Dövlət başçımızın “Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz” xəbərdarlığı Ermənistanın havadarlarına ciddi mesajdır

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial - iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasından hazırlanmış televiziya materialını,  ölkənin bütün sakinləri kimi mən də böyük maraqla izlədim və çox məmnun qaldım.

Respublikamızın rəhbəri iclasda söylədiyi giriş nitqində bəyan etdi ki, Azərbaycan müstəqil siyasət yeridən qüdrətli dövlətdir və artıq biz kiminsə diktəsi, göstərişləri ilə fəaliyyət göstərməyəcəyik. Azərbaycanın yeritdiyi xarici siyasət kiminsə, hansısa dövlətin mənafeyinə, maraqlarına zidd getmədiyinə görə, bizim mənafeyimizə qarşı atılan addımları da yolverilməz sayacağıq və sayırıq.

Prezident İlham Əliyev Azərbaycanın daxili işlərinə qarışmaq istəyən qüvvələrə üz tutaraq bildirdi: “Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda, bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu gün beynəlxalq aləmdə böyük nüfuza sahib olan Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq cəhdləri əbəsdir. Bunların heç bir təsiri yoxdur, bu, bizim siyasətimizə heç vaxt təsir etməyəcək. Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz. Bunu hamı bilməlidir”.

 Prezidentimiz “bunu hamı bilməlidir”, – deyəndə təkcə işğalçı dövləti, dünyadakı erməni diasporunu və ya Qərbdəki erməni lobbisini deyil, ümumilikdə, Azərbaycanın bədxahlarının hamısını nəzərdə tuturdu. Üstəlik, dünya siyasətçilərindən tələb edirdi ki, biz heç kəsə qarşı ikili standartlardan istifadə etmədiyimizə görə bizə qarşı da ikili standartlara yol verilməməlidır:  “Biz həm rəsmi bəyanatlarda, eyni zamanda, bağlı qapılar arxasında aparılan müzakirələrdə öz mövqeyimizi müdafiə edirik. Biz ikili standartlardan uzağıq və hesab edirik ki, beynəlxalq münasibətlərdə ikili standartlara yol verilməməlidir. İkili standartlar o standartları tətbiq etmək istəyənlərin əleyhinə də işləyir. Biz bunu indi tarixdən və dünyada gedən proseslərdən görürük. Daxili işlərə müdaxilə etmək, kimisə hansısa işlərə təhrik etmək - bu, heç kimə xeyir gətirmir. Bu, ölkələri qarışdırır, sabitliyi pozur, ölkələrdə qanlı toqquşmalara gətirib çıxarır və bu qanlı toqquşmaların arxasında dayanan qüvvələrə də nəticə etibarilə mənfi təsir göstərir. Çünki bu gün dünyada bütün ölkələr, demək olar ki, bir-biri ilə bağlıdır və istənilən yerdə baş verən hadisə nə vaxtsa başqa yerdə də öz əks-sədasını verə bilər. Bir daha demək istəyirəm ki, bizim mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanır. Biz bu mövqeyi uğurla müdafiə edirik və edəcəyik”.

Budur, rəsmi Bakının, Azərbaycan dövlətinin beynəlxalq münasibətlərdəki mövqeyi. Açıq, aydın və ədalətli bir mövqe. Bu siyasəti yeridən dövlət özünə qarşı da açıq, aydın, ədalətli münasibət tələb etməkdə tamamilə haqlıdır. Mən inamla deyə bilərəm ki, dünyanın müxtəlif qütblərində yaşayan soydaşlarımızın hamısı yanvarın 10-da dövlət başçımızın səsləndirdiyi həmin fikirləri dəstəklədilər və alqışladılar. Qərbdəki və Avropadakı ədalətli insanlar, mütərəqqi siyasətçilər, Azərbaycan həqiqətlərini olduğu kimi qəbul edən dövlət başçıları  da həmçinin. Biz bu siyasəti daim dəstəkləmişik və  bundan sonra da dəstəkləyəcəyik.

Tofiq BAKIXANOV,
respublikanın Xalq artisti,
Bakı Musiqi Akademiyasının professoru,
“Şöhrət” ordenli bəstəkar


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında