Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrə nəzər salsaq beynəlxalq aləmdə yüksək qiymətləndirilən və əbədi yadda qalan çox sayda uğurun qazanılmasının şahidi olarıq. Bu illər ərzində əldə olunan nailiyyətlər ölkəmizin dünya birliyindəki reytinqini xeyli yüksəltmiş və respublikamızı qüdrətli dövlətlər sırasına çıxarmışdır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət sahəsində qazandığımız uğurlar Azərbaycanın dünya birliyinə və Avropaya inteqrasiyasını daha da sürətləndirdi. BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Müstəqil Dövlətlər Birliyi, GUAM, Türkdilli Dövlətlər Birliyi kimi nüfuzlu beynəlxalq qurumlar ilə fəal əməkdaşlıq qurulması, həmçinin dünyanın aparıcı dövlətləri ilə münasibətlərin daha da möhkəmləndirilməsi ölkəmizə olan inam və etibarın təcəssümüdür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məntiqli xarici siyasət Azərbaycanı beynəlxalq aləmdə söz sahibinə çevirmiş, diplomatiyamızın coğrafiyasını xeyli genişləndirmişdir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasına üzv olan 193 dövlətdən 155-nin dəstəyini qazanaraq, bu mötəbər quruma Şərqi Avropadan qeyri-daimi üzv seçildi. Bu, Azərbaycanın dünya dövlətləri ilə diplomatik münasibətlərinin daha da möhkəmləndirməsinin, ümumilikdə isə, ölkəmizin xarici siyasət sahəsində qazandığı uğurların miqyasının genişləndirilməsini göstərən əsaslı faktlardandır.
Bunun ardınca ölkəmiz daha bir tarixi uğura imza atdı. Azərbaycan artıq Avropa Şurası Nazirlər komitəsinə sədrlik etməyə başladı. Bu il, mayın 13-də Strasburq meriyasının qarşısında Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinin sədrliyinə başlaması münasibətilə dövlət bayrağı qaldırılmışdı. Xalqımız üçün çox önəmli olan bu mərasimi açan şəhər merinin müavini Jan-Jak Qsel demişdi ki, Avropanın rəmzi paytaxtı hesab edilən Strasburq dəfələrlə Avropa Şurasına üzv olan müxtəlif ölkələrin Nazirlər Komitəsinin sədrliyinə başlaması ilə bağlı bayraq qaldırılma mərasimi kimi yaddaqalan hadisələrin şahidi olub: “Özünəməxsus tarixə, müxtəlif dinlərə və mədəniyyətə malik olan üzv ölkələrin fəaliyyətində Avropa Şurasının əsas prinsipləri - demokratiya, insan haqları və qanunun aliliyi mühüm rol oynayır”.
Azərbaycanın Avropa Şurasına üzv olduğu müddətdə ilk dəfə Nazirlər Komitəsinə sədrliyə başladığını diqqətə çatdıran Avropa Şurası baş katibin müavini Qabriella Battani Draqoni ölkənin korrupsiyaya qarşı fəal mübarizə aparacağına, bu qurumla əməkdaşlığının zəruri tərkib hissəsi olan qonşuluq və mədəniyyətlərarası dialoq siyasətini müvəffəqiyyətlə davam etdirəcəyinə əminliyini bildirmişdi.
Xatırladaq ki, Azərbaycan 2001-ci ilin yanvar ayında Avropa Şurasına üzvlüyə qəbul olunub. Arxada qalan 13 il ərzində respublikamız Avropa Şurasının üzvü olaraq üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Qeyd etdiyimiz kimi, ölkəmiz 2014-cü ilin mayından bu mötəbər qurumun Nazirlər Komitəsinə sədrlik etməyə başladı. Təbii ki, bu, Azərbaycan üçün mühüm tarixi hadisədir. 2014-cü ilin may-noyabr aylarını əhatə etmiş sədrlik dövründə Azərbaycan Avropa Şurasının fəaliyyətinin üç əsas ölçüsü - insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək vermiş və bu istiqamətlərdə təşkilatın atacağı addımların təşviqi ilə bağlı səylərini əsirgəməmişdir. Azərbaycan həmişə olduğu kimi, Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi müddətində də özünü etibarlı tərəfdaş, müstəqil xarici siyasət yeridən, regional və beynəlxalq problemlərlə bağlı öz mövqeyi ilə seçilən ölkə kimi tanıtmışdır. Etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin prioritet istiqamətlrindən biri olmuşdur. Azərbaycan tarixən müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində, birgə mövcud olduğu bir yer olub. Nazirlər Komitəsinə sədrlik zamanı da Azərbaycan mədəniyyətlərarası dialoqa, Avropada ayrı-seçkilik və dözümsüzlüklə mübarizəyə öz töhfəsini vermişdir.
Sentyabrın əvvəllərində Bakı şəhərində “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə 2014-cü il üçün Avropa Şurasının mübadilə görüşünün keçirilməsi xüsusilə qeyd olunmalıdır. Bu geniş fəaliyyət xətti çərçivəsində rəsmi Bakı, həmçinin Avropa Şurasının ilk Mədəniyyət və Rəqəmsallaşdırma üzrə Platforma Mübadiləsinə, “Avropa İrs Günləri”nin qeyd edilməsi tədbirinə, “Avropa Şurasının Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumu”na da ev sahibliyi edib. Sədrlik çərçivəsində, həmçinin “Nifrət nitqinə “Yox!” hərəkatı” kampaniyası çərçivəsində onun nailiyyətlərini möhkəmləndirmək məqsədilə Azərbaycanda forum təşkil edilmişdir.
Avropa Şurasının üç əsas meyarından biri olan - insan hüquqlarının qorunması ölkəmizdə yüksək səviyyədə həyata keçirilmişdir. Ümumiyyətlə, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq aləmdə əsasən yüksək dəyərləndirilib. Azərbaycan Prezidentinin imzaladığı əfv sərəncamları ilə on minlərlə məhkum azadlığa qovuşmuş və belə humanist addımlara görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər. Sayca 57-ci olan sonuncu əfv sərəncamının imzalanması Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi dövrə təsadüf etmişdir. Dövlət başçısı məhkumların, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzaladı. Sərəncam ümumilikdə 84 nəfərə şamil olundu. Əfv olunanlar arasında iki İran, iki Gürcüstan, bir Türkiyə və bir Pakistan vətəndaşı da var. Bunlarla yanaşı, hüquq müdafiəçilərinin “siyasi məhbus” adlandırdıqları “ NİDA”-çılardan da bir neçəsinin adı həmin siyahıda öz əksini tapmışdır.
Bu ilin sentyabr ayında Bakı şəhərində “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu məsələnin Avropa Şurası tərəfindən ilk dəfə olaraq müzakirə olunması xüsusi qeyd edilməlidir. Konfransda Azərbaycan tərəfindən qabaqcıl təcrübələrin mübadilə edilməsi üçün dövlət xidmətləri göstərən agentliklərin beynəlxalq platformasının yaradılması təklifi qaldılmışdır. Bu da insan hüquq və azadlıqlarının qorunması istiqamətində diqqət çəkən məqamlardandır.
Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi müddətində demokratiya, təhlükəsizlik və stabillik sahəsində Avropada hazırda mövcud olan və üzv ölkələrin üzləşdiyi problemlərə ciddi diqqət ayırmışdır. Korrupsiya ilə mübarizə də Azərbaycanın AŞ NK-ya sədrliyi dövründə əsas prioritetlərindən biri olmuşdur.
Xatırladaq ki, 2014-cü il iyunun 30-dan iyulun 1-nə qədər paytaxtımız Bakıda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlar və milli təcrübələr üzrə konfrans təşkil etməklə Avropa Şurasının səylərinə öz töhfəsini vermişdir. Konfransda antikorrupsiya qanunvericiliyi, korrupsiyaya qarşı preventiv tədbirlər, beynəlxalq əməkdaşlıq və ayrı-ayrı ölkələrin müvəffəqiyyətləri və üzləşdiyi problemlər kimi aktual məsələlər müzakirə edilmişdir. Korrupsiyaya qarşı mübarizə ilə bərabər müxtəlif mədəniyyətli cəmiyyətlərin birləşməsi Azərbaycanın sədrliyinin prioritetləri sırasında olub.
Azərbaycan özünün növbəti prioritetinə uyğun olaraq, hər kəsin ayrı-seçkiliyə məruz qalmadan sosial hüquqlara çıxışını təmin etmək üçün AŞ-nın öhdəliklərini tamamlamağa çalışıb, gənclər və təhsil məsələlərinə, insan hüquqlarının müdafiəsi və təşviqinə diqqət yetirmişdir. Azərbaycan həmçinin nüfuzlu quruma sədrliyi müddətində Avropa Şurasının qonşu regionlarla bağlı siyasətinə də dəstək verib.
Onu da nəzərə almaq lazımdır ki, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə altı aylıq sədrliyi dövrü qitəmizin tarixində çox gərgin keçib. Bütün bunlara baxmayaraq, Avropa Şurasının gündəliyindəki aktual məsələləri və üzv dövlətlərin qarşılaşdığı davamlı çağırışları nəzərə almaq Azərbaycanın sədrliyinin prioritetləri olub.
Bu müddətdə gənclər və təhsil məsələlərinə xüsusi diqqət ayrılması da qeyd olunmalıdır. Qurumun bu sahədəki səylərinə dəstək vermək məqsədilə ölkəmizdə Avropa Şurasının coğrafiyasından kənara çıxan bir sıra beynəlxalq tədbirlər təşkil edilib. Bakı şəhərində keçirilən Avropa Şurasının “Demokratik Vətəndaşlıq və İnsan Hüquqları Sahəsində Təhsil Xartiyası”nın koordinatorlarının görüşü, “Yerli demokratiya və gənclər” mövzusunda beynəlxalq konfrans və “Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə Təhsil nazirlərinin 4-cü iclası və digər tədbirlər yüksək səviyyədə təşkil olunmuşdur.
Qeyd etmək istərdik ki, Azərbaycan artıq belə mötəbər tədbirlərin keçirilməsinə qadir olduğunu dəfələrlə təsdiqləyib. Avropa Şurasının güclü institusional dəstəyi ilə 2014-cü il oktyabrın 28-30-da Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının “Gənclər siyasəti üzrə 1-ci Qlobal Forum”u da belə nüfuzlu tədbirlərdən biri idi. 80-dən artıq ölkədən gələn 700-ə yaxın Gənclər naziri, gənclər siyasəti lideri və mütəxəssisin iştirakı ilə gənclər siyasəti üzrə qlobal təşəbbüsün yaradılması və dövlət gənclər siyasəti sahəsində təcrübə mübadiləsinə çağıran “Gənclər siyasəti üzrə Bakı Bəyannaməsi”nin qəbul edilməsinin böyük əhəmiyyəti oldu.
Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə böyük əhəmiyyət kəsb edən məsələlərdən biri də bu qurum ilə Parlament Assambleyası arasında sıx qarşılıqlı əlaqə yaradılması olub. Azərbaycan Prezidenti İlham Əliyevin assambleyanın iyun ayındakı sessiyasında çıxışı bu əlaqələri daha da möhkəmləndirib. Dövlətimizin başçısının çıxışından sonra bir daha məlum oldu ki, Azərbaycan öz balanslı siyasətini yeritməkdədir, heç bir qərəzli mövqedən çıxış etmir, bütün Avropa qonşuları ilə eyni səviyyədə dialoqa gedir. Bir sözlə, Azərbaycan özü haqqında söylənilən qərəzli mövqeləri alt-üst etdi.
Xarici siyasət sahəsində qazanılan uğurlar bir daha təsdiqləyir ki, bu gün Azərbaycan artıq istər dünya, istərsə də Avropa siyasətində öz sözünü deyə bilən qüdrətli bir ölkəyə çevrilib. Bütün bunlar təsdiqləyir ki, müstəqil dövlətimizin nüfuzlu qurumlara sədrlik etmək təcrübəsi getdikcə zənginləşir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.