Rəsmi Ankara keçən həftə iki dövlət başçısını qarşılamaqla dünya siyasətində yenidən diqqət mərkəzinə çevrildi . Roma Papasının və ardınca da Rusiya Prezidentinin səfərləri rəsmi Ankaranın cəlb olunduğu oyunun miqyasının genişçaplı olması ilə diqqət çəkməklə yanaşı, eyni zamanda, bütün bölgəyə təsir edəcək, əslində, pərdəarxası yeni gedişlərin şahidi ola biləcəyimiz mənasını ifadə etməkdədir. Səfərlər, İŞİD-in artıq Yaxın Şərqdə təhlükəli bir kabusa çevrilməsi, Qərblə Rusiya arasında toqquşmaların daha kəskin siyasi-iqtisadi xarakter alması və Moskvanın Abxaziya kartı ilə heç də özünün geosiyasi maraqlarından əl çəkmək niyyətində olmaması, OPEK-in yeni və əslində, həm də ikibaşlı neft siyasəti, İranın istər Qərb, istərsə də bölgə ölkələri ilə münasibətlər baxımından maraqlı gedişlər etməsi fonunda gerçəkləşdi. Yəni, hər kəsin öz hesabı, öz oyunu var...
Papa Türkiyəyə niyə gəldi?
Əslində, Roma Papasının Türkiyə səfərinin bir sıra diqqətçəkən məqamları var. İlk növbədə vurğulamaq lazımdır ki, Papa Fransiskin bu səfəri, daşıdığı iki vəzifə ilə bağlı iki istiqamətdən dəyərləndirilməlidir: Vatikan dövlətinin başçısı olaraq siyasətçi kimi və Vatikan Roma Kilsəsinin dini rəhbəri kimi. Papa rəsmi dövlət rəhbərləri üçün hazırlanan birinci dərəcəli mərasim ilə qarşılansa belə, onun bir ruhani lider olması faktı da həqiqətdir. Burada bir maraqlı məqamı qeyd etmək lazımdır. 2006-cı ildə Roma Papası XVI Benedikt, Türkiyə səfəri zamanı II dərəcəli qarşılanma mərasimi ilə qəbul edilmişdi. Bunun başlıca səbəbi isə, o zamankı Türkiyə Prezidenti Əhməd Necdət Sezərin Benediktə “Əgər Fənər-Rum Kilsəsinin rəhbəri Bartolomeusla görüşə gəlirsinizsə, o zaman sizə birinci dərəcədə dövlət törəni keçirmərik”, – xəbərdarlığını etməsi idi. Türkiyə o zaman, Papanı sırf dini lider olaraq qəbul etmişdi. Lakin indiki qarşılanma tamamən fərqli oldu, baxmayaraq ki, səfərdən əvvəl Papa ziyarətinin səbəbinin iki xristian kilsəsini barışdırmaq məqsədi ilə Konstantinopola (İstanbula deyil!) səfər edəcəyini bildirmşdi. Bununla da, əslində, bir dövlət başçısı olaraq deyil, dini rəhbər olaraq gəldiyinə vurğu etmişdi...
Bu səfər hər nə qədər “dinlərarası dialoq” və “mədəniyyətlər ittifaqı” fonunda təqdim edilsə də, əslində, səfər əsnasında verilən mesajlar və səslənən fikirlər başqa məqamların da ortaya çıxmasına səbəb olur.
İlk növbədə dövlət rəhbəri, siyasətçi olaraq səfərin mənasına diqqət etməyə çalışaq. İŞİD-in siyasi-ideoloji təsir dairəsini kifayət qədər genişləndirməyə müvəffəq olması, əslində, ciddi həyəcan siqnalıdır. Bir sıra radikal dini qruplaşmaların İŞİD-ə tabe olduqlarını elan etmələri diqqəti çəkən əsas məqamlardandır. Bu kontekstdə, Livanda “Cəbhət ən-Nusra”, Misirdə “Ənsar əl-Beyt əl-Maqdis” qruplaşmalarının, Liviyada “Ənsar əş-Şaria” təşkilatının, eləcə də İordaniya, Yəmən, Səudiyyə Ərəbistanı və Fars körfəzində yerləşən bir sıra digər ərəb ölkələrində müxtəlif dəstələrin İŞİD-ə beyət etmələrini misal göstərmək olar. Belə bir həyəcanlı ortamda, hadisələrin birbaşa sərhədində yerləşən və İslam ölkəsi olan Türkiyənin Qərb üçün bir körpü funksiyası oynadığı, əslində, həqiqətdir. Məhz bu səbəbdən də, ABŞ və Qərb koalisiya üzvləri hər vəchlə Suriya və İraq cəbhəsinə Türkiyəni qoşmaq üçün müxtəlif gedişlər ediblər (bir müddət əvvəl Kobani hadisələri zamanı Türkiyənin daxilində baş verən iğtişaşları yadımıza salmaq kifayət edir) və təbii ki, bu niyyətdən indi də əl çəkməyiblər. Əslində, Papanın siyasi lider olaraq səfərinin ikinci gizli tərəfi də məhz bu amillərlə bağlı ola bilər: Türkiyəni İŞİD məsələsində yola gətirmək. Türkiyənin birbaşa hərbi müdaxiləsinin olmaması İŞİD faktorunun tamamən aradan qaldırılmasını əngəlləyir. Çünki: a) Türkiyə bölgədə aktor dövlətdir və onun proseslərdə birbaşa iştirakı əslində, koalisiya qüvvələrinin işini xeyli yüngülləşdirə bilər; b) Türkiyə “İslam dövləti” və eyni zamanda, əksəriyyəti sünni məzhəbli müsəlmanlardan ibarət olan lider dövlətlərdəndir ki, bu, birbaşa İŞİD-in “sünni anlayışı” adı altında apardığı təbliğata birbaşa zərbə anlamına gələrdi; c) Türkiyə NATO dövləti olmaqla, bölgə ilə Qərb arasında körpüdür. Lakin Ankara bu proseslərə girməklə özünü bataqlığa salmaq istəmir.
Papanın, hadisələrin bu istiqamətdə cərəyan etdiyi bir dönəmdə səfər etməsini, eyni zamanda, İslam dünyası ilə dialoq məsələsində vasitəçi qismində əhalisinin böyük əksəriyyətinin müsəlman olduğu hüquqi-dünyəvi bir dövlət olaraq, Türkiyəni gördüyü mənasında da yozula bilər. Əslində, ziyarət Türkiyənin Avropa Birliyi ilə münasibətləri baxımından da əhəmiyyətli görünə bilər. Hazırda dalana dirənmiş bu münasibtlərin təkrar normal məcraya dönməsi üçün Papa hansısa təkliflərlə də gələ bilər. Yəni bu ziyarət, müəyyən qapıların açılması təklifinin gəlməsi kimi də dəyərləndirilə bilər. Və təbii ki, müəyyən güzəştlər və Qərbin öz siyasi maraqlarına cavab verəcək güzəştlər əldə etmək şərti ilə.
Nəzərə alsaq ki, Vatikan rəsmən qondarma “erməni soyqımı”nı tanıyıb, bu şərtlərdən birinin məhz ermənilərlə sərhəd məsələsi ilə bağlı olduğunu Papanın verdiyi mesajlardan da anlamaq mümkündür. Əslində, Papa bu məsələyə dair səsləndirdiyi fikirlərlə, Avropa Birliyinin bu problemə baxış bucağının nədən ibarət olduğunu ortaya qoymuş oldu. Bununla da məsələyə münasibətdə Qərbin cızdığı konturlar müəyyənləşdi.
Digər məqam isə Rusiya faktorudur. Türkiyə-Rusiya münasibətərindəki yeni məqamlar və Vladimir Putinin Ankaraya səfəri, əslində, rəsmi Moskvanı diz çökdürmək üçün iqtisadi anlamda ölüm-dirim savaşına çıxmış Qərb üçün heç də xoşagələn perspektivlər vəd etmir. Bu barədə bir az sonra daha ətraflı məlumat verməyə çalışacağıq. Əminliklə söyləmək olar ki, Papa Moskva ilə bağlı da Qərbin müəyyən mesajlarını Ankaraya çatdırmamış deyil.
Dini lider olaraq səfərin mənasına diqqət edək. Papanın səfəri, 1054-cü ildə bölünən və hər zaman aralarında tarixi-siyasi rəqabət yaşanan bu iki kilsə arasında 1964-cü ildən start götürən və “sevgi dialoqu” adını almış birləşmə sevdasının reallaşması istiqamətində prinsipial addım olaraq qiymətləndirilməlidir. Xristian dünyasının hər iki dini lideri – həm Papa Fransisk, həm də dünya ortodoks xristianlarının lideri statusunda olan Bartolomeus birləşmək yönündə açıqlamalar verdilər. Patrikin ictimaiyyət qarşısında Papanın başını sığallayaraq alnından öpməsi isə, əslində, xristian dünyasının birləşmək üçün ciddi səylər göstərməsinin ən vacib nişanəsi olaraq dəyərləndirilə bilər. Və bütün bunlar, Yaxın Şərqdə İslam dünyasını bürümüş məzhəb qarşıdurmasının İŞİD və İran faktoru ilə yeni bir şəkil almasının fonunda baş verməkdədir. Əslində, bu iki kilsənin birləşməsi bu gün xristian dünyası üçün olduqca böyük mənəvi əhəmiyyət daşımaqdadır. İstanbulu hər zaman Qərb xristianlığının müqəddəs məkanı, Ayasofyanı isə simgəsi olaraq görən Qərb dünyası min ilə yaxındır ki, davam edən bu bölünməni və siyasi rəqabəti aradan qaldırmaq ümidindədir. Unutmaq olmaz ki, Qərb bu gün də Fənər Patrikliyini İstanbulda Bizansın təmsilçisi və mirasçısı olaraq görməkdədir. Bildiyimiz kimi, 16 mart 1920-ci ildə İstanbul müttəfiqlər tərəfindən işğal edilərkən, Patrikliyin binasının qarşısında Bizansın tarixi üzərində ikibaşlı qartal əks olunan bayrağı dalğalandırılmışdı. Lakin Fənər-Rum Patrikliyinin ortodoks xristian dünyasında şəriksiz liderliyini şübhə altına alan Moskva və yunan provoslavlarının da mövcudluğu, əslində, bu birləşmənin siyasi nöqteyi-nəzərdən hələ çox müzakirələrə və siyasi anlamda qarşıdurmalara yol açacağından xəbər verən amillərdir.
Moskva Ankara ilə dil tapa bildimi? Bunu hadisələrin gedişatı göstərəcək
Gündəmdə diqqəti çəkən başqa bir səfər isə Rusiya Prezidenti ilə bağlı oldu. Səfəri Qərbə meydan oxuyan Rusiyanın Türkiyədə nicat axtarması kimi də qiymətləndirmək olar. Türkiyənin Qərbdən fərqli olaraq Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmaması Ankaranın qarşısında yeni iqtisadi imkanlar açıb. Türkiyə və Rusiya ikitərəfli münasibətlərdəki ticarət-iqtisadi əlaqələrin səviyyəsini 38 milyarddan 100 milyard dollara qədər yüksəltməklə bağlı əldə edilmiş razılaşma, əslində səfərin, iqtisadi cəhətdən ağır zərbələr almış rəsmi Moskvanın Ankaranın hesabına itkilərini kompensasiya etməyə çalışmasıdır. Əslində, iqtisadi anlaşma Türkiyə üçün də geniş perspektiv vəd edir. Məsələn, Türkiyənin kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının daha da artırılması buna misal ola bilər. Ukrayna hadisələrindən dolayı Qərbin sanksiyaları ilə üzləşən şimal qonşumuz ABŞ, Avropa İttifaqı ölkələri, Avstraliya və Norveçdən kənd təsərrüfatı məhsulları ala bilmir. Bu isə Türkiyə üçün “Rusiya adlı böyük bazar” anlamını ifadə etməkdədir. Məhz bu səbəbdən, Rusiyaya keçən il 1,3 milyard dollarlıq kənd təsərrüfatı məhsulları satan Türkiyə, 2015-ci ildən bu rəqəmin iki dəfə artırmaqla bağlı razılaşma əldə edib. Almaniyadan sonra “Qazprom”un ikinci ən böyük müştərisi olan Türkiyə, keçən il işlətdiyi 45 milyard kubmetrlik qazın 58 faizini Rusiyadan almışdı. Qaza olan tələbatı ödəməkdə çətinlik çəkən türklərin Rusiyadan asılılığını artıracağı ilə bağı xəbərdarlıqlara rəğmən “Qazprom”dan alacağı yanacağın həcmini artırmağa da çalışır. Təbii ki, özünə münasib qiymət çərçivəsində. “Qazprom”un rəhbəri Aleksey Millerin dili ilə desək, Vladimir Putinin Türkiyəyə 63 milyard kubmetrlik yeni boru xətti anlaşmasını təklif etməsi ilə, əslində Avropaya “təbii qaz müharibəsi” elan etdiyi reallıqdır. Əməkdaşlıq, eyni zamanda, turizm sektorunu və eləcə də Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı 2010-cu ildə əldə olunan razılaşmanın 2016-cı ildə stansiyanın fəaliyyətə başlaması ilə bağlı qərarı da əhatə edir.
Lakin bu iki dövlətin bölgədə cərəyan edən proseslərlə bağlı siyasi mövqeyində prinsipial fərqlər mövcuddur. Ziyarətdən əvvəl və sonra verilməkdə olan pozitiv bəyanatlara rəğmən, Suriyada yaşanan daxili müharibə Türkiyə ilə Rusiya arasında ən prinsipial fikir ayrılığı kimi qiymətləndirilməlidir. Hətta Qərbin belə İŞİD faktoruna görə ikinci dərəcəyə keçirdiyinə baxmayaraq, rəsmi Ankaranın hələ də Əsəd rejiminə qarşı prinsipial mövqe ortaya qoyduğu və onu siyasi hakimiyyətdən uzaqlaşdırmaq üçün əlindən gələni etdiyi bir zamanda, Moskva tamamən əks-mövqedə duraraq, hər zaman Suriya iqtidarının və Əsədin ən prinsipial müdafiəçisi rolunda çıxış etdi. Hətta bir ara mövqelərin bu cür tərs düşməsi ilə əlaqədar olaraq Türkiyədən Rusiyaya ünvanlanmış sərt bəyanatlar da səsləndirildi.
Başqa prinsipial fikir ayrılığı Ukrayna və Krım məsələsi ilə bağlıdır. Düzdür, rəsmi Ankara bu məsələdə, bütün gözləntilərə rəğmən öz sükunətini sonadək qoruya bildi, lakin bu, heç də Türkiyənin baş verənlərlə razılaşması mənasını ifadə edə bilməz. Ankara bu ilhaqı rəsmən tanımadı və Ukraynanın ərazi bütövlüyünün lehinə mövqe sərgilədi. Bununla belə, Suriya məsələsindən fərqli olaraq, prinsipiallıq nümayiş etdirmədi, Rusiyaya qarşı müxalifətin ön cərgəsində yer almadı və Qərbin embarqolarına qoşulmadı. Və nəticədə Rusiyaya qapılarını Türkiyəyə açaraq geniş iqtisadi perspektivlər vəd etməkdədir.
Əslində, səfər zamanı istər Suriya, istərsə də Krım – Ukrayna məsələlərinin hər iki ölkənin prezidentləri arasında müzakirə olunub desək, yanılmarıq. Bu, ilk növbədə, partnyorların biri-birinə tam etibar etməsi və daha böyük iqtisadi layihələrə imza atması baxımından əhəmiyyətlidir. Lakin Moskvanın nə dərəcədə rəsmi Ankaranın eşitmək istədiklərini söyləməsi ciddi mübahisə predmeti ola bilər. Əslində, unudulmamalıdır ki, səfər əsnasında əldə edilən razılaşmalar nə qədər cəlbedici və parıltılı görünsə də, bu layihələrin ardı gəlməlidir. Və bunun ardının gətirilməsi üçün isə, bu iki prinsipial məsələdə, eyni zamanda, Cənubi Qafqazdakı münaqişələrlə bağlı prinsipial razılaşmanın olması şərtdir. Qərb, təbii ki, Ankaraya proseslərin belə bir məcraya düşdüyü bir zamanda Moskvaya qucaq açmasını bağışlamayacaq. Onsuz da, belə demək mümkündür ki, Papa vasitəsi ilə Ankaraya lazımi mesajlar da artıq çatdırılıb. Moskva isə hər halda nə Krımdan imtina etməyə (ona görə ki, Qara dəniz bölgəsi ölkəsi kimi Türkiyə üçün bu, ciddi amildir və eyni zamanda, Krımın özü tatar türkləri faktoru səbəbi ilə əhəmiyyət daşıyır), nə bu günlərdə Abxaziya ilə imzaladığı razılaşmadan imtina etməyə (ona görə ki, Gürcüstan Türkiyə üçün dost ölkədir, eyni zamanda, bu halın özü çox ciddi president yaradır və Azərbaycan üçün də təhlükəlidir), nə ermənilərin əl-qolunu bağlamağa ( ona görə ki, Türkiyə üçün həm sərhədlərin açılması ilə bağlı edilən təzyiqlər, həm Azərbaycanla bağlı strateji müttəfiqlik, həm də qarşıdan gələn qondarma soyqırımın 100 illiyi ilə əlaqədar prinsipial məsələdir), nə də sonadək müdafiə etdiyi Bəşər Əsədi tək qoymağa hazırlaşır.
Əslində, danışıqlar masası üzərinə çox şey qoyulub. Və qazanmaq istədiyin zaman əlində olanları da itirmək təhlükəsi çox yüksəkdir. Bunu Ankara da, Qərb də, elə Moskva da çox yaxşı anlayır...
Vüqar ZİFƏROĞLU,
Bakı Dövlət Universitetinin dosenti,
filologiya üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.