Səudiyyə Ərəbistanı Krallığı ilə hərtərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətində mühüm yer tutur

Bu ölkə Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanla diplomatik münasibətlər qurmayacağını bəyan edən üç müttəfiqimizdən biridir.
Sentyabrın 23-də dost Səudiyyə Ərəbistanı Krallığında milli bayram - Krallığın yaranmasının növbəti ildönümü qeyd edilir. Bu gün öz enerji ehtiyatlarına, siyasi mövqeyinə və iqtisadi qüdrətinə görə Avrasiyanın, xüsusən, müsəlman dünyasının aparıcı ölkələrindən birinə çevrilmiş Səudiyyə Ərəbistanı bir neçə cəhətdən özünəməxsus nümunələr yaratmışdır.
Birinci, bu ölkə bütün məqamlarda və bütün məsələlərə münasibət bildirərkən sülh və əmin-amanlığı üstün tutur, onu mütləq önə çəkir. Yəni elə bir məsələ ola bilməz ki, rəsmi Ər-Riyad onun həll edilməsi zamanı sülh yolundan başqa bir variantı məqbul saysın. Bu mövqe həm islami baxımdan, həm də ümumbəşəri dəyərlər konteksindən yüksək qiymətləndirilir. İkinci, Səudiyyə Ərəbistanı Krallığı millətindən, irqindən və dövlət quruluşu formasından asılı olmayaraq dara düşmüş istənilən ölkəyə və xalqa tam təmənnasız olaraq qardaş əli uzadır, genişmiqyaslı və hərtərəfli yardım edir. Üçüncü, Səudiyyə Ərəbistanı Krallığı İslam dünyasının önündə getmək missiyasını böyük uğurla icra edir. 1991-ci ildən sonra yaranmış gənc musəlman dövlətləri Ər-Riyad qayğısını daha çox və daha əhatəli şəkildə görüblər. Aşağıda bu barədə əhatəli söz açacağıq. Nəhayət, Səudiyyə Ərəbistanı Krallığı beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də beynəlxalq aləmdəki ikitərəfli münasibətlər müstəvisində həmişə haqqın və ədalətin tərəfdarı olaraq mükəmməl bir nüfuz sahibinə çevrilmişdir.
Ər-Riyad Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 30-da - bizim öz dövlət müstəqilliyimizi elan etməyimizdən heç üç ay keçməmiş tanımışdır. Qardaş Türkiyə Cümhuriyyəti kimi Səudiyyə Ərəbistanı Krallığı da Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyincə Ermənistanla heç bir diplomatik əməkdaşlıq qurmayacağını elan etmişdir. Üçüncü belə ölkə Pakistan İslam Respublikasıdır.
Əslində bizim Səudiyyə ölkəsi ilə əməkdaşlığımızın tarixi çox dərinlərə gedir. Xalqlarımız min illərdən bəri Şərq mənəvi dəyərlərinin formalaşmasında bərabər iştirak ediblər. Son 14 əsrdə isə bizi İslam dini bir-birimizə bağlayır. Müsəlman dünyasının əsas müqəddəs ziyarətgahlarının bu ölkədə yerləşməsi 1400 ildir ki, istənilən azərbaycanlının qəlbini bu ölkəyə sevgi və ehtiramla doldurur. Uzun əsrlərdən bəri Azərbaycan ədəbiyyatının və mədəniyyətinin ən ölməz, ən dəyərli nümunələri ərəb dilində yaradılmışdır. İndi isə Ər-Riyad və Bakı həmin ənənəni müstəqil dövlətlər kimi daha geniş şəkildə yaşadırlar.
Azərbaycan-Səudiyyə münasibətlərinin bugünkü səviyyədə inkişaf etməsində ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu öndər Heydər Əliyev hələ Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etdiyi günlərdə - 1993-cü ilin iyun ayında krallığın neft və mineral ehtiyatlar naziri Əli bin İbrahim Ən-Nəiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söyləmişdi ki, bizi bir-birimizə təkcə islami dəyərlər və neft amili bağlamır, bizim çoxşaxəli əməkdaşlığımız yaranmalıdır və yaranacaqdır. Budur, həmin çoxşaxəli və yüksək səviyyəli Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı günün reallığına çevrilmişdir. Üstəlik bu reallıq Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun və dəstəyinin artmasına daim kömək etmişdir.
1992-ci il fevralın 24-də yaranmış Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı diplomatik əlaqələri bu gün cəmiyyət həyatının bütün sahələrini əhatə edən qarşılıqlı-səmərəli əməkdaşlığa çevrilib. 1994-cü ilin iyul ayında Azərbaycan Prezidenti Heydər Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Baş Saziş imzalanıb və sonra Müştərək komissiya yaradılıb. Məhz həmin sazişin icrası zamanı Səudiyyə Ərəbistanı Krallığının İnkişaf Fondu Azərbaycanın Vəlvələçay-Taxtakörpü kanalının tikinti layihəsinin maliyyələşdirilməsi üçün respublikamıza 18 milyon dollarlıq kredit ayırmışdı.
2003-cü ilin oktyabrında Azərbaycan Prezidenti seçilən İlham Əliyev də dost Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın genişlənməsinə xüsusi önəm vermişdir. Dövlət başçımız 2005-ci ilin əvvəlində Səudiyyə Ərəbistanı Krallığında rəsmi səfərdə olmuş, həmin il avqustun 1-də Kral, İki Müqəddəs Ocağın xadimi Fəhd bin Əbdüləziz Əl Səudun dəfn mərasimində iştirak etmiş, yenə də həmin il dekabrın 6-da İslam Konfransı Təşkilatının üçüncü fövqəladə toplantısında iştirak etmək üçün növbəti dəfə dost ölkəyə getmişdir. Ər-Riyad məhz Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Tərtər və Ağstafa rayonlarının ərazisindəki mina və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi layihəsini həyata keçirmək üçün 50 min dollar təmənnasız vəsait (fevral, 2006-cı il) və Abşeronun su təchizatını yaxşılaşdırmaq üçün 25 milyon ABŞ dolları (mart 2009-cu il) kredit ayırıb.
Ölkələrarası mədəni əməkdaşlıq da genişlənməkdədir. 2007-ci ilin noyabr ayında Səudiyyə Ərəbistanında Azərbaycan mədəniyyəti günləri, 2008-ci ilin iyun ayında isə Azərbaycanda Səudiyyə mədəniyyət günləri keçirilib. Yeri gəlmişkən, 1999-cu ildən 2008-ci ilədək dost ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış diplomat, doktor Əli Həsən Əhməd Cəfər iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan-Səudiyyə əməkdaşlığının inkişaf etdirilməsini arzulayan və bu amala öz töhfəsini verməyə çalışan soydaşlarımız məmnunluqla qeyd edirlər ki, dost ölkənin Bakıdakı səfirliyi bü gun üzərinə düşən vəzifəni tarixi təcrübəyə və mövcud ənənələrə layiq şəkildə uğurla yerinə yetirir. Bakı-Ər-Riyad əməkdaşlığı bədxahlarımızın qibtə edəcəyi şəkildə, iti sürətlə inkişaf edir. Bu inkişaf həm Səudiyyə Ərəbistanı Krallığının, həm də Azərbaycan Respublikasının hərtərəfli tərəqqisi fonunda baş verdiyinə görə bizim üçün daha qiymətli, daha sevindiricidir.{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında