazımov və Azad Mirzəyev yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində sovet ordusunun silahlı təcavüzünün qurbanı olub. Bundan bir neçə gün sonra isə daha altı nəfər - Tariyel Abdullayev, Salman Baxşıyev, Rövşən Bədəlov, Vaqif Məmmədov, Rahim Məmmədov və Şahin Məmmədov rus desantçıları tərəfindən Lənkəranın Haftoni meşəliyində vəhşicəsinə qətlə yetiriliblər.

Həmin vaxt təkcə paytaxtda deyil, ölkəmizin hər yerində imperiya əsarətinə qarşı etiraz mitinqləri keçirilirdi. Cəlilabad və Astarada sərhəd zastavalarının nəzarət-keçid məntəqələri dağıdılmışdı. Ruslar buna müqavimət göstərməmişdilər. Sərhədlər 3 gün açıq qalmışdı. 20 Yanvar hadisəsindən sonra məlum oldu ki, məqsəd əhalini itaətsizlikdə günahlandırmaq olub. O günlər Moskva televiziyaları Astara keçid məntəqəsində sındırılmış qapıları dəfələrlə nümayiş etdirərək yanvar qırğınlarına haqq qazandırırdı.Onu da deyək ki, həmin vaxt Lənkəran ətrafında çoxlu sovet hərbi hissələri vardı, tank və zenit alayları, 50-60 min hərbçi dislokasiya olunurdu.  

Şahidlər deyir ki...

Lənkəranda 46 nəfər fəal etirazçı tutularaq Rusiyanın müxtəlif həbsxanalarına sürgün olunub. Sürgün edilənlər 4 ay işgəncələrə məruz qaldıqdan sonra buraxılıblar.

Rayona yeridilən rus hərbçiləri xalq hərəkatı nümayəndələrindən guya onlarda olan silahları qeyd-şərtsiz təhvil verməyi tələb edir, dinc əhaliyə divan tutmaqla hədə-qorxu gəlirdilər. Vəziyyətin get-gedə daha dramatik hal aldığını görən fəallar dağlıq meşə zolağına çəkildilər ki, şəhərdəki gərginlik səngisin və əhaliyə heç bir xətər toxunmasın. Amma adamların gözünü qorxutmaq istəyən “xilaskar” ordunun desantçıları dərhal meşəliyi mühasirəyə alaraq oradakı adamları güllə “yağış”ına tutdular. Nəticədə altı lənkəranlı vətənpərvər şəhid oldu.

Lənkəranlıların xatırladığına görə, şəhidlərin matəm mitinqinə minlərlə adam toplaşmışdı. Mitinqi dağıtmaq üçün hərbi vertolyotlar adamların başı üzərində fırlanır, vahimə yaradırdı. Amma heç kim yerindən tərpənmədi...

Düz iyirmi beş ildir ki, Lənkəran şəhərindəki Şəhidlər Xiyabanı müqəddəs ziyarətgaha çevrilib. Ötən illərdə başdan-başa yenidən qurulmuş abidə kompleksinə hər ildönümü ərəfəsində bir daha məhəbbbət və qayğı ilə əl gəzdirilir, əbədi məşəl kompleksinin və şəhid məzarlarının ətrafında nümunəvi səliqə-sahman yaradılır.

Qəribədir, hər il yanvarın 20-də və daha sonra şəhidlərin anım günü Lənkəranda hava çiskinli, yağıntılı olur. Buna baxmayaraq, adamlar axın-axın əbədi məşəl önündən keçir, şəhidlərin puhuna dualar oxuyurlar. Sanki göylər ana-bacı mehri ilə göz yaşı axıdır, qırmızı qərənfillərsə onların qəhrəmanlığına məmnunluqla baş əyir. (Mənsə düşünürəm ki, saplağındakı qayçı yeri o gülləri heç ağrıtmır da. Axı, ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da azadlıq tariximizin şərəfli bir gününü al ləçəkləri ilə süsləmək məhz qərənfillərə nəsib olur). 

...Yenə də Lənkəranın Şəhidlər Xiyabanındayıq. Qara mərmərli lövhələrdən birinin önündə ayaq saxlayırıq. Bu, Asif Kamil oğlu Əsədullayevə aid lövhədir. Jurnalist dostum Ağaddin Babayev kövrək halda köks ötürərək deyir:

-Asif bizim Şağlaser kəndində çoxuşaqlı ailənin övladı idi. Dostluq edirdik. O, Neft Akademiyasını bitirəndən sonra Bakıda qalıb işləyirdi. Ölümündən az öncə paytaxtda yeni mənzil də almışdı, amma orada bir gün belə yaşamaq Asifə nəsib olmadı. Aeroport yolunda gülləbarana düşərək yerindəcə həlak oldu. Səkkiz yaşlı qızını və dörd yaşlı oğlunu atasız qoydu. Asif kəndimizin qəbristanlığında uyuyur. Bakının Sabunçu qəsəbəsindəki bir küçə və Şağlaser kənd orta məktəbi onun adını daşıyır. Sadə, zəhmətkeş, ailəcanlı, təmkinli bir insan idi. Onun adıyla bütün kəndimiz fəxr edir. Allah rəhmət eləsin!

Digər jurnalist dostum Sərraf Talıblı da şəhid Asif Əsədullayevlə həmkəndli olub. Qələm dostlarım qalan şəhidləri də yaxından-uzaqdan tanıyıblar, hər birinin haqqında oçerk-elegiyalar, şeirlər yazıblar.

Qanlı yanvar hadisələri zamanı Sərraf Lənkəran radiosunun məsul redaktoru vəzifəsində çalışırdı.

– Həmin gecə Bakıda faciə törədildikdən sonra ölkədə komendant saatı tətbiq edilmişdi,-deyə o bildirir.

– Medianın fəaliyyəti dayandırılmışdı. Təkcə bizim radiomuz susmamışdı və sovet qoşunlarının Bakıda törətdiyi qətliam barədə həqiqəti yaya bilirdi. Özü də dörd dildə. Lənkərana gəlib qanlı cinayətlərini həyata keçirən rus hərbçiləri bundan duyuq düşəndə artıq biz təhlükəsizlik tədbirlərimizi görmüş, veriliş qovluqlarımızı və sairəni gizlədə bilmişdik. Yoxlayıcılara dedik ki, bu, adi bir qovşaqdır, bizim şəhərdənkənar efirə çıxışımız yoxdur. Onlar hər yeri ələk-vələk elədilər, lakin gizli radiostansiya axtarışları nəticəsiz qaldı... Demək istəyirəm ki, hər bir azərbaycanlı kimi, biz də imkanımız daxilində imperiya cəlladlarına barışmaz münasibətimizi göstərirdik.

...Xiyabanda 5-6 yaşlı qəşəng bir qız diqqətimi cəlb elədi. Babasının əlindən tutaraq şəhid məzarlarının önündən keçir, lövhələrə yazılmış adları höccələyə-höccələyə oxuyurdu.

– Buraya nə üçün gəlmisən? - deyə soruşdum.

– Babam ziyarətə gətirib. O deyir ki, şəhidlər bizdən ötrü həlak olublar. Biz onların hamısını tanımalıyıq. Elə tanımağa gəlmişəm də!.. Bəli, kiçikli-böyüklü hər kəs elliklə şəhidlərimizin xatirəsinə sonsuz ehtiram bəsləyir.

 Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında