Mütəxəssislər Qərbi terror dalğasının bürüyə biləcəyi haqqında həyəcan təbili vururlar. Yüksək vəzifəli hərbçilər belə bir təhlükənin real olduğunu deyirlər. Yayılan informasiyalara görə, artıq İŞİD 5 qrupdan ibarət dəstələrini xüsusi tapşırıqlarla Avropanın bir sıra ölkələrinə göndərib. Onların hədəfində Parislə yanaşı, Romanın da olduğu bildirilir. Hər bir halda Fransada baş verən məlum hadisələr meydana çoxlu sayda sual çıxarıb.
Bu hadisə London və Madriddə əvvəllər törədilmiş terror aktlarından daha ağır hesab edilir. Bütövlükdə, Avropanın daxilində qarşısı çətin alına biləcək proseslərin vüsət alması haqqında proqnozlar ciddi təhlükələrdən xəbər verir. Əslində, bütün bunların kökündə Qərbin uzun müddətdir ki, dünyanın müxtəlif regionlarında yeritdiyi yanlış siyasətin durduğunu demək olar. Faktlar da bunu təsdiq edir.
Təxribat və Fransada gərginlik
“Charlie Hebdo” satirik jurnalının müsəlmanlara qarşı təxribatçı hərəkətindən sonra Fransada daxili vəziyyətin gərginləşdiyi haqqında mütəmadi olaraq məlumatlar yayılırdı. Bir neçə dəfədir ki, Avropa KİV-də İslam üçün çox müqəddəs sayılan dəyərlərə qarşı hörmətsizlik ifadə edən karikaturalar və yazılar yer alır. Bu dəfə isə daha kəskin bir prosesin başlandığı hiss olunur. Məhəmməd Peyğəmbərə (s) qarşı olan hər hansı davranışa müsəlmanlar sərt reaksiya verirlər. Bunu bilə-bilə Avropada eyni səhvləri niyə təkrar edirlər?
Bu sualı onların da tam cavablandıra bilmədiyi görünür. Çünki əks halda növbəti dəfə ağılsız bir təxribata əl atmazdılar. İndi Qərb hərbçiləri, siyasi dairələri və ekspertlər terror aktlarının “köhnə qitəni” sarsıda biləcəyi haqqında proqnozlar ciddi təhlükələrdən xəbər verirlər. Amerikalı general Mayk Flinn açıq deyib ki, İŞİD Avropanın bir sıra ölkəsində terror həyata keçirməyi planlaşdırır. Xüsusi xidmət orqanlarında bununla bağlı informasiyalar mövcuddur.
Bununla Qərb neçə illərdir ki, yeritdiyi ikili standartlar siyasətinin mənfi nəticələrini daha sərt şəkildə görməyə başlayıb. Onu vurğulamaq lazımdır ki, bir sıra siyasət adamları da aranı qarışdıran məsuliyyətsiz bəyanatlar verir. Məsələn, astronomik məbləğdə vəsaitləri mənimsəməkdə, vergidən yayınmaqda və digər cinayətlərdə suçlanaraq uzun müddət həbsxanada yatan M.Xodorkovski azadlığa buraxıldıqdan sonra özünə hörmət edən hər bir KİV orqanını “Charlie Hebdo”-nun təxribatını təkrar etməyə, avropalıları küçələrə çıxıb müsəlmanlara qarşı mitinqlər təşkil etməyə və Parisdə xüsusi yürüşdə iştirak etməyə çağırıb. Amerikalı mediamaqnat R.Merdok isə baş verən hadisələrdə hər bir müsəlmanın məsuliyyət daşıdığını deyib.
Sağlam düşüncəsi olan heç bir kəs hazırkı vəziyyətdə bu cür fikirlər söyləməz. Lakin təcrübə göstərir ki, Avropada buna alışıblar. Avropalılar indiyə qədər müsəlmanlara qarşı müxtəlif iddialar irəli sürür, təxribatçı addımlar atmaqla vəziyyəti gərginləşdirirlər. İndi Fransada cərəyan edən hadisələr də müəyyən mənada məhz həmin siyasətin nəticələrindən biridir - terror və təxribat bumeranqı Avropanın özünə qayıdır.
Bu kontekstdə tarixə qısa nəzər salmağa ehtiyac duyuruq. Ermənilər bir neçə əsrdir ki, müsəlmanlara qarşı Yaxın Şərq və Qafqazda ağlasığmaz iddialar irəli sürürlər. Onlar azərbaycanlıları və türkləri vəhşi, qeyri-sivil və heç vaxt demokratik qaydalarla yaşaya bilməyəcək insanlar kimi təqdim edirlər. Tarixdə onlar dəfələrlə müsəlmanlara qarşı terror və soyqırımı aktları həyata keçiriblər, lakin bu hərəkətlərini əks tərəfin üzərinə atmağa çalışıblar. Birinci Dünya müharibəsində ermənilər böyük bir ərazidə müsəlmanlara qarşı terror aktları həyata keçiriblər. Onlar kişi əhalinin müharibədə vuruşduğu kəndlərə basqın edərək dinc əhalini qırıb, işgəncə veriblər. Bu kimi hərəkətləri layiqli cavabını aldıqda isə soyqırımına məruz qaldıqlarını dünyaya car çəkməyə başlayıblar. Hələ indi də bəşəriyyət bu təxribatdan yaxasını qurtara bilməyib.
Erməni terror təşkilatı ASALA məhz Avropada türk diplomatlarına qarşı dəfələrlə terror aktları törədib. Həmin ölkələr arasında Fransa da var. O zaman avropalılar terrordan o qədər də narahat deyildilər, çünki eyni hərəkətlərin bir vaxt onlara qarşı edilə biləcəyini düşünmürdülər. Ancaq səhv edirlərmiş...
Biz Sumqayıt hadisələrində də oxşar proseslərin şahidi olduq. Gizli surətdə erməniləri qətlə yetirən xüsusi agentlər azərbaycanlıları bu əməllərdə günahlandırırdılar. Sonradan istintaq həqiqəti ortaya çıxardısa da, artıq çox gec idi.
Bununla yanaşı, Dağlıq Qarabağda erməni vəhşiliklərinin miqyası genişləndi. Xocalı hadisəsi isə insanlıq üçün böyük bir utanc yeri oldu. Orada qocalara, uşaqlara, qadınlara qarşı törədilən cinayətlər dünyanın heç bir yerində müşahidə edilməyib.
Nəhayət, indi Yaxın Şərqdə cərəyan edən hadisələri də unutmaq olmaz. Burada müxtəlif radikal dini qrupların əli ilə müsəlmanlara zülm edilir. Hətta uşaqlar və qocalara belə rəhm olunmur. Bu proseslərin yalnız İslam coğrafiyası ilə məhdudlaşacağını düşünənlər böyük səhv etdiklərini anlamağa başlayıblar.
Reallıq və ədalət: Avropa bunlara əməl etməlidir
Bəli, indi yüksək səviyyədə etiraf olunur ki, Avropa terrorla üz-üzə qalıb. Görünür, bu proses bir qədər də genişlənə bilər. İŞİD-in planları varsa, onun reallaşmasına çalışacaq. Təbii ki, bu, çox pis gedişatdır, lakin reallığı inkar etmək də fayda vermir. Problemin həlli isə yalnız Avropa sərhədləri ilə məhdudlaşmır. Terrora rəvac verən səbəblər aradan qaldırılmalıdır. Yəni Avropa özünü xilas etmək üçün başqalarına qarşı etdiyi səhvləri düzəltməlidir. Buna Qərbin iradəsi çatacaqmı?
Konkret faktlara müraciət edək. Uzun illərdir ki, Ermənistanın Azərbaycana təcavüzü davam edir. Ermənilər hər fürsətdə təxribat törədir və terrora əl atırlar. Onlar başqa xalqlarla azərbaycanlıların arasını vurmaqla da məşğuldurlar. Məsələn, Rusiya ərazisində olan müsəlman mədəni abidələrinə zərər verib, yerli xalqla azərbaycanlılar arasına nifaq salmağa çalışırlar. Lakin bütün bunlara Avropadan heç bir reaksiya olmur. Əksinə, Avropa Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edir. Burada insan haqlarının pozulması, “siyasi məhbusların” mövcudluğunu axtarır, bununla da ikili yanaşma siyasəti üzrə hərəkət etmiş olur.
Yaxın Şərqdə buna bənzər proseslər gedir. Burada çoxlu sayda radikal dini qruplar yaradılıb və onlar çox çirkin oyunlarda alətə çevrilib. Nəinki sadə insanlara qarşı terror aktları törədilir, hətta region dövlətlərini bir-birinə qarşı qoymaq üçün həmin təşkilatlardan istifadə edilir. İŞİD, “Hizbullah”, “əl-Qaidə”, “Boko Haram” və başqa qruplar ətrafında elə mürəkkəb vəziyyət yaradılır ki, onlar böyük geosiyasi oyunların elementinə çevrilirlər. İndi sünnilər və şiələr arasına nifaq salırlar. Bunlar nəyə lazımdır? Müsəlmanlar arasına nifaq toxumu səpmək kimlərə fayda verə bilər?
Misalların sayını uzatmaq olar. Lakin aydındır ki, indi Avropa ciddi bir problemlə qarşılaşıb. Onun daxilində ziddiyyətlər o qədər çoxdur ki, kiçik bir təkan hər şeyi alt-üst edə bilər. Bir sıra ekspertlər hesab edirlər ki, Avropanı hətta vətəndaş müharibəsi bürüyə bilər. Çünki burada kifayət qədər müsəlman əhalisi yaşayır. ABŞ kəşfiyyatının məlumatına görə, İŞİD artıq 5 qrupdan ibarət dəstələrini Avropaya göndərib. Onların siyahısında Parislə yanaşı, Roma da vardır. İŞİD yaydığı informasiyalarda tarixi qisasını almaq istədiyini bəyan edib. Deməli, söhbət çox ciddi və miqyaslı hadisələrdən gedə bilər.
Qəribədir ki, bir sıra hallarda avropalıların özləri təxribatçı davranışları və fikirləri ilə hadisələri qızışdırırlar. Məsələ yalnız M.Xodorkovski və R.Merdok ilə məhdudlaşmır. Avropada hökm sürən sosial-psixoloji durum normal görünmür. İslamofobiya avropalıları öz içlərindən məhv etməyə başlayıb.
Avropalıları yalnız özləri xilas edə bilərlər. S.Hantinqton sivilizasiyaların toqquşmasından bəhs edirdi. Deyəsən, o, istədiyinə nail olur. Lakin burada bir fərq vardır ki, həmin hadisələrdən bütövlükdə hamı zərər görür. Çünki yalnız İslam dünyasını sıradan çıxarmaq kimi bir məqsədə çatmaq mümkün deyil.
Məsələnin digər tərəfi müxtəlif regionlarda münaqişələrin həllində ədalətli mövqenin zəruriliyinin bir daha öz təsdiqini tapması ilə əlaqəlidir. Əgər Cənubi Qafqazda və ya Yaxın Şərqdə təcavüzkarla onun qurbanı arasında fərq qoymursansa, onda öz daxilində də eyni vəziyyətlə üzləşə bilərsən. İndi Avropada terrordan həlak olanlarla onu törədənlər arasında bərabərlik işarəsinin qoyulması sonrakı faciələrə zəmin yaradır. Bunun kökü isə digər hadisələrlə yanaşı, həm də Azərbaycan torpaqlarında ermənilərin vəhşiliklərinin etiraf edilməməsindən başlayır. Bu sadə həqiqəti avropalılar dərk etməlidirlər.
Terror, sözün əsl mənasında, beynəlxalq təhlükəyə çevrilib. Avropada heç bir dövlət ondan sığortalanmayıb. İndi Parisin küçələri qaynayırsa, sabah Berlin, Madrid, London, Brüssel və ya başqa şəhər eyni hala düşə bilər. Belə bir vəziyyətdən xilas yalnız hər bir situasiyada ədalətli, realist və obyektiv siyasət yeritməklə mümkündür. Avropanın buna hazır olması hələlik hiss edilmir.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.