Heydər Əliyev - dinamik inkişaf edən Azərbaycanın memarı və qurucusu

Müasir dövr qloballaşma proseslərinin sürətlənməsi, dövlətlərarası inteqrativ əlaqələrin genişlənməsi və ayrı-ayrı ölkələrin siyasi-iqtisadi həyatında sürətli dəyişikliklərin baş verməsi ilə xarakterizə olunur. Müşahidələr göstərir ki, ayrı-ayrı milli təsərrüfatların beynəlxalq aləmə sürətlə inteqrasiya etdiyi və bu təsərrüfatların vahid dünya iqtisadi orqanizmi şəklində formalaşdığı bir dövrdə zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Əlverişli geostrateji məkanda yerləşən Azərbaycan Respublikasında isə bu, daha ciddi yanaşma tələb edirdi.

SSRİ-nin dağılmasından sonrakı iqtisadi çətinliklər vəziyyəti daha da ağırlaşdırmış, xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. Bir tərəfdən, istehsal olunan məhsullar tələbata cavab vermədiyi üçün anbarlarda yığılıb qalırdı, digər tərəfdən blokada vəziyyətində olduğumuz üçün xarici bazarlara çıxış imkanları çox məhdud idi. Valyuta çatışmazlığı və yolların təhlükəli olması ilə əlaqədar əmtəə idxalı da böyük çətinliklə həyata keçirilirdi. Sanki ölkəmiz və xalqımız açıq-aşkar imtahana çəkilirdi. Ərzaq anbarları boşalmış, gündəlik tələbat mallarının istehsalı təhlükəli dərəcədə azalmışdı. Hətta elə vaxt olurdu ki, Qazaxıstandan yola salınmış un gecə Bakıya çatmasaydı, səhəri gün şəhərdə aclıq baş verə bilərdi. Ona görə də dövlət orqanlarının bütün gücü həmin unun Bakıya vaxtında çatdırılmasına yönəldilirdi. Bəzi məsuliyyətsiz vəzifəli şəxslər isə bu çətinlikdən öz ciblərini doldurmaq üçün istifadə edir, öz maraqlarını milli və dövlətçilik maraqlarından üstün tuturdular. Ölkə artıq xarici yardımlardan asılı vəziyyətə düşmüşdü. 1992-ci ilin qışında Avropa Birliyindən alınan 300 min ton, 1993-cü ilin qışında isə Türkiyənin əvəzsiz verdiyi yenə 300 min ton un və taxıl yardımı buna misal ola bilər. Məhz belə bir sosial-iqtisadi və siyasi çətinliklər dövründə Azərbaycan dövlətinin əsl xilaskarı 1993-cü ildə xalqın istəyi və təkidli tələbləri ilə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev oldu.

Tarixi proseslərdən və beynəlxalq təcrübədən məlumdur ki, əgər dövlətin və xalqın strateji, perspektiv mənafeyi baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyən edə bilən şəxsiyyət, xalqı öz arxasınca aparmağı bacaran və nəhayət, dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil etməyi əməli sürətdə həyata keçirən praktik siyasətçi - diplomat, sərkərdə və komandan yoxdursa, həmin ölkənin nikbin gələcəyindən danışmaq çətindir. Amma dahi liderin yenidən hakimiyyətə qayıdışı, xalqının səsinə səs verməsi Azərbaycan dövlətinin və xalqının xoşbəxt gələcəyinin başlanğıcı idi. Ölkə başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi: “Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.

Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi stabilliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dövlətimiz mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlətdir. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə, eləcə də uzun illər ölkəmizə məharətlə başçılıq etdiyinə görə, xalqımızın qəlbində əvəzsiz dövlət xadimi qiymətini almış ulu öndər Heydər Əliyevin ölkə rəhbəri olduğu müxtəlif dövrlərdə müəyyən etdiyi və həyata keçirdiyi strategiya bu gün də bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifahı və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, tarix xalqımıza Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyət, Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı, əsl ümummilli lider bəxş etmişdir.      

Tarixi proseslərdən aydındır ki, müstəqilliyin 1990-cı illərin əvvəllərinə təsadüf edən ilk dövrləri qeyri-adi bir şəraitdə keçmiş və xeyli çətinliklərlə xarakterizə olunmaqla ciddi imtahanlarla müşayiət edilmişdir. Hörmətli akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi: “Bu dövrdə daxili siyasi inkişafın dəqiq konsepsiyasının olmaması, bir qütblü dünyaya qovuşmaq niyyəti ilə şərtlənən xarici siyasətin müasir reallıqlara uyğun gəlməməsi, siyasətdə, iqtisadiyyatda, cəmiyyət və fərdin həyatının ənənəvi sahələrində sovet irsindən nümayişkəranə imtina edilməsi - bütün bunlar milli müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsinə son dərəcə mənfi təsir göstərirdi”.

Məlumdur ki, xalqımızın və dövlətimizin son illərdəki yüksəlişi məhz Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə təyin olunmuş Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. O, hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər birinci katib işləyərkən, istərsə də keçmiş İttifaqın rəhbərlərindən biri olarkən  Azərbaycan xalqını, onun maraq və mənafeyini layiqincə qorumuş və mötəbər tribunalardan tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur.

Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, sovet ordusu Azərbaycanın müstəqilliyi ilə barışmayıb, yerli rəhbərlərin səriştəsizliyindən istifadə edərək Bakı şəhərində 20 Yanvar qırğınını törətdiyi zaman Moskvada fəaliyyət göstərən Azərbaycan nümayəndəliyinə gələrək ilk etiraz səsini qaldıran da  Heydər Əliyev olmuşdur. O, heç nədən çəkinmədən SSRİ-yə rəhbərlik edən yüksək mənsəbli şəxsləri kəskin tənqid etmiş, Bakı hadisələrində birbaşa  onların məsuliyyət daşıdığını bildirmişdir. Bütün bunlar onun yüksək insani keyfiyyətlərə, liderlik bacarığına, zəngin dünya görüşünə, hərtərəfli dərin savada malik olduğunu, vətəninə və millətinə dərin sevgisini göstərirdi.

Onu da unutmaq olmaz ki, Azərbaycanın xilaskar oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyi bir-birindən ciddi surətdə fərqlənən iki müxtəlif sistemə - sosializm və demokratik cəmiyyət quruculuğu dövrünə təsadüf edir. Hər iki sistemdə ölkəyə rəhbərlik etmiş Heydər Əliyev istər sosializm, istərsə də bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasını böhrana düşmüş vəziyyətdə qəbul etmişdir. Eyni zamanda, hər iki sistemdə də tezliklə böhran aradan qaldırılmış və sürətli tərəqqiyə nail olunmuşdur. Bütün bunlar isə ortaya belə bir sual çıxarır: bu uğurları ölkəmizə bəxş edən hansı amillər və səbəblərdir? Təbii ki, müxtəlif cavablar ola bilər, amma ölkəyə uğur gətirən başlıca amilin ümummilli lider Heydər Əliyevin islahatçılıq məharəti və yüksək idarəçilik keyfiyyətləri ilə bağlılığı danılmazdır. Tək bircə faktı qeyd etmək kifayətdir ki, cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün 1970-1980-ci illəri əhatə edən on ili ərzində ölkəmizin yalnız kənd təsərrüfatına ondan əvvəlki yarım əsr ərzində, yəni 1920-1970 illərdə cəlb edildiyindən daha çox sərmayə qoyulmuşdur. Bu isə hazırda da ərzaq təminatı və təhlükəsizliyi, regional inkişaf baxımından xüsusi əhəmiyyət kəsb edən kənd təsərrüfatında dinamik inkişafın əsasını qoymuş, hələ o zaman Azərbaycanı digər müttəfiq respublikalardan önə çıxarmışdır. 

Bazar iqtisadiyyatı isə dövlət, demokratiya, millət, kimlik, ideologiya, siyasət və iqtisadiyyat kimi həyati əhəmiyyətli məsələləri yenidən qurmağı tələb edirdi. Hörmətli akademikimiz Ramiz Mehdiyevin sözləri ilə desək: “1993-cü ilin ortalarında, Heydər Əliyev ölkəyə rəhbərliyə qayıtdıqdan sonra milli transformasiyanın dördüncü mərhələsi başlandı - modernləşdirmə mərhələsinə başlamağın əsası qoyuldu. Onun mahiyyəti Azərbaycanın tənzimlənən bazar iqtisadiyyatına keçməsində və demokratik islahatların həyata keçirilməsində idi ki, bu da beynəlxalq aləmdə ölkənin dünya siyasətinin subyekti kimi tanınması ilə nəticələndi”.

Və nəhayət, ölkəmizdə müstəqil, demokratik, hüquqi dövlətin möhkəm təməli ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ilə qoyuldu. Konstitusiyanın qəbulu ilə bütün dünyaya bir daha bəyan edildi ki, öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyənləşdirmək Azərbaycan xalqının suveren hüququdur, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

Təbii ki, Azərbaycan dövlətinin qarşısında duran ali məqsədə nail olunması üçün, ilk növbədə, iqtisadi sabitlik təmin edilməliydi. Çünki 1992-1994-cü illərdə mövcud olmuş hiperinflyasiya iqtisadiyyatın əsaslarını sarsıtmış, əhalinin maddi və sosial vəziyyətini ağırlaşdırmışdı. Birmənalı şəkildə aydın idi ki, həyata keçirilən iqtisadi siyasətin müvəffəqiyyəti genişmiqyaslı sabitləşdirmə tədbirləri ilə inflyasiyanın cilovlanmasından və makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin olunmasından asılıdır. Həyat bütün kəskinliyi ilə iqtisadi islahatların sürətləndirilməsini tələb edirdi. Ona görə də ölkə iqtisadiyyatında bazar prinsiplərinin bərqərar olmasını təmin etmək məqsədilə liberallaşdırma istiqamətində radikal addımların atılması bazar iqtisadiyyatı münasibətlərindən doğan bir zərurət idi. Məhz bu baxımdan da, 1994-1995-ci illərdə xarici ticarət əməliyyatlarının liberallaşdırılmasına başlandı və açıq qapı siyasətinə uyğun olaraq, müvafiq sahələrdə liberallaşdırma tədbirləri önə çəkildi. 1994-cü il sentyabrın 20-də isə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Respublikası özünün yeraltı və yerüstü sərvətlərinin tam hüquqlu və şəriksiz sahibi olduğunu dünyaya bəyan etdi.      

1995-1996-cı illərdə yaranmış əlverişli makroiqtisadi sabitlik şəraitindən istifadə edilərək 1997-1998-ci illərdə ölkədə iqtisadi islahatların yeni mərhələsi–struktur islahatları mərhələsi başlandı. Dövlət Proqramına uyğun olaraq ölkədə genişmiqyaslı özəlləşdirmə tədbirlərinə start verildi, iqtisadiyyatın əsas sahələrindən olan aqrar sektorda torpağın xüsusi mülkiyyətə verilməsi istiqamətində radikal islahatlar aparıldı. Yeni iqtisadi tələblərə cavab verən maliyyə sektorunun, onun vacib hissəsi olan bank sisteminin formalaşdırılması, dövlət banklarının yenidən qurulması istiqamətində ciddi addımlar atıldı.

Eyni zamanda, Bakı şəhərində ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsində, dünya nəqliyyat sisteminə inteqrasiya olunmasında mühüm rol oynayan Böyük İpək yolunun bərpasına dair beynəlxalq konfrans keçirildi. İştirakçı ölkələrin və aparıcı dünya şirkətlərinin sayına görə “Əsrin müqaviləsi”ndən sonra ən irimiqyaslı tədbir olan bu konfrans bir daha Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinə etibarlı və əhəmiyyətli bir tərəfdaş kimi təqdim etdi. Hazırda isə artıq ölkəmiz Avropa və Asiya arasında ən mühüm və aparıcı nəqliyyat qovşağına çevrilməkdədir. Regionda həyata keçirilməsi nəzərdə tutulan layihələrin Azərbaycanın iştirakı və töhfəsi olmadan reallaşması qeyri-mümkündür.           

Yuxarıda qeyd olunduğu  kimi, müstəqillik illərində də ümummilli liderin hakimiyyətə dönüşü təlatümlü və xalqımız üçün taleyüklü bir dövrə təsadüf edirdi. Belə ki, 1993-cü ildə müstəqil Azərbaycan dövlətini dünya xəritəsindən silinmək və hər an baş verə biləcək vətəndaş müharibəsi təhlükəsi gözləyirdi. Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev şəxsiyyəti xilas edə bilər. Çünki ümummilli liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan məhəbbəti onun xalqı ilə birlikdə bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu. Heç zaman seçimində yanılmayan xalqımız bu dəfə də çox düzgün seçim etdi və ulu öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək ölkədə baş alıb gedən tənəzzülü dayandırdı. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi stabillik təmin olundu və beləliklə, iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və s. istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı.

Başqa sözlə desək, siyasi-iqtisadi stabilliyə nail olmaq və Azərbaycanı dünyaya tanıtmaq qarşıda duran ən mühüm vəzifələrdən idi. Ona görə də əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunması ilə yanaşı, həm də dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuşdu. Bu isə, öz növbəsində, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı daha da ruhlandırar, onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaradırdı. Artıq ənənəvi olaraq, Bakı şəhərində Dünya Azərbaycanlılarının qurultayları keçirilir ki, bu da xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək təşkilatlanması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Ümumilikdə neft strategiyası ilə sürət götürən inkişaf dinamikası sonrakı illərdə daha geniş formada davam etdirildi. 1995-1998-ci illər əsasən müvafiq normativ hüquqi bazanın yaradılması ilə yadda qalsa da, bu dövrdə həm də dövlət mülkiyyətinin özəlləşdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi və s. istiqamətində bir neçə  Dövlət Proqramı da qəbul edildi. Bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişafın əsas amilinin özəl mülkiyyət və sahibkarlığın müxtəlif formalarının təşəkkül tapması olduğunu çox düzgün qiymətləndirən dahi Heydər Əliyev ölkədə sahibkarlığın inkişaf etdirilməsinə xidmət edən mühüm qərarlar qəbul etdi. Bu sahədə görülən işlərin əsl mahiyyətini qiymətləndirmək üçün ümummilli lider Heydər Əliyevin hələ 1996-cı ildə söylədiyi bir fikri yada salmaq məqsədəuyğun olardı: “Bir Prezident kimi mən iqtisadiyyatda dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdırilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”. 

Məhz bu diqqət və qayğının nəticəsi idi ki, ölkədə yerli sahibkarlıq fəaliyyəti ilbəil genişlənir, möhkəmlənir və dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevrilirdi. Ölkədə sahibkarlıq fəaliyyətini daha da genişəlndirmək üçün təkcə 2002-ci ilin avqust-sentyabr aylarında altı mühüm fərman imzalanmışdı. Bu tarixi fərmanların qəbul edilməsində əsas məqsəd ölkəmizin sosial-iqtisadi durumunun keyfiyyətcə yeni inkişaf mərhələsinə qalxmasında böyük potensiala malik milli sahibkarlığın həlledici rolunu daha da artırmaq idi. Məhz həmin dövrdə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, artıq sahibkarlıq iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilərək istər məşğulluğun təmin olunması, istərsə də büdcə gəlirlərinin artırılması istiqamətində öz bəhrəsini verməkdədir.

Aydındır ki, istənilən sahədə hansı normativ sənədin qəbul edilməsindən asılı olmayaraq, görülən işlərin nəticəsi icraçı kadrların təcrübə və dünya görüşündən çox asılıdır. “Hər şeyi kadrlar həll edir” prinsipinə əsaslanaraq ixtisaslı və bacarıqlı  kadrların yetişdirilməsi, eləcə də bir komanda halında səfərbər edilməsi xüsusi idarəçilik qabiliyyəti tələb edir. Hazırda Azərbaycan dövlətinin möhkəmlənməsi, inkişaf etməsi və dünyada nüfuzlu söz sahibinə çevrilməsi istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən, hökumətin müxtəlif strukturlarına rəhbərlik edən insanların əksəriyyəti 1960-70-ci illərdə, məhz Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin qayğısı sayəsində keçmiş SSRİ-nin aparıcı universitetlərində dərin biliyə, geniş dünya görüşünə və zəngin idarəçilik qabiliyyətinə yiyələnmiş insanlardır.

Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevə həm də ona görə minnətdar olmalıdır ki, o, özündən sonrakı Azərbaycanı təsadüflərin ixtiyarına buraxmadı, layiqli davamçısı olan gənc lideri - İlham Əliyevi yetişdirdi.  Bu gün ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan dövlətini inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq və bu inkişafı davamlı inkişafa çevirmək istiqamətində kompleks tədbirlər həyata keçirir. Son illərdə ölkədə aparılan uğurlu islahatlar, sosial-iqtisadi sahədə əldə edilən böyük nəticələr ümummilli lider Heydər Əliyevin böyük məktəbini keçmiş cənab İlham Əliyevin yüksək idarəçilik keyfiyyətləri ilə bağlıdır.

Təbii ki, Azərbaycan xalqının xilaskar oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin ölkəmizin və xalqımızın inkişafına xidmət edən fəaliyyətini, nəinki bir məqalədə, hətta cild-cild kitablarda belə tam əhatə etmək qeyri-mümkündür. Yuxarıda qeyd edilənlər isə ümummilli liderin xidmətləri qarşısında “dəryadan bir damla” kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasında ayrı-ayrı elm sahələrinin, təhsil, səhiyyə, kənd təsərrüfatı və sənayenin inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə həyata keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir”.

Bəli, bütün mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyev Azərbaycan tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbini yaratmışdır. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

 Aqil ƏSƏDOV,
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri,
iqtisad üzrə fəlsəfə doktoru, dosent


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında