Jurnalistin qanunsuz əməlləri: “beşinci kolon” və milli dövlətçilik

Xədicə İsmayılovanın konkret cinayət əməlinə görə həbsindən sonra Qərbin müəyyən dairələri hay-küy qaldırdı. Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri kimi qiymətləndirilə bilən həmin addımların bir nəticə verməyəcəyi aydındır. Lakin təcrübə göstərir ki, belə halların arxasında müstəqilliyə və dövlətçiliyə zərər verə biləcək məqamlar durur.

Postsovet məkanı ölkələrinin bəzilərində müşahidə edilən ixtilaflar, daxili çəkişmələr və geosiyasi çətinliklər təsadüfdən yaranmayıb. Hər bir ölkənin özünümüdafiə və daxili sabitliyi qorumaq hüququ vardır. Bu baxımdan demokratiya və insan haqlarından ehtiyatla danışmaq gərəkdir. Eyni zamanda, belə terminlərdən öz maraqları naminə istifadə edib, “idarə olunan xaos” yaradan dairələrin də olduğu məlumdur. Ortada ciddi faktlar vardır.

Həqiqət və məsuliyyət: vətəndaş Vətənə qarşı çıxanda

Qərbin müəyyən dairələrinin Xədicə İsmayılovanın həbsindən “narahatlıq” keçirmələri təəccüblü deyil. Onları, təbii ki, insanın taleyi yox, özlərinin planlarının puça çıxması qayğılandırır. Məsələnin mahiyyəti ilə bağlı KİV kifayət qədər məlumatlar yayıb. Rəsmi münasibət də bildirilib.

X.İsmayılovanın vətəndaşı olduğu ölkəyə qarşı aparılan informasiya savaşında antiazərbaycan mövqe tutduğu göz önündədir. Üstəlik, o, başqaları ilə müqayisədə daha çox fəallıq göstərib. Burada yalan informasiyalardan tutmuş cəmiyyətdə tanınan adamlara qarşı qərəzli münasibət də özünü göstərib. Bir sıra hallarda X.İsmayılova təhqiramiz məzmunlu yalanları da efirdən səsləndirib.

Davamlı olaraq saxtalaşmış informasiyalar təqdim etmək təhlükəli bir haldır. Təcrübə göstərir ki, belə əməllər xaricdə hazırlanmış xüsusi texnologiyalar vasitəsilə həyata keçirilir. Yəni burada hansısa təsadüfdən, yaxud kiminsə azadfikirliliyindən söhbət gedə bilməz. Hələ keçən əsrin sonlarından Qərbin müxtəlif xüsusi xidmət orqanlarının göstərişini yerinə yetirən Cin Şarp adlı şəxs bir neçə regionda bu istiqamətdə fəaliyyət göstərib. O, əvvəlcə Baltikyanı ölkələrdə öz informasiya texnologiyasını işə salıb, sonra isə daha geniş məkanda müəyyən proqramlar həyata keçirməyə başlayıb. Vəziyyət o yerə çatmışdı ki, dünyanın bir sıra ölkəsində C.Şarpın ideyalarını müxalifətçilərə aşılayırdılar. Məsələn, Qahirədəki Beynəlxalq Qeyri-Zorakılıq Münaqişələr Mərkəzi bununla bağlı müxtəlif ölkələrdən olan adamların iştirakı ilə treninqlər təşkil edirdi.

Qərbin xüsusi xidmət orqanları bu təcrübəni postsovet məkanında daha geniş yaymağa, demokratiya, söz azadlığı, azadfikirlilik, plüralizm və s. adı altında gənclərin beyninə özlərinə lazım olan informasiyaları yeritməyə başladılar. Reallıqda isə həmin insanlar öz hakimiyyətlərinə, cəmiyyətə, xalqa düşmən əhval-ruhiyyədə tərbiyə olunurlar. Əsas vəzifələri yaşadıqları ölkədə sosial-ictimai vəziyyəti qarışdırmaq, qruplar arasına nifaq salmaq, vətəndaşlarda yerli hakimiyyət orqanlarına etibarı azaltmaq olub.

Belə taktiki fəaliyyət “rəngli inqilablar” adlanan hadisəni meydana gətirdi. Ad təsadüfi seçilməyib. Müəyyən cəlbedicilik effekti yaratmaqla, cəmiyyəti dağıtmağı “rəngli yeniləşmə” kimi təqdim edir, beləliklə də sadə insanların rəğbətini qazanmağa çalışırlar. Keçmiş sovet respublikalarından bu informasiya tələsinə düşənlərin aqibəti həmin tezisin doğruluğunu təsdiq edir.

Şübhəsiz ki, öz məqsədlərinə çatmaq üçün xarici dairələr konkret ölkələrdə yaxşı təşkil olunmuş şəbəkə yaratmalı idi. Həmin kontekstdə “beşinci kolon” deyilən və pərdələnmiş dağıdıcı fəaliyyətlə məşğul olan qruplar formalaşdırılırdı. Onu daha çox qeyri-hökumət təşkilatları vasitəsi ilə reallaşdırmağa cəhd edirlər. Burada informasiya fəaliyyəti ilə müəyyən etiraz aksiyalarının təşkili, təbliğat və təşviqat sintez halına gətirilib.

Məqsədli planlar: ədalətin ikili meyarı?

Məsələnin digər tərəfi Qərbdə bu kimi fəaliyyətlərin rəsmi olaraq dəstəklənməsinə bağlıdır. Məhz bu səbəbdəndir ki, ABŞ Dövlət Departamenti özünə lazım olan adamların hüquqlarının pozulması adı altında müxtəlif ölkələrə qarşı qərəzli təzyiqlər etməyə çalışır. X.İsmayılova hadisəsi də istisna olmadı. Bundan başqa, “Human Rights Watch”, “Amnesty International” və digər təşkilatlar da bu məsələdə Azərbaycanı ittiham etməkdən çəkinməyiblər. Onlar özlərini həqiqət carçısı və insan hüquqlarının müdafiəçisi kimi təqdim edirlər. Lakin gerçəklik ondan ibarətdir ki, bir sıra ölkələrdə baş verən hüquq pozuntularına reaksiya verilmir. Məsələn, Ermənistanda küçələrdə polisin zorakılığına məruz qalan, hətta silahla vurulub öldürülən insanlarla bağlı Qərbdən ciddi reaksiya gəlmədi, rəsmi İrəvana qarşı ittiham irəli sürülmədi, qarşısında konkret tələblər qoyulmadı.

Amerikanın özündə insan haqlarının pozulmasına, irqi ayrı-seçkilik, dözümsüzlük meyillərinin artmasına Dövlət Departamenti kəskin münasibət bildirmir. Fergüsonda qaradərili gənc polis tərəfindən qətlə yetirildi. Bundan ağır nə ola bilər? Polisin hərəkətlərinə etirazlarını bildirən dinc nümayişçilərə qarşı tətbiq olunan zorakılığın üstündən sükutla keçildi.

Əslində, X.İsmayılova ilə bağlı yaranmış vəziyyət konkret cinayət əməlinə görədir. KİV-də yayılan məlumatlardan görünür ki, o, bir gəncin həyatı ilə oynayıb, onu təhdid edib. Təfərrüatlara varmadan qeyd edək ki, qanuna hörmət edilən istənilən ölkədə belə bir məsələ ilə hüquq-mühafizə orqanları maraqlanmalı idi. Bu zaman cinayət törədən adamın hansı peşə sahibi olmasının əhəmiyyəti yoxdur.

X.İsmayılova bir insanın öz həyatına qəsd etməsinə səbəb olursa, burada jurnalist olmağın hansı üstünlüyü var? Təbii ki, heç bir. Üstəlik, jurnalist kimi onun fəaliyyəti vətəndaşı olduğu dövlətin təhlükəsizliyinə ziyan vurub. Kənardan sifarişlə informasiya yaymağa haqq qazandırmaq olmaz. Burada bir faktoru da diqqətdən kənarda qoymaq olmaz. Məsələ bundadır ki, məhz X.İsmayılova amilindən istifadə etməklə Qərbdə antiazərbaycan kampaniyası təşkil etməyə cəhd edilir. “The Guardian”, “Euronews”, “France 24”, “Amerikanın səsi” və bir sıra KİV orqanları hay-həşir salırlar. Onlar baş verənlərin real məzmununu gizlədir, Azərbaycan hakimiyyətini ittiham edən tonda reallığı təhrif edən informasiyalar yayırlar. Bəzi beynəlxalq təşkilatlar verdikləri bəyanatları ilə də aranı qızışdırmağa çalışırlar. Ermənistan KİV-i bundan canfəşanlıqla Azərbaycana qara yaxmaq üçün istifadə etməyə cəhdlər göstərir.

Bu zaman bu “həqiqət carçılarının” heç biri 2007-ci ildə bloger C.Volfun ABŞ-da niyə 226 gün həbsə atıldığını xatırlamır, Amerikada “The Associated Press” agentliyinin telefon danışıqlarının dinlənilməsini yada salmır, dinc etiraz aksiyalarını qeydə alan jurnalistlərə qarşı polisin zorakılıq tətbiq etməsinə reaksiya vermirlər.

Məqsəd aydındır - Azərbaycanda X.İsmayılovanın işinin istintaqı prosesinə təzyiq etmək və bunun fonunda ölkə haqqında yalan informasiyalar yaymaq. Belə davranışın kökündə isə bir məqam durur ki, bu da Azərbaycanı müstəqil siyasət kursundan yayındırmaqdır. C.Şarp kimilər də elə məhz bu niyyətlə ortaya atılmış adamlardır. Onları nə real demokratiya, nə ədalət, nə də insan haqları maraqlandırır. Sadəcə, bu anlayışlardan istifadə edərək əmrlərə tabe olmayan yeni müstəqil dövlətləri cəzalandırmağa çalışırlar.

Bütün bunlar onu göstərir ki, X.İsmayılova məsələsində indi süni ajiotaj yaradan bir sıra təşkilatlar və müəyyən dairələr həqiqət axtarışında deyillər. Onlar növbəti dəfə “insan haqları”, “siyasi məhbus” və s. kimi ifadələrdən bəhrələnərək, Azərbaycanın həyata keçirdiyi müstəqil daxili və xarici siyasətə əngəllər yaratmağa cəhd edirlər.

Təcrübə göstərir ki, Bakı bu kimi təzyiqlərə boyun əymir. Xaricdə kimlərsə nə isə düşünə bilər. Ancaq müstəqil Azərbaycan öz seçimini edib. Bu yoldan onu çəkindirməyə çalışmaq mənasız işdir.

Digər tərəfdən, X.İsmayılova ilə bağlı baş verənlər “beşinci kolon”un nə qədər təhlükəli olduğunu nümayiş etdirir. Xarici dövlətlər öz maraqları naminə dövlətçiliyə və xalqa qarşı üsyan edən qruplar yaratmaq planlarından əl çəkməyiblər. Bunun üçün onlar külli miqdarda vəsait də xərcləyirlər. Burada fəallıq yalnız hakimiyyətin üzərinə düşməməlidir. Vətəndaşlar, cəmiyyətlər, QHT-lər də mübarizə aparmalıdırlar. Dövlətin və cəmiyyətin maraqları hər şeydən üstün tutulmalıdır. Əks-halda, bir sıra ölkələrdə müşahidə edilən ixtilaflar buralara da ayaq aça bilər. Amma Azərbaycan xalqının buna imkan verməyəcəyinə də inanırıq.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında