Mən həmişə həqiqəti sevmişəm və həyatım da həqiqət üzərində qurulmuşdur.
Heydər ƏLİYEV,
Ümummilli lider
Heç kim üçün sirr deyil ki, ölkəmizdə gedən quruculuq proseslərinin ana xətti, təməli böyük öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun rəhbər tutduğu dövlətçilik kursu və azərbaycançılıq fəlsəfəsi öz bəhrəsini bu gün də verməkdədir. Üstündən neçə illər keçdikdən sonra ümummilli lider Heydər Əliyevin irəli sürdüyü prinsiplərin, verdiyi qərarların nə dərəcədə düşünülmüş və uzun müddətə hesablanmış olması özünü daha aydın göstərir.
Prezident İlham Əliyev öz çıxışlarında ulu öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin müasir quruculuq fəaliyyətinin də təməlində dayandığını vurğulamaqla Azərbaycan dövlətçiliyində siyasi və mədəni-mənəvi varislik prinsipinin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Konkret situasiyadan asılı olan siyasi və iqtisadi islahatlar təbii ki, dəyişir. Hər bir inkişaf mərhələsində zamanın diqtə etdiyi ən düzgün mövqeyin seçilməsi siyasi rəhbərlikdən məsələlərə yaradıcı münasibət tələb edir. İqtisadi inkişafın yüksək tempi, vətəndaş cəmiyyətinin formalaşması ölkəmizdə əvvəllər həyata keçirilməsi mümkün olmayan yeni keyfiyyətli layihələrin irəli sürülməsinə və reallaşdırılmasına imkan yaradır.
Daha böyük miqyaslı, mütəşəkkil ictimai sistemin özünüdərk səviyyəsindən baxdıqda bəşəriyyətin tarixən keçmiş olduğu yola bir işıq düşür, ayrı-ayrı xalqların, məmləkətlərin bəlkə də özünü dərk etmədən keçdikləri yollar indi artıq ilkin bir ideyanın reallaşması prosesi kimi, ictimai-tarixi zərurət kimi nəzərimizdə canlanır. Böyük mütəfəkkir Kantın bəşəriyyətin inkişaf tarixinə təbiətin özünüdərk və özünütəsdiq prosesi kimi yanaşması, Hegelin ictimai inkişafı mütləq ideyanın reallaşma aspektlərindən biri kimi təqdim etməsi, Hegelin ümumdünya tarixinin vahid konseptual sistemini yaratmaq cəhdləri ona görə real, pozitiv nəticələrə gətirə bilmirdi ki, bəşəriyyət hələ özünüdərk üçün yetişməmişdi. Bu təfəkkür nəhəngləri sadəcə olaraq zamanı qabaqlamağa çalışırdılar. Zaman isə öz ritmindən kənara çıxmırdı.
Lakin indi bu böyük ideyaların reallaşması vaxtı artıq gəlib çatmışdır.
Tarixi sınaq məqamında əhalinin çoxluğu, məmləkətin böyüklüyü deyil, onun sükanı arxasında kimin dayanması daha önəmli olur. Əsas məsələ həmin tarixi sınaq məqamında xalqın içərisindən çıxmış və onun milli mənafeyini dərk etmək və qoruyub-saxlamaq iqtidarında olan mütəfəkkir liderin mövcud olmasıdır və bu liderin uzun müddətli proqramları həyata keçirə bilməsi üçün böyük siyasi ömür tələb olunur. Azərbaycanın qismətindən Heydər Əliyev şəxsən özü də möhkəm təməl yaratmağa kifayət edəcək dərəcədə üzün ömür yaşadı, düz 10 il müstəqil Azərbaycan dövlətinin sükanı arxasında dayandı.
Siyasi varisi İlham Əliyevin şəxsində onun ömrü sanki daha da uzanmış oldu. Başladığı bütün işlər İlham Əliyevin səyləri nəticəsində uğurla davam etdirildi və üstəlik yeni dövrün tələblərinə uyğun olaraq yeni ideyalar irəli sürüldü. Başqa sözlə desək, İlham Əliyev ulu öndərin irsini qoruyub saxlamaq və onun ideyalarını həyata keçirməklə kifayətlənmir. O, Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsini, onun siyasi-iqtisadi və mənəvi-mədəni quruculuq işləri ilə bağlı strategiyasını yaradıcı surətdə inkişaf etdirir. Ötən on bir il ərzində Prezident İlham Əliyev açılmış imkanların realizasiyası sahəsində böyük əzm və yüksək vüsət nümayiş etdirmişdir.
Planetin bugünkü mənzərəsində heç də yalnız siyasi və iqtisadi maraqlar kəsişmir. Bu meydanda həm də milli ideyalar qarşılaşır. Ən böyük qabiliyyət də siyasi, iqtisadi maraqlarla yanaşı milli maraqların da qorunub saxlanmasına nail olmaq və millətlər birliyinə öz simasını itirmədən daxil olmağı bacarmaqdır. Düzdür, bunu əngəlləyən qüvvələr çoxdur. Lakin şəxsiyyətin böyüklüyü də özünü məhz belə çətin vəzifələrin həllində göstərir.
Ümummilli lider Heydər Əliyev ilk dəfə azərbaycançılıq ideyasını dövlətin strateji xətti kimi irəli sürəndə bu ideyanın həqiqi böyük mənası çoxları üçün anlaşılmaz idi. Bu gün də qismən belədir. Çünki bu ideya adi şüur səviyyəsində üzə çıxmayıb, yaxud deklarativ bir şüar olmayıb, çox dərin köklərə malik olan mükəmməl bir fəlsəfi-konseptual sistemin ifadəsidir.
Akademik Ramiz Mehdiyevin sözləri ilə desək: “Heydər Əliyevin sayəsində Azərbaycanda dövlətçilik özünü təkcə siyasi-hüquqi hadisə kimi deyil, həm də konkret milli-mənəvi gerçəkliyin təsbit olunması kimi göstərir. Bu gerçəkliyin milli ideologiya səviyyəsində təzahürü isə azərbaycançılıq təlimidir”.
Məqsəd bu təlimi hərtərəfli şərh etmək və bütün xalqın, bütün dünyada yaşayan azərbaycanlıların bu ideyaya yiyələnməsinə çalışmaqdır.
Bu gün Azərbaycana təkcə öz daxili problemləri çərçivəsində baxmaq düzgün deyil. Azərbaycanın seçdiyi, həyata keçirməyə çalışdığı siyasi kurs, inkişaf yolu – onun Şərq dünyasında, xüsusən, islam ölkələri içərisində mövqeyinin və rolunun ilkin müəyyənliyini tələb edir. Şərq ilə Qərb arasında vəhdət modelinin təbii nümunəsi olmaqla, Azərbaycan xüsusi strateji mövqeyə malikdir. Bu günlərdə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusundakı beynəlxalq konfransda Prezident İlham Əliyev demişdir: “...Bizim tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, ana dilimiz - bu amillər azərbaycanlıları bir millət kimi assimilyasiyadan qorudu və bu gün müstəqil ölkəmizdə Azərbaycan xalqı öz taleyinin sahibidir”.
Müstəqillik əldə etmiş, öz xarici və daxili siyasətini öz milli mənafelərinə, ümumxalq, ümumdövlət mənafeyinə uyğun olaraq qurmaq imkanı qazanmış xalq, heç şübhəsiz, birinci növbədə təhlükəsizlik və maddi təminatla yanaşı, öz dilini, milli mədəniyyətini, adət-ənənələrini də inkişaf etdirməyə – özünə qaytarmağa çalışır. Lakin bu işi görməyə ilk müstəqillik illərində olduğu kimi, budaqdan deyil, kökdən, gövdədən başlamaq lazım idi. Əvvəlcə dövlətçiliyi möhkəmləndirmədən, xarici ölkələrlə münasibətləri ümumbəşəri dəyərlər və beynəlxalq normalar əsasında quraraq dünya birliyinə bərabər hüquqlu üzv kimi daxil olmadan, yeni iqtisadi münasibətlərə keçid strategiyasını müəyyənləşdirmədən, hər şeydən öncə milli mədəniyyəti, milli dili və s. inkişaf etdirmək mövqeyi real ictimai tərəqqi üçün təməl ola bilməzdi.
Keçid dövründə, böyük ictimai təbəddülatlar dövründə imperiya buxovlarından yenicə azad olaraq müstəqillik əldə etmiş xalqda milli hisslərin aktivləşməsi təbii hal idi. Üstəlik başqa bir dövlət tərəfindən qatı millətçi ideologiyanın təsiri ilə istəmədən müharibəyə cəlb olunan, ərazisinə, əhalisinə qəsd olunan bir xalqda milli hisslərin inkişafı öz normal axarından çıxır, yatağına sığmırdı. Lakin hələ hissiyat səviyyəsindən yüksəyə qalxmamış, milli ideya kimi formalaşmamış, milli dövlətçilik prizmasında sınaraq siyasi və iqtisadi düşüncə ilə çulğalaşmamış onun faydası çox az ola bilərdi. Ona görə də, Heydər Əliyev quruculuğa əvvəlcə bazisdən, siyasi-iqtisadi təməlin möhkəmləndirilməsindən başladı.
Milli ruhun inkişafı üçün konkret ictimai gerçəkliyin öz inkişaf məntiqindən doğan milli bir ideologiya tələb olunur. Burada milli siyasi liderin üzərinə Şərq düşüncə tərzi ilə Qərb düşüncə tərzinin vəhdətinə nail olmaq, milli ideologiyanı ümumbəşəri dəyərlər kontekstinə salmaq kimi çətin bir vəzifə düşür. Bu vəzifə Şərqlə Qərb arasında İpək yolunu bərpa etmək qədər və bəlkə ondan daha çətindir. Biz bu müqayisəni təsadüfi olaraq aparmırıq.
Məsələ burasındadır ki, əslində İpək yolunun bərpası ideyası da, Bakı-Ceyhan layihəsi də məhz qlobal miqyas almış ideologiyanın tərkib hissələridir və bu qlobal ideologiyanın müəllifi Heydər Əliyev olmuşdur. Çünki o özü universal sintetik bir fenomen idi. O, şərqçilik və qərbçiliyin, millilik və ümumbəşəriliyin, ənənəvilik və novatorluğun vəhdəti, sintetik azərbaycançılıq məfkurəsinin ən parlaq nümunəsi, ən ali daşıyıcısı, qloballaşan dünyada milli müəyyənliyin qarantı, azərbaycançılığın simvolu idi.
Bəli, azərbaycançılıq – məfkurədir. Lakin bu məfkurə fəlsəfi idrakın, elmi-məntiqi təfəkkürün məhsulu olan mükəmməl bir konseptual sistemin yolu birinci keçmək istəyən bir millət üçün konkretləşmiş variantıdır. Azərbaycançılığın mahiyyətini dərk etmək üçün bir etnosun, xalqın, millətin qarşısında duran vəzifələri ümumiləşdirmək kifayət etmir. Məsələyə bütün bəşəriyyətin inkişaf qanunauyğunluğu kontekstində baxmaq lazım gəlir.
Azərbaycançılıq həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda - mənəvi mədəniyyətin bütün sahələrində əsas istiqamətləndirici məfkurə kimi çıxış edir. Şifahi xalq ədəbiyyatı, el sənəti, milli musiqi, millətin mədəni-mənəvi mövcudluğunun bütün təzahürləri bu gün vahid bir ideya ətrafında sıx surətdə birləşməkdədir. Əsrlərdən bizə miras qalmış milli-mənəvi dəyərlər nəinki təkcə müasir milli mövcudluğumuzun, həm də siyasi mövcudluğumuzun, dövlətçiliyimizin qarantına çevrilir. Və əksinə. Milli-mənəvi varlığımızın qorunub saxlanması da dövlətin ən əsas funksiyalarından biridir. Azərbaycançılıq Azərbaycan dövlətinin milli-siyasi məfkurəsi kimi formalaşır.
Bütün bunları bizə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev öyrətmişdir. Sözləri və əməlləri ilə. Bu xətti qoruyub saxlamaq və inkişaf etdirmək harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının milli şərəf borcudur.
Heydər Əliyev azərbaycançılığın iki mühüm tərkib hissəsini: milli dövlətçilik xəttini və mədəni-mənəvi dəyərlər sistemini qarşılıqlı əlaqədə və vəhdətdə götürürdü. Mədəni-mənəvi dəyərlər içində ən mühüm yeri isə dil tutur. Heydər Əliyev Azərbaycan dilini milli varlığımızın əsas inteqrativ amili və azərbaycançılığın təməl daşı hesab edirdi: “Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir”.
Azərbaycan dili zəngin dildir və Azərbaycanda bəlağətlə danışan gözəl natiqlər çoxdur. Bədii qiraət ustaları, toylarda, məclislərdə, mərasimlərdə çıxış edənlər çoxdur. Lakin rəsmi dövlət dilinin, diplomatik dilin özünəməxsus incəlikləri var... Hər sözə xüsusi diqqət verilməsi, hər sözün hətta yaxın mənalı sözlər içərisindən daha dəqiq seçilib tapılması, incə mətləblərin maksimal bir dəqiqliklə çatdırılması üçün dilin bütün imkanlarının səfərbər edilməsini çoxları ancaq daha mükəmməl dil axtarışı kimi, natiqlik məharətinin nümayiş etdirilməsi kimi izah edirlər. Lakin bu belə deyil. Dilin kamilliyi məqsəd deyil, məqsədə çatmaq üçün vasitədir. İncə mətləblər ancaq mükəmməl dillə çatdırıla bilər.
Ulu öndər Heydər Əliyev milli dilin inkişaf etdirilməsini, dövlət dilinin bir dil üslubu kimi formalaşdırılmasını ayrıca bir iş kimi deyil, bütöv dövlət quruculuğu prosesinin bir tərkib hissəsi kimi həyata keçirirdi. O, dövlət işini görərkən, dövlətin siyasi xəttini müəyyənləşdirərkən və bu xətti icraçılara, dövlət işçilərinə, xalqa və bütün dünyaya bəyan edərkən, istər-istəməz dili də inkişaf etdirir, dövlət dilini xüsusi üslub kimi formalaşdırır və bu mühüm işi ən yüksək səviyyədə şəxsən özü həyata keçirirdi. Zira düşünən kimdirsə, quran, yaradan kimdirsə, yaradıcı təfəkkürün dəqiq şərhi üçün daha mükəmməl dil arayan da məhz həmin şəxs olmalıdır. Çünki dil təfəkkürlə, yaradıcılıqla vəhdətdədir. Və əksinə, dilin imkanları genişləndikcə həmin dildə danışan adamların düşüncə diapazonunun genişlənməsi, siyasi mədəniyyətin artması üçün də yeni imkanlar açılır.
Burada biz başqa bir sualın da cavabını tapmış oluruq. Belə ki, Heydər Əliyevin qeyri-adi natiqlik qabiliyyətinin səbəbini dilçiliyin təfərrüatında deyil, dövlətçiliyin inkişaf yollarında axtarmaq lazımdır. Çünki onun təfəkkürü, düşüncələri ən çox bu istiqamətdə köklənmişdi.
Millət öz poeziyası, ədəbiyyatı, hətta elmi ilə nə qədər qabağa getsə də, onun dövlətçilik təcrübəsi yoxdursa, deməli milli dövlət dili də hələ formalaşmayıb. Yaxşı bələdçilər, yol açanlar olmazsa, dövlətçiliyin və milli dövlət dilinin formalaşması prosesi çox uzun sürə bilər. Yalnız milli dövlətçilik ənənələrimizin tarixinə yaxşı bələd olan və irəlicədən, neçə onilliklər ərzində başqa bir dövlətin tərkibində müasir dövlətçilik təcrübəsini mənimsəmiş olan yaradıcı dövlət xadimi qısa bir tarixi dövrdə müstəqil milli dövlət formalaşdırmağa nail ola bilərdi. Təsadüfi deyil ki, məhz ümummilli lider Heydər Əliyev bu vəzifəni qısa bir müddətdə çox böyük əzmlə həyata keçirdi və rəsmi dövlət dilinin inkişaf etdirilməsi işini də dövlətçiliyin atributlarından biri kimi ön plana çəkdi. Sonrakı illərdə bu iş Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildi və hazırda bu sahədə əldə edilmiş nailiyyətlər dövlət dili ilə dövlətçilik təfəkkürünün daha sıx birliyinə dəlalət edir.
Azərbaycanın gələcək inkişafının elm və təhsillə bağlı olması strategiyasının təməlləri də hələ o vaxt ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. O nəinki bu iki sahənin əhəmiyyətini xüsusi vurğulayırdı, həm də onların daxili əlaqəsini, bir-birini tamamlama şərtlərini də özünəməxsus bir fəhmlə hiss edirdi: “Elm, təhsil, mədəniyyət sahəsində əldə etdiyimiz nailiyyətlər, Azərbaycan xalqının bugünkü yüksək təhsil, elm, mədəniyyət səviyyəsi, şüur səviyyəsi - bunların hamısı ilk növbədə müəllimlərin xidmətlərinin nəticəsidir”. Müəllimə olan xüsusi diqqət və sayğı da buradan irəli gəlirdi. Lakin yüksək səviyyəli müəllim kadrlarının yetişdirilməsi üçün də ilk öncə pedaqoji ali məktəblərdə tədrisin yüksək səviyyəsi və onu təmin etmək üçün yüksək elmi hazırlıq tələb olunur. Yəni təhsildən başlanan dövrə elm mərhələsini keçərək yenidən təhsildə qapanır.
Heydər Əliyev deyirdi: “Ümumi çətinliklər nə qədər çox olsa da, biz elmə, təhsilə daim qayğı göstərməliyik və elmin inkişafı üçün mövcud imkanlardan daha da çox istifadə etməliyik.”Lakin indi çətinliklər dövrü arxada qalmışdır və ölkəmiz dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasında olduğu üçün elm təhsilə qayğı üçün də daha böyük şans yaranmışdır.
Ölkəmizdə iqtisadi inkişaf sahəsində keçid dövrü başa çatdıqdan sonra gələcək inkişaf yolunun əsas hərəkətverici qüvvələri olmaqla elm və təhsil məsələləri Azərbaycan dövlətçiliyinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin BDU-nun 90 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində qeyd etdiyi kimi, yeni mərhələdə elm və təhsilin prioritetliyi vacibdir: “Qabaqcıl ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, onların tərəqqisini elm müəyyən etmişdir. Nə təbii sərvətlər, nə də ki, coğrafi vəziyyət deyil, məhz intellektual kapital, məhz elmin səviyyəsi hər bir ölkəni lider ölkəyə çevirir”.
Bu günün təhsili cəmiyyətin sabahına xidmət etdiyindən ictimai tərəqqinin proqnozu verilmədən, inkişaf strategiyası müəyyənləşdirilmədən, təhsil sahəsində heç bir islahat aparıla bilməz. Başqa sözlə, təhsil sistemində hər hansı bir islahat aparılması ancaq təhsilin öz daxili məntiqinə əsaslana bilməz və deməli, ancaq təhsil işçilərinin vəzifəsi ola bilməz.
Bütün ölkə, cəmiyyət miqyasında həyata keçirilən sosial-iqtisadi və ideya-siyasi islahatların elmi-nəzəri əsasları işlənib hazırlandıqca, təhsilin qarşısında duran əsas vəzifələr və onların yerinə yetirilməsinin yolları da getdikcə daha çox aydınlaşmış olur. Müstəqil Azərbaycanda dövlət quruculuğunu əzmlə həyata keçirməklə bərabər, onun ideya-nəzəri əsaslarını da, milli ideologiyamızın prinsiplərini də müəyyən edən Heydər Əliyev, heç şübhəsiz, təhsil sahəsinin qarşısında duran vəzifələrə də biganə qalmamışdır. Təhsil sisteminin təşkilati məsələlərini çox gözəl bilən, keçmiş SSRİ-də təhsil islahatına bilavasitə rəhbərlik etmiş olan Heydər Əliyev, digər tərəfdən, cəmiyyətə və dövlət quruculuğuna bir sistem halında yanaşarkən, burada təhsilin də yerini müəyyənləşdirməyi heç vaxt unutmurdu: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”. Göründüyü kimi, Heydər Əliyev təhsilə son məqsəd kimi, nəticə kimi deyil, vasitə kimi baxırdı. Həyatda uğur qazanmağın vasitəsi kimi. Həyatın sahələri çoxdur. Onların hər hansı birində uğur qazanmaq üçün müvafiq yönümlü ixtisas biliklərinə yiyələnmək tələb olunur. Müxtəlif ixtisas sahələrində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi nəticə etibarı ilə iqtisadiyyatın inkişafına və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir. Fərəhləndirici haldır ki, “xalqımızın elmi potensialı, təhsil potensialı bütün sahələrdə yüksək mütəxəssislərlə təmin olunmaq potensialı get-gedə artır. Bu da bizim müstəqillik dövründə əldə etdiyimiz əsas nailiyyətlərdən biridir” (Heydər Əliyev).
Müasir dövrdə ölkələrin inkişafı təkcə iqtisadi göstəricilərlə, təbii sərvətlərlə, əhalinin həyat səviyyəsi ilə deyil, həm də insanla cəmiyyət arasındakı münasibətin forması, cəmiyyətdəki demokratiklik və insanların azadlıq dərəcəsi ilə müəyyən olunur. Əgər iqtisadi dirçəliş, elmi-texniki tərəqqi daha çox rasional düşüncə, intellektual potensialla şərtlənirsə, insanın sosial və mənəvi yüksəlişi daha çox siyasi mədəniyyət və hüquqi təfəkkürlə şərtlənir.
İnformasiyanın sürətlə artması, biliklərin həcminin insanın aktiv hafizəsi ilə müqayisədə hədsiz dərəcədə çox olması, cəmiyyətdə hadisələrin tempinin həddindən artıq böyüməsi, lakin insanın zaman koordinatının buna adaptasiya oluna bilməməsi qarşıya bir sıra problemlər qoyur. Bu problemlərin həlli insanın və cəmiyyətin inkişafı arasındakı fərqlə bağlıdır. Əsrlər boyu cəmiyyətin inkişafı ilə ayrıca götürülmüş bir insanın keçdiyi inkişaf arasında bir əlaqə və uyğunluq olmuşdur. Lakin müasir dövrdə cəmiyyət elə yüksək inkişaf tempi götürmüşdür ki, insan onu haqlamaqda çətinlik çəkir.
Ona görə də, müasir dövrdə qarşıda duran ən böyük problem insanın inkişaf tempini cəmiyyətin inkişaf tempinə uyğunlaşdırmaqdır. Təhsil elə qurulmalıdır ki, ilkin ümumi əsaslardan sonra dar ixtisaslaşma getsin. Çünki müasir informasiya bolluğu şəraitində insanın aktiv hafizəsi ancaq dar ixtisas sahəsini əhatə edə bilər.
Beləliklə, təhsil bir tərəfdən insanların ümumi rasional dilə malik olmasını, o biri tərəfdən də insanların müxtəlifləşməsini, fərqli peşə və sahələr üzrə ixtisaslaşmasını təmin etməlidir. Həm də bu proses elə həyata keçirilməlidir ki, müxtəlif qruplara ayrılmış insanların əldə etdikləri nailiyyətləri əlaqələndirmək və toplamaq mümkün olsun.
Sovet dövründə Azərbaycanda elmin və təhsilin inkişafında böyük xidmətləri olmuş Heydər Əliyev müstəqillik şəraitində açılan yeni imkanlardan istifadə etməklə əvvəl qazanılmış nailiyyətləri daha da möhkəmləndirmək və inkişaf etdirmək mövqeyindən çıxış edirdi: “İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəldilsin. Güman edirəm ki, bizim alimlər, müəllimlər təhsil sahəsində ixtisaslaşmış institutlar bu işlərin öhdəsindən gələcəklər”.
Müstəqil dövlət quruculuğu şəraitində həmçinin müstəqil təhsil siyasəti yeridilməsinə, sovet təhsil sisteminin stereotiplərindən uzaqlaşaraq ölkəmizin yeni miqyası, daxil olduğu yeni ictimai-iqtisadi münasibətlər, habelə milli və regional xüsusiyyətlər əsasında vahid elm və təhsil konsepsiyası hazırlanması zərurəti qaçılmazdır. Yeni imkanlar şəraitində Respublikamızın təhsil sistemində artıq müəyyən dəyişikliklər edilmiş, müasir tipli kolleclər, liseylər açılmış, ali məktəblərdə bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına başlanmışdır. Ali təhsildə ikipilləli sistemə keçilmiş, qabaqcıl universitetlərdə magistraturalar açılmışdır. Bizcə, bu istiqamətdə tədbirlərin davam etdirilməsinə və bu işdə xarici ölkələrin təcrübəsindən geniş istifadə olunmasına böyük ehtiyac vardır. Heydər Əliyev dünya praktikasını və yerli xüsusiyyətləri nəzərə almaq, bu sahədə hər hansı bir islahatı hərtərəfli və mütəşəkkil şəkildə həyata keçirmək zərurətini qeyd edərək deyirdi: “Biz təhsil sahəsində yeniliklərin tərəfdarıyıq, dünya təcrübəsindən səmərəli istifadə etməyinizi sizdən tələb edirik. Ancaq bu işlər gərək sistemli olsun. Bu işləri görərkən, qurarkən siz onların yaxın və uzaq zamanda nəticələrini mütləq nəzərə almalısınız. Müasir texnikanın, texnologiyanın, müasir bazar iqtisadiyyatının bütün yollarını mənimsəmək, respublikada tətbiq etmək üçün gələcək nəsli hazırlamaq və keçmiş dövrə nisbətən bir çox yeni ixtisaslar üzrə kadr hazırlamaq lazımdır və bunların əsası orta təhsil illərində qoyulmalıdır”.
Fərəhli haldır ki, Heydər Əliyevin ideyalarının həyata keçirilməsi sahəsində ən böyük işlər də məhz onun adını daşıyan fondun geniş və hərtərəfli fəaliyyəti ilə həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yüzlərlə yeni məktəb binası tikilib istifadəyə verilmiş, təhsilin maddi-texniki bazasını yaxşılaşdırmaq üçün misilsiz işlər görülmüşdür.
Müstəqilliyimiz möhkəmləndikcə təhsil sahəsində də daha inamlı addımlar üçün şans yaranır. Heydər Əliyev Azərbaycan müəllimlərinin qurultayında dövlətin təhsil sahəsinə münasibətini belə ifadə etmişdi: “Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin, əsasın üzərində Azərbaycanın təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcək...” Heydər Əliyev qazanılmış hər hansı bir nailiyyətlə kifayətlənmirdi. Xüsusən elm və təhsil sahəsində görüləcək işlərin çoxunun hələ qabaqda olduğunu da tez-tez vurğulayırdı: “Bu gün biz müstəqil Azərbaycanda bütün təhsilin - orta, texniki peşə, orta ixtisas məktəblərinin və ali məktəblərin işinin yaxşılaşdırılması sahəsində ciddi tədbirlər görməliyik. Mən hesab edirəm ki, bunlar həm qəbul olunacaq təhsil qanununda, həm də təhsil islahatı ilə əlaqədar qəbul ediləcək qanunda və qərarlarda öz əksini tapacaqdır.”
İstər hər hansı bir ixtisas sahəsində, istərsə də ictimai həyatda fəallıq müvafiq elmi biliklərə əsaslanmalıdır. Heydər Əliyev deyirdi: “Gənclərimizi elmə, mədəniyyətə daha da çox cəlb etmək lazımdır. Gənclərimizdə elmi-tədqiqat işlərinə həvəs oyatmaq lazımdır. Azərbaycan elminin gələcəyi müasir gəncliyin elmi tədqiqat işinə necə cəlb olunmasından, onlar üçün müvafiq elmi mühit yaradılmasından asılıdır”.
Yaxın keçmişdə kommunist ideologiyası cəmiyyətşünaslıq sahəsindəki tədqiqatları məhdudulaşdırdığından, cəmiyyətin obyektiv tədqiqinə yol verilmədiyindən bütün intellektual potensial əsasən təbiət elmləri və riyaziyyata yönəldilirdi. Ona görə də cəmiyyətin, iqtisadiyyatın, təsərrüfatın elmi əsaslarla idarə olunması, menecmentin, tətbiqi sosiologiyanın bir elm kimi təşəkkül tapması ancaq kapitalist ölkələrinə xas bir hadisə idi. İndi ictimai elmlərin həqiqi bir elm kimi inkişafı üçün meydan açılmışdır. Həm də milli dövlət quruculuğu bu sahədəki tədqiqatların aktuallığını daha da artırır və intellektin daha çox bu sahəyə yönəldilməsini tələb edir. Təsadüfi deyil ki, Heydər Əliyev məhz humanitar elmlərə xüsusi diqqət verir və onların real ictimai həyatdakı rolunu yüksək qiymətləndirirdi: “Məlumdur ki, geniş kütlə, xalq, millət üçün ən çox təsirlisi humanitar elmlərdir”.
Özünün məhz quruculuq, yaradıcılıq ənənələri ilə Azərbaycan xalqının qəlbində dərin iz buraxmış Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın sosializm dövründən qalmış iqtisadi və mədəni-mənəvi sərvətlərin dağıdılması proseslərinə son qoydu və yeni quruculuq işləri varislik prinsipi əsasında, əvvəlki mərhələlərdə xalqımızın əldə etdiyi nailiyyətlərin davamı kimi həyata keçirilməyə başlandı.
Müəyyən bir xalq və ya ölkə üçün elm ayrı-ayrı adamların mənəvi tələbatı, intellektual əyləncəsi olmayıb, sənayenin, təsərrüfatın, ümumiyyətlə, istənilən ictimai fəaliyyət sahəsinin inkişafına xidmət edən ideya-nəzəri təminat mənbəyidir. Elmi-tədqiqat sahələri ilə müxtəlif ictimai fəaliyyət sahələri arasında isə bir körpü olaraq müvafiq texnika və texnologiya sahəsi dayanır. Bu olduqca böyük, bütün ölkə miqyasında həyata keçən mürəkkəb ictimai prosesdir. Heydər Əliyev deyirdi: “İndi dünya mədəniyyət dünyasıdır, intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır”.
Müasir dövrdə Azərbaycanda elmi potensialdan səmərəli istifadə etmək və onu ictimai tərəqqinin mühüm hərəkətverici qüvvələrindən birinə çevirmək üçün qarşıda duran vəzifələrdən biri elmin təşkilati strukturunu yeni tələblərə uyğun surətdə optimallaşdırmaqdan ibarətdir. Əlbəttə, biz bütün dünya alimlərinin birgə səyi ilə yaradılan və inkişaf etdirilən və bütün sahələri əhatə edən böyük elmdən danışmırıq. Hər bir ölkə elmin inkişafı və istifadəsi prosesinə öz xüsusiyyətlərinə və imkanlarına uyğun olaraq qoşulur.
Bu gün akademiyanın daha mobil, daha çevik və daha məqsədyönlü bir quruma çevrilməsi tələb olunur. Əgər biz elmi potensialımızın bazasında həqiqətən rentabelli, işlək bir elm modeli qura bilsək, dövlət də bu sahəyə ayrılan pulun hədər getməyəcəyinə əmin olar, “fundamental elm - tətbiqi elm - texnoloji ideya - mühəndis-konstruktor layihəsi - istehsal” zəncirində hər bir halqanın yekun nəticə üçün zəruriyyəti heç kimdə şübhə doğurmaz.
Hal-hazırda Azərbaycanda elmin inkişaf strategiyası, elmin müasir tələblərə cavab verən təşkilati strukturunun formalaşdırılması ilə bağlı tədqiqatlara böyük ehtiyac vardır. Həm də bütün bu tədqiqatların əsasında məhz Heydər Əliyev ideyaları dayanmalıdır. Çünki onun uzaqgörən siyasəti və qeyri-adi intuisiyası bizim bugünkü və bütün gələcək uğurlarımızın da yoluna işıq saçır!
Səlahəddin XƏLİLOV
AMEA-nın müxbir üzvü,
Azərbaycan Universitetinin professoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.