Heydər Əliyev irsi demokratik inkişafın təməl daşıdır

Böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri olan Heydər Əliyev tarix üçün çox zəngin irs qoyub getmişdir. Xalqımızın mənəvi sərvəti olan bu irsi araşdırdıqca bir daha əmin olursan ki, ötən əsrin 70-ci illərindən bəri respublikamızın hərtərəfli inkişafı prosesinə güclü təkan verərək onu daim yüksəliş yoluna çıxaran bu nəhəng şəxsiyyət həm də müasir Azərbaycan dövlətinin möhkəmlənməsində müstəsna rola malikdir.

Yaxın keçmişimizə və dövlətçilik ənənələrimizə nəzər yetirdikdə Azərbaycan xalqının XX əsr tarixinin ən parlaq səhifələrinin məhz ümummilli lider Heydər Əliyev fenomeni ilə bağlı olduğunu, bu zaman kəsiyində ölkəmizin keçdiyi böyük inkişaf yolunun ulu öndərin misilsiz xidmətlərinin nəticələri kimi çıxış etdiyini bir daha aydın müşahidə etmək olar.

Heydər Əliyev ölkəmizin milli maraqlarına və dövlət quruculuğu xəttinə əsaslanmış milli dövlətçilik konsepsiyasını irəli sürərkən tarixi ənənələrin və müasir inkişaf meyillərinin optimal vəhdətinə nail olmuş, respublikamızın dinamik inkişaf strategiyasının özülünü qoymuşdur. Ona görə bu gün biz əminliklə söyləyə bilirik ki, müstəqil Azərbaycanda modern,demokratik cəmiyyətin formalaşması məhz onun ideyalarının təcəssümüdür."Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi, dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin...Azərbaycan xalqının həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil, demokratik dövlət olacaq, həm də cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq" söyləməklə müstəqil dövlətimizin gələcək inkişaf perspektivini açıqlayan Heydər Əliyev ən dəyərli milli sərvət hesab olunan dövlət müstəqilliyinin əbədi, dönməz, sarsılmaz olduğuna böyük inamını ifadə etmişdir.

Tarixin ibrət dərsləri və əldə olunmuş nailiyyətlər göstərdi ki, müstəqilliyini yenicə əldə etmiş ölkə olaraq Azərbaycanda siyasi sabitliyin, dinamik sosial-iqtisadi inkişafın təmin olunmasının yeganə düzgün yolu məhz demokratiyanın həm elmi-nəzəri, həm də praktiki cəhətdən düzgün dərk olunmasından keçir. Digər tərəfdən, ötən əsrin 90-cı illərində hakimiyyətin təmərküzləşməsi ilə güclü və çevik idarəetmənin səmərəli tətbiqi nəticəsində xaosdan qurtularaq rəvan təkamül yoluna çıxış da strateji məqsədlərə çatmaq üçün mütərəqqi ictimai baza və möhkəm siyasi təməl rolunu oynamışdır. Məhz bunun nəticəsidir ki, artıq bu gün Azərbaycan cəmiyyətinin düşüncəsinə demokratiya anlayışı hərc-mərclik və anarxiya deyil, məhz məsuliyyət hissi ilə əhatə olunmuş azadlıq məfhumu kimi daxil ola bilib.

Göründüyü kimi, Azərbaycan demokratiya prinsiplərinin təşəkkül tapdığı indiki səviyyəyə heç də birdən-birə gəlib çatmayıb. Müstəqilliyin ilk illərində dərin siyasi və sosial-iqtisadi böhran keçirən ölkəmiz tarixin inkişaf tendensiyası fonunda tədricən demokratik inkişaf yoluna qədəm qoyub. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi milli və bəşəri dəyərlərə söykənən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində real addımlar atıldı,ölkənin gələcək demokratik inkişaf yolu müəyyənləşdi, insan hüquq və azadlıqlarının bərqərar olması üçün münbit ictimai-siyasi şərait yaradıldı, sahəvi qanunlar işlənib hazırlandı, qanunçuluq möhkəmləndirildi, hüquqi islahatlar həyata keçirildi. Ulu öndərin formalaşdırdığı azərbaycançılıq fəlsəfəsi milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün zəmin yaratdı. Son yüz ildə çox ciddi məsələ kimi özünü qabarıq göstərən milli dövlətçilik problemi Heydər Əliyevin gərgin və ardıcıl fəaliyyəti nəticəsində elmdən, nəzəriyyədən, fəlsəfədən əməli siyasət və praktiki həyat müstəvisinə keçirildi.

Məntiqlidir ki, vətəndaşların rifahının, hüquq və azadlıqlarının təmin edilməsi oturuşmuş siyasi sistemin mövcud olduğu, cəmiyyətin tələblərinə cavab verən ictimai-siyasi institutların tam formalaşdığı güclü dövlətdə mümkün ola bilər. Bunu nəzərə alan ulu öndər dövlət quruculuğunun əsasını təşkil edən ictimai-siyasi təsisatlanmaya da böyük diqqət ayırmışdır. Bu baxımdan, 1995-ci ildə ümumxalq səsverməsi ilə müstəqil Azərbaycan Respublikasının  ilk Konstitusiyasının qəbulunun ən önəmli cəhətlərindən biri Azərbaycanda demokratik dövlət və vətəndaş cəmiyyətinin qurulmasının əsas istiqamətlərinin müəyyən edilməsidir. Dövlətin idarə olunmasında hakimiyyət bölgüsünün Avropa təcrübəsinə uyğun həyata keçirilməsini özündə ehtiva edən Əsas Qanun hüquqi, demokratik dövlət quruculuğu işində mükəmməl bir sənəd rolunu oynayaraq, demokratik cəmiyyətin başlıca prinsip və meyarlarını müəyyən etmişdir. Bu, eyni zamanda, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin bərqərar olunmasında mühüm konseptual mənbə rolunu oynamışdır. Bununla bərabər, həmin il çoxpartiyalılıq əsasında seçilən ilk parlament mütərəqqi qanunların qəbul edilməsi ilə bağlı səmərəli fəaliyyəti ilə ölkədə həyata keçirilən demokratik islahatların hüquqi bazasını formalaşdırdı. Beləliklə, Konstitusiyanın qəbulu və demokratik əsasda formalaşan parlamentin mövcudluğu Azərbaycanda vətəndaşların siyasi azadlıqlarının təmin olunmasına imkan verdi.

Bütün fəaliyyəti boyunca humanizm prinsiplərini rəhbər tutan Heydər Əliyev ilk növbədə demokratik və sivil cəmiyyətin qurulmasının fundamental əsaslarından olan qanunun aliliyinin təmin edilməsinə daim xüsusi diqqət yetirmişdir. Bu baxımdan o, islahatların həyata keçirilməsi istiqamətində konkret addımlar atmış, imzaladığı hüquqi sənədlərlə vətəndaş cəmiyyətinin formalaşmasında mühüm nailiyyətlərin əldə olunmasını təmin etmişdir. Nəticədə hüquqi dövlətin ən mühüm prinsipi olan hüququn aliliyi və onun ilk növbədə təzahür tapdığı qanunun aliliyi baxımından dövlət-vətəndaş münasibətlərini sivil məcraya yönəltmək mümkün olmuşdur.

Hüquqi dövlətdən danışarkən insan hüquqlarının müdafiəsi və ədalət prinsipinə riayət  olunması baxımından hakimiyyətin qollarından biri kimi müstəqil məhkəmə sisteminin formalaşmasının vacibliyi önə çıxır.

Müstəqilliyimizin əvvəlində bu sahədə mövcud olan pərakəndəlik və hüquqi boşluqlar Heydər Əliyevin qətiyyətli  addımları sayəsində aradan qaldırılmış, məhkəmə sistemində həyata keçirilmiş islahatlar onun fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunması üçün münbit şərait yaratmışdır. Məhkəmə sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqi və iqtisadi potensialından səmərəli istifadə edilməsi sahəsində ölkə rəhbərliyi tərəfindən bu gün də səmərəli işlər görülməkdədir.

Müstəqillik dövründə insan hüquqları və azadlıqlarının təmini məqsədilə həyata keçirilən islahatların ən mühümü məhz yaşamaq hüququnun təmin edilməsi olmuşdur. Belə ki, 1993-cü ildə ölüm cəzasının tətbiqi məhdudlaşdırılmış və 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv edilmişdir.Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, seçki sistemi təkmilləşdirilmiş, mətbuat və söz azadlığının daha etibarlı müdafiəsi təmin olunmuşdur.Bu sıraya 1998-ci ildə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamın ruhuna uyğun olaraq və məhz bu cür ali və humanist mövqeyin qanunauyğun və məntiqi davamı, kimi ölkə rəhbərinin 2007-ci il tarixli sərəncamı ilə 18 iyunu Azərbaycanda İnsan Hüquqları Günü elan edilməsini aid etmək olar. Bundan  əlavə, hesab edirəm ki, 2011-ci ildə insan hüquqları sahəsində Milli Fəaliyyət Planının təsdiqlənməsi və 2002-ci və 2009-cu illərdə keçirilmiş ümumxalq səsverməsi - referendumlar insan və vətəndaş hüquq və azadlıqları istiqamətində qanunvericilik bazasının zənginləşdirilməsinə yönəlik siyasi ardıcıllığın dəyərli nümunələrindəndir.

Qanunun aliliyinin təmin olunması hüquqi və demokratik prinsiplərlə idarə olunan cəmiyyətin təşəkkül tapması, o cümlədən sosial-siyasi institutların normal fəaliyyəti və vətəndaş cəmiyyətinin inkişafı üçün də zəruri şərtdir. Ombudsman təsisatının yaradılması insan hüquqlarının müdafiəsi sahəsindəAzərbaycanda aparılan ardıcıl demokratik və hüquqi dəyişikliklərin vacibliyinin dəyərləndirilməsidir.Statistika göstərir ki, vətəndaş cəmiyyətinin ən vacib komponentlərindən olan və insan həyatının müxtəlif problemlərini araşdıran qeyri-hökumət təşkilatlarının sayı ilbəil artır. Bu gün respublikamızda belə QHT-lərin sayı 5 mini ötüb.

Ümummilli lider Heydər Əliyevin siyasi irsində demokratik dövlət quruculuğu məsələlərindən bəhs edərkən, şübhəsiz, siyasi sistemin inkişafına mühüm töhfələr verən proseslərə də ayrıca diqqət yetirmək lazımdır. Onun həyata keçirdiyi səmərəli daxili siyasətin əhəmiyyətli nəticələrindən biri də siyasi plüralizmin təmin olunmasıdır. Bu, özünü müxtəlif siyasi institutların, o cümlədən siyasi partiyaların fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasında daha çox büruzə verir. Bu gün Azərbaycanda siyasi plüralizm ən yüksək səviyyədə təmin edilib. Respublikada 55 siyasi partiya fəaliyyət göstərir, hazırda 10 partiya ölkə parlamentində təmsil olunur. Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi və bu məqsədlə ayrılan vəsaitin ilbəil artması onu göstərir ki, ölkə rəhbərliyi bu qurumların daha səmərəli fəaliyyəti üçün şəraitin yaradılmasında maraqlıdır.

Lakin, eyni zamanda, burada mühüm bir haşiyə çıxılmasına zərurət duyulur.Unutmaq olmaz ki, Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının ideya əsasları və milli maraqlara söykənən fəaliyyəti demokratik dövlət quruculuğuna töhfələr verən ən mühüm amillərdəndir. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən, həmçinin Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranmış bu partiya həmişə siyasi mübarizənin önündə gedərək demokratiya prinsiplərinə və sivil qaydalara sədaqət nümunəsi sərgiləmişdir. Elə ilk dövrdən YAP-ın əsas məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi dövlət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və o, fəaliyyətdə olduğu 20 ildən artıq bir zaman kəsiyində öz proqram məqsədlərinə uyğun şəkildə fəaliyyət göstərib. Azərbaycan bu gün məhz həmin prinsiplərə uyğun inkişaf edir. Yeni Azərbaycan Partiyası ölkədə ictimai-siyasi mühitin sağlamlaşmasının və əhalinin sosial rifah səviyyəsinin yüksəlişinin ideoloji əsasına çevrilərək, bu tarixi vəzifənin öhdəsindən layiqincə gəlmiş və əsl ümumxalq partiyası olduğunu sübut etmişdir.

Azərbaycanda siyasi plüralizmin təmin olunması və demokratik dəyərlərin təşəkkül tapması məqsədilə “dördüncü hakimiyyət” hesab olunan kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu ənənənin də əsasını məhz mətbuatın fəaliyyətinə daim həssaslıqla yanaşan, hətta siyasi yönümündən və mövqeyindən asılı olmayaraq, hər kəsə diqqət ayırmağı bacaran ümummilli lider Heydər Əliyev qoyub. Məhz onun səyi nəticəsində ötən əsrin sonlarında senzura ləğv olunub, söz və məlumat azadlığını məhdudlaşdıran suni maneələr aradan qaldırılıb, KİV haqqında Qanun qəbul olunub, müvafiq qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb. Bu siyasətin məntiqi davamı kimi yaradılmış Mətbuat Şurası artıq 10 ildən çoxdur ki, medianın dövlət və cəmiyyətlə qarşılıqlı münasibətlərinin müasir beynəlxalq səviyyəyə uyğun nizamlanmasında əhəmiyyətli fəaliyyət göstərməkdədir.

Cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması da məhz bu istiqamətdə həyata keçirilən ardıcıl islahatların maddi təminatı olmaqla yanaşı, müstəqil medianın, azad mətbuatın inkişafı üçün vacib stimul rolunu oynayır. “...Azərbaycan hökuməti redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin təmin edilməsi və digər istiqamətlər üzrə ardıcıl tədbirlər həyata keçirir. KİV-ə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşmasıdır...” Ölkə başçısının ötən il Azərbaycan jurnalistlərinin VI qurultayına ünvanladığı təbrik məktubunda yer almış bu fikir azad mətbuatın inkişafına yönəlik diqqətin ifadəsidir. Məhz müstəqil medianın inkişafı üçün yaradılmış münbit şərait sayəsində bu gün Azərbaycanda 4600-dən artıq kütləvi informasiya vasitəsi ictimai tribunaya çıxış imkanı əldə edib.

Azərbaycanda tolerantlıq amili, hətta din dövlətdən ayrı olsa belə, müştərək şəkildə inkişaf edərək, digər ölkələrdən müsbət fərqliliyi ilə seçilir. Belə ki, çoxmillətli Azərbaycan xalqı dinindən və inancından asılı olmayaraq, bir faktor kontekstində – dövlətçilik maraqlarının qorunması ətrafında birləşmişdir. Əlbəttə ki, bu ənənənin yaşadılması və inkişaf etdirilməsi arxasında da mühüm siyasi dəyərləndirmələr və xüsusiyyətlər mövcuddur. Bu baxımdan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs da həmin amillərin qorunub saxlanmasında müstəsna rol oynamışdır. Məhz 1993-cü ildən  başlayaraq dini abidələrə, məscidlərə, kilsə və məbədlərə böyük həssaslıqla qayğı göstərilməyə başlandı, ölkədə dini, milli, etnik münasibətlərin siyasi və psixoloji amillər baxımından tənzimlənməsi prioritet vəzifə kimi qarşıya qoyuldu, çoxmillətli Azərbaycan xalqının milli təhlükəsizlik maraqları kontekstində bu sahəyə diqqətlə yanaşılmağa başlandı.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə dövlət-din münasibətlərinin hüquqi bazası formalaşdı, dini təşkilatların fəaliyyəti üçün geniş imkanlar yaradıldı.

Həmin bu siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan Prezidenti xalqın, o cümlədən etnik qrupların özünəməxsusluğunu şərtləndirən milli və dini dəyərlərin qorunmasına xüsusi diqqət yetirir. Ölkə başçısının müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri və bərpası ilə bağlı xüsusi sərəncamları, din xadimləri ilə mütəmadi görüşləri, müxtəlif dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi, habelə milli icmaların fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, etnik dillərə mətbuatda və televiziyada geniş yer ayrılması və bu istiqamətdə mütərəqqi təşəbbüslərə dövlət səviyyəsində dəstək verilməsi cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolunu oynayır. Bu gün Azərbaycanda dini icmalar ənənəvi şəkildə  qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, öz inanclarını və etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. Son illərdə ölkədə çoxsaylı dini icmanın dövlət qeydiyyatından keçməsi də tolerantlığın bariz təcəssümü kimi qiymətləndirilməlidir.

İrqçiliyə və ksenofobiyaya yer olmadığı, müsəlmanların, xristianların və katoliklərin dinc və əmin-amanlıq şəraitində birgə yaşadığı, məscid, kilsə və sinaqoqların fəaliyyəti üçün bərabər şəraitin yaradıldığı, çoxsaylı millətlərin hüquq və azadlıqlarının fərq qoyulmadan təmin olunduğu, xarici vətəndaşların rahat və maneəsiz şəkildə özəl bizneslə məşğul olmalarının adi normaya çevrildiyi unikal bir məkan kimi Azərbaycan bu gün həqiqətən də istər dini, istərsə də milli zəmində bütün dünya üçün açıq bir dövlətdir. Təsadüfi deyil ki, hətta BMT, Avropa Şurası, ATƏT və bir sıra digər beynəlxalq təşkilatların hesabatlarında və rəylərində ölkəmizdə tolerantlığın böyük tarixi ənənələri olduğu və Azərbaycanın bu baxımdan model kimi nümunə sayıla biləcəyi ciddi etiraf olunur.

Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanda qadın hərəkatına, onun ailədəki, cəmiyyətdəki və siyasətdəki roluna, gender bərabərliyi məsələlərinə də böyük önəm verib. Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində hökm sürən siyasi qarışıqlıq, hərc-mərclik, qeyri-müəyyənlik şəraitində yalnız ailəsinə qapanmış Azərbaycan qadını Heydər Əliyevin hakimiyyətə tarixi dönüşündən sonra dar çərçivədən çıxaraq qaynar ictimai-siyasi proseslərin aparıcı qüvvələri sırasına qoşuldu, öz potensialını dövlət və dövlətçilik naminə tətbiq etmək imkanına malik oldu. Ədalət naminə qeyd etmək yerinə düşər ki, bu prosesdə yenicə formalaşmağa başlamış Yeni Azərbaycan Partiyası qadınların daha mütərəqqi hissəsini sağlam əqidə və xoş amallar ətrafında birləşdirməklə onların gücünü və qüdrətini özlərinə qaytarmış oldu. Heydər Əliyevin təşəbbüsü ilə araya-ərsəyə gəlmiş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə  dövlətin bu məsələlərin həm də  hüquqi müstəvidə həllində israrlı olduğuna dəlalət edir. Əvvəllər yalnız humanitar sahədə üstünlük təşkil edən Azərbaycan qadını indi parlamentdə getdikcə daha çox sayda uğurla təmsil olunur, beynəlxalq tribunalarda öz ölkəsinin mövqeyini müdafiə edir, Azərbaycan və Qarabağ həqiqətlərini dünyaya çatdırır, qeyri-hökumət təşkilatlarında, ictimai birliklərdə, siyasi qurumlarda və digər təşkilatlarda öz bilik və bacarığını müvəffəqiyyətlə tətbiq edir, ailə institutunun əsas dayağına çevrilir. Odur ki, ölkənin siyasi və inzibati idarəetmə sistemində qadınların rolu getdikcə artmaqda davam edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə icra strukturlarının rəhbərliyində qadınlara daha geniş yer verilməsi isə son illərin ənənəsinə çevrilib.

Bu, bir həqiqətdir ki, iqtisadi inkişaf olmadan azad, demokratik cəmiyyət quruculuğu mümkün deyil, yəni demokratik inkişaf möhkəm iqtisadi təmələ əsaslanmalıdır. Tarixi araşdırmalar və çoxillik müşahidələr də iqtisadiyyatı zəif olan ölkələrdə demokratik proseslərin, bir qayda olaraq, çox ləng getdiyini göstərir. Müstəqil Azərbaycanın rəhbərliyinə tarixi qayıdışından sonra Heydər Əliyev ölkənin prioritet inkişaf yoluna çevrilmiş iqtisadi modelini özünəməxsus uzaqgörənliklə əsaslandırmış, eyni zamanda, bu spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini vurğulamışdır. Böyük strateq mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid düsturunu müdrikliklə irəli sürmüş, onun mərhələlərlə həyata keçirilməsinə çalışmışdır.

Ümummilli liderin siyasi irsinin davamı olaraq Azərbaycan demokratiya yolunun iqtisadi bazisə əsaslanan təkamül modelini bu gün də özünün alternativsiz inkişaf strategiyası hesab edir. Prezident İlham Əliyev həmişə sağlam məntiqə söykənərək iqtisadi islahatların siyasi islahatlarla paralel getməli olduğuna və bu iki amilin bir-birini tamamlamasının zəruriliyinə, əks halda əldə olunan uğurların müvəqqəti olacağına dair əminliyini ortaya qoyur.

Şübhə yoxdur ki, məhz Heydər Əliyevin siyasi irsinə, düşüncə və baxışlarına əsaslanan iqtisadi inkişaf strategiyası və enerji resurslarından əldə olunan gəlirlərin insan amilinə və modernləşməyə yönləndirilməsi ilə səciyyələnən ideoloji kurs sonda Azərbaycanı dünyanın ən qlobal və müasir ölkələri sırasına qoşulmasını təmin etmiş, ölkəmizi regionun liderinə çevirmişdir. Lakin Azərbaycan hökuməti bu vaxtadək görülən işlər və yüksək nailiyyətlərlə kifayətlənmir, yəni vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması, qanunun aliliyinin tam təmin edilməsi və bütün məsələlərə məhz insan amilinə təsir prizmasından yanaşılması istiqamətində işlər bu gün də davam etdirilir. Son zamanlar korrupsiya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, elektron hökumətin, “ASAN” xidmət şəbəkəsinin qurulması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bunu  bir daha təsdiq edir.

Bu mənada Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və digər qlobal miqyaslı dövlət proqramları Azərbaycan Respublikasının hazırki və gələcək inkişafını təmin edən, habelə yeni quruculuq siyasətinin təşəkkül tapmasına mühüm töhfələr verən sənədlərdir.

Ötən il özünün ilk süni peykini orbitə çıxaran respublikamız artıq kosmik dövlətlər sırasındadır. Ölkəmiz Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul etmiş yeganə dövlətdir, internetdən istifadəyə görə 70 faiz göstərici ilə MDB-də liderdir ki, bu da dünya üzrə orta səviyyəni 2 dəfə üstələyir. Bu ilin fevralında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev Azərbaycanın iqtisadi yüksəliş və tərəqqi yolunda olduğunu real faktlarla belə əsaslandırmışdır: “Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır və bu rekord göstəricidir, analoqu olmayan inkişafdır”.

Demokratik inkişaf, sosial-iqtisadi və elmi tərəqqi son nəticədə Azərbaycanın  dünya ölkələri arasında söz və nüfuz sahibi olmasını təmin etmiş, onun Avropaya inteqrasiyasına etibarlı zəmin yaratmışdır. 2001-ci ildə Avropa Şurasına qəbul edilmiş Azərbaycan Respublikası 2011-ci ildə 155 dövlətin dəstəyi ilə dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının növbəti 2 il üzrə qeyri-daimi üzvü seçilmişdir. Bu,Azərbaycan dövlətinin ulu öndər Heydər Əliyevdən miras qalmış müstəqil və səmərəli xarici siyasət kursunun beynəlxalq miqyasda bizə bəxş etdiyi ən möhtəşəm nailiyyətlərindən biridir.Digər tərəfdən, bu, həm də o deməkdir ki, əldə olunmuş uğular fonunda özünün intibah dövrünü yaşayan Azərbaycan Respublikası demokratik inkişaf yolunda irəliləyən ölkələr sırasında daha yüksək pillələrə iddialıdır.

 “...Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik”.

– Özünün xalqın birinci xidmətçisi olduğunu bəyan etmiş cənab İlham Əliyevin söylədiyi bu fikir ölkə başçısının məhz Heydər Əliyev ideoloji kursuna, onun siyasi irsinə sədaqətinin göstəricisidir.

Məhz öz dövlətinin və xalqının potensialından bəhrələnən belə bir optimist mövqeyin 2003-cü ildən bəri getdikcə daha da möhkəmləndirilməsinin nəticəsidir ki, bu gün ölkə rəhbərliyinin respublikamızın dinamik inkişafını təmin edən fundamental istiqamətlərin reallaşdırılmasına dair siyasi iradəsi ortadadır.

Bu inam xalqda belə bir əminlik yaradır ki, Azərbaycan xalqının rəhbəri və partiyamızın lideri İlham Əliyevin rəhbərliyi ilə təkcə özümüzün deyil, bütün tərəqqipərvər dünyanın, hətta uğurlarımıza qısqanclıqla yanaşan rəqiblərimizin də etiraf etdiyi nailiyyətlərimiz bizə hər dəfə daha yüksək zirvələr fəth etməyə imkan verəcəkdir.

Bahar MURADOVA,
Milli Məclis sədrinin müavini,
YAP İdarə Heyətinin üzvü

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında