Heydər Əliyev – Böyük azərbaycanlı

Tarixi şəxsiyyətlər nəsillərin yaddaşında zamanın sərt sınaqları qarşısında  milli dövlətçiliyin  möhkəmləndirilməsi, dövlət müstəqilliyinin əbədiləşdirilməsi, xalqın xoşbəxt gələcəyinin təmin olunması  naminə  gördüyü cahanşümul işlərlə əbədiləşir.  Bu mənada  Heydər Əliyevin adı  xalqımızın tarixinə Böyük azərbaycanlı kimi  əbədi həkk olunmuşdur. Ümummilli lider  ömrünü xalqın səadətinə həsr etmişdir. Hər gün faydalı bir iş görmək, məqsədə doğru bir addım atmaq onun devizi idi. Heydər Əliyev Azərbaycan xalqının çoxəsrlik arzularını gerçəkləşdirdi, bu xalqı dünya tarixi səhnəsində məxsusi yerə çıxardı. Bu, misilsiz bir tarixi hünər idi.

İnsanın böyüklüyü bir meyarla ölçülür: gördüyü işlərin sanbalı, xalqın bu günü və gələcəyi üçün əhəmiyyəti ilə. Bu yöndə inanıram ki, ulu öndərin rəqibi yoxdur, onunla müqayisə ediləsi şəxsiyyətimiz yoxdur və olmayıb. Onun Vətənə xidmətlərinin məğzi isə Azərbaycan dövlətçiliyinin tarixin ağır sınaqlarından uzaqlaşıb əmin-amanlıq sahilinə yan almasını ifadə edir. Bu tarixi missiyanın sükançısı və qurucusu böyük Heydər Əliyev idi.

Tale ona Azərbaycanın müstəqilliyini bərpa etmək, sonra isə onu dönməz etmək vəzifəsi ayırmışdı. Bu, ağlagəlməz dərəcədə çətin missiya idi. XX əsrin ikinci yarısında dünya böyük dövlətlər arasında bölünmüşdü. Müstəqil dövlətlərin yaranması şansı böyük deyildi. Amma Heydər Əliyev yeniyetmə vaxtlarından xalqımızın dünya xəritəsindəki yeri, buna çatmağın yolları barədə düşünürdü.

Polad iradəsi, yorulmazlığı, qeyri -adi müdrikliyi, dövlət siyasətindən və professional işdən  gözəl baş çıxarması nəticəsində Heydər Əliyev əmək fəaliyyətinin ilk dövründə Azərbaycanın dövlət təhlükəsizliyi sistemində böyük avtoritetə çevrildi. Hətta Moskvada da onun rəyini diqqətlə dinləyir, peşəkar kimi onunla məsləhətləşirdilər. Lakin Heydər Əliyev öz nüfuzundan ilk növbədə bir məqsədlə - xalqa sədaqətli, yetkin azərbaycanlı kadrları irəli çəkmək üçün istifadə edirdi. Elə bir vəziyyət gəlib çıxdı ki, ermənilər onun nüfuzu qarşısında geri çəkildilər. Xalqın böyük oğlu əvvəlcə təhlükəsizlik orqanında ikinci, sonra isə birinci şəxs oldu.

Bu, xalqın qələbəsi idi. Bununla öndərin siyasi yüksəlişinin bir mərhələsi bitir, yenisi başlanır. Bu, Azərbaycanda real rəhbərlik dövrüdür. Azərbaycanda xalq üçün hər hansı iş görmək naminə, ilk növbədə, dövlət təhlükəsizliyi orqanlarında lazımi  adamları vəzifələrdə oturtmaq və  bu orqanı milli maraqlara xidmət göstərməyə sövq etmək lazım idi. O zamanlar bu orqanın nüfuzu yüksək idi, Moskvadakı partiya rəhbərliyi onun rəyinə böyük əhəmiyyət verirdi.

Sürətli yüksəliş illərində Heydər Əliyevin  başlıca keyfiyyəti - onun parlaq dövlətçilik  bacarığı özünü qabarıq göstərdi. O, öz siyasi planlarını  çılpaq əmrlər şəklində yox, gündəlik və yorulmaz təşkilatçılıq yolu ilə həyata keçirirdi. Ətrafdakı insanlar, cəmiyyət bunu çox vaxt hadisələrin təbii axarı kimi qəbul edirdilər. Əslində isə onun hər bir kadr dəyişikliyinin uzaqgörən məqsədləri var idi. Həmişə yeni bir Azərbaycan qurmaq planları ilə bağlı idi.

Bu planlar onun idarəçilik üslubuna da təsir edirdi. Bu üslubun digər   xüsusiyyəti onun   uzaqgörənliyində, siyasi və iradə ardıcıllığında özünü göstərirdi. Uzaq və böyük planlar qurmaq ümummilli liderimizin siyasi rəhbərliyinin mühüm cizgisi idi. Ulu öndərin siyasi  gedişləri gələcəyə hesablanırdı. Ona görə Heydər Əliyevin qəbul etdiyi qərarların mənası ancaq  beş, yeddi il keçdikdən sonra sezilə bilərdi. Həm də hamı tərəfindən yox, onun Azərbaycanda yeritdiyi milliləşdirmə siyasətini dərk edənlər tərəfindən.

Rəhbərin strateji ustalığını onun  real siyasi fəaliyyətində görmək olardı. Çıxışlarında o, alovlu bir beynəlmiləlçi kimi danışır və düşmənlərinin, erməni daşnaklarının  istifadə edəcəyi arqumentləri onların əlindən alırdı. Əməldə isə bütün qərarlar Azərbaycanı addım-addım bütün sahələrdə milliləşdirməyə yönəlmişdi. Bu xətt əvvəlcə milli ruhlu kadrların iş başına yerləşdirilməsində, ikinci isə  erməni millətindən olan şəxslərin mühüm və çox gəlirli iqtisadi postlardan uzaqlaşdırılmasında öz əksini tapırdı.

 

1969-cu il müstəqil Azərbaycan qurmaq yolunda mühüm mərhələ oldu. Heydər Əliyev artıq dövlət təhlükəsizliyi orqanlarını milliləşdirmək vəzifəsini yerinə yetirmişdi. İndi partiya rəhbərliyinə keçmək olardı. Həmin ildə Azərbaycanın rəhbərliyini yeniləşdirmək ideyası ortaya çıxanda  Heydər Əliyevin Moskvadakı tərəfdarları və dostları onun namizədliyini irəli sürdülər. 1969-cu ilin iyulunda ulu öndər Azərbaycan KP MK-nın birinci katibi seçildi. Beləliklə, xalqın müdrik oğlu müstəqil Azərbaycan Respublikasının yaradılması mərhələsinə qədəm qoydu. O zamanlar ölkədəki inzibati, iqtisadi və siyasi hakimiyyətin hamısı birinci katibin nəzarətində olurdu.

Zaman ölkə qarşısında iki əsas vəzifə qoymuşdu: Birinci,  Azərbaycanın iqtisadiyyatını inkişaf etdirib müstəqil ölkə kimi yaşaya biləcək bir səviyyəyə qaldırmaq idi. Ona görə 1969-1982-ci illəri müstəqilliyin iqtisadi əsaslarının yaradılması mərhələsi adlandırmaq olardı. İkinci vəzifə isə Azərbaycan Sovet Respublikasının bütün sahələrində yuva salmış erməni yuvasını hiss olunmadan dağıtmaq idi. Bu mürəkkəb vəzifələri Heydər Əliyev məharətlə həyata keçirdi.

Sürətli iqtisadi quruculuq xalqımızın azadlığa və müstəqilliyə nail olması yolunda köklü əhəmiyyət daşıyırdı. Güclü iqtisadiyyatı olmayan xalq və onun dövləti xarici düşmənlərin müqavimətinə tab gətirə bilməzdi. Uzaqgörən bir siyasətçi kimi öndər Azərbaycanın müstəqilliyinə hansı  beynəlxalq qüvvələrin və dairələrin müqavimət göstərəcəyini yaxşı bilirdi. Bu amillər iyirmi üç ay yaşamış Azərbaycan Demokratik  Cümhuriyyətinin timsalında çox yaxşı məlum idi. 1918-1920-ci illərdə də ermənilər xarici qüvvələrin və dövlətlərin aləti kimi çıxış edərək gənc respublikada talanlar törətmiş, torpaq iddiası ilə müharibə alovlandırmağa nail olmuşdular.

70-ci illərdə gedən iqtisadi tərəqqinin, onlarca yeni zavod və fabrikin tikintisinin bir əhəmiyyəti də  Bakı şəhərinin böyüməsi və onun əhalisinin tərkibində azərbaycanlıların tam əksəriyyət təşkil etməsi idi. Yeni tikilən sənaye müəssisələrinə və zavodlara lazım olan işçi qüvvəsi paytaxta kənd rayonlarından gəlir və Bakının milli bir şəhərə çevrilməsi prosesini gücləndirirdi.

Ona görə Moskvanın milli hərbi kadrlara inamsızlıq siyasətinin əksinə olaraq, xalqımızın müdrik rəhbəri azərbaycanlıların hərbi və zabit peşələrinə yiyələnməsi üçün müxtəlif tədbirlər görürdü. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması  bu yolda atılan addımlardan biri idi. Bu məktəbdə onuncu sinfi bitirən gənclər ölkənin hərbi ali təhsil ocaqlarına qəbul olunurdu. Heydər Əliyev azərbaycanlı gənclər üçün bu məktəblərdə hər il müəyyən miqdarda müsabiqədənkənar yerlər alırdı.

Qısa bir vaxtda SSRİ müdafiə sənayesinin Azərbaycanda on bir böyük zavodu tikildi. Bu zavodlar, bir tərəfdən, hərbi sənaye ocaqları kimi müstəqillik dövrü üçün hava və su kimi vacib idi. Digər tərəfdən, bu zavodlarda keçmiş sovetlərin ən müasir  texnologiyaları tətbiq olunurdu.

Ulu öndərin siyasəti nəticəsində Azərbaycanın aqrar-sənaye kompleksi bir neçə dəfə artdı və Vətənin ərzaq müstəqilliyi təmin olundu. Kənd rayonlarında yüzlərlə zavod və fabrik tikildi. Kənddə əhalinin əksəriyyəti dövlətdən əməkhaqqı almağa başladı. Maddi inkişaf Vətənimizdə həm də mənəvi yüksəlişə, Azərbaycan milli şüurunun yeni bir səviyyəsinin gerçəkləşməsinə səbəb oldu. Məhz bu şüur səviyyəsi 1988-1992-ci illərdə Qarabağ torpaqları uğrunda xalq hərəkatının mənəvi əsasını təşkil edirdi.

Biz müstəqil, azad  dövlətdə yaşayırıq, ona görə gənc nəsil ana dilimizin bir vaxtlar yarıqadağalı bir status daşıdığını təsəvvür edə bilməz. Şəxsən mənim şagird və tələbə olduğum 60-cı illərdə rəsmi yığıncaqlarda ancaq rus dilində danışılırdı. Bu gün bunu təsəvvür etmək çətindir. Lakin bu gün sərbəst işlənən ana dilimiz bir vaxtlar öz varlığını yaşatmaq üçün mübarizə aparırdı.

Bu mübarizə tarixində Heydər Əliyevin xüsusi rolu var. O, ana dilimizin işlənmə azadlığı uğrunda iki cəbhədə mübarizə aparırdi. Birincisi, o, özü ana dilində danışırdı. İkincisi, qanunverici və rəsmi yollarla dilimizin statusunun artırılmasına çalışırdı. Sovetlər hakimiyyəti dövründəali rəhbərlik orqanı  Kommunist Partiyası idi. Bu partiyanın dili isə rus dili idi. Onun dəhlizlərində ana dilində sənəd hazırlana bilməzdi. Rəsmi yığıncaqların da dili rus dili idi.

Respublikanın birinci şəxsi də azad və müstəqil deyildi. Bütün vəzifəli şəxslər kimi, o da Kremlə  tabe idi, hər gün Moskvadakı nəzarətçilərlə ünsiyyətdə olmalı idi. Belə çətin şəraitdə Heydər Əliyev Azərbaycan dilində nitqlər etməyə başladı. Əvvəllər bu nitqləri Azərbaycan rayonlarındakı partiya  və təsərrüfat yığıncaqlarında edirdi. Bunun üçün əsas da vardı: yerlərdəki kadrlar və sadə insanlar rus dilini  ya pis bilir yada heç bilmirdilər.

Rəhbərin ana dilində ilk nitqləri tarixi bir məna kəsb etdi. Onun 1969-cu ildə hakimiyyətə gəlişi ilə başlanan milliləşmə prosesi mən deyərdim ki, bu nitqlərin təsiri ilə başladı. Həm də ən mühümü odur ki, əyalətdə, xalq kütləsinin içində başladı. İnsanlar rəhbərin ana dilində  gözəl, ifadəli çıxışlarında, onun dövlətçilik məntiqində, Vətənimizi sürətlə qurub qüdrətli dövlətə çevirmək çağırışlarında  müstəqilliyimizin işartılarını duyurdular.

Sonralar Bakıda keçirilən tədbirlərdə də ana dilində danışmaq ənənə halını aldı. Yaradıcılıq ittifaqlarının, xüsusilə Heydər Əliyev Yazıçılar İttifaqının tədbirlərində  parlaq Azərbaycan türkcəsində çıxışlar etməyə başladı. Onun rəsmi partiya tədbirlərindəki çıxışları ana dilimizin heç vaxt işlənməmiş siyasi üslubunu yaratmışdı. Bunun özü də tarixi bir xidmət idi.

1978-ci il Konstitusiyasının layihəsi müzakirə edilən zaman orada Azərbaycan dili dövlət dili kimi göstərilmirdi. Belə vaxtda Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasında alimlərin iştirakı ilə Konstitusiya layihəsinin müzakirəsini təşkil etdi. Onun təşəbbüsü ilə  yığıncaq Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi göstərilməsi barədə təklif verdi. Milli ziyalı təbəqəsinin  bu  təklifini Moskva qulaqardına vura bilmədi.

Budan sonra ana dilini inkişaf etdirmək, bu dildə elmi və bədii yaradıcılığı genişləndirmək, kino, teatr quruculuğunda milli dilin tətbiqini gücləndirmək daha asan oldu. Kino kimi mühüm sahədə Moskva Bakıdan gələn ssenariləri belə rus dilində tələb edirdi. Ona görə kinostudiya əcnəbi millətindən olan qələm adamları ilə dolmuşdu. Bunu aradan qaldırmaq üçün rəhbər ora ana dilinə, xalqa bağlı olan kadrlar göndərdi. Məhz Heydər Əliyevin vaxtında və onun bilavasitə himayəsi  ilə xalqımızın tarixi qəhrəmanlıq keçmişini əks etdirən filmlər kinomuzun əsas mövzusu oldu.  “Babək”, “Nəsimi” kimi filmlər gəncliyin milli ruhda tərbiyəsində və sonralar kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük rol oynadı.

İnamla demək olar ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ədəbiyyat və incəsənətimizdə milli cərəyanın yüksəlişinə səbəb oldu. Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, İsa Hüseynov  kimi milli zəminə bağlı və istedadlı sənətkarları daim himayə edirdi. Belə sənətkarlar isə ədəbiyyatın milli varlığımız, dəyərlərimizlə bağlılığı mövzularını uğurla işləyib inkişaf etdirirdilər.

Heydər Əliyev keçmişimizə, mədəniyyətimizə daim qayğı göstərib. Tarix elmimizə qayğısı ilə bağlıdır. Ulu öndər  dövlət üçün milli tarixin və tarixçilik elminin fundamental əhəmiyyətini gözəl bilirdi.

Heydər Əliyevin mənəvi irsinin və milli tarix konsepsiyasının mühüm bir istiqaməti Azərbaycan Sovet Sosialist Respublikasının tarixinin  milli xəttini görməsi, ardıcıl surətdə üzə çıxarması və təbliğ etməsi idi. Hələ indiyə qədər də bu konsepsiyanın əhəmiyyətini dərk etməmək hallarına təsadüf olunur. Rəhbər çox haqlı olaraq belə hesab edirdi  ki, bütün səhv və əyintilərlə yanaşı, 70 illik sovetlər dövründə xalqımız misilsiz tərəqqi yolu keçib, başlıcası isə müstəqillik üçün iqtisadi və dövləti əsaslar yaranıb. Bu əsaslar olmadan indiki müstəqil dövlətimizin yaranması  mümkün deyildı.

Heydər Əliyev sovet Azərbaycanı tarixində Nəriman Nərimanovla başlanan, Üzeyir Hacıbəyov, Səməd Vurğun,  Mirzə İbrahimov, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə kimi milli ruhlu və milli ovqatlı  yazıçı və alimlərin fəaliyyətini  qırılmaz bir milli xətt sayırdı. Təsadüfi deyil ki, hakimiyyətə gəldiyi vaxtdan ilk böyük yubiley tədbiri N.Nərimanova və Səməd Vurğuna həsr edildi. Onların fəaliyyəti və irsi ədəbiyyatımız  üçün misilsiz dərəcədə qiymətli idi.

SSRİ-nin dağılmasından sonra dünyada mürəkkəb və çoxbaxımlı proseslər gedir. Belə şəraitdə Azərbaycan dünya siyasətində və regionumuzda digər dövlətlərə, o cümlədən Ermənistana nisbətən daha  çevik, daha uzaqgörən siyasət apardır. Ulu öndər məhz belə siyasət nəticəsində milli dövlətimizi bütün qəsdlərdən və intriqalardan qorudu. Həm də nəinki qorudu, eyni  zamanda, ağıllı xarici siyasət  ölkəmizin regionda və dünyada mövqeyini daha da möhkəmləndirdi və sabitləşdirdi.

Heydər Əliyev bioqrafiyasının əsas xətlərindən birini  erməni fitnəkarlığına qarşı mübarizə təşkil edir. Ölkənin heç bir rəhbəri Azərbaycanda erməni siyasətinə qarşı ulu öndər qədər ardıcıl və sərt mübarizə aparmayıb. Bu mübarizənin dərsləri bu gün çox aktualdır.

Heydər Əliyev ölkəyə rəhbərliyə gələndən sonra qısa bir vaxtda Azərbaycan iqtisadiyyatında hakim olan erməni “hörümçək toru”nu dağıtdı.

Heydər Əliyev Naxçıvana qayıdanda heç bir vəzifəsi yox idi. Amma  o,  xalqımızın ümummilli lideri, həqiqi ağsaqqalı idi. Ona görə Naxçıvan əhalisi onu vilayətin Ali Sovetinə deputat, sonra isə Ali Sovetin  sədri seçdi. Müdrik rəhbər bütün səylərini  Naxçıvan torpaqlarını erməni təcavüzündən qorumağa yönəltdi.

Azərbaycanın müstəqilliyi ideyası,  bütün mərhələlərdə olduğu kimi, 90-cı illərdə də rəhbərin siyasi fəaliyyətinin əsas qayəsi idi. Məhz buna görə o, hətta səriştəsiz Xalq Cəbhəsi hökuməti ilə əməkdaşlıq edir, ölkədə siyasi böhranı dərinləşdirə bilən  bütün meyillərin qarşısını almağa çalışırdı. Lakin 1993-cü ilin ilk günlərində  müstəqil Azərbaycan Respublikasının mövcudluğu təhlükə qarşısında qaldı: sərhəddə müharibənin qızğın çağında  cəbhəçilər ikiyə bölünüb bir-birinə silah qaldırdılar. Gəncədə qardaş qanı töküldü. Real vətəndaş müharibəsinin yayılması təhlükəsi yarandı.

Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi vətəndaş müharibəsindən çıxmağın əsas formulu kimi qəbul edildi. 1993-cü il iyun ayının 15-də bir ovuc səviyyəsiz cəbhəçinin müqaviməti qırıldı və  ulu öndər səs çoxluğu ilə Ali Sovetin sədri seçildi. Xalq rahat nəfəs aldı. İnsanlar xalqın sınaqlardan çıxmış vətənpərvər oğluna, müstəqillik ideyalarının əsas memarına inanırdı.

Azərbaycanın müstəqilliyinin dönməzliyi rəhbərin uzaqgörən siyasətinin əsas hədəfi idi. Ona görə də, qısa bir vaxtda müstəqil Azərbaycanın yeni Konstitusiyası hazırlandı və  referendum yolu ilə 1995-ci ilin dekabrında  qəbul olundu. Bununla Azərbaycanın müstəqilləşməsi  formal qanun baxımından da bitmiş oldu. Heydər Əliyev Konstitusiyası Azərbaycanın ərazi  bütövlüyünün toxunulmazlığı prinsipini  birmənalı şəkildə təsbit etdi: Azərbaycan ərazi quruluşu dəyişilməz olan unitar bir dövlətdir.

Heydər Əliyevin strategiyası və siyasəti bu gün Prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rəhbərin siyasi varisi onun milli tərəqqi və quruculuq xəttinə sadiqdir. Ölkəmizdə misilsiz dəyişikliklər baş verir, onun arxitektura görkəmi tamam təzələnir. İnsanların rifahı, yeni iş yerlərinin açılmaşı, yeni iqtisadi layihələrin gerçəkləşdirilməsi ölkə rəhbərinin daimi diqqət mərkəzindədir. Prezident İlham Əliyev dünya maliyyə böhranının ölkəmizə daha az ziyan vurması üçün gərək olan bütün tədbirləri görür, sadə, sıravi vətəndaşların bu böhrandan ziyan çəkməməsi üçün hər  şeyi edir. Ölkəmiz regionda lider dövlətə çevrilib.

Müstəqil Azərbaycan dünya siyasətinin reallığıdır. Bayrağımız bayraqlar sırasında BMT, Avropa Şurası və digər möhtəbər  qurumların  iqamətgahları qarşısında dalğalanır. Bu, Böyük azərbaycanlı Heydər Əliyevin doğma xalqına yarım əsrlik xidmətinin ən yüksək bəhrəsidir. Bu gün isə Heydər Əliyev, ilk növbədə, yaratdığı müstəqil dövlətimizin timsalında yaşayır və yaşayacaqdır.

Nurlana ƏLİYEVA,
YAP İdarə Heyətinin üzvü,
YAP  Qadınlar Şurasının sədri, filologiya elmləri doktoru, professor 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında