Sabunçu
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının binasında ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatları Qalib Salahzadə, Eldar Quliyev, YAP rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Milli Təhlükəsizlik Nazirliyi Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev və “Neftqazmaş” ASC-nin sədri Vahid Hacıyev çıxış edərək ulu öndərin həyat və fəaliyyətindən söhbət açıblar.
Rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev çıxışında bildirib ki, Heydər Əliyevin parlaq zəkası, müdrikliyi sayəsində xalqımız öz milli-mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoyub. Tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan ümummilli lider olduqca mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri həll edərək Azərbaycana regionda və dünyada layiqli yer qazandırıb.
İstər respublikaya rəhbərliyinin birinci dövründə, istərsə də müstəqillik illərində dahi öndərin ürəyi müstəqilliyimizin möhkəmlənməsi, xalqımızın xoşbəxtliyi üçün çırpınıb. Ümummilli lider Azərbaycanın ən çətin anlarında üzərinə düşən xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirib, bu yolda heyrətamiz fədakarlıqlar göstərib, xalqımızı müdhiş bəlalardan hifz edib.
Natiq vurğulayıb ki, ulu öndər fitri istedadı və zəngin təcrübəsi hesabına hadisələrin gedişini qabaqcadan görür, mühüm önəm daşıyan tarixi qərarlar qəbul edir və bu zaman əsl vətənpərvər mövqeyində dayanırdı.
Başçı çıxışında, həmçinin xatırladıb ki, Heydər Əliyev zəngin və çoxəsrlik Azərbaycan tarixində dövlət başçısı və Prezident kimi müstəsna yer tutub. Dahi şəxsiyyətin fəaliyyəti əhəmiyyəti və dəyəri baxımından ölkəmizin hüdudlarını aşaraq, dünyada gedən qlobal proseslərə öz təsirini göstərirdi.
Heydər Əliyev həm də zəmanəsinin böyük mütəfəkkiri və filosofu olaraq azərbaycançılıq fəlsəfəsini formalaşdırır və inkişaf etdirirdi. Məhz bu fəlsəfə ölkəmizin müasir dünyada xüsusi yerini müəyyənləşdirib, milli dövlətçiliyimizin təməl prinsiplərini təşkil edib.
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxışında vurğulayıb ki, Azərbaycanın onilliklər ərzində qazandığı nailiyyətlər ümummilli liderin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə istər keçmiş sovetlər dönəmində, istərsə də müstəqillik illərində ölkəmiz böyük inkişaf və tərəqqi yolu keçib. 1970-1980-ci illərdə respublikamızın bütün həyatında baş verən tərəqqi güclü lider, bacarıqlı dövlət rəhbəri Heydər Əliyevin tükənməz fəaliyyəti sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyev davamlı inkişaf strategiyasını 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra daha əsaslı surətdə həyata keçirməyə başlayıb.
Natiq xatırladıb ki, ümummilli liderin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi yenicə müstəqillik əldə etmiş Azərbaycanı bir dövlət kimi dağılmaqdan qorudu. 90-cı illərin əvvəllərində baş verən separatçılıq, etnik parçalanma meyillərinin ölkənin varlığı üçün yaratdığı real təhlükə yalnız ulu öndər Heydər Əliyevin qətiyyətlə həyata keçirdiyi azərbaycançılıq ideologiyası sayəsində dəf olundu.
Tədbirdə çıxış edən digər natiqlər də diqqətə çatdırıblar ki, bu gün hər birimizin taleyində dahi müasirimiz olan Heydər Əliyev dühasinin bir zərrəsi var. Onun həyatı və fəaliyyəti, şəxsiyyəti tariximizin ayrılmaz bir hissəsini təşkil edir. Heydər Əliyev elə zəngin irs qoyub ki, ondan hələ neçə-neçə nəsillər bəhrələnəcək. Azərbaycan tarixində dərin, pozulmaz izlər qoymuş Heydər Əliyevin əziz və parlaq xatirəsi qədirbilən xalqımızın qəlbindən hec vaxt silinməyəcək. Onun qurduğu Azərbaycan əbədi yaşayacaq.
Sonda rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev yekun sözü ilə çıxış edərək bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə güclü dövlət, səmərəli iqtisadiyyat, azad cəmiyyət strategiyası tədricən ölkənin həyatını inkişafa doğru dəyişdi. Xalqın sosial rifahını yaxşılaşdırmaq üçün ulu öndərin böyük səyi nəticəsində “Əsrin müqaviləsi”nə imza atıldı.
Başçı vurğulayıb ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan xalqının tarixinin tədqiqinə, onun ictimai-sosial fikrinin öyrənilməsinə, xalqın mədəni, mənəvi irsinin qorunmasına və gənc nəsillərin bədii təfəkkürünün formalaşması problemlərinə xüsusi diqqət və qayğı göstərib. Bunlarla yanaşı, ulu öndər dünyada gedən prosesləri və müasir dövrün tələblərini nəzərə alaraq cəmiyyətin, dövlətin və ictimai münasibətlərin demokratikləşdirilməsi problemlərinə xüsusi əhəmiyyət verib.
Sumqayıt
Hər yerdə olduğu kimi, Sumqayıtda da ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətləri daim yüksək dəyərləndirilir, əziz xatirəsi böyük ehtiramla anılır.
Dekabrın 12-də ulu öndərin anım günü ilə əlaqədar sumqayıtlılar elliklə Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gəldilər. Mərasimi həzin musiqi sədaları müşayiət edirdi. Tədbiirdə əbədiyaşar dahi şəxsiyyətin nəsillərə örnək həyat yolu, onun şah əsəri sayılan müstəqil Azərbaycanın möhtəşəm nailiyyətləri xatırlandı, Prezident İlham Əliyevin ulu öndər haqqında söylədiyi fikirlər səsləndirildi.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ümummilli liderin möhtəşəm abidəsinin qarşısına gələrək dünya şöhrətli siyasətçinin əziz xatirəsinə baş əydi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ardınca hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının kollektivləri abidəni ziyarət etdilər, önünə gül dəstələri düzdülər. Ardı-arası kəsilməyən izdiham, böyük qələbəlik ulu öndərin ruhuna əbədi ehtiramın parlaq nümayişi kimi könülləri riqqətə gətirdi.
Ürək sözlərini dinlədiyimiz şəhər sakinləri hədsiz minnətdarlıq duyğuları ilə xatırladılar ki, Sumqayıt məhz 70-ci illərdən başlayaraq ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində dünyada tanınan şəhərə çevrilib. Həmin dövrdə ikinci bir şəhər tapılmazdı ki, Sumqayıt kimi inkişaf etsin, boz çöllər sürətlə yaşayış massivlərinə dönsün. Ümummilli lider tez-tez Sumqayıta gələr, burada aparılan quruculuq işləri ilə şəxsən maraqlanar, ictimaiyyət nümayəndələrini dinləyər, onlara öz dəyərli tövsiyələrini verərdi. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər həmin illərdə də sumqayıtlılardan rəhbər qayğısını əsirgəməzdi. 16 dəfə Sumqayıta səfər edən Heydər Əliyevin bu şəhərə hər gəlişi əsl bayrama çevrilərdi. Müsahiblərimiz həmçinin vurğuladılar ki, indi də Azərbaycan Prezidenti cənab İlham Əliyev ənənəni layiqincə davam etdirərək Sumqayıta, onun sakinlərinə xüsusi münasibət bəsləyir, şəhərin tərəqqisinə gündəlik qayğı göstərir. Bunun sayəsində şəhər durmadan inkişaf edir, günbəgün gözəlləşir.
Anım günü tədbirləri çərçivəsində Sumqayıtda əhalinin aztəminatlı təbəqəsinə və məcburi köçkünlərə ehsan verilmişdir.
Tərtər
Ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının 11-ci ildönümü münasibətilə Tərtər rayonunda da silsilə tədbirlər keçirilmişdir. Ülu öndərin anım günüdə ümumrayon toplantısının iştirakçıları əvvəlcə dahi rəhbərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, heykəlin önünə əklillər və gül dəstələri qoymuşlar. Mərasimə toplaşanlar sonra Heydər Əliyev Mərkəzində təşkil edilmiş sərgi ilə tanış olmuşlar. Tədbir “Dəyirmi masa” arxasında davam etmişdir. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirmişdir ki, Azərbaycan tarixinin taleyüklü hadisələrlə zəngin olan 35 ilə yaxın bir dövrü dünya şöhrətli dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün ömrünü xalqımızın xoşbəxtliyinə həsr etmiş ulu öndərin ölməz xatirəsi daim hər bir soydaşımızın qəlbində yaşayır, hamımızı Vətənə onun kimi xidmət etməyə səsləyir. Azərbaycan dövlətinin memarı Heydər Əliyevin əsasını qoyduğu siyasəti bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayan rayon rəhbəri daha sonra demişdir ki, Heydər Əliyevin irsi elə böyük xəzinədir ki, biz ondan xalqımızın tərəqqisi və rifahı naminə qədərincə bəhrələnməliyik. Müstəqil Azərbaycan dövləti durduqca Heydər Əliyev ideyaları və əməlləri də yaşayacaq və qalib gələcəkdir. Mərasimdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.
Zaqatala
Zaqatala rayonunda Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin adını daşıyan parka gələrək ulu öndərin abidəsini ziyarət etmiş, abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini dərin ehtiramla yad etmişlər. Sonra Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə elmi praktiki konfrans keçirilmişdir.
Zaqatala rayon fəallarının iştirak etdikləri tədbirdə dövlət himni səsləndirilmiş və ulu öndərə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Konfransda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin “Unudulmaz dahi - Sönməyən zəka” mövzusunda geniş məruzəsi dinlənilmişdir. Məruzədə rayon icra hakimiyyətinin rəhbəri müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, dahi rəhbər, sadə insan, Türk dünyasının böyük oğlu, Beynəlxalq Atatürk Sülh Mükafatı laureatı, Heydər Əliyevin müstəqil Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat vermişdir. Daha sonra natiq şərəfli və mənalı ömür yolunun 40 ilini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr etmiş ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratdığını, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazandığını xüsusi vurğulamışdır. Rayon rəhbəri ümummilli liderimiz Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, klassik və çağdaş mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu fenomen şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, çətin məqamlarda yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdən olduğunu qeyd etmişdir. Ulu öndər, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını xüsusi vurğulamışdır.
Konfransda çıxış edən digər natiqlər ulu öndərin xalqımız qarşısındakı əvəzsiz və misilsiz xidmətlərini bir daha xatırladıb, onun zəngin həyat yolu və çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunmuşlar.
Sonra məktəblilərin ifasında ulu öndərə həsr olunmuş kompozisiya nümayiş etdirilmişdir. Tədbir dahi şəxsiyyətə həsr olunmuş filmin nümayişi ilə yekunlaşmışdır.
Balakən
Ölkəmizin hər yerində olduğu kimi, dünən Balakəndə də ulu öndər Heydər Əliyevin anım günü qeyd olundu. Anım tədbirində rayon icra hakimiyyəti aparatının işçiləri, hüquq- mühafizə orqanlarının əməkdaşları, idarə - müəssisə rəhbərləri və kollektivlər, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin rayon mədəniyyət və istirahət parkının yaxınlığındakı ən uca zirvədə ucaldılmış abidəsi önünə əklil və gül-çiçək dəstələri qoymaqla onun xatirəsini dərin ehtiramla yad etdilər. Sonra anım tədbiri rayon mədəniyyət mərkəzində davam etdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev ulu öndər, Azərbaycanın müstəqilliyi uğrunda yorulmadan mübarizə aparan dahi rəhbər Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məruzə ilə çıxış etmişdir.
Tədbirdə vaxtı ilə ulu öndər Heydər Əliyevlə görüşmüş tibb bacısı Turanə Məmmədova həmin görüşdən söhbət açaraq öz təəssüratlarını danışmışdır. Sonda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.
İsmayıllı
Azərbaycan tarixinin Heydər Əliyev mərhələsində yeni bir tarix yaratmış, ölkənin müstəqilliyinə əbədilik xarakteri vermiş, ümummilli liderin anım gününə həsr olunmuş tədbirlər miqyas genişliyi, forma zənginliyi, məzmun dərinliyi ilə yaddaşlara həkk olunmuşdur. Rayon mərkəzi xəstəxanasında, Humanitar və Texnologiya Kollecində, “Azərpoçt” müəssisəsinin rayon filialında, rayon təhsil şöbəsində, Heydər Əliyev Mərkəzində, bütün tam orta məktəblərdə anım gününə həsr olunmuş tədbirlərdə iştirakçılara bir daha ulu öndərin nəsillərə örnək olan həyatı ilə bağlı ətraflı məlumat verilmişdir. Rayon gənclər və idman idarəsi tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri və cüdo yarışı təşkil edilmiş, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa arxasında söhbət keçirilmişdir.
Səhər saatlarından başlayaraq ulu öndərin sevdiyi, ona həsr olunmuş mahnı və şeirlər səslənmiş, bütün şəhər sakinləri ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, böyük xilaskarın müqəddəs ruhunu ehtiramla yad etmişlər.
Anım mərasiminin bu mərhələsindən sonra Heydər Əliyev Mərkəzində “Heydər Əliyev idarəetmə məktəbi”nin 120 nəfər dinləyicisinin iştirakı ilə “Heydər Əliyev tarixi və fenomen şəxsiyyətdir” mövzusunda konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova açmışdır. Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra ulu öndərin Azərbaycana rəhbərliyinin ikinci mərhələsinə həsr olunmuş filmə baxılmışdır.
Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dahi rəhbər Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məruzə ilə çıxış etmişdir.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov, şəhər 3 və 5 saylı tam orta məktəblərin müəllimləri Vasif Cabbarov, Elnarə Muradəliyeva, Ruşan kənd tam orta məktəbinin direktoru Rəna Məmmədova Heydər Əliyev siyasətinin müxtəlif istiqamətləri barədə çıxış etmişlər.
Onlar ümumilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışlar.
Günün ikinci yarısında şəhərin müxtəlif məhəllələrində inşa edilmiş xeyir-şər evlərində ağsaqqalların və ziyalıların iştirakı ilə süfrə arxasında toplantı keçirilmiş, Heydər Əliyevə həsr olunmuş filmlər nümayiş etdirilmiş, çıxışlar dinlənilmişdir.
Mingəçevir
Dünən respublikamızın hər yerində olduğu kimi, Mingəçevirdə də xalqımızın ümummilli lideri, çoxəsirlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günü keçirilmişdir. Bu münasibətlə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində əvvəlcə tədbir iştirakçıları ulu öndərin büstü önünə tər çiçək dəstələri qoyaraq onun xatirəsini dərin ehtiramla yad etdilər. Daha sonra mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbir dəyirmi masa ətrafında davam etdirilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədbirdə çıxış edərək bildirib ki, istər 1969-82 ci illərdə, istərsə də 1993-2000-ci illərdə Mingəçevir bütün sahələrdə özünün inkişaf dövrünü yaşayıb: “Məhz bu zamanlarda yüzlərlə yaşayış binaları, sənaye müəssisələri, elm, təhsil və səhiyyə ocaqları istifadəyə verilib. 1981-ci ildə ümummilli liderimizin gərgin zəhməti sayəsində Azərbaycan Dövlət Rayon Elektirik Stansiyasının istismara buraxılması müstəqil respublikamızın milli energetikasına böyük töhvə olub”. Şəhər rəhbəri qeyd edib ki, bu gün Mingəçevirdə infrastruktur layihələrin həyata keçirilməsi, sosial problemlərin həlli ulu öndərin uzaqgörən siyasətinin bəhrələridir.
Heydər Əliyevsiz keçən 11 ilin həm də xalqımız üçün sınaq olduğunu qeyd edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov ümummilli liderin siyasi kursunu uğurla və yaradıcı şəkildə davam etdirdiyinə görə Prezident İlham Əliyevə mingəçevirlilər adından minnətdarlıq edib.
Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri də çıxış edərək ümummilli liderin həyat və fəaliyyəti haqqında geniş məlumat veriblər.
M. MÜKƏRRƏMOĞLU,
Əli NƏCƏFXANLI,
Ziyəddin SULTANOV,
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.