Bu gün Azərbaycan Respublikasının Avropa dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələri özünün yüksək inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin Avropa ölkələrinə ardıcıl səfərləri, dövlət və hökumət rəsmilərimizin bu ölkələrin nümayəndələri ilə mütəmadi görüşləri, keçirilən qlobal tədbirlər və s. Azərbaycanın xarici siyasətinin uğurlu istiqamətdə inkişaf etdiyini göstərir. Yanvarın 21-də dövlət başçımız İlham Əliyevin Almaniyaya işgüzar səfəri hər iki ölkə arasında mövcud olan münasibətlərin yeni müstəvidə inkişafını müəyyənləşdirdi.
Ümumiyyətlə, Azərbaycan - Almaniya qarşılıqlı münasibətlərinin başlanğıcı hələ XIX əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın “Simens qardaşları” firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikilib. XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin üçdə iki hissəsini təşkil edirdi. Bundan əlavə “Simens qardaşları” firması Daşkəsən ərazisində kobalt yataqları bazasında kobalt zavodu inşa edib. Bu zavodların inşası nəticəsində xeyli sayda insan işlə təmin edilib, əhalinin maddi rifahı yüksəlib. Alman sənayeçilərinin bu ərazidə fəallığının artması nəticəsində ətraf ərazilərdə, xüsusilə Azərbaycanın indiki Göygöl rayonunda alman yaşayış məntəqələri yaranıb. Sonrakı dövrlərə diqqət yetirəndə görürük ki, Almaniya Azərbaycanın dövlət müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 20 gündən sonra isə Almaniyanın Azərbaycandakı səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Ümummilli lider Heydər Əliyev o zamankı Almaniya Prezidenti Roman Hersoqun dəvəti ilə 1-4 iyul 1996-cı il tarixdə Almaniyada rəsmi səfərdə olarkən Almaniyanın Prezidenti, kansleri, vitse-kansleri və digər hakimiyyət nümayəndələri ilə görüşlər keçirib. Həmin görüşlər zamanı ölkələr arasındakı əməkdaşlığın xüsusiyyətləri geniş şəkildə müzakirə edilib. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və münaqişənin sülh yolu ilə həlli məsələləri ulu öndərin keçirdiyi görüşlərin əsas müzakirə mövzusu olub. Səfər çərçivəsində, siyasi, iqtisadi və elmi-texniki əməkdaşlıq sahəsində beş müqavilə imzalanıb. Keçən illər ərzində Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq aparılıb. Bu illər ərzində Azərbaycan və Almaniya arasında mədəni əlaqələr də intensiv şəkildə inkişaf etmişdir. İki ölkə arasındakı mədəni əlaqələrin inkişafı 22 dekabr 1995-ci il tarixli mədəni əməkdaşlıq haqqında Sazişlə bağlıdır. Hələ ATƏT-in İstanbul Zirvə görüşündə iştirak edən ulu öndər Heydər Əliyev 1999-cu il noyabrın 19-da “Çırağan sarayı”nda Almaniya Federativ Respublikasının kansleri Herhard Şröderlə görüşüb. Görüş çərçivəsində Prezident Heydər Əliyev 1947-ci ildə Azərbaycana gətirilmiş Bremen qalereyası rəsmlərinin Almaniyaya qaytarılması haqqında sərəncamı və məktubu AFR kanslerinə təqdim edib.
– “Cənab kansler, biz bu iki əsəri və Nyu-Yorkda məhkəmə orqanlarının sərəncamında olan əsərləri sizə veririk. Mən 1947-ci ildən muzeyimizdə saxladığımız həmin əsərlərlə bağlı sənədləri də sizə təqdim edirəm.”
2001-ci ilin mayında Almaniya Xarici İşlər naziri Yoşka Fişer, Bundestaqın sədr müavini Antye Follmer ilə birgə Azərbaycana səfər edib. Prezident Heydər Əliyev Almaniya nümayəndə heyəti ilə görüşündə iki ölkənin əməkdaşlığına böyük əhəmiyyət verdiyini, alman şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən razı qaldığını, bunun davamlı olmasını istədiyini bildirib. Azərbaycan Prezidenti AFR - in Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müvafiq fəaliyyətinə ümid etdiyini deyib: “...Ümidvarıq ki, Minsk qrupunun üzvü kimi Almaniya bizim üçün əsas məsələ olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli sahəsində - Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz torpaqlarının azad olunması və işğal edilmiş torpaqlardan qaçqın düşmüş azərbaycanlıların öz yerlərinə-yurdlarına qayıtması sahəsində bundan sonra fəaliyyətini daha da artıracaqdır.” Almaniyanın Xarici İşlər naziri Yoşka Fişer təmsil etdiyi ölkənin Dağlıq Qarabağ məsələsində imkanları daxilində kömək göstərəcəyini vəd edib. Yəni, bu ölkə həmişə Azərbayjanın haqlı mövqeyini dəstəkləyib. Prezident İlham Əliyevin ölkəmizdə dövlət başçısı seçilməyi həmin tendesiyanı daha da sürətləndirib.
2004-cü ildə Prezident İlham Əliyev Almaniya Prezidentinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Almaniya Prezidenti Horst Köler və Federal kansler Gerhard Şröderlə keçirilən görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı siyasi əlaqələrin vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 2007-ci il fevralın 16-da Almaniya səfəri zamanı Prezident İlham Əliyev Almaniyanın Kansleri Angela Merkellə görüşüb, ölkələrimiz, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan əlaqələrin inkişaf perspektivləri, ölkəmizdə iqtisadi islahatların uğurla həyata keçirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə aparıb. Bundan sonra Almaniyada 2008-ci il Azərbaycan ili elan edilib. Bu məqsədlə Azərbaycan Mədəniyyət və Turizm nazirinin rəhbərliyi ilə 120 nəfərlik nümayəndə heyəti Almaniyaya səfər edib. Mədəniyyət tədbirləri Berlində bir həftə davam edib. İl boyu isə Almaniyanın Münhen, Hamburq, Mayns, Ştutqart və digər iri şəhərlərində Azərbaycan mədəniyyəti təbliğ olunub. Almaniyada Azərbaycan ili çərçivəsində 12 iyun-15 iyul 2008-ci il tarixlərində Drezden Qalereyasında “Azərbaycan müasir incəsənət sərgisi” keçirilib. Sərgidə tanınmış Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib.
Prezident İlham Əliyev 2010-cu il 4-6 fevral tarixdə də Almaniyada növbəti rəsmi səfərdə olub. Səfər çərçivəsində Prezident Almaniyanın Kansleri Angela Merkelle görüşüb. Almaniyanın Azərbaycana müxtəlif sahələrdə dəstək verməyə hazır olduğunu diqqətə çatdıran xanım Angela Merkel bildirib ki, neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır. İlham Əliyev isə müasirləşmə dövrünü yaşayan ölkəmizdə alman texnologiyalarına tələbat olduğunu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməyə hazır olduğunu bildirib. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq da yüksək səviyyədədir. Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında maliyyə və texniki əməkdaşlığa dair hökumətlərarası danışıqlar, 2011-ci ildə ticarət və investisiyalar üzrə yüksək səviyyəli İşçi Qrupunun yaradılması, maliyyə və texniki əməkdaşlıq çərçivəsində müxtəlif layihələrin reallaşdırılması, Alman-Azərbaycan Xarici Ticarət Palatasının yaradılması, “Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı” çərçivəsində sahibkarların və gənc menecerlərin Almaniyaya ixtisasartırma kurslarına göndərilməsi iki ölkə arasında səmərəli əməkdaşlığın göstəriciləridir. Hazırda Azərbaycanda sənaye, xidmət, rabitə, ticarət, nəqliyyat, bank və sığorta, kənd təsərrüfatı, tikinti sahəsində 157 alman kapitallı şirkət fəaliyyət göstərir.
Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir.
Hazırda Almaniyada xeyli azərbaycanlı yaşayır və işləyir. Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi, Avropa Azərbaycanlıları Konqresi, Alman- Azərbaycan Mədəniyyət Cəmiyyəti, “Azərbaycan Evi”, “Buta” Cəmiyyəti, Almaniyadakı Türk-Azərbaycan Birliyi və digər çoxsaylı diaspor təşkilatları fəaliyyət göstərir. Hər il qan yaddaşımızla bağlı günlərdə Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə diasporumuz Vətənimizin həqiqətlərini təbliğ edir, alman ictimaiyyətinə çatdırır.
Prezident İlham Əliyevin Almaniyaya bu il yanvarın 21-də reallaşdırılan işgüzar səfəri əslində bütün parametrlərdə hər iki ölkənin əməkdaşlıq perspektivlərini ortaya qoydu. Almaniya Federativ Respublikasının kansleri Angela Merkel də bu səfərin ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün önəmli olduğunu qeyd edib. Almaniyanın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən kansler ölkəmizin Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də “Şərq tərəfdaşlığı” Proqramında mühüm rol oynadığını bildirdi. Angela Merkel Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində, ölkəmizdə infrastruktur layihələrinin icrasında Almaniyanın yeni şirkətlərinin iştirak etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
Qarşılıqlı münasibətlərimizin uğurlu inkişafından söhbət açan Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirənin əsas mövzularından biri olub. Müzakirələr zamanı Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi, danışıqların hazırkı prosesi barədə ətraflı məlumat verilib. Bundan sonra Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin mətbuat konfransı keçirilib. Kansler Angela Merkel və Prezident İlham Əliyev bəyanatlarla çıxış ediblər. Kansler Angela Merkelin bəyanatında bildirilir ki, Azərbaycanın iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, buna görə bu ölkə Almaniya üçün əhəmiyyəti artan tərəfdaşdır. Azərbaycan böyük potensiala, əsasən də neft və qaz kimi resurslara malikdir: “Düşünürəm ki, Azərbaycan həm Almaniya, həm də digər Avropa ölkələrinin enerji şaxələndirilməsinə böyük töhfə verə bilər. Bu mənada “Cənub” qaz dəhlizi layihəsini dəstəkləyirik.”
Bəyanatda həmçinin, Azərbaycan Prezidenti ilə aparılan müzakirələrə toxunulub: “Biz Azərbaycan Prezidenti ilə müxtəlif mövzular ətrafında fikir mübadiləsi apardıq. Xüsusən də Azərbaycanda insan hüquqlarının vəziyyəti, həmçinin regionda baş verən geosiyasi vəziyyət haqqında danışdıq. Biz Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsi apardıq. Almaniya da münaqişənin həllində vasitəçi olmaq istəyir. Düşünürük ki, Avropa Şurası, Avropa İttifaqı bu istiqamətdə bir təşəbbüslə çıxış edərək, münaqişənin həllinə müəyyən töhfəsini verə bilər. Bununla bağlı Azərbaycan Avropa Komissiyası ilə danışıqlar aparacaq. Ukrayna və Rusiya arasındakı münaqişə ilə əlaqədar da müzakirələrimiz oldu. Eyni zamanda, Azərbaycanın “Şərq tərəfdaşlığı” Proqramında iştirakı ilə bağlı danışdıq.
Prezident İlham Əliyevin bəyanatında da siyasi əlaqələrimizin uğurla inkişaf etdiyi vurğulanaraq, bu səfərin önəmi qeyd olunub. Prezident Azərbaycanda çoxsaylı alman şirkətlərinin fəaliyyət göstərdiyini qeyd edərək iqtisadi münasibətlərimizin yüksək olduğunu açıqlayıb. Dövlət başçımızın bəyanatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin prioritetliyi qeyd olunaraq bu münaqişənin həm Azərbaycan, həm də region üçün böyük təhlükə mənbəyi olduğu bildirilib. Görüşdə Almaniya-Azərbaycan əlaqələrinin böyük potensiala malik olması qeyd olunaraq qəbul edilmiş qərarların, aparılan diskussiyanın bu əlaqələrin inkişafına təkan verəcəyi vurğulanıb.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.