Şəhidlərimizin dəfninin təşkili xalqın müdrikliyinin və dəyanətinin təsdiqi oldu

 Ölkələrin və millətlərin tarixində elə unudulmaz “həqiqət anları” yaşanır ki, o günlər öz məna yükü, ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-əxlaqi dəyərləri etibarilə əsrlərə bərabər olub, “dönüş nöqtəsi” rolunu oynayaraq, uzun illər boyu aparılmış mübarizə yolunun məntiqi yekun məqamının yetişdiyindən xəbər verir.

Həm faciə, həm də qəhrəmanlıq timsalına çevrilmiş Qanlı 20 Yanvar təsadüfi, yaxud kiminsə hansısa səhvinin nəticəsi deyil, bütövlükdə bolşevik rejiminin amansız daxili və qəsbkar xarici siyasətinin qaçılmaz yekunu idi. Ölkənin milli sərvətini öz əlində mərkəzləşdirib idarə edən, insan haqq və hüquqlarını hər addımda tapdalayan, milyonlarla adamı təqib edən bir ictimai quruluş və onun yerlərdəki hakimiyyət orqanları, tez-gec iflasa uğramalı, məhv olub “tarixin zibilliyinə” atılmalı idi.

Azadlığını və istiqlalını boş vədlərdə, yalançı şüarlarda, qondarma çağırışlarda deyil, dünyanı iki sistemə ayırmış “şər imperiyası” ilə mübarizədə olduğunu dərk edən ölkənin Qazaxıstan, Litva, Gürcüstan, Moldova, Ukrayna və Azərbaycan kimi müttəfiq respublikalarını bürümüş etiraz nümayişlərinə son qoymaq üçün qərəzlə düşünülüb, amansızlıqla həyata keçirilərək başqalarına “ibrət dərsi” vermək məqsədi güdən Qanlı Yanvar totalitar-hərbi sovet rejiminin əsl mahiyyətini bütün dünyaya göstərdi.

Təsadüfi deyildir ki, Qanlı Yanvar hadisələri ilə bağlı Şeyxülislam Hacı Allahşükür Paşazadənin Mərkəzə, Birləşmiş Millətlər Təşkilatına və bütün dövlətlərin başçılarına ünvanlanmış bəyanatında deyilirdi: “...O dövlət ki, öz ordusunu öz vətəndaşlarının qatilinə çevirir, o dövlət ki, öz adamlarına layiqli güzərandan daha çox ölmək hüququ verir, belə dövlət ancaq nifrətə layiqdir”.

O günlərdə Bakıda və Azərbaycanda baş verən qanunsuzluqlara və ədalətsizliklərə qarşı etiraz edən “Qardian” (İngiltərə)  qəzeti yazmışdı: “Ordunun Bakıya hücumu zamanı günahsız adamların vəhşicəsinə güllələnməsi, tankların yolu kəsmiş gənclərin tonqallar ətrafında toplaşan insanların üstündən keçərək onların cəsədlərini tanınmaz hala salması beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir”.

“Nyu-York Tayms” qəzeti (ABŞ) yazırdı: “Bakının işğalından sonra xalqını sevən hər bir azərbaycanlıda Moskvaya və Qorbaçova nifrət hissi oyanmışdır... Vaxtilə üzüyola bir müstəmləkə olan Azərbaycan, indi öz suverən, demokratik hüquqlarını tələb edir”.

ABŞ-ın “Baltimor san” qəzeti 23 yanvar 1990-cı il sayında Kremlin “millətçi üsyanı” yatırmaq bəhanəsilə müstəqil respublikaya  qoşun yeritməsi faktının hüquqi cəhətdən əsassız olduğuna münasibət bidirərək yazmışdı: “Bu qərar, konstitusiyanı kobud surətdə pozmaq, eyni zamanda, suveren respublikanın hüquqlarını tapdalamaqdır.”

Xüsusilə, sovet rəhbərliyinin guya “Azərbaycanda İslam respublikası yaratmaq” uydurmasını tənqid edən müxtəlif xarici mətbuat  vasitələri təkidlə soruşurdular: “Sovet rəhbərliyi bunu deyərkən, görəsən, əlində tutarlı əsası vardırmı?”

Qanlı Yanvar hadisələrində İslam amili ilə bağlı “Nyu-York Tayms” qəzeti müxbirinin sualına şəhidlərin dəfnini təşkil etmiş İctimai Komissiyanın cavabında deyilmişdir: “Şəhidlər xiyabanında azərbaycanlılarla yanaşı ruslar, yəhudilər, tatarlar, ləzgilər də dəfn olunmuşlar... Bizi “İslam fundamentalizmində” günahlandırırlar... Biz fundamentalist olsaydıq, yəhudiləri və rusları burada dəfn edərdikmi?!”

Konkret tarixi şəraitin zəruri məntiqi nəticəsi olub, xalqın tələb və iradəsi ilə 20 yanvar 1990-cı ilin səhər saatlarında keçmiş Mərkəzi Komitənin qarşısında keçirilən etiraz mitinqində formalaşmış İctimai Dəfn Komissiyası (həmin komissiyaya rəhbərlik mənə həvalə edildi — Q.Ə.) o dövrdəki əsl hakimiyyətsizlik, fövqəladə vəziyyət, ciddi komendant saatı şəraitində Azərbaycan xalqının müdrikliyinin, vətandaş həmrəyliyinin, milli qeyrətinin, ümumbəşəri dəyərlərə sədaqətinin parlaq ifadəsi kimi qiymətləndirilməlidir.

Qəhrəman şəhidlərimizin dəfn mərasimi ilə bağlı müəyyən təşkilati və əlaqələndirmə işlərini yerinə yetirmək məqsədilə bir neçə günlüyə yaradılmış İctimai Komissiya, xalqın məsləhəti ilə öz fəaliyyətini 42 gün (1990-cı il yanvarın 20-dən mart ayının 2-dək) davam etdirməli oldu. Bu komissiyaya Şeyxülislam Hacı Allahşükür Paşazadə də daxil olmaqla, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, o cümlədən fəhlə, mühəndis və müəllim, jurnalist və inşaatçı, qulluqçu və alim daxil idi. Onların adlarını millətlərimizə və gələcək nəsillərə xatırlatmağı özümə borc sayıram: Azər Nəbiyev, Xəliyəddin Xəlilov, Xalid Muxtarov, Rəhim Qasımov, Bağır Bağırov, Nəriman Əliyev, İsmayıl İncəli, Malik Mehdiyev və İbrahim Əliyev.

Fövqəladə vəziyyət və məlumatsızlıq şəraitində xalqın həm ziyarət, həm ünsiyyət, həm də milli həmrəylik simvoluna çevrilmiş Şəhidlər xiyabanında insanlar bir-biri ilə dərdləşir, “Azadlıq” radiosu, “Vətən” cəmiyyəti xətti ilə eşitdiklərini bölüşür, gizli şəkildə nəşr olunmuş “Səhər”, “Fövqəladə vəziyyət” qəzetləri əldən-ələ ötürülür, həlak olanlar və yaralananlar haqqında xəbərlər dəqiqləşdirilir, itkin düşənlərin taleyinin araşdırılması ilə bağlı müraciətə imzalar toplanır, vətənpərvər ruhlu şeirlər səslənir, müxtəlif yerlərdən gələnlərin qəzəbli çıxışları eşidilir, xəstəxanalardakı yaralılara baş çəkmək üçün könüllü qruplar yaradılır, “Qurani-Kərim”in səbrə şağıran sədaları altında yüz minlərlə insan göz yaşlarını qəlblərinə axıdaraq kədərlə qərənfil dənizini xatırladan bu müqəddəs məkanda torpağa tapşırılmış unudulmaz oğul-qızlarımızı, azadlıq şəhidlərini fasiləsiz axınla, dərin hörmət və sayğı ilə yad edirdi.

...Ana-bacıların ağlaşması, kişilərin boğuq hıçqırıqları, tonqallarda yandırılan partiya biletlərinin kəsif tüstüsü, tankların qulaq batıran gurultusu, uzaqdan eşidilən güllə səsləri, təcili yardım maşınlarını köməyə çağıranların harayı, bu qırğına qol qoymuş mərkəzi və yerli hakimiyyət orqanlarının ünvanına söylənən qəzəbli lənətlər, ətrafdakı silahlı hərbiçilərin hər an yeni faciələr törətməyə hazır vəziyyəti — insanlarda köməksizlik, hətta ümidizlik əhval-ruhiyyəsi, baş verə biləcək daha dəhşətli vahimələr yaratmışdı. O ağır günlərin reallığını yaşamaq nə qədər dözülməz olsa da, görünür, mümkün imiş.

Amma həmin mürəkkəb  vəziyyəti hərtərəfli qiymətləndirib, düzgün qərarlar əsasında hərəkət etmək olduqca çətin idi.

Belə bir mürəkkəb vəziyyətdə İctimai Dəfn Komissiyasının müraciətində deyilirdi: “Şənbə gecəsi xalqımıza ağır faciə üz vermişdir... Bakıda fövqəladə vəziyyət elan olunmuşdur, hərbiçilər hər işə nəzarət edir, mətbuat orqanları bağlanmış, televiziya sıradan çıxarılmış, radio isə yalnız hərbi komendatlığın əhalini hədələyən xəbərlərini yayır. Şəhərdə həbslər davam edir, küçələr hərbiçilərin törətdikləri cinayətlərin qan izləri, vurduqları ziyanlarla doludur. Abşeron kəndlərindən, Sabunçu dairəsindən, Tiflis prospektindən, metronun “Gənclik” stansiyası ətrafından, “Qurd qapısı” istiqamətindən, Salyan kazarmasından, “İnşaatçılar” prospektindən bu gecəki qanlı qırğın haqqında yeni məlumatlar alınmaqdadır. Xəstəxanalarda çoxlu yaralılar var... Lakin  xalq və millət sarsılsa da, əyilməməlidir, özündə güc-qüvvət tapıb səbrli-təmkinli olmalı, ilk növbədə, çoxsaylı şəhidlərimizin onların uca adlarına, əməllərinə görə layiqli dəfni, uğrunda canlarından keçdikləri Vətən torpağına tapşırılması barəsində düşünməliyik. Bu bizim milli, dini, insani və vətəndaşlıq borcumuzdur... Bütün şəhidlərimizin bir məkanda, Dağüstü parkda, vaxtilə 1918-ci ilin mart qırğını qurbanlarının dəfn olunduğu ərazidə, vahid qardaşlıq qəbirstanlığında torpağa tapşırılmasına nail olmalıyıq...”

Fikrimizcə, 20 Yanvar faciəsinin ilk gərgin günlərində xalqın sonsuz qəzəb-nifrət dalğasının real qüvvələr nisbəti baxımından gələcək nəticələrini nəzərə almayan radikal meyillərdən çəkindirərək, dinc, davamlı mübarizə taktikasının seçimi, şübhəsiz, həm yaranmış ziddiyyətli qarşıdurma vəziyyəti, həm də perspektiv istiqlal mübarizəsi mərhələsinin tələblərinə daha uyğun olan optimal bir variant idi.

...Yaxşı xatırlayıram, 22 yanvar 1990-ci ildə son dərəcə gərgin və mürəkkəb vəziyyətdə Azərbaycan xalqı yeni, daha dəhşətli fəlakətlər törədilə biləcəyi təhlükəsindən çəkinməyərək, milyondan artıq adamın iştirak etdiyi kütləvi dəfn mərasimi təşkil edərək, şəhidlərin cənazələrini çiyinlərində Azadlıq meydanından Şəhidlər xiyabanına qədər gətirdi. Bakının qərənfil dənizini xatırladan mərkəzi prospekt və küçələri boyunca Dağüstü parka tərəf irəliləyən bu görünməmiş ümumxalq matəm mərasiminin əzəməti və intizami işğalçı ordunu, onun zabit və generallarını, yerli hakimiyyət orqanlarını, buradakı vəziyyət haqqında fasiləsiz surətdə birbaşa məlumatlandırılan Moskva rəhbərliyini, həqiqətən, qorxuya salmışdı. Xüsusilə, “İslam təməlçiliyində” ittiham olunan bir millətin həlak olmuş öz övladları ilə yanaşı, rusları, yəhudiləri, tatarları, ləzgiləri də böyük bir şərəf və ləyaqətlə bir məkanda – Şəhidlər xiyabanında dəfn etməsi, xalqımıza qarşı bu faciəni törədənləri, sözün əsl mənasında, heyrətləndirmişdi.

Qırx iki gün ərzində müxtəlif problemlərlə bağlı hərbiçilərlə məcburi görüşlərdən birində yaşlı rus zabitinin dediyi sözləri indi də unuda bilmirəm: “Əmrə tabe olmaq düşüncə və mühakimə qabiliyyətindən məhrum olmaq demək deyildir. Mən bu yerlərdə ilk dəfədir ki, oluram. İnanın ki, çoxumuz baş verənlər üçün xəcalət çəkirik...” Doğrudan da, əmrə tabe olan əsgərin, yaxud məmurun səriştəsiz rəhbərliyin cinayətkar tapşırıqlarını yerinə yetirməsinə haqq qazandırmaq çətin  olsa da, bu fakta görə xalqlar arasında nifaq toxumları səpmək cəhdləri yolverilməzdir.

Millətimizin o tarixi sınaq günlərində Moskvada təcrid olunmuş vəziyyyətdə yaşayan Heydər Əliyevin cinayət törədən Kremlin siyasi rəhbərliyini, şəxsən M.Qorbaçovu ittiham etməsi əsl fədakarlıq nümunəsi idi.

Qeyd etmək zəruridir ki, Şəhidlər xiyabanında dəfn mərasimlərinin təşkili və buraya müxtəlif yerlərdən ziyarətə gəlmiş insanların qarşılanıb yola salınması, habelə səliqə-sahman, müəyyən abadlıq işlərinin aparılması ilə yanaşı, eyni zamanda, xalqın tələbi ilə hər il anım günlərinin keçirilməsi, bu ərazidə Şəhidlər Muzeyi tikilməsi, əbədi məşəl yandırılması, buraya xüsusi status  verilməsi, şəhidlərin şərəfinə möhtəşəm abidə ucaldılması, gələcəkdə açıq səma altında Vahid Xatirə Kompleksinin formalaşması, milli şüurun yüksəlişi prosesinin,  “hakimiyyətin mənbəyi xalqdır” həqiqətinin təsdiqi idi.

Bu mənada, tarixi yaddaş və haqq-ədalət naminə bütün məsuliyyəti ilə hamıya xatırlatmağı özümə borc bilirəm ki, milli azadlıq mübarizəsi yolumuzun mühüm bir mərhələsi olmuş 20 Yanvar hadisələrinin əsl mənbəyi və müəllifi, iştirakçısı və aparıcı qüvvəsi, baş qəhrəmanı, şübhəsiz, Azərbaycan xalqı idi. Milli özündərkin və məsuliyyətin məntiqi nəticəsi kimi xalqın hökmü ilə müstəqil bir qurum kimi yaradılmış İctimai Dəfn Komissiyasının formalaşması, habelə fəaliyyəti konkret tarix şəraitin tələblərindən doğan bir zərurət, orada kimlərinsə təmsil olunması təsadüfi xarakter daşımışdır. Lakin hər təsadüfdə zərurətin müəyyən izləri  özünü hökmən göstərməlidir.

Qanlı Yanvar hadisələrinin siyasi-ictimai, sosial-iqtisadi, mənəvi-əxlaqi, beynəlxalq dərsləri və aspektləri barəsində zaman keçdikcə, daha dərindən düşünüb, hərtərəfli təhlil etdikcə, millətimizin həmrəylik ideyalarına sadiqliyinin, azadlıq mücadiləsi yollarında dönməzliyinin, ən çətin anlarda müdrikliyinin, faciəli hadisələri istiqlal naminə nikbin ruhlu mübarizəyə çevirməyinin şahidi oluruq.

Bizim günlərimizdə xalqın və millətin qayğı və arzuları ilə yaşamaq, şəhidlərimizin uğrunda canlarından keçdikləri müstəqlliyimizi qorumaq, ölkəmizin pozulmuş ərazi bütövlüyünü bərpa etmək, vahid Azərbaycan ideyasını reallaşdırmaq, demokratik islahatlar xəttini ardıcıllıqla davam etdirmək, əhalinin həyat səviyyəsini durmadan yaxşılaşdırmaq zərurəti elə nəcib vəzifələrdir ki, yalnız bu istiqamətdəki yorulmaz səylərimizlə başımız üzərində dolaşan narahat şəhid ruhlarına onların layiq olduqları, həm də umduqları əbədi rahatlığı gətirə bilərik.

Allah cəmi şəhidlərə rəhmət eləsin! Amin!

Qüdrət ƏBDÜLSƏLİMZADƏ,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında