Ermənistanda vəziyyətin hansı səviyyədə olduğu hər kəsə, o cümlədən dünya ictimaiyyətinə, ermənilərin havadarlarına çoxdan məlumdur. Lakin bütün bunlarla yanaşı, Ermənistan hakimiyyətinin qəsbkarlığı və tamahkarlığı o həddədir ki, hələ də öz xalqının güzəranını dəyişdirmək onların, ümumiyyətlə, planında yoxdur. Əvvəlcə Köçaryan, sonra isə Sarkisyan hakimiyyətinin illərdir yürütdüyü bədnam qonşuluq siyasəti nəticəsində regionun həm azərbaycanlı, həm də erməni əhalisi bir sıra məhrumiyyətlərlə üz-üzə qalmışdır.
Bu əməlləri ilə Ermənistan iqtidasdiyyatını “diz çökdürən” Sarkisyan iqtidarı erməni əhalinin yaşayış səviyyəsini nəinki minimuma endirmiş, üstəlik, miqrasiya və demoqrafik problemləri pik həddinə çatdırmışdır. Özünün qeyri-konstruktiv siyasəti nəticəsində bütün beynəlxalq enerji, neft-qaz layihələrindən kənarda qalan bu ölkə indi yalnız ianələrə və havadarlarının dəstəyinə ümid bəsləyir. Hazırda sosial-iqtisadi çətinliklər məngənəsində boğulan Ermənistanda demoqrafiya problemi artaraq özünün daha gərgin mərhələsinə qədəm qoymaqdadır. Görülən bütün tədbirlərə baxmayaraq, ölkədə əhalinin sayı sürətlə azalmaqda davam edir, xaricə köçənlər durmadan artır. Əhalinin artım səviyyəsinin get-gedə azalması isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub. Ancaq real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir.
Ermənistanda həmin sahədə araşdırma aparan yerli və beynəlxalq təşkilatlar da bu qənaətə gəliblər ki, proseslərin belə davam etməsi ölkədə insan resurslarının sürətlə tükəndiyini ortaya qoymuşdur. Əhalinin artım səviyyəsi aşağı olduğundan yaşlıların xüsusi çəkisinin davamlı surətdə artması da Ermənistanı böyük sürətlə demoqrafik böhranla üz-üzə qoyur.
Xatırladaq ki, erməni politoloq, Yerevan geosiyasi klubunun şərhçisi Aleksandr Qayents son yazılarından birində bu barədə yazaraq müstəqillik illərində Ermənistanı 2,2 milyon erməninin tərk ediyini bildirmişdi. O qeyd etmişdi ki, ilk müstəqillik illərində Ermənistanı 1,1 milyon sakin tərk edib. Qeyri-rəsmi məlumatlara görə, əslində bu say 2 dəfə çoxdur. Hər il Ermənistandan ən azı 60 min adam gedir. 1990-cı ildə Ermənistanda 3,5 milyon sakin yaşayıb. Politoloqun sözlərindən belə başa düşülür ki, hazırda Ermənistanda təxminən 1,3 milyon nəfər qalıb. Aleksandr Qayents hətta, Yerevanda ölkədən qaçanlar barədə yaranmış məşhur lətifəni də xatırlatmışdı. Lətifədə deyilir ki, Yerevanda hava limanının divarına vurulan lövhədə yazılıb: “Xahiş edirik, sonuncu köçən işığı söndürsün”.
İnsanların Ermənistanı tərk etməsinin əsl səbəbini isə erməni sosioloq Ruben Barents belə izah etmişdi: “Ermənilər öz degenerativ elitasından qaçır. Bu cəmiyyətdə insan degenerativləşdikcə onun sırtıqlığı və həyasızlığı daha da artır”.
Onu da bildirək ki, sosial-iqtisadi sahədə üzləşdiyi çətinliklər hər keçən gün daha da artan, bir çox hallarda gündəlik ərzağa olan tələbatını belə ödəyə bilməyən Ermənistan əhalisi də Dağlıq Qarabağ münaqişəsini ölkədə yaranan problemlərin əsas mənbəyi kimi görür.
Ölkə əhalisinin böyük hissəsinin sabah yaxşı yaşayacağına ümidləri, demək olar ki, yoxdur. Onlar fikirləşirlər ki, nə qədər erməni diasporunun ianələri hesabına yaşamaq olar? Fransa, ABŞ, Kanada, Argentina, Livan, Rusiya və digər ölkələrdə yaşayan erməni diasporu hər il ölkəyə milyonlarla dollar ianə yollayır. Faktiki olaraq erməni əhalisinin çoxu xaricdə yaşayan qohumlarının hesabına, belə demək mümkündürsə, acından ölmür. Lakin bu, elə bir vəziyyətdir ki, onun uzunmüddətli prosesə çevrilmə şansı, demək olar ki, yoxdur. Belə olduqda sıravi ermənilərdə və Ermənistan iqtidarında yaranan arxayınlıq onları daha da uçuruma aparır. Erməni hakimiyyəti diasporun maliyyə yardımına ümid bəsləyərək torpaqları işğal altında saxlayır və ölkədə yalan üzərində qurulmuş vətənpərvər imici formalaşdırmağa çalışır. Əslində, hər kəs bilir ki, bu, onların hakimiyyətdə daha bir neçə il qalması üçün etdiyi taktikadır. Politoloqlar bildirirlər ki, əhali arasında istənilən hakimiyyətə qarşı inamsızlıq və tam etinasızlıq var. Ölkədə ictimai müqavilə yoxdur və ermənilər üçün yeganə çıxış yolu miqrasiyadır. Belə bir ümumi fikir formalaşıb ki, məmurlar yalnız öz cibini düşünürlər. Çoxları istəmir ki, uşaqları burada böyüsün. Onlar üçün Ermənistanda gələcək yoxdur.
Ümumiyyətlə, Ermənistan dəfələrlə dünyanın əksər reytinq agentliklərində və sorğu jurnallarında dünyanın ən zəif iqtisadiyyata malik və korrupsiyalaşmış, despotizmin hökm sürdüyü ölkələr siyahısına daxil edilib. Sadəcə, erməni diasporunun, güclü lobbinin hesabına Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yubadılır və Qərbin üst qurumlarında çalışan bəzi ictimai və siyasi xadimlər ermənilərin məzlum obrazına və xərclədikləri pullara aldanaraq Ermənistan hakimiyyəti barədə qəti qərar verməkdə çətinlik çəkir, ikili standart siyasət sərgiləyirlər. Ermənistan iqtisadiyyatının bu vəziyyətə düşməsinin səbəbini beynəlxalq qurumlar belə izah edir ki, iqtisadiyyatın inhisarlaşması, monoetnik siyasət, inteqrasiyadan məhrumluq bu sahəyə də təsirsiz ötüşmür.
Parisdə güclü erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalında jurnalist Sara Xocayanın məqaləsində Ermənistan əhalisinin sayının ölkədəki sosial-iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar kəskin şəkildə azaldığı qeyd olunur. Demoqrafiya üzrə mütəxəssis Ruben Akopyan əhalinin sayının azalmasını 1990-cı ildə ölkədə az uşaq doğulması ilə əlaqələndirməyə cəhd göstərmişdir. Əslində, ölkə iqtisadiyyatının tənəzzülü, işsizlik problemi, məmurların korrupsiyaya qurşanması və əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması demoqrafik vəziyyətin pisləşməsinin əsas göstəriciləridir.
Ölkədəki sosial vəziyyət ailələrdə uşaqların sayının azalmasına təsir göstərən başlıca amildir. Erməni ailələri bir və ya iki uşağın dünyaya gəlməsinə üstünlük verirlər. Çünki çoxuşaqlı ailələrdə daha artıq dolanışıq xərcləri tələb olunur. Hələ 2011-ci ildə ölkədə aparılan siyahıyaalmadan da aydın olmuşdu ki, qadınların 12 faizi bir uşaq, 29 faizi iki, 20 faizi üç uşaq dünyaya gətirmişdir. Sözsüz ki, bunlar rəsmi rəqəmlər olduğu üçün vəziyyətin bundan qat-qat pis olması da qaçılmazdır.
Demoqrafik məlumatlara görə, hazırda ölkədə doğum halları həddindən artıq aşağıdır. Hökumət bunun qarşısını almaq üçün yeni uşaq doğulan ailələrə cüzi miqdarda vəsait ayırır. Bu vəsaitlə isə uşaq saxlamaq qeyri-mümkündür. Bütün bunlar Ermənistandakı dərin iqtisadi böhranın ölkəni tənəzzülə apardığından xəbər verir. Ermənistanın bütün sahələrdə son durumu ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Zaur Vəliyevin “Ermənistan iqtisadiyyatının təhlili” mövzusunda hazırladığı hesabatda ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Ermənistanda 2009-cu ildə dünya maliyyə və iqtisadi böhranının nəticələri kifayət qədər təsirli olmuş, ümumi daxili məhsul (ÜDM) real ifadədə 14,1 faiz, nominal ifadədə 3 milyard ABŞ dolları həcmində azalmışdır. Ölkə iqtisadiyyatına qoyulan investisiyanın ÜDM-ə faiz nisbəti 2008-ci ildəki 40,8 faizdən 2009-cu ildə 34,7 faizə qədər düşmüş və sonrakı illərdə azalma davamlı xarakter daşımış, dramın devalvasiyası baş vermişdir. 2010-cu ildə ÜDM-in artım tempi 2,2 faiz, 2011-ci ildə 4,7 faiz, 2012-ci ildə 7,2 faiz təşkil etmişdir. Beləliklə, Ermənistan iqtisadiyyatı yalnız 2012-ci ilin sonunda böhrandan əvvəlki səviyyəsini çətinliklə bərpa etmişdir.
Bu gün paytaxt Yerevanda 1 milyon 127 min nəfərin qeydiyyatda olması da, əslində, mənzərənin onlar üçün necə acınacaqlı hal aldığını göstərir. Təsadüfi deyil ki, Ermənistanın düşdüyü bu acınacaqlı durumu işğalçı ölkənin birinci şəxsi də etiraf etmişdir. Serj Sarkisyan jurnalistlərlə söhbətində ölkəsinin ciddi miqrasiya problemləri ilə üz-üzə qaldığını vurğulamışdı. O bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi və erməni diasporunun Ermənistandakı erməniləri cəlb etməsi ölkədə vəziyyəti pisləşdirir: “Məsələ ondadır ki, biz az olduğumuza görə miqrasiya problemləri Ermənitana ikiqat pis təsir edir. Diaspor və Qarabağ münaqişəsi isə Ermənistanı tərk etmək üçün əlavə stimullar yaradır. Maqnit kimi hamını özünə cəlb edən erməni diasporunun mövcudluğu köçün sürətlənməsinə stimul verir. Əgər ölkəni tərk edənlərdən hara getdiyini soruşsanız, onların Moskvada dostları və qohumları ilə biznes yaratdığını eşidəcəksiniz. Digər tərəfdən, bizdə başa çatmayan müharibə var. Təhlükəsizlik problemləri səbəbindən valideynlər həyəcan keçirirlər”. Əlbəttə, bu cür etirafların hələ çox olacağı gözlənilir. Çünki, bunun birbaşa səbəbkarı məhz Sarkisyanın özü və yaxın ətrafının cəmləşdiyi Ermənistan iqtidarıdır.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.