Azərbaycan beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcək

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi.

Hər dəfə olduğu kimi, bu iclasda da  geniş nitq söyləyən dövlət başçısı olduqca mühüm məsələlərə toxundu. Məsələn, dövlət başçısı sənaye, iqtisadiyyat sahəsində olan nəzərəçarpacaq uğurlarımızı qeyd etdikdən sonra xarici siyasət, beynəlxalq münasibətlərlə bağlı mesaj xarakteri daşıyan fikirlər səsləndirdi. Ölkə rəhbəri keçən il beynəlxalq əlaqələrimizin artdığını, bizim fəal əməkdaşlıq etdiyimiz ölkələrin sayının gündən-günə çoxaldığını vurğuladı. Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu xarici siyasət apardığını,  keçən il ilk növbədə, qonşu ölkələrlə  ikitərəfli formatda çox sıx təmaslarımızın olduğunu, dövlət başçıları səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər təşkil edildiyini, Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün işlər görüldüyünün əhəmiyyətini açıqladı. Prezident İlham Əliyev dedi: “Azərbaycan dünyada çox böyük hörmətə malikdir, etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq nüfuzumuz getdikcə artır. Regional məsələlərin həllində, regional əməkdaşlıq məsələlərində Azərbaycanın rolu əvəzolunmazdır. Biz bir çox təşəbbüslərin müəllifiyik. Bu təşəbbüslər sadəcə olaraq niyyət deyil. Bu təşəbbüslər real layihələrə çevrilir. Bu layihələrin icrası, əlbəttə ki, bizim imkanlarımızı artırır və ölkəmizə siyasi, iqtisadi dividendlər gətirir.”

Dövlət başçımız fikrini davam etdirərək, bizim keçən il beynəlxalq təşkilatlarla da uğurlu əməkdaşlıq etdiyimizi yada saldı. Bildirdi ki,  üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edir, öz mövqeyini müdafiə edir və bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfəsini verir. Keçən il biz Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmişik. Bu, çox uğurlu sədrlik dövrü idi. Bu dövr ərzində Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına Azərbaycan çox böyük və dəyərli töhfələr vermişdir. Xüsusilə, ölkəmizin multikulturalizmlə bağlı təcrübəsi nadir xarakter daşıyır. Hesab edirəm ki, əgər bizim təcrübəmiz dünyada daha da geniş şəkildə təhlil edilsəydi, bir çox xoşagəlməz halların qarşısı alına bilərdi.

Şübhəsiz ki, dövlət başçısının çıxışı bir daha onu göstərdi ki, biz beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyik. Azərbaycan üzv olduğu təşkilatlar qarşısında götürdüyü öhdəlikləri vaxtında və artıqlaması ilə yerinə yetirir və yetirəcək.  Bununla yanaşı, Prezidentin çıxışında üzv olmadığımız təşkilatlar qarşısında da, əlbəttə ki, bizim heç bir öhdəliyimizin  olmadığı qeyd edildi. Bu mühüm faktor idi. Son vaxtlar xaricdən ölkəmizə qarşı irəli sürülən müəyyən təzyiq xarakterli iddialar, Ermənistanın işğalçı mövqeyini “unudaraq” ikili standart siyasətinin sərgilənməsi, daxili işlərimizə müdaxilə jəhdləri və digər məsələlər nitqin tərkib hissəsi idi. Prezident qəti şəkildə bildirdi:  “Təbii ki, ikitərəfli formatda heç bir ölkə qarşısında bizim heç bir öhdəliyimiz yoxdur və ola da bilməz. Bu, beynəlxalq münasibətlərin qanunlarıdır. Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır. Heç bir ölkənin istisna ixtiyarları, haqları yoxdur, ola bilməz. Bütün ölkələr bərabərdir və bütün ölkələri birləşdirən təşkilat BMT-dir.  O təşkilat ki, 2011-ci ildə Azərbaycanı bu təşkilatın ən üst qurumuna seçmişdir. Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur.”

Əlbəttə, bu, çox əhəmiyyətli məsələdir. Bu, Azərbaycan son bir neçə il ərzində artan beynəlxalq nüfuzunun konkret göstəricisidir. Zənnimcə, Prezident İlham Əliyevin son nitqi Azərbaycanı gözügötürməyən qüvvələrə  jiddi xəbərdarlıqdır. Azərbaycana göstərilən haqsız münasibət hər bir vətəndaşımızı narahat etdiyi kimi, cənab İlham Əliyevi də Ali Baş Komandan kimi, ölkə rəhbəri kimi düşündürür. Prezident iclasdakı nitqində bu haqsızlığa qarşı açıq münasibətini ortaya qoydu: “Bu gün beynəlxalq aləmdə böyük nüfuza sahib olan Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq cəhdləri əbəsdir. Bunların heç bir təsiri yoxdur, bu, bizim siyasətimizə heç vaxt təsir etməyəcək. Biz həm rəsmi bəyanatlarda, eyni zamanda, bağlı qapılar arxasında aparılan müzakirələrdə öz mövqeyimizi müdafiə edirik. Biz ikili standartlardan uzağıq və hesab edirik ki, beynəlxalq münasibətlərdə ikili standartlara yol verilməməlidir. İkili standartlar o standartları tətbiq etmək istəyənlərin əleyhinə də işləyir. Biz bunu indi tarixdən və dünyada gedən proseslərdən görürük. Daxili işlərə müdaxilə etmək, kimisə hansısa işlərə təhrik etmək - bu, heç kimə xeyir gətirmir. Bu, ölkələri qarışdırır, sabitliyi pozur, ölkələrdə qanlı toqquşmalara gətirib çıxarır və bu qanlı toqquşmaların arxasında dayanan qüvvələrə də nəticə etibarilə mənfi təsir göstərir.”

Məzahir ƏFƏNDİYEV,
BMT-nin Azərbaycandakı proqramlar meneceri,
Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyasının koordinatoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında