20 Yanvar faciəsi Azərbaycan rəssamlarının gözü ilə

Sənət,  tarixi yaddaşlara köçürən çox güclü  vasitədir. Kino  da, musiqi də,  bədii ədəbiyyat da  bizə tariximizin   çox nadir  hadisələri barədə dəyərli məlumatları  çatdırır.  Və bir də  rəssamlarımızın əsərləri  tarixin  anlarını  rənglər dünyasında əbədiləşdirir,  əcdadlarımızın  mənəvi  ruhu, qəhrəmanlığı  haqqında çox şeylər danışır. Bütün dövrlərdə istər münaqişələri, istər müharibələri, istərsə də digər fəlakətləri xalq necə yaşayıbsa, xalqın  yaradıcı övladları da həmin hadisəni bədii ifadə vasitələri ilə yaddaşlara yazıblar. Elə  20 Yanvarın  qanlı lövhələri kimi.

20 Yanvar 1990-cı il tarixi də yaddaşlara məhz qanla yazıldı. Azadlığın  mübarizələrlə, qan bahasına alındığını da bura əlavə etsək, deyə bilərik ki, 20 Yanvar xalqımızın yaşadığı müsibətlər və faciələrdən biri olsa da, əslində, qürur və iftixar mənbəyi, milli oyanış, birlik, həmrəylik günüdür.  Ona  görə də bu mövzuda yaradılan rəsm əsərlərində  təkcə  faciə  deyil, həm də  xalqın qəhrəmanlıq  ruhu əsas motivləri təşkil edir.

Ulu öndər Heydər Əliyevin 1995-ci il yanvarın 18-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən “Qanlı Yanvar” rəssamlıq sərgisindəki çıxışından sonra bədii əsərlərdə şəhidlərin ölməzliyini və müqəddəsliyini təcəssüm etdirən  obrazlar yaradılmağa başlandı. Rəssamlıq sahəsində bu şərəfli tariximiz bəlkə də daha canlı, ifadəli və obrazlı təsvir edilməyə başlandı.

Hər il bir qayda olaraq istər beynəlxalq səviyyədə, istərsə də respublika miqyasında 20 Yanvarla bağlı bədii sənət əsərlərinin sərgisi keçirilir və demək olar ki,  bu tədbirlər ənənə  xarakteri daşıyır. Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov belə əsərlərin vacibliyinə toxunaraq  deyib: “Xalq yaxşı günləri yaşadıqca faciələrinin də unudulmaması naminə onları gələcək nəsillərə çatdırmalıdır. Tarixin belə qanlı səhifələrinin yaddan çıxmaması üçün ən yaxşı vasitələrdən biri də rəsm əsərləridir. Belə əsərlər nə qədər çox olarsa, həmin tarixi dünya xalqlarının diqqətinə çatdırmaq da bir o qədər mümkünləşər və asanlaşar”.

Yəqin ki, Xalq rəssamı Mikayıl Abdullayevin rənglərin harmoniyasından yoğrulan “Nakamların dəfni” əsəri ilə tanışsınız. Bu əsərə tamaşa etdikcə,  həqiqətən  öz  xalqının  qəhrəmanlığından qürur duyursan. Bu əsərdə  20 Yanvar  faciəsini yaşayan bir  xalqın müqəddəs ruhu təsvir olunur.  Eyni  zamanda  bu faciəni törədən  cəlladlara  qarşı rəssamın hədsiz nifrəti  aydın duyulur.

Görkəmli fırça ustalarından Rasim Babayevin “Təcavüz”, Kirman Abdinin plakat janrında işlədiyi və xüsusilə seçilən bir sıra silsilə əsərlərində, rəngkar Hacırza Fərzəliyevin “Ağlı-qaralı dünya”, Fikrət İbrahimovun “Gələcək naminə”, Həmzə Abdullayevin “Çərxi-fələk”,  İsmayıl İsmayılovun “Haqq tərəzisi”,  Qafar Seyfullayevin “Öncə Vətəndir...”,  Asim Səmədovun “Ruhlar” və s. tablolarında qanlı şənbə gecəsinin ağrı-acılı yaşantıları öz bədii ifadəsini tapıb.

Qrafika ustası Arif Hüseynovun “Qara tağlı natürmort”, Fəxrəddin Əliyevin “Qara Yanvar” və Arif Ələsgərovun “20 Yanvar” əsərləri də xalqımızın imperiya təcavüzünə məruz qaldığı gecəyə həsr olunmuş bədii sənət nümunələri olmaqla yanaşı, bizi düşmənə  qarşı daim ayıq-sayıq olmağa səsləyir. Xalq rəssamı Ağəli İbrahimovun fikrincə, 20 Yanvar faciəsi təsviri sənətin əbədi mövzularından biridir: “Bu tarix yaddaşlardan silinməyəcək və indiyədək olduğu kimi, bundan sonra da 20 Yanvar Azərbaycan rəssamlarının vətəndaşlıq mövqeyindən daim müraciət etdiyi mövzu kimi qalacaq. Xalq rəssamları  Mikayıl Abdullayev, Kamil Nəcəfzadə, Xanlar Əhmədov və başqaları da bu mövzuda yaddaqalan sənət əsərləri yaradıblar. Düşünürəm ki, nəinki  rəssamlarımız, heykəltəraşlarımız və incəsənətin digər növləri ilə məşğul olan bütün yaradıcı insanlar hər zaman bu mövzuya müraciət edəcəklər”.

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən respublika İncəsənət Gimnaziyasının müəllimi, rəssam İlqar Əkbərov həmkarlarından fərqli olaraq, o zamanlar faciəyə ilk münasibət bildirib. O, həmin mövzuya həsr etdiyi əsəri hadisələrin qaynar vaxtı, Bakı qan içində boğulanda, 1990-cı ildə yaradıb. “Şəhidlər” adlanan həmin əsər R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində nümayiş etdirilir. Onun fikrincə, rəssamlıqla məşğul olan yeniyetmələrə bu mövzunun mahiyyəti izah edilməlidir ki, sonralar onların düşüncələri və təxəyyülləri əsərə çevriləndə obrazlar dolğun yaradılsın. Bu təbliğin nəticəsidir ki, rəssamlığa həvəsi olan uşaqlar da adı çəkilən mövzuya daha çox maraq göstərirlər.

Tarix bütün hadisələri özündə yaşadır. Bu mövzuya həsr olunmuş təsviri sənət əsərlərində, heykəltəraşlıq və memarlıq nümunələrində həm tarix yaşadılır, həm də xalqımızın qəhrəmanlığı təbliğ olunur.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında