Naxçıvanın coğrafi mövqeyi və sərhədləri elədir ki, onun yaşayış məntəqələri üç tərəfdən qonşuluğa xəyanətdə tayı- bərabəri olmayan erməni quldur yuvaları ilə əhatələnib. Yüz illər boyu özlərinin çirkin əməllərini gah gizlin, gah da aşkarda həyata keçirən bu namərd qonşunun 1988-ci ildə yenidən baş qaldıran əsassız torpaq iddiaları getdikcə şiddətlənən faciəli hadisələrə gətirib çıxartdı, Naxçıvanın sərhəd kəndləri sakinlərini yurdun ayıq- sayıq döyüçülərinə çevirdi.
Belə yurd yerlərindən biri ümummilli liderimiz Heydər Əliyevin “Qeyrət qalası” adlandırdığı Sədərək rayonudur. 1990— 1993-cü illərdə ermənilər Sədərəyə 14 dəfə hücum etmişdilər. İlk döyüş 1990-cı il yanvar ayının 18-də olmuşdu. Moskvanın Bakıda hazırladığı qanlı təxribat və qırğından xəbərdar olan ermənilər Azərbaycanda yaranacaq hərbi- siyasi böhrandan istifadə edib Naxçıvanı işğal etmək üçün hərəkətə keçmişdilər. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridiləndə Naxçıvan MSSR Ali Sovetinin muxtar respublikanın SSRİ-nin tərkibindən çıxmaq barədə qərar qəbul etməsi yaratdığı kəskin beynəlxalq əks- səda ilə ermənipərəst Kremlin və daşnak yuvası Yerevanın bu amansız niyyətinin qarşısını kəsmişdi.
Həmin ilin mart ayında ermənilər Sədərəyə 300-ə yaxın top mərmisi atıblar, 500-ə yaxın evi, məktəb binalarını, ictimai-inzibati binaları, sosial obyektləri dağıdıblar. Həmin illərdə muxtar respublikamızın hər yerindən, həmçinin ölkəmizin 14 rayonundan Sədərəyə kömək gəlib. Döyüşlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb ki, onların 52 nəfəri rayonun yetirmələridir.
O illəri xatırlayanda ulu öndərin sözləri yada düşür: “Muxtar respublikanın sərhəd kəndləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq həmişə Sədərəyin üzərinə düşmüşdür. Sədərək kəndində vəziyyət tamam başqadır. Burada əsl müharibə gedib, atışmalar olub”. O qanlı- qadalı günlərdə, aylarda Sədərəkdə səngərlərdə döyüş gedəndə həyətlərdə təndirlər tüstülənib.
Rayonun ağsaqqalları, ziyalıları ilə söhbətimizdə 25 il bundan əvvəin qanlı yanvar günlərinə yenidən qayıtdıq. Onlar bizim hələ də bilmədiklərimizdən danışdılar. Sədərək kənd 2 nömrəli tam orta məktəbdə başladığımız bu söhbətə qoşulanlar getdikcə çoxaldı, təbii bir dəyirmi masa yarandı. İllər ötsə də hamı o günlərdən həyəcanla söz açdı. Sədərək Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının sədri Teymur Quliyev bildirdi:
- O ağır günlərdə səngərlər bizim daimi evimizə çevrilmişdi. Bu “evlər”də müharibə ömrü yaşadıq. Ancaq işimizin haqq olduğunu bilirdik. Ona görə də düşmən qabağında bütün sədərəklilər mərdliklə dayandılar.
Teymur müəllim bir məqamı da xatırladı:
- Sədərək hadisələrini izləmiş bir jurnalist kənddə bəzi həyətlərdən tüstü qalxdığını görüb. Fikirləşib ki, müharibənin qanunudur, yəqin, əks tərəfdən atılan silahlar düşdüyü yeri yandırır. Əsl həqiqətdə isə o vaxt Sədərəkdə qadınlar səngərdə döyüşən igid eloğullarımıza təndir çörəyi bişirirdilər. Bu, insanların torpağa bağlılığının ən yüksək nümunəsidir. Bugünkü gənclərin bu ruhda tərbiyəsi olduqca zəruridir.
Sədərək kənd 2 nömrəli tam orta məktəbin müəllimi Qadir Rəhimov da ağır günləri gözləri ilə görüb. O deyir ki, güllə səslərindən qulaq tutulan, mərmi yağışından həyət-bacaları dağılan Sədərəkdə 1993-cü il avqust ayının 13-də axırıncı döyüşdə ermənilər “Qeyrət qalası”nı qoruyan hünərli oğullara bata bilməyəcəklərini yəqin edərək yerlərində oturdular. Sədərək belə qorundu. Bu gün də qorunur. Özü də yüksək səviyyədə - həm torpaq təəssübünü, yurd sevgisini hər şeydən üstün tutan sədərəklilərin, burada xidməti borcunu yerinə yetirən, sərhəddə ayıq-sayıq dayanan əsgərlərimizin hesabına, həm də dövlətimizin böyük qayğısı gücünə.
Bu məqamda istər-istəməz ulu Dədə Qorqudun aforizmə çevrilmiş sözlərini xatırlayırsan: “Torpağı qorumursansa – əkib-becərməyinə, əkib-becərmirsənsə – qorumağına dəyməz”. Sədərəkdə torpaq həm qorunur, həm də becərilir.
Rayon Təhsil Şöbəsinin əməkdaşı Əmir İbrahimov söhbətə qoşuldu:
- O vaxt rayon ərazisindəki Əyyub mağarası, Cin təndiri, Yetimlər, Həsənqulu bağı, Qaraağac, Qurdbaba, Nadirin düzü kimi ərazilər sədərəklilərin səngərinə çevrilmişdi. İlk düşmən gülləsinə tuş gələn sədərəkli iki qardaş - Malik və Elvin oldu. Hələ məktəbə də getmirdilər. Bakının başı hakimiyyət davasına qarışdığından, oçətin günlərdə sədərəklilərin, güc aldıqları yeganə qüvvə ulu öndərimiz Heydər Əliyev idi.
Sədərək kənd 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Əliyeva dedi:
– Bəhs olunan hadisələr başlayanda 9 yaşım var idi. O illəri uşaq kimi xatırlayıram. Və bu gün dərs dediyim şagirdlərə aşılamağa çalışıram ki, bizim mübarizəmiz haqq işidir. Haqq işi isə həmişə qalib gəlib. Sədərək hadisələri ilə bağlı dərs prosesində, məktəbdənkənar və sinifdənxaric məşğələlərdə söhbətlər aparırıq, inşa-yazı və rəsm müsabiqələri keçiririk. Onu da qeyd edim ki, proqramlarda da bu mövzuya kifayət qədər yer ayrılıb. Hansı fənni tədris etməsindən asılı olmayaraq, bu gün məktəbin bütün müəllimləri bu işdə fəallıq göstərirlər. Odur ki, Sədərəyin məktəbyaşlı ən kiçik şagirdindən tutmuş, yuxarı sinif şagirdlərinə qədər hamı Sədərək döyüşlərində şəhidlik zirvəsinə yüksəlmiş eloğullarımızın xatirəsini əziz tutur.
Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Samil Kazımov:
- 25 il bundan əvvəl baş verənləri unutmayan sədərəklilərə hərtərəfli dövlət qayğısı hamımızda məmnunluq yaradır. Ulu öndərimizin həmin illərdə dəfələrlə Sədərəyə gəlməsi, bölgə sakinlərinə tövsiyələr verməsi təkcə buranı deyil, bütün Naxçıvanı erməni işğalından qorudu. Bu gündən sabaha ümidləri olmayan sədərəklilər o zaman dahi şəxsiyyətin ətrafında sıx birləşdilər, hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inandılar. Bu gün qovuşduğumuz bu əmin- amanlıq, geniş quruculuq, yüksək rifah məhz Heydər Əliyev ideyalarının gercəkləşməsi hesabına mümkün olub.
Müshiblərimiz Sədərəyin hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasından minnətdarlıqla danışdılar. Söhbət iştirakçıları düşmənə gözdağı olan bu yurd yerinin adamlarının bu gün muxtar respublikada gedən sürətli və miqyaslı quruculuq işlərində də öndə getdiklərini qürurla söylədilər.
Muxtar MƏMMƏDOV
Naxçıvan şəhəri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.