2014-cü il ərzində beynəlxalq aləmdə müstəqil, fəal və çevik xarici siyasət kursu həyata keçirilməsi Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlərə zəmin yaratmışdır. Uğurlu daxili siyasətimizin davamı kimi müstəqil, prinsipial və ardıcıl xarici siyasətimiz milli maraqlarımıza xidmət etmiş, ölkəmizin dünya birliyindəki mövqelərini daha da möhkəmləndirmiş, əməkdaşlıq coğrafiyasını genişləndirmiş və reytinqini artırmışdır. Ötən ilə nəzər saldıqda bir daha aydın olur ki, Azərbaycan inkişaf edən və yüksəlişdə olan əməkdaşlıq məkanı kimi öz mövqeyini daha da gücləndirib.
2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyümüzdən sonra xarici siyasətimizin coğrafi ölçüləri daha da genişləndi. Ölkəmizin qlobal proseslərə təsir imkanlarının artdığını nəzərə alaraq, ikitərəfli əlaqələrimizin Latın Amerikası ilə bərabər, Asiya və Afrika istiqamətləri üzrə inkişafı üçün əlverişli imkanlar əldə edilmişdir. Bu regionlarda yeni diplomatik təmsilçiliklərimizin açılması və həyata keçirilən qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin gələcək inkişafına və mövqeyimizin möhkəmlənməsinə stimul yartamışdır.
Bunun davamı olaraq 2014-cü ildə Azərbaycan daha bir nüfuzlu quruma sədrlik etmiş və bununla da xarici siyasət səhifəsinə yeni bir tarix yazmışdır. Söhbət ölkəmizin 2014-cü il mayın 14-dən altı aylıq dövr üçün Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyindən gedir. Onu da qeyd edək ki, Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə olaraq bu qurumun Nazirlər Komitəsinə sədrlik edib. Sədrlik dövründə ölkəmiz Avropa Şurasının fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın daha da inkişafı istiqamətlərində mühüm səylər göstərib, bu xüsusda qurumun üzv ölkələri və müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışıb. Respublikamızın sədrliyinin prioritetləri Avropa Şurasının gündəliyində duran aktual məsələlər, üzv dövlətlərin üzləşdikləri təhdidlər, ölkəmizin müsbət təcrübəsi və fərqli üstünlükləri nəzərə alınmaqla, korrupsiyaya qarşı mübarizə, mədəniyyətlər və dinlərarası dialoq, sosial həmrəylik və davamlılıq, gənclərin hüquqi maarifləndirilməsi kimi sahələr üzrə müəyyən edilmişdi. Həmin prioritetlərin dəstəklənməsi məqsədilə Azərbaycanda 18 mühüm beynəlxalq tədbir keçirilib.
Göründüyü kimi, 2014-cü il Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlarla zəngin il kimi yadda qalıb. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bu barədə ətraflı məlumat verilmişdir. İclasda geniş nitq söyləyən dövlətimizin başçısı diqqətə çatdırmışdır ki, ötən il ölkəmiz həm ikitərəfli, həm də çoxtərəfli formatda çox uğurlu xarici siyasət aparmışdır. Məhz bunun nəticəsi olaraq beynəlxalq əlaqələrimiz daha da güclənmiş, dünya birliyindəki mövqelərimiz getdikcə möhkəmlənmiş və Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmışdır. Ötən il Avropa və Asiya ölkələri ilə ikitərəfli əlaqələrin inkişafı prioritet vəzifə kimi qarşıya qoyulmuş və yüksək səviyyədə həyata keçirilmişdir. Regional məsələlərin həllində və əməkdaşlıq məsələlərində Azərbaycanın böyük rol oynaması ölkəmizin iqtisadi və siyasi qüdrətinin artmasından xəbər verir.
Dövlətimizin başçısı ölkəmizin beynəlxalq əlaqələrinin artdığını da diqqətə çatdırmışdır: “Keçən il beynəlxalq əlaqələrimiz artmışdır. Bizim əməkdaşlıq etdiyimiz ölkələrin, yəni fəal əməkdaşlıq etdiyimiz ölkələrin sayı gündən-günə artmaqdadır. Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formatda çox uğurlu xarici siyasət aparır. Əlbəttə ki, keçən il ilk növbədə, qonşu ölkələrlə bizim ikitərəfli formatda çox sıx təmaslarımız olmuşdur. Dövlət başçıları səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər təşkil edilmişdir. Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün işlər görülmüşdür. Azərbaycan dünyada çox böyük hörmətə malikdir, etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq nüfuzumuz getdikcə artır. Regional məsələlərin həllində, regional əməkdaşlıq məsələlərində Azərbaycanın rolu əvəzolunmazdır. Biz bir çox təşəbbüslərin müəllifiyik. Bu təşəbbüslər sadəcə olaraq niyyət deyil. Bu təşəbbüslər real layihələrə çevrilir. Bu layihələrin icrası, əlbəttə ki, bizim imkanlarımızı artırır və ölkəmizə siyasi, iqtisadi dividendlər gətirir”.
Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda fəal iştirakına sadiqliyini davam etdirmiş və bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfələrini vermişdir. Ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin vaxtında və layiqincə yerinə yetirilməsi respublikamıza olan inam və etimadı daha da artırmışdır. İkitərəfli və çoxtərəfli əsasda həyata keçirdiyimiz uğurlu siyasətin nəticəsidir ki, Bakı bu gün regional və hətta, daha geniş çərçivədə biznes, mədəniyyət, idman mərkəzi kimi statusları ilə bərabər, qlobal problemlərin müzakirə olunduğu diplomatik paytaxt statusunu da qazanmaqdadır. Ötən il ərzində mötəbər beynəlxalq təşkilatların xətti ilə Bakıda təşkil olunan tədbirlər, ikitərəfli və çoxtərəfli əsasda həyata keçirilən səfərlər də bunu bir daha təsdiq edir. Bütün bunlar respublikamızın üzv olduğu beynəlxalq təşkilatlarla sıx əməkdaşlığının təcəssümüdür.
Ölkə Prezidenti Nazirlər Kabinetinin iclasındakı nitqində də ölkmizin beynəlxalq təşkilatlarla əməkdaşlığını yüksək dəyərləndirmişdir: “Biz keçən il beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq etmişik. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edir, öz mövqeyini müdafiə edir və bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfəsini verir. Keçən il biz Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmişik. Bu, çox uğurlu sədrlik dövrü idi. Bu dövr ərzində Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına Azərbaycan çox böyük və dəyərli töhfələr vermişdir. Xüsusilə, ölkəmizin multikulturalizmlə bağlı təcrübəsi nadir xarakter daşıyır. Hesab edirəm ki, əgər bizim təcrübəmiz dünyada daha da geniş şəkildə təhlil edilsəydi, bir çox xoşagəlməz halların qarşısı alına bilərdi. Yəni, Azərbaycan öz işi ilə, görülən işlərlə, aparılan siyasətlə və keçirilən tədbirlərlə ümumbəşəri dəyərlərə öz dəyərli töhfələrini verir”.
Dövlətimizin başçısı gələcəkdə də beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edəcəyimizi vurğulamış, ölkəmizə şər-böhtan atan, uğurlarımızı gözü götürməyən, bizimlə ultimatum dili ilə danışmaq istəyən və ikili standartlar nümayiş etdirən qurumlara da layiqli cavab vermişdir: “Biz beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyik. Biz üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında və artıqlaması ilə yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında əlbəttə ki, bizim heç bir öhdəliyimiz ola bilməz. Təbii ki, ikitərəfli formatda heç bir ölkə qarşısında bizim heç bir öhdəliyimiz yoxdur və ola da bilməz. Bu, beynəlxalq münasibətlərin qanunlarıdır. Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır. Heç bir ölkənin istisna ixtiyarları, haqları yoxdur, ola bilməz. Bütün ölkələr bərabərdir və bütün ölkələri birləşdirən təşkilat BMT-dir. O təşkilat ki, 2011-ci ildə Azərbaycanı bu təşkilatın ən üst qurumuna seçmişdir. Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur. Bu fakt Azərbaycanın beynəlxalq nüfuzunu əks etdirən ən gözəl göstəricidir. Bu gün beynəlxalq aləmdə böyük nüfuza sahib olan Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq cəhdləri əbəsdir. Bunların heç bir təsiri yoxdur, bu, bizim siyasətimizə heç vaxt təsir etməyəcək. Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz. Bunu hamı bilməlidir”.
Dövlət başçısı daha sonra bildirmişdir ki, biz həm rəsmi bəyanatlarda, eyni zamanda, bağlı qapılar arxasında aparılan müzakirələrdə öz mövqeyimizi müdafiə edirik. Biz ikili standartlardan uzağıq və hesab edirik ki, beynəlxalq münasibətlərdə ikili standartlara yol verilməməlidir. İkili standartlar o standartları tətbiq etmək istəyənlərin əleyhinə də işləyir. Biz bunu indi tarixdən və dünyada gedən proseslərdən görürük. Daxili işlərə müdaxilə etmək, kimisə hansısa işlərə təhrik etmək – bu, heç kimə xeyir gətirmir. Bu, ölkələri qarışdırır, sabitliyi pozur, ölkələrdə qanlı toqquşmalara gətirib çıxarır və bu, qanlı toqquşmaların arxasında dayanan qüvvələrə də nəticə etibarilə mənfi təsir göstərir. Çünki bu gün dünyada bütün ölkələr, demək olar ki, bir-biri ilə bağlıdır və istənilən yerdə baş verən hadisə nə vaxtsa başqa yerdə də öz əks-sədasını verə bilər. Bir daha demək istəyirəm ki, bizim mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanır. Biz bu mövqeyi uğurla müdafiə edirik və edəcəyik.
Ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində keyfiyyət dəyişikliyi olmasa da, kəmiyyət dəyişikliyi müşahidə olunmuşdur. Belə ki, Azərbaycan və Ermənistan prezidentləri Rusiya və Fransa prezidentlərinin vasitəçiliyi ilə görüşlər keçirmiş, bu görüşlərdə ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi də iştirak etmişdir. Bu görüşlərdə hazırkı status-kvonun qəbuledilməz olduğu bir daha qeyd edilmiş və Böyük sülh sazişinin tərtib edilməsinin başlanması təklif olunmuşdur. Əfsuslar olsun ki, Ermənistan tərəfi sadəcə olaraq danışıqlar prosesində imitasiya taktikasını seçmişdir. Artıq münaqişənin nizamlanmasında vasitəçilik edən tərəflər üçün də sirr deyil ki, Ermənistan sülh istəmir. Ermənistan prezidenti qeyri-ciddilik nümayiş etdirərək hər dəfə sülh danışıqlarından yayınmış və işğalçılıq siyasətindən əl çəkmədiyini açıq şəkildə nümayiş etdirmişdir. Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları dəfələrlə status-kvonun qəbuledilməz olduğunu bəyan etsələr də, bu, heç nəyi dəyişməmişdir. Görünür, ATƏT-in Minsk qrupunun rəsmiləri də yalnız söz yığınından ibarət olan olan belə bəyanatlar verməklə öz vəzifələrini bitmiş hesab edirlər. Həmin sözlərin arxasında heç bir ciddi siyasətin dayanmadığı da bunu təsdiqləyir. Əgər status-kvo qəbuledilməzdirsə, niyə bu vaxta qədər hər hansı bir ciddi tədbir görülməyib və ya işğalçı Ermənistana təzyiq göstərilməyib?
Ölkə başçısı nitqində bu məsələlərə toxunaraq dedi ki, Ermənistan işğal olunmuş torpaqlardan çıxarılmağa məcbur edilməlidir. Yoxsa bu da riyakarlığın bir növüdür. Bir bəyanat verilir, onun arxasında iş görülmür. Necə ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Heç biri 20 ildən çoxdur ki, icra edilmir. Nə üçün başqa yerlərdə qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir?! Bu, ədalətsizlikdir, bu, ikili standartlardır.
Beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirmələrinə və ayrı-seçkiliyə yol vermələrinə və işğalçı dövlətə himayədarlıq etmələrinə baxmayaraq, Ermənistan yenə də böhran içərisində çapalayır və əhali ölkəni kütləvi şəkildə tərk edir. Artıq Ermənistan rəsmiləri də etiraf edirlər ki, onlar Azərbaycan Ordusu qarşısında çox acizdirlər. Keçən il yay aylarında və ilin sonunda Ermənistan tərəfi bir neçə dəfə açıq təxribatlara əl atmışdır. Dövlətimizin başçısının dediyi kimi, “biz ermənilərə elə dərs verdik ki, indiyə qədər özlərinə gələ bilmirlər, təşvişdədirlər, isterikadadırlar”.
Nazirlər Kabinetinin iclasında səsləndirilən fikirlər də təsdiqləyir ki, xarici siyasət sahəsində qazandığımız uğurlar ölkəmizin dünya birliyindəki rolunu getdikcə artırır. Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət, multikulturalizm, dini-milli dözümlülük, dünyaya açıq olmağımız - bütün bu amillər tərəfdaşlarımızın sayını getdikcə artırır.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.