Şriftin ölçüsü:
21.09.2010 01:00 | Oxunma sayı: 397
Sentyabrın 20-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı, ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyası keçirilmişdir.
Tədbirdə Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK), ATƏT-in Bakı ofisinin nümayəndələri, Bakı və ətraf rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri iştirak etmişlər.
Sessiyanı ATƏT-in Bakı ofisinin rəhbəri səfir Əli Bilge Cankorel açaraq bildirmişdir ki, Azərbaycanda son seçkiləri müşahidə etmiş beynəlxalq təşkilatların hesabatlarında seçki sahəsində ildən-ilə irəliləyişlərin olduğu qeyd edilmişdir. Son seçkilərlə bağlı ATƏT-in hesabatında da demokratiyaya doğru növbəti addımın atıldığı vurğulanmışdır. Ümid edirik ki, bu sahədə nailiyyətlər davamlı olacaqdır. Hazırda qarşıdan gələn parlament seçkilərinə hazırlıq prosesindən razılıq ifadə edən səfir, siyasi partiyaların bloklarının MSK tərəfindən qısa müddət ərzində və maneəsiz qeydiyyata alınmasını da müsbət qiymətləndirmişdir.
Bu sessiyanın seçkilərə qanunsuz müdaxilənin yolverilməzliyi mövzusuna həsr olunduğunu diqqətə çatdıran Ə.B.Cankorel ümidvar olduğunu bildirmişdir ki, tədbir seçkilərin demokratik keçirilməsinə öz töhfəsini verəcəkdir. Qeyd olunmuşdur ki, bugünkü tədbir Bakının və ətraf rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmişdir. Sentyabrın 21-də Şirvanda, 22-də Mingəçevirdə, 24-də isə Naxçıvanda müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün məlumat sessiyaları keçiriləcəkdir. Bu sessiyalar seçkilərin daha demokratik keçirilməsinə öz töhfəsini verəcəkdir.
Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov sessiyaların ölkəmizdə seçki praktikasının təkmilləşdirilməsi, cəmiyyətdə fəal seçki mühitinin formalaşması baxımından mühüm rol oynayacağını vurğulamışdır.
Əli Həsənov cəmiyyətin seçkilərə hazırlanması prosesinin seçkinin keçirilməsinin əsas tərkib hissələrindən biri olduğunu və qarşıdan gələn seçkilərdə yüksək siyasi fəallıq müşahidə edildiyini diqqətə çatdırmışdır. Şöbə müdiri qeyd etmişdir ki, qarşıdan seçki sınağı gəlir və bu seçkilərin azad, şəffaf və ədalətli keçirilməsi üçün hakimiyyət qanunla üzərinə düşən bütün vəzifələri yerinə yetirir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə demokratiyanın əsas siyasi xətt elan edildiyini vurğulayan şöbə müdiri bildirmişdir ki, atılan bütün addımlar ölkədəki demokratik təsisatların daha da möhkəmləndirilməsinə xidmət edir.
Əli Həsənov bildirmişdir ki, yerli icra hakimiyyəti orqanları seçki prosesində birbaşa iştirak etməsələr də, yerlərdə normal seçki mühitinin yaradılmasında, seçkilər zamanı asayişin təmin edilməsində ciddi rol oynayırlar. Bundan başqa, namizədlərin seçkiqabağı təşviqatlarının aparılması üçün müvafiq yerlərin ayrılması da yerli icra hakimiyyətlərinin vəzifəsidir.
Əvvəlki illərdən fərqli olaraq bütün tərəflərin seçki prosesinə iddiasız qatıldığını diqqətə çatdıran şöbə müdiri bildirmişdir ki, bu, parlament seçkilərinin xüsusi fəallıq şəraitində keçəcəyini deməyə əsas verir.
Seçkiqabağı və seçki dövründə ictimai proseslərə toxunan Əli Həsənov əvvəlki seçkilərdə formalaşmış yaxşı ənənələri xatırlatmış, yerlərdə xoş əhval-ruhiyyənin yaradılması məqsədi ilə müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulamışdır. Şöbə müdiri bildirmişdir ki, seçicilərin azad səs verməsinin təmin edilməsi də yerli strukturların qarşısında duran mühüm vəzifələrdəndir.
Əli Həsənov əmin olduğunu bildirmişdir ki, qarşıdakı seçkilərdə icra hakimiyyəti strukturları üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ölkəmizin çox mühüm tarixi tədbir ərəfəsində olduğunu vurğulayaraq bildirmişdir ki, seçkilər seçicilərlə yanaşı, həm də beynəlxalq qurumların diqqət mərkəzindədir. Seçkilər ölkə əhəmiyyətli tədbir olduğundan bu prosesdə müxtəlif dövlət strukturları da iştirak edirlər. İcra hakimiyyətinin seçkilərlə bağlı əsas vəzifələrindən biri bu seçkilərin keçirilməsi üçün normal şəraitin yaradılmasıdır. Eyni zamanda, icra hakimiyyəti orqanları seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı öz üzərilərinə düşən vəzifələri icra edərək seçki komissiyalarına yardım göstərirlər.
MSK sədri minnətdarlıq hissi ilə vurğulamışdır ki, ölkədə seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik mövcuddur, seçki komissiyalarının normal fəaliyyət göstərmələrinə də hərtərəfli şərait yaradılmışdır. Bütün seçki komissiyaları müasir standartlara cavab verən binalarla təmin edilmiş, onların maddi-texniki bazaları möhkəmləndirilmişdir. Azərbaycanda seçki komissiyaları üçün yaradılan şərait bir çox ölkələrə nümunə ola bilər. MSK aşağı seçki komissiyalarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, peşəkarlıq səviyyələrinin artırılması və seçkilərin qanunun tələblərinə uyğun keçirilməsi üçün əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də genişmiqyaslı maarifləndirmə proqramı hazırlayaraq icra edir. ATƏT-in təşəbbüsü ilə təşkil edilən sessiyalar da həmin qəbildəndir. Bu sessiyalar seçkilərin tam qanunauyğun və ədalətli keçirilməsini təmin etməklə, ölkəmizdə hüquqi dövlətin güclənməsinə və vətəndaş cəmiyyətinin daha da inkişafına yardım edəcəkdir.
Daha sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov, ATƏT-in Bakı ofisinin şöbə müdiri Jaklin Karpenter seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyinə dair məruzələrlə çıxış etmişlər.
Sonda sessiya iştirakçılarının sualları cavablandırılmışdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.