Azərbaycan demokratik və şəffaf seçki keçirməyə qadir olduğunu bir daha təsdiqlədi

Azərbaycanda demokratik, azad və ədalətli seçki keçirilməsi üçün möhkəm hüquqi baza yaradılıb. Ölkəmiz müstəqillik yolunda irəlilədikcə və beynəlxalq aləmdə əlaqələri genişləndikcə  seçki praktikasını da inkişaf etdirmiş və bu sahədə dünya təcrübəsinə daha da yaxınlaşmışdır.

 Son illər keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin yekunları barədə yerli və beynəlxalq müşahidəçilərin, həmçinin nüfuzlu qurumların nümayəndələrinin rəyləri də təsdiqləyir ki, Azərbaycanda artıq yüksək seçki mədəniyyəti formalaşmışdır. Sonuncu prezident seçkilərini müşahidə edən Bolqarıstan Parlamentinin üzvü Hamid Hamidin dediyi kimi, “Azərbaycan seçkiləri müşahidə edən beynəlxalq müşahidəçilərə demokratiya dərsi keçdi”.

Bütün bunlar ölkəmizdə seçkilərə böyük məsuliyyətlə yanaşılmasından, demokratik, azad və ədalətli, şəffaf keçirilməsindən xəbər veririr.

Müstəqil Azərbaycanın tarixinə yazılan sayca dördüncü bələdiyyə seçkilərinə də hazırlıq işləri yüksək səviyyədə təşkil olunmuşdur. Mütəmadi olaraq maarifləndirmə işləri aparılmış, dairə və məntəqə seki komissiyalarının sədrləri üçün seminarlar, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmişdir. Bakıda “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün informasiya sessiyasının  keçirilməsində də əsas məqsəd maarifləndirmə və seçkiyə hazırlıqla bərabər seçki günü müdaxilələrin qarşısını almaq üçün tapşırıqların və tövsiyələrin verilməsi idi. Tədbir  Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Avropa Şurasının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmişdir.

Seçicilərin  öz iradələrini sərbəst ifadə etmələri,  demokratik, şəffaf və azad şəkildə keçirlən seçkilərdə Azərbaycanın demokratiyanın ali prinsiplərinə sadiqliyinin bir daha nümayiş etdirilməsi üçün bütün imkanlardan istifadə olunmuşdur. Ötən seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də şəffaflığın təmin olunması üçün səsvermə günü seçki məntəqələrində seçki prosesinin əvvəldən axıradək izlənilməsi məqsədilə seçki dairələri üzrə min seçki məntəqəsində veb-kameralar quraşdırılmışdır. Seçki məntəqələrinə daxil olan seçicilərin baş barmağı ultrabənövşəyi lampalarla yoxlanıldıqdan sonra gözə görünməyən mürəkkəblə işarələnmiş və onlara səsvermə bülletenləri verilmişdir. Bütün bunlar seçkilərin şəffaf keçirilməsinə böyük zəmin yaratmışdır.

Dördüncü bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə keçirilmişdir. Respublikamızda 125 seçki dairəsi olduğu halda,  seçkilərin  118 seçki dairəsində  keçirilməsi  səbəbsiz  deyildir. Məlumdur ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İyirmi ildən artıqdır ki, işğalçılıq siyasətini davam etdirən Ermənistanın hərbi təcavüzü seçkilərin də normal keçirilməsinə öz təsirini göstərir. Göründüyü kimi, işğal altındakı ərazilərin sakinlərinin  səsvermə hüquqları da pozulur. Təəssüf edirik ki, özlərini insan hüquq və azadlıqlarının  müdafiəçiləri kimi təqdim edən bəzi qərəzli beynəlxalq təşkilatlar, habelə dünya birliyi hələ də bu ədalətsizliyə göz yumur, Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması üçün təsirli təzyiq vasitələrindən istifadə etmirlər. Bütün bunlara baxmayaraq,  bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə 5015 məntəqədə keçirilib. Bunlardan 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir. 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd qeydə alınmışdı. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülmüşdü. Bunlar Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat İslahatları Partiyası və Böyük Quruluş Partiyasıdır. Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən verilmişdi. Partiya mənsubiyyəti nəzərə alınsa, ümumiyyətlə  30 partiyanın üzvləri seçkilərdə iştirak etmişdir.

Göründüyü kimi, bu il keçirilən bələdiyyə seçkilərinə maraq daha böyük olmuşdur. Sonuncu  bələdiyyə seçkiləri əvvəlki seçkilərdən həm də bununla fərqlənmişdir. Bu, əslində gözlənilən idi. Çünki artıq bələdiyyələr sosial məsələlərin həllində mühüm quruma çevriliblər. Torpaq vergisi və digər vergilərlə bağlı qəbul edilən qanunlar bələdiyyələrin imkanlarını daha da genişləndirəcək. Kiçik bələdiyyələrin birləşməsi nəticəsində 94 yeni bələdiyyə yaradılıb və bələdiyyələrin sayı 1607 olub. Birləşmiş bələdiyyələr bir neçə yaşayış məntəqəsini əhatə edir. Ona görə də bələdiyyələrin effektiv işləməsi və qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün layiqli üzvlər seçilməlidir. Məhz bu baxımdan bələdiyyə seçkiləri gərgin mübarizə şəraitində keçdi.

Bütün məntəqələr vaxtında açılmış və seçki prosesi Seçki Məcəlləsinin tələbinə uyğun olaraq keçirilmişdir. Məntəqələr üzrə protokollar tərtib edildikdən sonra nəticələr MSK-nın internet səhifəsində yerləşdirilmişdir..

 Mərkəzi Seçki Komissiyasının (MSK)  verdiyi məlumata görə, 1 milyon 876 min 14 seçici səsvermədə iştirak edib. Bu da  ümumi seçicilərin 38,93 faiz deməkdir.

Bu seçkilərdə də “exit-poll”un müşahidə aparmasına əlverişli şərait yaradılıb. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi seçkilərin “exit-poll” tədqiqatını həyata keçirib. Bu qurumun seçici fəallığı ilə bağlı məlumatı MSK-nın elan etdiyi məlumata yaxındır. “Exit-poll”un məlumatında  seçici fəallığının 38,3 faiz olduğu bildirilir.

Azərbaycan daha bir demokratik və şəffaf  seçkiyə imza atdı. Sayca dördüncü olan bələdiyyə seçkilərinin qanun pozuntusu olmadan, azad və ədalətli başa çatması ölkəmizdə demokratik dəyərlərə böyük önəm verilməsinin bariz nümunəsidir. Çünki azad seçki olmayan yerdə demokratiyadan danışmaq olmaz. Ölkəmizdə xalqın iradəsi mütəmadi keçirilən seçkilərdə, habelə ümumxalq səsverməsində - referendumda öz təzahürünü tapır. Ona görə də xalqın öz iradəsini sərbəst ifadə etmək üçün şəffaf və demokratik seçkilərin keçirilməsi üçün hər cür vasitələrdən istifadə edilir. Bundan ötrü  respublikamızda  demokratik xarakterli, beynəlxalq səviyyəli qanunvericilik aktları qəbul olunmuş və  Seçki Məcəlləsinə mütəmadi olaraq əlavə  və dəyişikliklər edilməklə,  qanunlarımız beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Ölkə başçısı demokratik və şəffaf seçkilərin keçirilməsi üçün daim siyasi iradə nümayiş etdirmiş, bu istiqamətdə müxtəlif sərəncamlar imzalamış və mükəmməl qanunvericilik bazası yaradılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 11 may və 25 oktyabr 2005-ci il tarixli sərəncamları qanunvericilik bazasını daha da möhkəmləndirmişdir. Həmin sərəncamların qarşıya qoyduğu vəzifələr ölkənin seçki sistemini daha da təkmilləşdirdi, şəffaflığın və demokratik prinsiplərin təmin olunması istiqamətində bir sıra yeniliklər ortaya qoydu. Elə yeniliklər ki, hələ bu vaxta qədər Avropanın bir sıra ölkələrinin əksəriyyətində sınaqdan keçirilməyib. Barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi və seçki məntəqələrinə veb-kameraların quraşdırılması  məhz belə yeniliklərdəndir. Hətta, bir sıra ekspertlər barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsini  insan hüquqlarının pozulması kimi dəyərləndirmişlər.

Ancaq bu üsul şəffaflığın təmin olunması baxımından çox sərfəli olduğundan ölkəmizdə keçirilən seçkilərdə tətbiq olunmuşdur. Bu yeniliklərin ölkəmizdə keçirilən seçkilərdə obyektivliyin və şəffaflığın təmin olunmasında böyük rol oynaması beynəlxalq müşahidəçilər və tanınmış ekspertlər tərəfindən də təsdiqlənmişdir. Bəzi beynəlxalq müşahidəçilər bu yeniliyi məhz ilk dəfə Azərbaycanda gördüklərini bəyan edərək bildirmişlər ki, onlar da öz ölkələrində keçirilən bu yeniliyin tətbiq olunmasına çalışacaqlar. 

23 dekabr 2014-cü il bələdiyyə seçkiləri ölkəmizin müstəqillik tarixinə yazılmış daha bir demokratik seçki oldu. Hazırda  Azərbaycan  beynəlxalq miqyasda azad və ədalətli, şəffaf seçki keçirməyə böyük üstünlük verən və bunu yüksək səviyyədə təşkil edən demokratik dövlət kimi tanınır.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında