Dünyada geosiyasi vəziyyətin mürəkkəbliyini mütəxəssislər tez-tez vurğulayırlar. Ayrı-ayrı regionlarda müxtəlif xarakterli ixtilafların meydana çıxması bütövlükdə qlobal miqyasda gərginliyi artırır. Son günlər ekspertlər İsrail-Fələstin münaqişəsinin yeni məzmun aldığından bəhs edirlər.
Burada əsas amil kimi radikal dini qrupların fəallaşdığı göstərilir. İndi hadisələr təhlükəli ssenari üzrə inkişaf edir. Təl-Əvivin müsəlmanlar üçün müqəddəs sayılan bir sıra yerlərə nüfuz etmək cəhdləri Qüdsdə toqquşmalara səbəb olub. Hazırda böyük dövlətlər arasındakı ziddiyyətlərin dərinləşə bilməsindən ehtiyat edilir. Terrorun İranın sərhədlərinə yaxınlaşması ayrı bir problem yaradır. Çıxış yolları varmı?
İflas və səfalət: terrorun qida mənbələri
Mütəxəssislər Asiya-Sakit okean regionunda geosiyasi proseslərin intensivləşdiyini yazırlar. Noyabr ayında üç böyük tədbir Çində, Myanmada və Avstraliyada keçirilib. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası və “Böyük iyirmilik” kimi təşkilatların tədbirləri çərçivəsində müasir dünya üçün aktual olan ekoloji, siyasi, geosiyasi, iqtisadi və mədəni problemlər müzakirə olunub.
Lakin maraqlıdır ki, bu fikrin ətraflı analizi üçün macal tapılmamış Yaxın Şərqdə vəziyyətin daha da gərginləşə biləcəyinə işarə edən təhlillər meydana çıxdı. Sanki “böyük siyasət”in Asiyaya keçməsi özü ilə əlavə münaqişələr gətirdi. Bu iki proses arasında birbaşa əlaqə açıq görünməyə də bilər. Vəziyyətə qlobal transformasiyalar müstəvisində nəzər saldıqda isə bu barədə bir qədər ehtiyatlı fikir yürütməli olduğumuzu hiss edirik.
İndi ekspertlər Yaxın Şərqdə İsrail-Fələstin qarşıdurmasının yeni məzmunda kəskinləşə biləcəyini proqnozlaşdırırlar. Bunun əsas səbəbi kimi radikal dini qrupların fəaliyyətinin genişlənməsi göstərilir. Onların sırasında ən çox təhlükə yaradan İŞİD hesab olunur.
Bu terror təşkilatı haqqında ətraflı və dəqiq informasiya verilmir. Fikirlər müxtəlifdir. Hətta ABŞ başda olmaqla bir neçə dövlətin ona qarşı planlaşdırdığı tədbirlər belə gözlənilən nəticəni vermir. Belə çıxır ki, ya hansısa böyük qüvvələr İŞİD-ə ciddi dəstək verir, ya da Yaxın Şərqdə insanların narazılığı o qədər artıb ki, ən riskli addımlara belə əl atırlar.
Bu bağlılıqda türkiyəli analitik İhsan Balın terror təşkilatlarının meydana gəlməsi ilə əlaqədar maraqlı bir fikrini vurğulamaq istərdik. O, Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi (USAK) üçün yazdığı təhlili məqaləsində qeyd edir: “Regionda (Yaxın Şərq nəzərdə tutulur - Newtimes.az) ortaya çıxan terror təşkilatları iflasın, çarəsizliyin nifrət hissində birləşməsi təcrübəsini təmsil edir”.
Əgər bu fikir həqiqəti ifadə edirsə, deməli, həmin bölgədə fəlakətli vəziyyət hökm sürür. İnsanlara kənardan olan təsirləri də nəzərə almaq gərəkdir. Belə olan halda fərdi etirazla konkret dövlətlərin geosiyasi maraqları üst-üstə düşə bilər ki, onun da nəticəsi bütövlükdə dünya üçün olduqca ağır olar. İsraillə Fələstin arasında yaranmaqda olan yeni gərginlik fonunda bu fikirlərin qiymətləndirilməsinə ehtiyac vardır.
Ekspertlər Təl-Əvivin müsəlmanların Qüdsdəki müqəddəs yerlərinə hücum etməsinə verilən reaksiyanı məhz bu aspektdə dəyərləndirməyə çalışırlar. O cümlədən Əl-Aksa məscidinə yəhudilərin daxil olması və burada dinə zidd hərəkətlərə yol verməsi kəskin etirazlara səbəb olub. Müsəlmanlar bunu qəbul etmək istəmirlər. Artıq ilk qurbanlar da vardır.
Fələstinlilər bir neçə yəhudi gənci qətlə yetiriblər, İsrail tərəfdə isə bir fələstinli yeniyetmə yandırılıb. Qüdsdə tərəflər arasında toqquşmalar baş verir. İtkilər vardır. İsrailin hakim dairələrinin noyabrın 12-də Şərqi Qüdsdə 200 yeni yaşayış binası tikmək haqqında qərar qəbul etməsi vəziyyəti daha da gərginləşdirib. Fələstin muxtariyyətinin rəhbərləri bunu böyük qərəz adlandıraraq məsələnin BMT-yə çıxarılmasını tələb edirlər.
Böyük toqquşmaya doğru: siyasi bəyanatlar və geosiyasi maraqlar
Baş verənlərin fonunda noyabrın 16-da Binyamin Netanyahunun “Qüds uğrunda savaşı udmağa” and içməsi düşündürücü təsir bağışlayır. Belə çıxır ki, rəsmi Təl-Əviv məsələni çox ciddi qəbul edir və güzəştə getmək niyyətində deyil. Baş nazir postuna real namizədlərdən hesab edilən, hazırda iqtisadiyyat naziri vəzifəsini tutan Naftali Bennet İsrailin yeni zəbt etdiyi ərazilərdən çıxmasının mümkünsüzlüyünü bildirib. Eyni zamanda, İordan çayının qərb sahilində Fələstin dövlətinin yaradılmasına izin verməyəcəyini də vurğulayıb. Bundan əlavə, N.Bennet Qəzza ilə hər hansı təması da istisna edir.
Hadisələr İsrail-İordaniya münasibətlərini gərginləşdirib. Əmman Təl-Əvivdəki səfirini geri çağırıb. İsrailin bu ölkədəki səfiri isə münasibətlərin pozula biləcəyi haqqında xəbərdarlıq edib. Bundan başqa, ekspertlər ABŞ dövlət katibi Con Kerrinin barış yaratmaq cəhdlərinin uğursuz olduğunu ayrıca vurğulayır, bunun təsdiqi kimi regionda vəziyyətin daha da mürəkkəbləşdiyini göstərirlər.
Bütün bunlardan radikal dini qrupların faydalana biləcəyindən ehtiyat edilir. Artıq İŞİD-in lideri tərəfdarlarını yeni cihada çağırıb. Hətta üçüncü İntifadanın (müqavimət hərəkatı) yaranmaqda olduğunu iddia edən fikirlər də səsləndirilir. Qüdsdə toqquşmalar ara vermir. Rəsmi Təl-Əviv vəziyyətin nəzarətdən çıxa biləcəyindən ehtiyatlanır. “The Guardian” nəşri müsəlmanlarla yəhudilər arasında dini müharibənin alovlana biləcəyini proqnozlaşdırır.
Ən təhlükəli məqam isə terror təşkilatlarından geosiyasi məqsədlər üçün istifadə ehtimalı ilə əlaqəlidir. Yaxın Şərqin ümumi mənzərəsinə həmin bucaq altında baxsaq, sözün həqiqi mənasında riskli məqamları görərik. Suriya, İraq, Liviya, Livan, Misir və başqa region dövlətlərində sabitliyə təminat yoxdur. İŞİD yeni ərazilər zəbt edərək, faktiki olaraq İran sərhədlərinə yaxınlaşır. Digər tərəfdən, İsrailə qarşı radikal dini qrupların sərt mövqe nümayiş etdirməsi real təhdidlərdən xəbər verir. Belə görünür ki, yaxın perspektivdə İsrail və İranı da əhatə edən sabitsizlik dalğası meydana çıxa bilər. Bu prosesin ümumən dünya üçün çox təhlükəli olduğuna şübhə yoxdur.
Məsələni qəlizləşdirən faktorlardan biri də regiondakı fəal terror qruplarının Yaxın Şərqin bir sıra ölkələrindən dəstək alması haqqında fikirlərin səslənməsidir. Çünki bu halda bölgə dövlətləri bir-birini ittiham edər və qarşıdurmaya gedərlər. Bu zəmində regional miqyasda sonu görünməyən toqquşmalar baş verə bilər.
Başqa tərəfdən, böyük geosiyasi güclər yaranmış qeyri-müəyyən vəziyyətdən öz maraqları üçün yararlanmağa cəhd göstərə bilərlər. Təcrübə göstərir ki, bu fikir əsassız deyil. Yaxın Şərqdə İsraili və İranı özünə müttəfiq hesab edən ölkələr fəallaşa və bütövlükdə daha mürəkkəb mənzərə meydana gələ bilər.
Yaxın Şərqdə terrorla radikal dini mövqenin sintezi başqa regionlar üçün də təhlükə törədir. Mərkəzi Asiyadan tutmuş Avropaya qədər geniş bir ərazidə xaos meydana gələ bilər. Bu baxımdan İsrail-Fələstin münaqişəsində İŞİD kimi təşkilatların artıq rol oynamağa başlaması yalnız Yaxın Şərqin qayğısı kimi qəbul edilməməlidir. Proses daha geniş məkanda terror qruplarının fəallaşmasına səbəb ola bilər. O cümlədən Qafqazda erməni terrorunun vüsət alması ehtimalı mövcuddur. Çünki ermənilərin hər bir fürsətdən istifadə etməyə çalışdığı artıq tarixi təsdiqini tapmış bir faktdır.
Deməli, məsələ yalnız İŞİD faktoru ilə məhdudlaşmır. Daha təhlükəlisi həmin terror təşkilatından kimlərinsə öz geosiyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərməsidir. Görünür, belə məqamların mövcudluğu dünyada terrorun kökünün kəsilməsi yolunda ciddi maneədir. Təl-Əvivin müsəlmanların müqəddəs yerlərinə sərt şəkildə nüfuz etməyə çalışması bu mülahizələr müstəvisində məntiqi görünmür. Qüds uğrunda gedən bu mübarizənin heç kəsin xeyrinə olmayacağı aydındır. Hansı səbəblərdən dövlətlər belə addımlar atıb, bütün dünyanı təhlükə qarşısında qoyurlar? XXI əsrdə bu suala tam və qəti cavab tapılacaqmı?
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.