Azərbaycan Respublikasının Konstitusiyası, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin fərman və sərəncamları, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, ölkəmizin milli maraqları və qoşulduğu beynəlxalq hüquqi sənədlər əsasında Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın xarici siyasəti 2014-cü ildə də uğurla həyata keçirilib.
AzərTAc xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2014-cü ilin yekunlarına dair mətbuat buraxılışında məlumat verilir.
Bildirilir ki, xarici siyasətin prioritet istiqamətlərini Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa edilməsi, müstəqilliyi və suverenliyinə qarşı xaricdən olan hədə və təhdidlərin qarşısının alınması, ikitərəfli və çoxtərəfli əsasda münasibətlərin inkişaf etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat strategiyamızın inkişafının dəstəklənməsi, maddi-mədəni irsimizin təşviqi və humanitar diplomatiya, Azərbaycan vətəndaşlarının xaricdə hüquqlarının müdafiəsi, diasporla əlaqələr, beynəlxalq sülh, təhlükəsizlik və davamlı inkişafa töhfə verilməsi təşkil edib.
Azərbaycanın müstəqil xarici siyasəti milli maraqlar, beynəlxalq hüququn norma və prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq, bərabərhüquqlu münasibətlər, qarşılıqlı faydalı əməkdaşlıq, daxili işlərə qarışmamaq, çoxşaxəlilik, çeviklik və şəffaflıq prinsipləri əsasında yürüdülüb.
Ötən il beynəlxalq münasibətlər ziddiyyət və gərginliyin artması, hərbi-siyasi bloklara parçalanmanın dərinləşməsi kimi meyillərlə xarakterizə olunub. Azərbaycanın sərhədləri yaxınlığında yeni gərginlik, qeyri-sabitlik və münaqişə ocaqları yaranıb. Bir sıra dairələrin təsiri altında Azərbaycana qarşı əlaqələndirilmiş formada qarayaxma kampaniyası aparılıb. Bütün bunlara baxmayaraq, ölkəmizin müstəqil xarici siyasəti uğurla həyata keçirilib.
Diplomatik xidmət orqanları rəhbərlərinin 2014-cü il iyulun 7-də keçirilmiş beşinci müşavirəsində çıxış edən Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişaf etdirilməsini xüsusilə vurğulayaraq, qarşıda yeni vəzifələr müəyyən edib.
Azərbaycan Prezidenti İlham Əliyevin il ərzində çoxsaylı dövlət, rəsmi və işgüzar səfərləri, xarici nümayəndə heyətləri ilə keçirdiyi intensiv görüşlər, onlarla ölkənin dövlət və hökumət başçılarının və Avropa Komissiyası sədrinin Azərbaycana səfəri ikitərəfli əlaqələrimizin inkişafına xidmət edib.
2014-cü il ərzində Niderland, Əfqanıstan, Türkmənistan, Tacikistan, Zimbabve, İspaniya, İsrail, Honduras, Çexiya, Malayziya, Rusiya, Nikaraqua, Moldova, Serbiya, Avstriya, Fələstin, Litva, Xorvatiya, Macarıstan və Almaniya xarici işlər nazirləri Azərbaycana səfərlər ediblər.
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İraq, Cənubi Afrika Respublikası, Mozambik, Botsvana, Finlandiya, Çin, Rumıniya və Belarusa rəsmi səfərlər edib.
İl ərzində yüksək səviyyəli qarşılıqlı səfərlər və hökumətlərarası müştərək komissiyalarının iclasları nəticəsində 30-dan artıq dövlətlə siyasi, iqtisadi, sosial, humanitar, mədəni və digər sahələrə aid 80-dən artıq ikitərəfli beynəlxalq müqavilə razılaşdırılıb, imzalanması və sonradan müvafiq qaydada qüvvəyə minməsi təmin edilib.
İkitərəfli əlaqələrin inkişafı məqsədilə diplomatik təmsilçiliyin coğrafiyası da genişləndirilib. Ötən ildən Azərbaycanın Meksikadakı səfirliyinin Kolumbiyada ofisi, Argentinadakı səfirliyinin Uruqvayda və Çilidə ofisləri, həmçinin Maltada və Ukraynanın Xarkov şəhərində fəxri konsulluqları fəaliyyət göstərməyə başlayıb. 2014-cü ildə Azərbaycanın Efiopiyada və Afrika İttifaqı yanında nümayəndəliyi fəaliyyətə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Əlcəzairdə səfirliyinin təsis edilməsi haqqında sərəncam imzalayıb.
Ötən ildən Azərbaycanda Kolumbiya, Malayziya, İsveç, Meksika, Xorvatiya, İspaniya və Estoniya səfirliklərinin ofisləri, Sloveniya və Makedoniyanın isə fəxri konsulluqları fəaliyyətə başlayıb.
2014-cü ildə Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və ilk dəfə olaraq Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşləri keçirilib. İlk dəfə olaraq, Azərbaycan-Gürcüstan-Türkiyə prezidentlərinin üçtərəfli görüşü keçirilib.
2014-cü ildə Azərbaycanın enerji siyasətində ən əlamətdar hadisə “Cənub” qaz dəhlizi layihəsinin təməlinin qoyulması mərasiminin keçirilməsi olub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar davam etdirilib.
Ermənistan və Azərbaycan prezidentlərinin Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2014-cü il avqustun 10-da Soçidə, ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin iştirakı ilə sentyabrın 4-də Uelsdə və Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə oktyabrın 27-də Parisdə keçirilmiş görüşlərində münaqişənin həllinə dair müsbət meyillər müşahidə olunub. Paris görüşündən sonra Fransa Prezidenti Fransua Olland münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanı Böyük Sülh Sazişi üzərində işləməyə çağırıb. Dekabrın 4-də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri xarici işlər nazirləri səviyyəsində verdikləri bəyanatda da tərəfləri tezliklə sülh sazişi üzərində işləməyə çağırıb. Azərbaycan dəfələrlə bu prosesə hazır olduğunu bəyan edib və bunun münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün mühüm addım olacağını bildirib.
Münaqişənin həlli istiqamətində müsbət meyillərin olmasına baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyində dəyişiklik olmayıb. Rəsmi Yerevan danışıqlara xələl gətirmək, mövcud status-kvonu saxlamaq və məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirmək üçün atəşkəs rejimini intensiv şəkildə pozub, işğal olunmuş ərazilərdə genişmiqyaslı hərbi təlimlər keçirib, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini atəşə tutub, zəbt edilmiş ərazilərin demoqrafik tərkibinin və maddi-mədəni irsinin dəyişdirilməsi kimi təxribatçı əməllərini davam etdirib.
İl ərzində münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair beynəlxalq ictimaiyyətin mövqeyinin dəstəklənməsi davam etdirilib.
İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının sessiyasında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardımın göstərilməsi” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilib. Yekun Ciddə Bəyannaməsində Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyinə münasibətdə həmrəylik ifadə olunub.
Qoşulmama Hərəkatının Əlcəzairdə keçirilmiş xarici işlər nazirləri iclasının yekun sənədində münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində danışıqlar yolu ilə həlli dəstəklənib.
NATO-nun Uelsdə keçirilmiş Zirvə toplantısının yekun bəyanatında təşkilata üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə edərək, Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllini dəstəklədiklərini vurğulayıblar.
Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun yekun bəyannaməsində Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanıb.
Münaqişənin həllinə dair bu məlum mövqe Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Azərbaycan-Gürcüstan-Türkiyə və Azərbaycan-İran-Türkiyə üçtərəfli görüşlərinin yekun sənədlərində də təsbit olunub.
İkitərəfli əsasda digər dövlətlərlə imzalanmış siyasi sənədlərdə Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll edilməsinə dair mühüm müddəaların əks etdirilməsinə nail olunub.
İşğal edilmiş ərazilərimizdə qanunsuz fəaliyyətin qarşısının alınması, xarici ölkələrin fiziki və hüquqi şəxslərinin bu fəaliyyətə cəlb olunmasına yol verilməməsi daim diqqətdə saxlanılıb və bu istiqamətdə ikitərəfli və çoxtərəfli əsasda fəal iş aparılıb. Bu məsələ bir sıra dövlətlərlə hökumətlərarası birgə əməkdaşlıq komissiyasının gündəliyinə salınıb.
Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması və faciə qurbanlarının xatirəsinin anılması istiqamətində də bir sıra işlər görülüb. Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina parlamentləri, ABŞ-ın 15 ştatının qanunverici orqanlarına əlavə olaraq, 2014-cü ildə Honduras Milli Konqresi və Sudan parlamenti də Xocalı soyqırımını tanıyıb. Honduras Milli Konqresi tərəfindən Xocalı soyqırımının tanınması barədə qərarı 2014-cü il yanvarın 24-də bu ölkənin Prezidenti və Xarici İşlər naziri təsdiq edib. Həmin qərar ölkənin rəsmi mətbuat orqanında dərc edilərək qüvvəyə minib və qanun statusunu alıb.
Öz doğma torpaqlarında ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün ATƏT-in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlarla təmaslar davam etdiriləcək.
İl ərzində Azərbaycan Respublikasının müxtəlif dövlətlərlə hərbi-siyasi, təhlükəsizlik, müdafiə və hərbi-texniki sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi üzrə müvafiq işlər görülüb. Azərbaycanın digər ölkələrlə hərbi-texniki əməkdaşlığının möhkəmləndirilməsi və ölkəmizin hərbi sənayesinin imkanlarının yerli və beynəlxalq səviyyədə nümayiş etdirilməsi məqsədilə Bakıda
Beynəlxalq müdafiə sənayesi - “ADEX 2014" sərgisinin keçirilməsinə töhfə verilib.
2014-cü il ərzində Azərbaycanın xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi məqsədilə 18 birgə hökumətlərarası iqtisadi komissiyanın və 2 işçi qrupun iclası keçirilib. İclaslarda Azərbaycanın bu ölkələrlə ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, informasiya və telekommunikasiya texnologiyaları, kənd təsərrüfatı və aqrar sənayesi, turizm və elmi-texniki sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə konkret razılaşmalar əldə olunub və gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib.
İl ərzində Azərbaycan regional və qlobal təşkilatlar çərçivəsində fəaliyyətini davam etdirib.
Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyasının ümumi müzakirələr hissəsində çıxış edib. BMT Baş Məclisinin 68-ci və 69-cu sessiyaları çərçivəsində Azərbaycan əsas komitələrdə müzakirə edilən məsələlər, o cümlədən komitə və plenar sessiyalarda səsverməyə çıxarılmış qətnamə layihələrinin qəbulu prosesində fəal iştirak edib. Baş Məclisin 69-cu sessiyasında Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə yekdilliklə qəbul edilib.
Azərbaycanın multikulturalizm, dinlər və mədəniyyətlərarası tolerantlıq və dialoq nümunəsi olaraq əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə təbliği istiqamətində BMT-nin Sivilizasiyalar Alyansı ilə qarşılıqlı faydalı əməkdaşlıq uğurla inkişaf etdirilib. Alyansın Dünya Forumu zamanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Alyans arasında birgə əməkdaşlıq haqqında Fəaliyyət Planı imzalanıb və onun 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi razılaşdırılıb.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə 2014-cü il mayın 14-dən altı aylıq dövr üçün təşkilatın Nazirlər Komitəsində sədrlik edib. Bu uğurlu sədrlik dövründə Azərbaycan Avropa Şurasının fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın inkişafı istiqamətində mühüm səylər göstərib, üzv ölkələr və qurumun müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışıb.
Azərbaycanın sədrliyinin prioritetləri Avropa Şurasının gündəliyində duran aktual məsələlər, üzv dövlətlərin üzləşdikləri təhdidlər, ölkəmizin müsbət təcrübəsi və fərqli üstünlükləri nəzərə alınmaqla korrupsiyaya qarşı mübarizə, mədəniyyətlər və dinlərarası dialoq, sosial həmrəylik və sosial davamlılıq, gənclərin hüquqi maarifləndirilməsi kimi sahələr üzrə müəyyən edilib. Bu prioritetlərin dəstəklənməsi məqsədilə Azərbaycanda 18 mühüm beynəlxalq tədbir keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının iyun sessiyasında çıxış edib. Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində AŞPA-nın iyun və oktyabr sessiyaları zamanı Nazirlər Komitəsinin fəaliyyətinə dair hesabatlar təqdim edib.
Sədrlik müddətində Azərbaycan Avropa Şurası ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq və tərəfdaşlığın daha da güclənməsinə töhfə verib.
Bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq prinsiplərinin təşviqi ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin özəyini təşkil edir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığın inkişafı davam etdirilib.
Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişin qüvvəyə minməsi işgüzar dairələr arasında əlaqələrin artırılması, turizmin genişləndirilməsi, xüsusən elm, təhsil və tədqiqat sahələrində çalışan Azərbaycan vətəndaşlarının ittifaq ölkələrinə səfərinin asanlaşdırılmasına xidmət edəcək. Azərbaycanın Avropa İttifaqı proqramlarında iştirakına dair imzalanmış Protokol müvafiq dövlət qurumlarında kadr potensialının gücləndirilməsi, iqtisadi, mədəni və humanitar sahələrdə təcrübə mübadiləsinə şərait yaradır.
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın özünü etibarlı tərəfdaş kimi təsdiq etməsi, eləcə də bir çox üzv dövlətlərlə Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri ölkəmizin bu təşkilatla əməkdaşlığının strateji ruhda köklənməsini zəruri edir.
ATƏT ilə əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq, ATƏT Parlament Assambleyasının illik sessiyası Bakıda keçirilib.
İl ərzində Azərbaycan ilə NATO arasında tərəfdaşlıq uğurla davam etdirilib. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 15-də NATO-nun mənzil qərargahına, sentyabrın 4-5-də isə Alyansın
dövlət və hökumət başçılarının Zirvə toplantısında iştirak etmək məqsədilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər edib.
Azərbaycan “Sülh naminə tərəfdaşlıq” Proqramının 20 illiyinə həsr olunmuş yüksək səviyyəli konfrans, NATO Parlament Assambleyasının 86-cı Rouz-Rout seminarı, NATO-nun Nəqliyyat Qrupunun daxili yerüstü nəqliyyat istiqaməti üzrə seminarı və iki işçi qrupunun iclası kimi müxtəlif tədbirlərə ev sahibliyi edib.
Azərbaycan NATO-nun rəhbərliyi ilə Əfqanıstanda aparılan ISAF əməliyyatına töhfəsini davam etdirərək, Əfqanıstana siyasi, hərbi, maddi-texniki dəstəklə yanaşı, hava və quru tranziti, habelə müxtəlif təlimlər, humanitar, mina təmizləmə, təhsil və kadr hazırlığı sahələrində də töhfələr verib.
İl ərzində UNESCO ilə hərtərəfli əməkdaşlıq davam etdirilib. Azərbaycan-UNESCO münasibətlərinin inkişaf etdirilməsi, mədəni irs nümunələrimizin dünyada təbliği, onların qorunması və gələcək nəsillərə ötürülməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir.
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin Bakıda keçirilmiş iclası zamanı tədbirə sədrlik, o cümlədən Milli komissiyaların işinin əlaqələndirilməsi funksiyası növbəti iclasa qədər Azərbaycana keçib.
UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin sessiyasında “Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması” nominasiyası UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Eyni zamanda, sessiyada Ermənistan tərəfindən lavaşın “erməni çörəyi” kimi qəbul edilməsinin qarşısı alınıb.
İƏT çərçivəsində İslam ölkələri ilə siyasi, iqtisadi-ticarət və humanitar əlaqələrin inkişafı diqqət mərkəzində olub. Bakıda İƏT-ə üzv dövlətlərin inkişafında qadınların rolu mövzusunda Nazirlər Konfransı keçirilib və yekunda Bakı Bəyannaməsi qəbul olunub.
Ötən il ölkəmizin Ərəb Dövlətləri Liqası ilə əlaqələrinin inkişafı baxımından da səmərəli olub. “Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya və Azərbaycan Respublikası arasında Əməkdaşlıq Memorandumu” imzalanıb.
Qoşulmama Hərəkatına üzv olduğu qısa müddətdə Azərbaycan bu qurumun siyasi məsləhətləşmələr və praktiki əməkdaşlıq imkanlarından geniş istifadə edir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə görüşündə iştirak edib. TDƏŞ-in yeni baş katibi vəzifəsinə Azərbaycanın nümayəndəsi təyin edilib.
İl ərzində Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasına və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi vəzifəsinə namizədliyinin dəstəklənməsi istiqamətində görülmüş işlərin nəticəsi olaraq, ölkəmiz dörd il müddətinə Şərqi Avropa və Şimali Asiya regionundan BTİ Şurasına üzv, Azərbaycan tərəfindən irəli sürülmüş namizəd isə QDİƏT Parlament Assambleyasının baş katibi vəzifəsinə seçilib.
“Transsərhəd kontekstində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Konvensiya”ya (Espoo Konvensiyası) tərəfdar dövlətlərin Cenevrə görüşündə Ermənistan ərazisində yeni nüvə reaktorunun tikilməsi ilə əlaqədar Ermənistanın Espoo Konvensiyası üzrə öhdəliyini pozduğuna dair qərar qəbul edilib və konvensiyanın icra edilməsi komitəsinə məsələnin nəzarətdə saxlanılması, eləcə də aidiyyəti üzrə monitorinq edilməsi barədə mandat verilib. Digər tərəfdən, Azərbaycanda həyata keçirilən neft, qaz layihələrinin icrası zamanı ətraf mühitə ziyanın vurulması ilə bağlı Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış iddia əsassız hesab edilərək, Azərbaycan tərəfinin öhdəliklərini pozmadığı haqqında Espoo Konvensiyası üzrə yekun qərar qəbul edilib.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, Ümumdünya Gömrük Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam etdirilib.
Azərbaycan beynəlxalq sülh və təhlükəsizlik, terrorizmə qarşı mübarizə, tərksilah və yayılmama, ətraf mühit, davamlı inkişaf kimi qlobal məsələlərin müzakirəsində yaxından iştirak edib və öz töhfəsini verib.
Haaqada 53 ölkənin dövlət və hökumət başçısının iştirakı ilə növbəti Nüvə Təhlükəsizliyi Sammiti keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
İl ərzində Bakıda dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının ikinci iclası, Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının ekspert qruplarının ikinci görüşü və Həştərxanda Xəzəryanı ölkələrin Dövlət Başçılarının Zirvə Toplantısı keçirilib, bu çərçivədə bir sıra sənədlər imzalanıb və müəyyən məsələlər üzrə razılıqlar əldə olunub.
Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsilə davamlı inkişafa xidmət edən beynəlxalq humanitar layihələr həyata keçirilib. “Qarşısı alına bilinən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində il ərzində Mali, Niger, Çad, Benin, Burkina Faso, Kamerun və Cibutidə on minlərlə insan ödənişsiz əsasda göz müayinəsi edilib, görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş 3000-dən çox şəxsin görmə qabiliyyəti bərpa edilib.
AIDA tərəfindən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş üzrə Yaxın Şərq Agentliyi vasitəsilə Qəzzəyə, təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması məqsədilə Sent Vinsent və Qrenadinə, Filippinə və Pakistana yardımlar göstərilib.
İl ərzində ictimai diplomatiya sahəsində fəaliyyət davam etdirilərək, Azərbaycanın daxili və xarici siyasəti, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti və onun nəticələri, Xocalı soyqırımı, Azərbaycanın tarixi, mədəniyyəti və müasir dövrdə sosial-iqtisadi inkişafı haqqında məlumatın dünya ictimaiyyətinə çatdırılması təmin edilib.
Yerli və xarici kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edilib, KİV-lərin sualları operativ qaydada cavablandırılıb. Ölkəmizin daxili və xarici siyasətinə və beynəlxalq mövzulara aid məsələlərə operativ münasibət və mövqe bildirilib. Azərbaycana qarşı olan əlaqələndirilmiş qarayaxma kampaniyalarının qarşısının alınması istiqamətində tədbirlər görülüb. Xarici İşlər Nazirliyinin və diplomatik nümayəndələrin sosial şəbəkələrdə fəaliyyəti daha da artırılıb.
2014-cü il ADA Universiteti üçün transformasiya ili olub. Azərbaycan Prezidentinin sərəncamı ilə ADA Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən universitetə çevrilib. ADA-nın tələbələrinin sayı 1300 nəfərə çatıb ki, onların da 23 nəfəri Prezident təqaüdçüsüdür. Hazırda Azərbaycan hökumətinin təqaüdü hesabına 32 xarici ölkədən 62 tələbə ADA-da təhsil alır.
Xarici İşlər Nazirliyinin əməkdaşlarının peşəkarlığını artırmaq üçün ADA Universiteti nəzdində müxtəlif səviyyəli ixtisasartırma kursları təşkil olunub. Xarici İşlər Nazirliyinin əməkdaşlarının xarici ölkələrdə bir sıra ixtisasartırma və xarici dil kurslarında iştirakı təmin edilib.
İl ərzində xarici siyasətin vacib istiqamətlərindən biri kimi xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi və onlara göstərilən konsul xidmətinin səmərəliliyi və intensivliyinin artırılması məsələləri diqqət mərkəzində olub.
Azərbaycanda turizmin inkişafı ilə əlaqədar ölkəmizə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi işinin daha yüksək səviyyədə təşkili məqsədi ilə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində mövcud proqram təminatının təkmilləşdirilməsi, bu sahədə müfəssəl statistik təhlillərin aparılması, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsinin təkmilləşdirməsi üçün “Azerspace-1" telekommunikasiya peyki vasitəsilə səfirlik və konsulluqların peyk rabitəsi ilə təchiz edilməsi üzrə ardıcıl tədbirlər görülür.
Sloveniya, Peru və İsrail ilə xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında ikitərəfli sazişlər qüvvəyə minib.
Azərbaycan vətəndaşlarının sorğu və sualları və müraciətlərinin operativ şəkildə cavablandırılması təmin edilib.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.