ABŞ-da cəmiyyət üzərində total nəzarət sistemi ifadə və mətbuat azadlığını da məhdudlaşdırır

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkil etdiyi “ABŞ-da insan hüquqlarının durumu. Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda dinləmələrdə  ölkəmizin vətəndaş cəmiyyəti təmsilçilərinin səsləndirdikləri mülahizələrlə bağlı öz fikir və qənaətlərimi oxucuların nəzərinə çatdırmaq istəyirəm. 

19 dekabr 1941-ci ildə artıq 4-cü müddətə ABŞ-a prezidentlik edən Franklin Delano Ruzvelt xüsusi fərmanla Senzura İdarəsi qurmuşdu. Bu idarəyə müstəsna səlahiyyətlər verilmişdi. Qurum 1945-ci ilin avqust ayına qədər fəaliyyət göstərmişdir. Senzura İdarəsinin işi, sadəcə, media üzərində nəzarəti həyata keçirmək deyildi. Bu idarəyə həm də tapşırıq verilmişdi ki, ABŞ-ın istər daxili, istərsə də beynəlxalq sərhədlərini keçən hər bir  məktub belə açılaraq mütləq incələnməlidir. Bu isə ABŞ Konstitusiyasına 1-ci əlavə ilə (1791, 15 dekabr) daban-dabana zidd idi.

ABŞ buna bənzər senzura və medianın işinin əngəllənməsini sonrakı illərdə də davam etdirdi və bu gün belə həmin ölkədə jurnalistlər, sadə insanlar ifadə azadlığından tam istifadə edə bilmirlər.

Müharibə və ya hərbi əməliyyatlar zamanı jurnalistlərin fəaliyyətinin əngəllənməsinin daha bir kobud nümunəsi 1983-cü ildə Grenada adasında hakimiyyət çevrilişi zamanı baş vermişdi. Burada diqqət çəkən o idi ki, ABŞ rəsmən jurnalistlərin adaya girişinə yasaq qoymuşdu. Buna baxmayaraq, “Nyu-York tayms”qəzetinin bir əməkdaşı da daxil olmaqla, 5 jurnalist özəl bir qayıqla adaya getməyə cəhd etmişdi. Lakin ABŞ hərbçiləri onları həbs edərək bir müddət gəmidə saxlamış, sonra da geri göndərmişdilər.

Təbii ki, bu hadisələr keçmişdə qaldı. Amma indi bunlara bənzər hadisələrin baş verməsi bəzən inanılmaz olsa da, mümkündür. Demək istədiyim odur ki, ABŞ bizə təbliğ edildiyi kimi, insan hüquq və azadlıqlarının bütünlüklə təmin edildiyi ölkə deyil. Əksinə, burada həmin hüquq və azadlıqlar, o cümlədən ifadə və media azadlığı, demək olar ki, hər gün kobud şəkildə pozulmaqdadır.

 Son zamanların ən yeni örnəklərinə diqqət yetirək. 2010-cu ilin dekabrında aralarında Co Libermanın da olduğu bir qrup senator Amazon.com-u “Vikiliks” adlandırılan qalmaqallı materialı öz serverlərindən çıxarmağa məcbur etdi. Elə həmin ayın əvvəlində Barak Obama administrasiyası dövlət qurumları və təhsil müəssisələri işçilərinin “Vikiliks”dən istifadəsini yasaqladı. Amma sonra Dövlət Departamenti bunu təkzib etsə də, ABŞ-ın aparıcı media qurumları belə bir tapşırığın olduğunu təkidlə təkrarlayırdı. 3 dekabr 2010-cu ildə İngiltərənin “The Guardian” qəzeti yazırdı ki, ABŞ Konqresinin Kitabxanası, ABŞ Ticarət Departamenti və başqa dövlət qurumları “Vikiliks”ə girişin yasaqlandığını təsdiqləyib.

2014-cü ilin yayında isə 38 jurnalist təşkilatı birləşərək Prezident Barak Obamaya göndərdikləri etiraz məktubunda onun hakimiyyətini federal hakimiyyət orqanları ilə bağlı xəbərlərin yayılmasında siyasi basqıdan əl çəkməyə çağırdı. ABŞ tarixində ilk dəfə idi ki, belə bir etiraz, özü də demək olar ki, kütləvi etiraz qeydə alınırdı. Məktubda qeyd edilirdi ki, ABŞ federal dövlət qurumlarının rəsmilərinə media ilə əlaqənin yasaqlanması insanların informasiya almasına əngəl törədir.

Məktubda deyilirdi: “Son iki onillikdə dövlət qurumlarının öz işçilərinin media ilə birbaşa əlaqələrini yasaqlama hallarında artım müşahidə edilmişdir. Onların belə təmaslarına yalnız ictimai əlaqələrə məsul olan şəxslər və ya siyasi rəhbərliyin icazəsi ilə yol verilir. Bu meyil xüsusi olaraq federal hökumətdə nəzərə çarpmaqdadır. Biz belə məhdudiyyətləri senzuranın bir forması kimi görürük. Bu yolla ictimaiyyətin görməli və eşitməli olduğu xəbərlər üzərində nəzarətin həyata keçirilməsini qəbuledilməz sayırıq”.

Hazırda isə Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi ölkədə media ilə bağlı durumdan ciddi əndişə duyaraq, Barak Obamaya müraciət üçün imza toplayır. Mənim də imzaladığım müraciətdə Prezident Obamadan tələb edilir ki, ABŞ-da jurnalistlərin normal fəaliyyəti üçün şərait yaradılsın, onlara qarşı hər cür təqibə son qoyulsun. Müraciətdə konkret olaraq 3 maddədən ibarət tələb irəli sürülür:

1. Jurnalistlərin və media qurumlarının istifadə etdiyi qurğulara qanunsuz müdaxilələrə və onlara qarşı gizli təqibə son qoyulması üçün prezident sərəncam versin;

2. ABŞ sərhədlərində jurnalistlərə qarşı təcavüzkar münasibətə son qoyulsun;

3. Jurnalistləri xüsusi xidmətlərlə işbirliyinə cəlb etməyə və informasiya sızdıranları qorxutmağa yönəlmiş agressiv hüquqi təqiblərə son qoyulsun.

Məktubdan göründüyü kimi, ABŞ-da həm də jurnalistlərin müxtəlif təzyiqlər vasitələrilə xüsusi xidmətlərlə işbirliyinə cəlb edilməsi praktikasından geniş istifadə edilir. Jurnalistlərin kütləvi tədbirlər zamanı kütləvi şəkildə polis basqısına, həbslərə məruz qalması da bu ölkə üçün adi haldır. Elə son zamanlar gündəmdə olan “Ferguson hadisələri” zamanı onlarla jurnalistin döyülməsi, həbs edilməsi, bəzilərinə qarşı, hətta odlu silahla açıq təhdidlərin olması unudulmamış gerçəkdir. Təbii ki, söhbət bütün bunların polis tərəfindən edildiyindən gedir.

“Pen American Center” - Amerika Qələm Mərkəzinin açıqlamasında deyilir ki, avqustun 9-da polisin qaradərili silahsız gənc Maykl Braunu öldürməsindən sonrakı proseslərdə üst-üstə 52 jurnalist polis zorakılığına məruz qalıb. Təşkilatın hesabatında o da qeyd edilir ki, media təmsilçilərindən 21-i hətta həbs edilib. Bu həbs və zorakılıq hadisələri cəmi 8 günün içində baş verib: avqustun 12-dən 20-dək olan müddətdə. Zorakılıq deyəndə isə polisin jurnalistləri döyməsindən tutmuş onları odlu silahla təhdid etməsinədək bütün hallar nəzərdə tutulur.

“Pen American Center” bildirib: “Fergusondakı ən ciddi insan haqları pozuntularından həm etirazçılar, həm də mətbuat zərər çəkib. Bu pozuntular polisin, bir qayda olaraq, dinc məcrada keçən etirazlara aqressiv, hərbiləşdirilmiş münasibətindən irəli gəlib. Polislər qanun çərçivəsində dinc etiraz edənlərə qarşı silahlarını yönəldərək onları nişan alıb. Dinc etirazçılara qarşı gözyaşardıcı qaz, istiot püskürtməsi, itlər, rezin güllələr, snayperlər, səs bombaları və səs toplarından istifadə bir çox müşahidəçilər tərəfindən lüzumsuz zorakı yanaşma kimi qeydə alınıb. Fergusonda sərbəst toplaşmaq azadlığına qarşı belə çoxsaylı müdaxilənin ciddi araşdırılmasına ehtiyac var. Eyni zamanda, pozuntulara yol verənlər məsuliyyətə cəlb edilməlidir”.

Hesabatda o da qeyd edilir ki, jurnalistlərə qarşı belə kütləvi zorakılıq və həbslər yalnız Fergusonda baş verməyib. Bu cür hallar son illər ərzində ABŞ-da tez-tez təkrarlanır. Örnək üçün, 2008-ci ildə respublikaçıların Minnesotanın Sent Pol şəhərindəki ümummilli qurultayında polis 42 jurnalisti həbs etmişdi. Onların arasında 1200-dən artıq TV və radio kanalında proqramı yayınlanan Eymi Gudmən və onun 2 prodüseri də vardı. Jurnalistlərin həbsini gerçəkləşdirən polislər onlara qarşı istiot püskürtməsindən istifadə etmiş, media təmsilçilərinə odlu silah tuşlamışdılar. Bu hadisəni şərh edən Eymi Gudmən deyirdi ki, “onlar bizdən daha güclüdürlər. Mətbuat susdurulduğu zaman cəmiyyət tənqidi durumlara gözlərini və qulaqlarını qapatmış olur”.

“Uoll Striti işğal et!” hərəkatı zamanı isə düz 90 jurnalist həbs edilib. 2011- 2012-ci illərdə ABŞ-ın 12 şəhərində paralel şəkildə keçirilən etiraz aksiyalarını işıqlandıran media təmsilçiləri həm də fiziki zorakılığa məruz qalıb. Nyu-York şəhərində isə polislər hətta jurnalistləri zorla aksiya keçirilən ərazidən uzaqlaşdırmaqla işlərinə maneçilik törədiblər. Məlumatlarda deyilir ki, bu hallar Nyu- York Şəhər Polis komissarı Rey Kellinin jurnalistlərə qarşı əngəllərin aradan qaldırılması ilə bağlı təlimatından sonra da davam edib.

Yenə də “Pen American Center”in Ferguson hesabatına baxaq: “Polis tərəfindən media azadlığının 52 dəfə pozulması halı qeydə alınıb. Bunlardan 21-də jurnalistlər həbs edilib. 13 halda jurnalistlər tapança və başqa silahla təhdid edilib, onlara bədən xəsarəti yetirilib. 11 halda isə jurnalistlərin fəaliyyəti, ümumiyyətlə, əngəllənib: onlar aksiya keçirilən ərazilərə buraxılmayıb və ya hadisə yerindən zorla uzaqlaşdırılıb. 7 halda jurnalistlərə gözyaşardıcı qaz sıxılıb, onlara rezin güllələrlə atəş açılıb”.

Biz ABŞ-da bu cür hallar haqqında saatlarla danışa bilərik. Ancaq düşünürəm ki, elə bu faktlar yetərlidir ki, dünyaya demokratiya və insan haqları dərsi keçən ölkənin özündə durumun necə olduğunu anlayaq. Xüsusi olaraq vurğulamaq istədiyim məqam isə odur ki, bu ölkədəki belə arzuolunmaz duruma insan haqlarını qoruduğunu iddia edən beynəlxalq qurumlar, demək olar ki, heç bir reaksiya vermir. Əksinə, daim hamıya sübut etməyə çalışırlar ki, ABŞ-da belə hallar olmur. Bu isə o deməkdir ki, həmin qurumlar, əslində, ABŞ rəsmi siyasi kursunu müəyyən edənlərin nəzarəti altındadır.

Azər HƏSRƏT,
Orta Asiya və Güney Qafqaz
Söz Azadlığı Şəbəkəsinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında