Şriftin ölçüsü:
08.12.2014 12:01 | Oxunma sayı: 1064
ABŞ-ın sanksiyalarına məruz qalmış Rusiya şirkətlərinin yeni “qara siyahı”lara düşməmək üçün lobbiçilik fəaliyyətini gücləndirdiyi bildirilir. İndiyədək rusiyalı iş adamlarına və şirkətlərinə qarşı sanksiyalar Ağ evin rəhbəri və Maliyyə Nazirliyi tərəfindən tətbiq edilirdi. Perspektivdə sanksiyaların qanun şəklində Senat tərəfindən qəbul ediləcəyi məlumdur. Belə perspektiv də rusları ciddi şəkildə narahat edir, çünki qanun forması almış sanksiyaları ləğv etmək üçün uzun illər lobbiçilik fəaliyyətilə məşğul olmaq lazımdır.
Rusiya şirkətləri ilə lobbi kompaniyaları arasında müqavilələrin imzalanması barədə məlumatın nüfuzlu “The Wall Street Journal” qəzeti tərəfindən yayıldığı bildirilir. Qəzet NOVATEK şirkətinin cari ilin iyul ayında lobbiçilik fəaliyyəti göstərən və reklam kampaniyaları həyata keçirən “Qorvis MSLGroup” şirkətilə anlaşdığını yazır. ABŞ-ın Maliyyə Nazirliyinə təqdim olunan rəsmi hesabatda lobbi şirkətinin sifarişçidən ilk üç ay üçün 280 min dollar tələb etdiyi vurğulanır. Sənəddə həmçinin “Qazprombank” şirkətinin və Rusiya Birbaşa Sərmayələr Fondunun da amerikalı mütəxəssislərə müraciət etdiyi qeyd olunur. ABŞ mətbuatı lobbiçilərin əsas məqsədlərinin Senatda Rusiyaya qarşı yeni sanksiya paketinin qəbuluna yol verməməkdən ibarət olduğunu yazır. Amma adları sadalanan şirkətlər tərəfindən məlumatlara şərh verilmədiyi də bildirilir.
Amerikalı mütəxəssislər hesab edirlər ki, sanksiya siyahılarının genişlənməsinin səbəblərindən biri də Rusiyaya təzyiqlərin gücləndirilməsi təşəbbüsü ilə çıxış edən ayrı-ayrı konqresmenlərin fəallığıdır. Hələ may ayında nüfuzlu respublikaçı-senator, qanunverici orqanın beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri postuna əsas namizədlərdən biri hesab olunan Bob Korkerin Senata “Rusiya təcavüzünə müqavimət göstərilməsi haqqında Akt” adlı qanun layihəsini təqdim etdiyi məlumdur. İlk oxunuşda komitetin əksər üzvü tərəfindən dəstəklənən həmin qanun Rusiyaya qarşı daha sərt iqtisadi sanksiyalar tətbiq etmək üçün ABŞ hökumətinə müvafiq təlimat verir. Cari ilin yay ayında “Ukraynanın azadlığına dəstək haqqında Akt” adını almış bu sənədə ABŞ Konqresinin yuxarı palatasının profil komitəsinin üzvləri tərəfindən də səs verildiyi bildirilir. Seçkilərdən sonra respublikaçıların yuxarı palatada daha çox yer qazandıqları nəzərə alınarsa, o zaman sözügedən qanun layihəsinin birinci oxunuşda təsdiqlənəcəyi şübhə doğurmur.
Amma senatorların təşəbbüsləri Ağ evdə, eləcə də biznes dairələrində birmənalı qarşılanmır. İşgüzar dairələr tətbiq olunan yeni sanksiyaların ABŞ iqtisadiyyatına da mənfi təsir göstərəcəyini düşünürlər. Qeyd etmək vacibdir ki, indiyədək Rusiyaya qarşı sanksiyalar ABŞ Prezidenti tərəfindən tətbiq edilirdi və belə bir vəziyyət də Ağ evə geniş manevrlər etməyə imkan verirdi. Amerikalı mütəxəssislər rəsmi Vaşinqtonun Rusiya rəhbərliyinin Ukrayna siyasətində dəyişiklik olacağı təqdirdə sanksiyaları tam ləğv edəcəyinə və ya yumşaldacağına dair dəfələrlə bəyanat verdiyini xatırladırlar. Lakin Konqresin qəbul etdiyi qanunların illərlə qüvvədə qaldığı heç kimə sirr deyil. Məsələn, 1974-cü ildə Konqres tərəfindən yəhudilərin azad mühacirət hüquqlarını məhdudlaşdıran dövlətlərə qarşı ticarət sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan ABŞ Ticarət aktına olunan Cekson-Venik düzəlişi 40 ildən artıq qüvvədə qaldı və yalnız Maqnitski adlanan qanunun qəbul edilməsindən sonra qüvvədən düşmüşdü.
Rusiyaya qarşı yeni sərt sanksiyaların qəbul edilməsini ABŞ-ın aparıcı biznes dairələri də istəmir. Son il ərzində ABŞ-ın Ticarət Palatası və Milli İstehsalçılar Assossiasiyası Rusiyaya qarşı sektoral sanksiyaların tətbiq edilməsinə qarşı olduğunu bildirir. Qərb mətbuatı son aylarda iri biznes nümayəndələrinin Konqres üzvlərilə daimi görüşlər keçirdiklərini yazır. Lobbiçilik fəaliyyətilə məşğul olan şirkətlərin, top-menecerlərin həftədə bir neçə dəfə Konqresdə qapalı toplantılar təşkil etdikləri iddia olunur. Ticarət palatasının vitse-prezidenti Mayron Brilliantın sözlərinə görə, amerikalı iş adamları “Rusiyanın Ukrayna təcavüzünü pisləyir”, ancaq bununla yanaşı bildirirlər ki, birtərəfli sanksiyalar gözlənilən nəticəni verməyəcək. Cənab Brilliant münaqişənin diplomatik yollarla həll olunmasının vacib olduğunu vurğulayır. Ancaq qanunvericilərin və hökumətin sanksiyalarla bağlı mövqeləri hələlik dəyişməz qalır.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.