XX əsr Azərbaycan xalqının tarixində həm uğur, həm də kədərli məqamları ilə zəngin olmuşdur. 1918-1920 ci illərdə min bir əziyyət bahasına olsa da Şərqdə ilk cümhuriyyətin qurulması müstəsna əhəmiyyətə malik hadisə olmuşdur. Baxmayaraq ki, cümhuriyyətin ömrü qısa oldu və sovet işğalı nəticəsində yenidən Moskvadan asılı vəziyyətə düşdük. Lakin təqribən 70 il sonra 1991-ci ildə xalqımız yenidən əzmkarlıq nümayiş etdirərək öz müstəqilliyini bərpa etdi. Elə təkcə bu iki mühüm hadisə XX əsrin xalqımızın tarixində xüsusi yer tutduğunu təsdiqləyir. Lakin təkcə uğurlarmı? Bu məqamda itirdiklərimizi də qeyd etməli və gələcək nəsillərimizin unutmamalı olduğu hadisələri vurğulamalıyıq.
Ötən əsrin əvvəllərindən başlanan erməni separatizmi bu günə qədər davam edir. 1905-1906- cı illərdə Şuşada, Gəncədə, Zəngəzurda, Naxçıvanda, Bakıda baş qaldıran erməni-müsəlman davası bir müddət ara versədə, 1918-ci ildə özünün pik mərhələsinə çatdı. Təqribən yüz minlərlə soydaşımız qətlə yetirildi. Bundan sonra 1937-c il repressiyalarında xalqımızın ziyalılarının əksəriyyəti yenə də ermənilərin əli ilə güllələndi. Ağır repressiya illərindən sonra – 1948-1953-cü illərdə Ermənistan SSR-dən azərbaycanlıların kütləvi deportasiyası həyata keçirildi. Bu deportasiya nəticəsində minlərlə soydaşımız məskunlaşdığı yeni ərazilərin təbii şəraitinə uyğunlaşa bilməyərək vəfat etdi. Qərbi Azərbaycan torpağında süni yaradılmış Ermənistan SSR-də etnik türklərin sayı məqsədəyönlü şəkildə azaldıldı. Bu, bəs deyilmiş kimi, ermənilər 1988-ci ildə yenidən Dağlıq Qarabağa iddialarını açıq şəkildə bəyan etməyə başladılar. Ermənistanda Azərbaycana qarşı kütləvi mitinqlər keçirildi. Erməni şovinizmi bütün ölkə boyu xərçəng xəstəliyi kimi yayılmağa başladı. Nəticədə azərbaycanlılar öz ata-baba torpaqlarından yenidən deportasiya edildilər. Bu dəfə isə daha acınacaqlı şəkildə – axırıncı nəfərinə kimi.
Şübhəsiz ki, ermənilərin həm Ermənistanda, həm də Dağlıq Qarabağda fəallaşması Bakıda və Azərbaycanın müxtəlif bölgələrində etiraz doğurmaya bilməzdi. Bu anti azərbaycan proseslərə qarşı Bakıda da kütləvi mitinqlər keçirildi. Xalq SSRİ rəhbərliyindən təcili və ədalətli tədbir görülməsini tələb edirdi. Şübhəsiz ki, hakimiyyətdə erməni lobbisinin missiyasını həyata keçirən Mixail Qorbaçov azərbaycanlıların haqlı tələblərini görə bilməzdi. Bu baxımdan SSRİ rəhbərliyində Azərbaycana qarşı tədbir görülməsinin zəruriliyi gündəmə gəldi və 1990-cı ildə Azərbaycana qoşun yeridildi.
Əlbəttə, II Dünya müharibəsində 700 mindən çox əhalisini səfərbər edən və bunun təqribən yarısını qurban verən bir xalq üçün, xalqlar dostluğu mifi o qədər güclü idi ki, sovet əsgərinin öz vətəndaşına silah çəkməsinə heç kim inanmazdı.
Beləcə, kütləvi bir qətliamın həyata keçirilməsi üçün zaman fürsəti yarandı. Bu, 1990-cı il 20 Yanvar günü idi. Həmin gün keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara səhifə olaraq düşdü. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Əlbəttə, bu hadisələrin baş verməsində o zamankı Azərbaycan rəhbərliyinin siyasi səriştəsizliyi və milli təəssüb hissindən uzaq olması da özünü aydın göstərdi.
Bakıya yeridilmiş qoşun kontingentinə “döyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər: “Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşicəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar” (“Şit” Təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından).
Elə təkcə bu faktdan da aydın görünür ki, hadisələr xüsusi təşkil edilmiş və məqsəd xalqımızın azadlıq və ədalət çağırışlarını susdurmaq olmuşdur. Çünki, həm xarici ekspertlər, həm də yerli müşahidəçilər, o cümlədən, bütün Azərbaycan cəmiyyəti yaxşı bilir ki, o zaman bir nəfər silahlı vətəndaşımız yox idi, hətta milis işçilərindən belə əvvəlcədən silahlar müsadirə olunmuşdu. Xalq əliyalın, canlı sipər çəkməyə çalışmış, tanklardan isə onlara atəş açılmış və soydaşlarımız qətlə yetirilmişdi.
Mixail Qorbaçov başda olmaqla, sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində, bu, açıq riyakarlıq, ağ yalan idi. Həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan SSRİ Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Bütün bunlar Bakıya hərbi təcavüz etmək üçün onun əl-qolunu açdı. SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində təkcə Bakıda 134 mülki vətəndaş öldürüldü, yüzlərlə insan yaralandı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.
Əlbəttə, xalqımızın faciəsi tək bununla bitmədi, Ermənistan Azərbaycana qarşı elan olunmamış müharibəyə başladı. Torpaqlarımız bir-birinin ardınca işğal edildi. Ardınca isə bəşəriyyətin XX əsrdə şahidi olduğu ən dəhşətli qətliamlardan biri—“Xocalı” soyqırımı həyata keçirildi. Şübhəsiz ki, bu faciələrin müqabilində Azərbaycan xalqının həm fiziki, həm də mənəvi-psixoloji itkilərini heç nə ilə əvəzləmək mümkün deyil. Bu günə qədər ermənilərə havadarları tərəfindən edilən yardımların sayəsində bu mənəvi və fiziki terror hələ də davam edir.
20 Yanvar faciəsinin fəlsəfi mahiyyəti, əlbəttə, çox böyükdür. Bu hadisə xalqımızın milli azadlıq salnaməsi idi. Hadisələr zamanı respublikamıza edilən hərbi təcavüz təşkilatçıları ilk baxışda məqsədinə çatsa da, əslində, düşmən mənəvi məğlubiyyətə düçar oldu. Çünki, o günün ertəsi Azadlıq meydanına gələn insan axını milyonları aşdı. Xalq bəlkə də ilk dəfə itkilərini belə ümumi şəkildə yad edirdi. Hamı bir nəfər kimi səfərbər oldu. Yoxsulu da, imkanlısı da xalqın şəhid olan övladları üçün xiyabanın hazırlanmasında iştirak etdi. Günlərlə meydanlardan çəkilməyən xalq sovet rəhbərliyinə nifrətini daha artıq şəkildə bildirməyə çalışdı. Kommunist partiyasının bütün üzvləri öz vəsiqələrini yandırdı, Qorbaçovun və digər bolşevik rəhbərlərinin şəkilləri lövhələrdən götürüldü. Meydanlara üçrəngli Azərbaycan bayrağı gətirildi. Əlbəttə, bu, azadlıq yanğısı idi. İllərdir xalqın əlindən alınan müstəqilliyin qazanılmasına doğru ən böyük addım idi. Bundan sonra isə itirdiklərimiz, baş verən “Xocalı” faciəsi düşmənlərimiz tərəfindən elə bu qazanılan qələbənin onlara verdiyi məyusluğun acığı idi. Əminliklə demək olar ki, keçmiş SSRİ-nin 20 yanvar tarixində Bakıda törətdiyi qanlı qırğın 1992-ci ildə əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımına gedən yolun girişi idi.
Bu il ermənilərin qondarma soyqırımına hazırlığı bütün dünyada sürətlə davam edir. 1915-ci ildə heç bir əsası olmayan uydurma hadisələrdən soyqırımı mifi yaradan ermənilər və onların havadarları unudurlar ki, istər 20 Yanvar qətliamı, istərsə də 1992-ci ildə baş verən Xocalı soyqırımı qurbanlarının qanı hələ də qurumayıb. Ən acınacaqlı hal odur ki, qondarma soyqırımına görə haqsız ittiham edilən o zamankı Türkiyə və Azərbaycan dövlət rəsmilərinin bir çoxu həm terrora məruz qalaraq həyatlarını itirmiş, sağ qalanları isə dünyada müxtəlif təzyiqlərlə üzləşmişlər. Lakin həm 20 yanvar həm də Xocalı hadisələrində əli azərbaycanlıların qanına batmış Mixail Qorbaçov başda olmaqla heç kim bu günə qədər cəzalanmayıb və məsuliyyətə cəlb olunmayıb. Təkcə elə bu fakt dünyada ədalətin, demokratiyanın carçısı qismində çıxış edən Qərb dövlətlərinin hələ də həqiqətə deyil, maraqlara uyğun addımlar atdığını, qərarlar verdiyini sübut edir.
Ceyhun ƏLƏKBƏROV,
“Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.