Əvvəlki illərdə olduğu kimi, cari ilin on bir ayı ərzində də ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin rifahının yüksəlməsi davam etmişdir. Bu davamlı inkişaf ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının 11 ildən artıq bir müddət ərzində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsi sayəsində mümkün olmuşdur.
Əldə edilmiş nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Belə ki, “Fitch”, “Standard and Poors” və “Moodys” reytinq agentlikləri bir çox inkişaf etmiş ölkələrin reytinqlərini azaltdıqları halda, Azərbaycanın kredit reytinqini yüksəltmişlər. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və AYİB kimi nüfuzlu təşkilatların Azərbaycan iqtisadiyyatına dair proqnozları optimist olmuşdur.
Ölkə iqtisadiyyatında yaşanan inkişaf tempi, qeyd etdiyimiz kimi, bu ilin on bir ayında da davam etmişdir. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda göstərilir ki, bütün makroiqtisadi göstəricilər üzrə artım tempi qorunub saxlanılmışdır. Belə ki, sosial-iqtisadi tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul (ÜDM) istehsalı bu ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 53,7 milyard manata çatmışdır. Əlavə dəyərin 42,6 faizi sənaye sahələrində, 12,6 faizi tikinti kompleksində, 5,1 faizi kənd təsərrüfatında, 4,9 faizi nəqliyyatda, 10 faizi ticarət və pullu xidmət sahələrində, 1,8 faizi informasiya və rabitədə, 15,8 faizi digər sahələrdə istehsal olunmuşdur. Əhalinin hər nəfərinə 5710,7 manatlıq (7281,3 ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 6,5 faiz artmış, neft sektorunda isə 3,4 faiz azalmışdır.
Ölkə Prezidentinin 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında sərəncamı ilə Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlanmışdır. Sərəncama uyğun olaraq, 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanmış və həmin proqramda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin uzunmüddətli inkişaf istiqamətləri əsas götürülmüşdür. Bununla yanaşı, bu il üçün təsdiq edilmiş Tədbirlər Planına əsasən, sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülür. Bunlardan bir qisminə nəzər salaq. “Azərbaycan Polad İstehsalı Kompleksi”nin qurulması ilə bağlı məsləhət xidmətinin göstərilməsinə dair müqavilə imzalanmış, kompleksin yaradılması, mövcud istehsal sahələrinin fəaliyyətinin səmərəli təşkili, sağlamlaşdırılması və maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər qrafik üzrə həyata keçirilir.
Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanılmış, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri aparılır. Bu məhsullar həm daxili tələbatın ödənilməsi, həm də ixrac üçün nəzərdə tutulmuşdur. Balaxanı Sənaye Parkında isə qeydiyyata alınmış rezident şirkətlər tərəfindən tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılmışdır.
Dövlət Statistika Komitəsinin məlumatda deyilir ki, hesabat dövründə sənaye sahəsində məhsul istehsalı 29,8 milyard manat olmuş, onun 70,4 faizi və ya 21 milyard manatı mədənçıxarma bölməsində, 23,4 faizi, yaxud 7 milyard manatı emal bölməsində, 5,5 faizi və ya 1,6 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,7 faizi və ya 211,3 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal edilmişdir.
Mədənçıxarma bölməsində yanvar-noyabr aylarında 38,4 milyon ton xam neft, 17 milyard kubmetr əmtəəlik qaz hasil olunmuşdur. Emal bölməsində qida məhsulları istehsalı 0,9 faiz, içki istehsalı 9,1 faiz, geyim istehsalı 65 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 6,7 faiz, kimya sənayesi məhsulları istehsalı 28,3 faiz, tikinti materialları istehsalı 19,8 faiz, hazır metal məmulatlarının istehsalı 10,4 faiz, elektrik avadanlıqları istehsalı 21,8 faiz, avtomobil və qoşquların istehsalı 48,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 47,4 faiz artmışdır.
İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 19,8 milyard kVtsaat elektrik enerjisi (7,2 faiz çox) istehsal olunmuşdur. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 6,6 faiz artmış, neft sektorunda isə 3 faiz azalmışdır.
Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, kənd təsərrüfatı sahəsində müasir istehsal və infrastruktur komplekslərinin yaradılması istiqamətində də işlər davam etdirilmiş, bir sıra ərzaq məhsullarının, o cümlədən quş əti, yumurta, ət və ət məhsulları, süd məhsullarının istehsalı artmış, özünü təminetmə səviyyəsi yüksəlmiş, bəzi məhsullarımızın məşhur brendlərin adı ilə istehsalına başlanılmışdır.
Aqrar bölmədə bitkiçilik məhsullarının yığımı başa çatmaq üzrədir. Dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2379,4 min ton taxıl, 819,3 min ton kartof, 1181,6 min ton tərəvəz, 40,6 min ton pambıq, 844,6 min ton meyvə və giləmeyvə, 440,9 min ton bostan məhsulları, 147,6 min ton üzüm, 166,4 min ton şəkər çuğunduru, 20,3 min ton dən üçün günəbaxan, 2,9 min ton tütün, 459,2 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 421,1 min ton ət, 1705,2 min ton süd, 1425,6 milyon ədəd yumurta və 16,6 min ton yun istehsal olunmuşdur. Dəyər ifadəsində heyvandarlıq məhsulları istehsalı 3 faiz artmışdır.
2014-cü ilin məhsulu üçün 969,2 min hektar sahədə şum qaldırılmış, 806,6 min hektar sahədə dən üçün taxıl, o cümlədən 502,8 min hektar sahədə buğda, 303,8 min hektar sahədə arpa səpilmişdir.
Ölkəmizin sosial-iqtisadi inkişafına müstəsna töhfə verən məqsədli dövlət proqramları bu gün uğurla icra olunur. Cari ilin on bir ayında Dövlət İnvestisiya Proqramı çərçivəsində bütün istiqamətlərdə infrastruktur layihələrinin icrası, sosial obyektlərin təmir-tikintisi, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Dövlət Statistika Komitəsinin məlumatında bu statistik göstəricilər öz ifadəsini tapmışdır. Belə ki, sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,7 milyard manat həcmində vəsait yönəldilmiş, 10,8 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Əsaslı vəsaitin 70 faizini və ya 10,3 milyard manatını daxili investisiyalar təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 0,3 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 11,4 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasının aparılmasına investisiyanın 67,2 faizi, yaxud 9,9 milyard manatı sərf olunmuşdur.
2014-cü ildə inşası davam etdirilən və yeni tikilən obyektlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 5543,7 milyon manatından istifadə olunmuş və ilin əvvəlindən ötən vaxt ərzində ümumi sahəsi 1806,4 min kvadratmetr yaşayış evləri, 25650 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 186 nəfərin qəbulu üçün nəzərdə tutulmuş ambulator-poliklinika müəssisəsi, 230 çarpayılıq xəstəxana, 1092 yerlik məktəbəqədər təhsil müəssisəsi, 147 yerlik klub, bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmişdir.
Ölkənin iqtisadi, həm də sosial həyatında sürətlə inkişaf edən sahələrdən biri də informasiya və rabitədir. Sahənin əməkçiləri ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1,5 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 14,2 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 72,5 faizi və ya 1,1 milyard manatı əhaliyə göstərilmiş və 14,3 faiz artmışdır.
Yanvar-noyabr ayları ərzində 19,2 milyard manat məbləğində və ya keçən ilin müvafiq dövründə olduğundan 9,5 faiz çox istehlak malları satılmış, 6,5 faiz çox, yaxud 6,1 milyard manatlıq pullu xidmət göstərilmişdir. Satılmış malların 9,6 milyard manatını və ya 50,1 faizini ərzaq məhsulları, 49,9 faizini isə qeyri-ərzaq malları təşkil etmişdir. Əmtəə dövriyyəsinin 11,9 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 36,7 faizi bazarlar və yarmarkalar, 51,4 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilmişdir.
Hesabat dövründə ölkənin xarici iqtisadi əlaqələri də dinamik inkişaf etmişdir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri yanvar-oktyabr aylarında 146 dövlətlə 26,6 milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatları aparmışlar.
Xarici ticarət dövriyyəsinin 19,2 milyard dollarını və ya 72,3 faizini ölkədən ixrac olunmuş mallar, 7,4 milyard dollarını (27,7 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. Ticarət əlaqələrinin 91,1 faizi və ya 24,2 milyard dolları MDB-dən kənar ölkələrlə, 8,9 faizi (2,4 milyard dolları) MDB üzvü dövlətləri ilə aparılmışdır.
Ölkəmizdən göndərilmiş malların 96,3 faizi MDB-dən kənar dövlətlərə, 3,7 faizi isə MDB üzvü ölkələrinə ixrac olunmuş, ölkəmizə idxal olunmuş məhsulların çox hissəsi (77,5 faizi) MDB-dən kənar ölkələrdən daxil olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 0,7 faiz artmışdır. Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 34,2 milyard dollar (o cümlədən ixrac 26,8 milyard) dollar təşkil etmiş, 19,4 milyard dollar məbləğində müsbət saldo yaranmışdır.
Son illərin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. Məhz bunun nəticəsidir ki, 2014-cü ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 33,6 milyard manata, onun əhalinin hər nəfərinə düşən məbləği isə 3,4 faiz çoxalaraq 3573,3 manata çatmışdır. Gəlirlərin 69,5 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,8 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur. Əhalinin sərəncamında 30,6 milyard manat məbləğində gəlirləri qalmış və keçən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artmışdır.
Ölkənin sosial-iqtisadi həyatında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,5 faiz çoxalaraq 441,8 manata çatmışdır. Sənaye sahələrində çalışanların əmək haqqı 710 manat, tikinti kompleksində 626,1 manat, nəqliyyatda 537,8 manat, informasiya və rabitədə 735,8 manat təşkil etmişdir.
Maliyyə Nazirliyinin məlumatında göstərilir ki, yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə 15,8 milyard manat daxil olmuş, büdcədən 13,9 milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin 42 faizi və ya 5,8 milyard manatı iqtisadiyyatın inkişafına, 11,3 faizi (1,6 milyard manatı) səhiyyə və təhsilə, 11,7 faizi (1,6 milyard manatı) sosial müdafiə və sosial təminata yönəldilmişdir.
Büdcənin gəlirləri ilə xərcləri arasında ümumi daxili məhsulun 3,9 faizinə bərabər və ya 1,9 milyard manatlıq profisit yaranmışdur. Noyabr ayının 1-nə əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artaraq 7 milyard manat olmuş, onların 4,4 milyard manatı milli valyuta ilə, 2,6 milyard manatı isə xarici valyuta ilə qoyulmuşdur.
Göründüyü kimi, bu ilin on bir ayının sosial-iqtisadi inkişafının yekunları Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini təsdiqləyir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.
Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.