Böyük alman filosofu Tomas deyirdi ki, Yer üzündə elə oğullar var ki, xalqlar onun şöhrəti arxasında gizlənib. Məhz belə oğullar öz xalqı, dövləti uğrunda mübarizə apararaq onun gələcəyini müəyyənləşdirir. Dünyada sayı çox olmayan belə oğullardan biri də ulu öndər Heydər Əliyevdir. Allah məhz onu Azərbaycan xalqına Xilaskar kimi bəxş etmişdir.
Müstəqillik, azadlıq hər bir xalqın var olması üçün əhəmiyyətli bir amildir. Azadlıq istər fərd olaraq hər bir vətəndaş üçün, istərsə də bütöv xalq – millət üçün müqəddəs, əvəzolunmaz nemətdir. Milli kimliyini əbədi etmək istəyən xalqlar tarix boyu müstəqillik uğrunda mübarizə aparmışlar.
Cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Respublikası 1920-ci il aprelin 27-də süqut etdi. Və tarix göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq, yaşatmaq onu qazanmaqdan qat-qat çətindir. Bəli, bu gün biz müstəqil Azərbaycan Respublikasının azad vətəndaşlarıyıq. Bu xoşbəxtliyi bizə bəxş edən ulu öndər Heydər Əliyevə əbədi minnətdarıq. Qədirbilən xalqımız ümummilli liderin bu tarixi xidmətini yüksək qiymətləndirir və onu heç vaxt unutmayacaqdır.
Azadlıq Allahıtək
əyləşib öz yerində,
Yerin, göyün nuru var
Peyğəmbər gözlərində
Sadəliyi nur saçır,
əzəməti dərində
Gedir polad çiyində Kəpəz,
Qoşqar boyda yük
Dədə Heydər – Atatürk!
Müstəqillik əldə etdikdən sonra ən mühüm və çətin iş dövlət quruculuğunun həyata keçirilməsidir. Ümummilli lider bunu nəzərə alaraq dövlət quruculuğu prosesinə ilk addım kimi, yeni Konstitusiyanın qəbul edilməsindən başladı. Müstəqil Azərbaycanın milli və bəşəri dəyərlərə söykənən, beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilən, ölkənin demokratik inkişafı yolunu müəyyənləşdirən əsas qanunu qəbul olundu. Ölkədə sabitlik bərpa edildi, qanunçuluq möhkəmləndirildi. Torpaq islahatları, sosial-iqtisadi sahədə digər islahatlar həyata keçirildi.
Ulu öndərin diqqətindən heç bir sahə kənarda qalmırdı. Həyatın elə bir sahəsi yoxdur ki, bu dahi insan orada öz imzasını qoymasın. Bu böyük şəxsiyyət siyasətdən tutmuş mədəniyyətə qədər, iqtisadiyyatdan tutmuş idmana qədər, elm-təhsildən səhiyyəyə qədər – bütün sahələrə diqqət və qayğı göstərməklə onların tərəqqisinə, çiçəklənməsinə nail oldu.
Ulu öndər azərbaycançılıq ideologiyasının yaradıcısı kimi xalqın həmrəylik, vətənpərvərlik hisılərini gücləndirməklə vahid məqsəd – güclü Azərbaycan dövləti yaratmaq uğrunda mübarizədə bütün qüvvələri birləşdirə bildi. Təkcə Azərbaycanda deyil, bütün dünyadakı azərbaycanlıların təşkilatlanmasına nail oldu.
Təsadüfi deyil ki, 2001, 2006, 2011-ci illərdə müstəqil Azərbaycanımızın paytaxtı Bakı şəhərində dünya azərbaycanlılarının qurultayları keçirildi.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyev bu siyasəti uğurla həyata keçirir. Xaricdəki Azərbaycan diasporuna diqqətin artırılması, Heydər Əliyev Fondunun yaradılması, onların fəaliyyətinin genişləndirilməsi və s. ümummilli liderin bu sahədəki siyasətinin məntiqi davamıdır.
Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışında Prezident İlham Əliyev bu barədə demişdir: “Bu ənənənin təməlini 2001-ci ildə ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə Bakıda ilk dəfə olaraq dünya azərbaycanlıları bir araya gəldilər.
...Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edilmişdir. Bu gün 31 dekabr bizim milli bayramımızdır.
Dünya miqyasında Azərbaycanın tanınması ulu öndərin əsas amallarından biri idi. O, müstəqil Azərbaycan dövlətçiliyinin inkişafına və möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasına, dövlət bayrağımızın ən yüksək zirvələrdə dalğalanmasına nail oldu. Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da bu sahədə mühüm addımlar atmaqla ölkəmizin xoş gələcəyinə öz layiqli töhfələrini verirlər.
Heydər Əliyevin Vətən, xalq qarşısındakı xidmətlərini saymaqla tükənməz. O, dahi siyasətçi kimi bir ölkənin, yaxud bir regionun çərçivəsinə sığışmır. Ulu öndər dünya miqyaslı siyasətçidir. Bu faktı dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri dəfələrlə etiraf etmişlər. Fransanın sabiq Prezidenti Jak Şirak Heydər Əliyevi belə qiymətləndirirdi: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır”.
Gürcüstanın sabiq Prezidenti E.Şevardnadze isə onun böyüklüyünü belə ifadə etmişdir: “İyirminci əsr liderlər əsridir. Əsrin lideri isə
Heydər Əliyevdir”.
Heydər Əliyev Azərbaycanda sabitlik, əmin-amanlıq yaratdı. Milli-mənəvi dəyərlərimizi yaşatdı. Böyük uğurlara imza atdı. Dünya Azərbaycana Heydər Əliyev zirvəsindən baxmağa başladı. Dünya mədəniyyətinə Nizamilər, Füzulilər, Şah İsmayıllar bəxş edən xalq Heydər Əliyev kimi dahini də yetirdi. Bu dahi XX əsr Azərbaycanın möhtəşəm bir tarixini yaratdı.
Bəli, Heydər Əliyev möhəşəm bir tarix yaratdı. Elə bir tarix ki, nə qədər bəşər var, nə qədər bu dünya var, nəsillər onu öyrənəcək, dərs alacaq.
Ulu öndər SSRİ adlı nəhəng dövlətin bel sütunu sayılan DTK orqanlarındakı fəaliyyətindən başlayaraq ölümün gözünə dik baxa-baxa haralardan keçmədi ?! Kremlin sərt və mürəkkəb siyasət meydanına qədər irəlilədi, ağır mübarizələrdən keçdi və sonda döyüş meydanından qalib çıxdı. Heydər Əliyev bu xidməti soyuq baş, isti ürək, təmiz əl prinsipi ilə həyata keçirirdi. O, öz ağlı, dərin zəkası, iti siyasəti ilə dünyanı heyrətdə qoydu.
Ulu öndər deyirdi: “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Biz də fəxr edirik ki, ulu öndərimizin əmanəti olan, onun ideyalarını yaşadan, inkişaf etdirən, gündən-günə müasirləşdirən Azərbaycanın, ən əsası güclü dövlətçilik təməli olan bir ölkənin vətəndaşıyıq.
Vətən və vətəndaşlıq! Dövlət və dövlətçilik! Azərbaycan və azərbaycançılıq! – Bunlar ən böyük amalımız olmalıdır. Gəlin unutmayaq ki, öz dövlətinə, Vətəninə və millətinə, öz bayrağına, himninə və Prezidentinə hörmətlə yanaşan, onu ürəkdən sevən, ona sadiq olan xalqlar tarixin sınağından hər zaman üzüağ, qalib çıxıblar.
Azərbaycan xalqı müdrik xalqdır, o, ən çətin vəziyyətdən alnıaçıq, üzüağ çıxıb. Ulu öndərimizin dediyi kimi, “ Azərbaycan xalqı dünyaya nümayiş etdirdi ki, o, yenilməzdir, qəhrəmandır... onun iradəsini sındırmaq mümkün deyil”.
Rasim MƏMMƏDOV,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin
birinci vitse-prezidenti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.