Əsassız ittihamlar: xanım Psakinin səhvləri

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bu günlərdə brifinqdə Azərbaycanın insan haqlarına və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etmədiyini iddia edib. Heç bir real əsası olmayan bu fikirlərlə razılaşmaq mümkün deyildir. Bundan başqa, xanım Psaki nədənsə ABŞ-ın özündə insan haqlarının pozulması faktlarından danışmır. Halbuki bununla əlaqədar BMT-nin, Çin, Rusiya və bir sıra digər ölkələrin hesabatları var. Dövlət Departamenti isə həmin faktlara reaksiya vermir. Burada obyektivlik prinsipinin pozulduğu göz önündədir. Bəs hansı səbəblərdən rəsmi Vaşinqton bu cür davranır? Qərb insan haqları məsələsində qərəzli mövqe tutmaqla qlobal miqyasda vəziyyəti gərginləşdirmirmi?

Uydurma faktlar  Azərbaycana yapışmaz

İnsan hüquqlarının qorunması müasir dövrdə çox böyük əhəmiyyət kəsb edir. Dünyanın hər bir ölkəsində bu, vacib məsələ hesab olunur. Bunun səbəbi aydındır - insan fikirlərini sərbəst ifadə etməli, azad və rifah şəraitində yaşamalıdır. Lakin təcrübə göstərir ki, bu təbii şərtlərdən öz məqsədləri naminə istifadə edənlər, mövzunu öz geosiyasi maraqlarına görə istismar etməyə çalışanlar da var. Xüsusilə Qərbdən bu cür müdaxilələr tez-tez olur.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psakinin keçirdiyi son brifinqdə insan haqları ilə bağlı ifadə etdiyi fikirlər obyektivlikdən uzaqdır. O, Azərbaycanla bağlı verilən suala cavabında Bakının insan haqları sahəsində götürdüyü öhdəliklərə əməl etmədiyini deyib. Guya, Azərbaycanda ictimai təşkilatların fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyulub.

Bu cür qondarma ittihamlar ilk dəfə deyil ki, səsləndirilir. Onların hamısı uydurma “faktlara”, qərəzli mənbələrin yaydığı informasiyalara əsaslanır. C.Psaki adı qalmaqallı məsələlərdə hallandırılan adamlardandır. O, çıxışlarında hətta coğrafi səhvlərə belə yol verir. Konkret Azərbaycan məsələsində isə yalan fikirlər ifadə edib.

Azərbaycanda insan haqları qanunla təmin olunur. Hər bir vətəndaşın öz fikrini sərbəst ifadə etmək hüququ vardır. Bununla yanaşı, qanunun aliliyinin təmin olunması demokratik dövlətin əsas şərtlərindən biridir. Müxtəlif ictimai təşkilatların adı altında gizlənərək dövlətə, cəmiyyətə və milli maraqlara qarşı fəaliyyət göstərən insanların olması heç kəsdə şübhə doğurmur. Onlar vətəndaşı olduqları ölkənin əleyhinə belə iş aparmağa cəhd edirlər. Təbii ki, belə hallarda həmin insanlara qarşı qanun çərçivəsində tədbirlər görülməlidir.

Dünyanın hər bir demokratik dövlətində bu, belədir. Hətta özünü ən demokratik hesab edən Amerikada insan azadlığı məsələsi qanunun aliliyi çərçivəsində real məzmun kəsb edir. Konkret faktlar isə göstərir ki, bir çox hallarda insan hüquqları kobud şəkildə pozulur. Bununla bağlı bir neçə hesabat da var. Onlara keçməzdən əvvəl Amerikada insan haqlarının pozulduğunu göstərən faktlara nəzər salaq.

Ferguson hadisələri hamının yadındadır. 18 yaşlı qaradərili yeniyetmənin küçədə polis tərəfindən güllələndiyinə görə ABŞ-ın müxtəlif şəhərlərində bu hadisəyə etiraz əlaməti olaraq insanlar küçəyə axışıb polisin cəzalandırılmasını tələb etdilər. Rəsmi Vaşinqtonun hadisəyə münasibəti necə oldu? Etirazçılara qarşı polis sərt tədbirlərə əl atdı. Onlar döyüldülər, təhqir olundular və küçələrdən qovuldular. Üstəlik, qatil polis bəraət aldı.

ABŞ-da insan haqları:  pozulan vətəndaş hüquqları

Bu mövzuda son nümunələrdən biri haqqında “The New York Times” qəzeti informasiya yayıb. Bu il iyulun 17-də Staten İsland yaşayış məntəqəsində Deniel Pantaleo adlı polis 6 uşaq atası olan 43 yaşlı Erik Harneri qanunsuz siqaret satdığına görə həbs etmək istəmişdi. Lakin polis Afrika əsilli vətəndaşa qarşı kobudcasına boğucu fənd işlədib. Nəticədə, astmadan əziyyət çəkən E.Harner vəfat edib. İndi məlum olub ki, cinayət törətmiş həmin polis azadlığa buraxılıb.

Amerikalılar Nyu-York, Vaşinqton və başqa şəhərlərdə üzərində E.Harnerin ölmədən öncə dediyi “mən nəfəs ala bilmirəm” sözləri yazılan plakatlarla küçə və meydanlarda etiraz aksiyaları keçirirlər. Rəsmi orqanların bu hadisəyə reaksiyası necədir? Onlar məsələni müxtəlif bəhanələrlə uzadır, eyni zamanda, vətəndaşı boğub öldürən polisə bəraət qazandırıblar.

Bunu insan haqlarının kobud şəkildə tapdanmasından başqa necə qiymətləndirmək olar? Öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyən dövlət hansı haqla başqalarını bu məsələdə ittiham edə bilər? Ancaq xanım C.Psaki çəkinmədən uydurma informasiyalar əsasında Azərbaycanda insan hüquqlarına əməl edilməməsindən, kimlərinsə fəaliyyətinə, guya, məhdudiyyətlər qoyulmasından danışır. Əsl sual isə budur: Amerika hökuməti beynəlxalq ictimaiyyət qarşısında üzərinə götürdüyü öhdəliklərə niyə əməl etmir?

Bu kontekstdə Amerikada insan haqlarının vəziyyəti ilə bağlı hazırlanan bir sıra hesabatlara nəzər saldıqda, gerçəklik daha aydın üzə çıxır. BMT-nin insan hüquqları üzrə komitəsi ABŞ-ı Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın bir sıra müddəalarına əməl etməməkdə suçlayıb. Britaniyalı professor Naycel Rodlinin başçılıq etdiyi komitə Vaşinqtonu sosial şəbəkələrə qanunsuz nəzarət etməkdə ittiham edib, bunu insanların şəxsi həyatına birbaşa müdaxilə kimi qiymətləndirib.

BMT komitəsinin ittihamı onu göstərir ki, Amerika nəinki öz ərazisində, hətta dünyanın müxtəlif regionlarında belə insanların fəaliyyətinə nəzarət edir. Bu əsasda onları müəyyən ideoloji istiqamətə yönəldir, təzyiqlər göstərir, qanunsuz əməllərə təhrik edir. Bunların nəticəsində minlərlə insanın şəxsi həyatı pozulur, təhlükələrə məruz qalır. O cümlədən “rəngli inqilablar” adı altında dövlətlərə, cəmiyyətlərə ziyan vurulur. Təcrübə göstərir ki, həmin proseslərdə çoxlu sayda insan həyatını itirir, ölkələr uzunmüddətli daxili ixtilaflardan əziyyət çəkirlər. İraq, Suriya, Ukrayna, Liviya və başqa nümunələr mövcuddur.

Çin Dövlət Şurasının 2013-cü il üzrə hazırladığı illik hesabatında ABŞ-da insan haqlarının pozulduğunu sübut edən konkret faktlar yer alıb. Hesabatda Amerikanın pilotsuz təyyarələrinin hücumları nəticəsində Pakistanda 926 dinc sakinin həlak olduğu bildirilir. Hətta “Amnesty International” və “Human Rights Watch” təşkilatları da Vaşinqtonu beynəlxalq hüququn normalarını pozmaqda ittiham ediblər. Bunlardan başqa, həmin hesabatda ABŞ-ın qadın, əlil və uşaqların hüquqlarına aid olan bir sıra beynəlxalq müqavilələrə qoşulmadığı da xüsusi vurğulanıb.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin hazırladığı sənəddə də ABŞ-da insan haqlarının pozulması faktları sadalanır. Sənəddə seçki hüquqlarının təminində problemlərin olduğu, həbsxanalarda məhbuslara işgəncələr verilməsi, uşaqların təhqir edilməsi, insan alveri və s. kimi hallara rast gəlindiyi vurğulanır.

Başqa misallar da gətirmək olar. Lakin ekspertlər hesab edirlər ki, öz daxilində insan haqları ilə bağlı problemləri görməyib, başqalarını ittiham etmək rəsmi Vaşinqtonun özünün xarici siyasətinin qeyri-müəyyənliyindən xəbər verir. Məsələn, israilli mütəxəssis Arye Qut Amerikanın yanlış siyasət yeritməsi nəticəsində Yaxın Şərqin bir sıra ölkəsində qan axıdıldığını və bunun davam etdiyini deyir. Buna görə də Cənubi Qafqazın ən uğurlu dövləti olan Azərbaycanı “ittiham etmək ikiüzlülük, taktsızlıq və ləyaqətsizlikdir”.

Bütün bunlar, əslində, C.Psakinin Azərbaycanı ittiham etməsinin konkret səbəblərinə aydınlıq gətirir. Müsəlman ölkəsinin sürətli inkişafı, müstəqil xarici siyasət yeritməsi və milli dövlətçilik sahəsində böyük uğurlar qazanması, görünür, Qərbdə müəyyən dairələri narahat edir. Xüsusilə, rəsmi Bakının heç bir kənar diqtə ilə hərəkət etməməsi onlarda qəzəb doğurur. Hesab edirlər ki, dünyanın hər bir ölkəsi Vaşinqtonun istədiyi kimi yaşamalı, verilən əmrləri yerinə yetirməlidir. Lakin bu şərtlər daxilində müstəqil dövlət olmaq mümkün deyil. Bu, əlavə olaraq, ölkəni lüzumsuz geosiyasi intriqalar meydanına atmaq deməkdir. Rəsmi Bakının heç zaman buna getməyəcəyi tam aydındır.

Xanım C.Psakiyə gəldikdə isə, yaxşı olardı ki, o, obyektiv mövqe tutsun. Cənubi Qafqazda insan hüquqlarını kobudcasına pozan ölkə Ermənistandır. Bu barədə Dövlət Departamenti niyə susur?

Newtimes.az

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında