Dövlət gənclər siyasəti gənclərin öz potensialını reallaşdırması üçün geniş imkanlar açır

Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir.
Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.

Mən əminəm ki, Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir.

Heydər ƏLİYEV
Ümummilli lider

Artıq müstəqilliyinin 23 ilini arxada qoymuş Azərbaycan bu gün keçmiş sovet ailəsinin müstəqil siyasət aparan nadir dövlətlərindən biridir. Ölkənin müstəqil siyasət aparmaq ənənəsini isə, təbii ki, təcrübəli siyasət və dövlət xadimi Heydər Əliyev yaradıb. Məhz ümummilli liderin 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkənin yeni daxili və xarici siyasəti formalaşdırılıb, Azərbaycanın siyasi gündəminə şərqdən və qərbdən uzanan məkrli əllərin qarşısına sədd çəkilib.

Elə o zamandan da Azərbaycan kiminlə, hansı ölkələrlə nə kimi münasibət quracağını, kiminlə iqtisadi, mədəni əlaqələr yaradacağını özü müstəqil şəkildə müəyyənləşdirməyə başlayıb.

Keçən əsrin 90-cı illərinin əvvəllərində bunları etmək asan məsələ olmasa da, Heydər Əliyevin şəxsi siyasi nüfuzu ən çətin problemlərin öhdəsindən gəlməyə imkan verdi. Azərbaycan xarici ölkələrin neft şirkətləri ilə tarixi müqavilələr də imzaladı, ölkənin yeni siyasi, iqtisadi, mədəni əlaqələri də formalaşdı, ölkənin maddi vəziyyəti də düzəlməyə başladı. Təbii ki, bütün bunların bazasını Heydər Əliyevin apardığı müstəqil siyasət təşkil edirdi.

Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, dövlət gənclər siyasətinin formalaşdırılması da, heç şübhəsiz, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Budur, artıq neçə ildir ki, Azərbaycan gəncliyi fevralın 2-də özunun bayramını - Gənclər gününü qeyd edir. Müstəqillik dövrümüzün gəncliyi əslində bu dəyərli və müqəddəs günün təsis edilməsinə görə xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim, müasir və çiçəklənən Azərbaycanın banisi Heydər Əliyevə borcludur. Bu günü qədirbilən Azərbaycan gənclərinə ulu öndər 1997-ci il fevralın 1-də imzaladığı xüsusi fərman əsasında bəxş etmişdir. Həmin fərmana əsasən, 1996-cı il fevralın 2-si –  Azərbaycan gənclərinin birinci forumunun keçirildiyi gün ölkəmizdə Gənclər günü kimi təsbit edilmişdir. Qədirbilən gənclər bu diqqət və qayğıya görə ümummilli liderimizi həmişə minnətdarlıq hissi ilə yada salır, xatirəsini əziz tutur, Fəxri Xiyabandakı məzarını ziyarət edərək abidəsini təzə-tər gül-çiçək çələngləri ilə bəzəməyi özlərinə borc bilirlər.

Hər yeni Gənclər günündə, eyni zamanda, ulu öndərin qarşıya qoyduğu min dəfə ölçülüb-biçilmiş, tarixin və zamanın süzgəcindən keçirilmiş mühüm vəzifələr xatırlanır, gənclərin dövlət müstəqilliyimizin, suverenliyimizin möhkəmləndirilməsi, iqtisadi qüdrətimizin daha da artırılması, sosial-mədəni problemlərimizin həlli üçün daha nə kimi işlər görə biləcəyi müəyyənləşdirilir.

Müstəqillik dövrü gənclərimizin ən mühüm və başlıca vəzifələrini də ümummilli liderimiz özünün Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə çox dəqiq müəyyənləşdirmiş, gəncliyimizin getməli olduğu yolun konkret konturlarını böyük ustalıqla cızmışdır. Heydər Əliyevin bu barədəki fikirləri onun 1996-cı il fevralın 2-də keçirilmiş Azərbaycan gənclərinin birinci forumundakı proqram xarakterli çıxışında əks olunmuşdur. Elə respublika gənclərinin 1999-cu il mart ayının 2-3-də keçirilmiş ikinci forumundakı əhatəli, dərin məzmunlu çıxışında da ulu öndər gənclərimizin hansı milli-mənəvi məfkurəyə yiyələnməli, hansı milli ideologiyaya xidmət etməli olduqları barədə uzaqgörən fikirlərini söyləmişdir. Bütün bu fikir və ideyalar müasir gəncliyin əsl yolgöstərənidir.

Ümummilli liderimiz gənclərimizin qarşısında birinci növbədə mənəvi tərbiyə məsələsini qoyurdu. Gənclərin birinci forumundakı çıxışında da ulu öndər bu məsələnin üzərində xüsusilə dayanır, dövrün bütün çətinliklərinə baxmayaraq mənəvi tərbiyə məsələsini davamlı, fasiləsiz şəkildə aparmağı tövsiyə edirdi. Onun fikrincə, gənclərimiz yüksək mənəviyyat ruhunda tərbiyə olunmalı, Azərbaycan xalqının milli-mənəvi dəyərləri, eləcə də ümumbəşəri dəyərlər hər bir gənc tərəfindən mənimsənilməlidir. Heydər Əliyev deyirdi: “Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Xalqımızın tarixinin əsasını təşkil edən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün örnək edən, bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır. Ona görə də bu gün mənəvi tərbiyə bəlkə də keçmiş illərdən daha çox lazımdır”.

Heydər Əliyevin gənclərimizin qarşısında qoyduğu ikinci mühüm vəzifə milli ruhda tərbiyə almaq məsələsidir. O tələb edirdi ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalı, tariximizi, keçmişimizi, dilimizi, milli ənənələrimizi yaxşı bilməlidir. Bunları yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Vətənpərvərlik isə sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq deməkdir. Heydər Əliyev bu fikirlərinin təsdiqi üçün Azərbaycanın tarixinə istinad edir, xalqımızın böyük, möhtəşəm tarix yaratdığını, əzəmətli dövlətlər qurduğunu qeyd edirdi. Onun sözlərinə görə, Azərbaycan xalqı Atabəylər dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti və s. kimi dövlətlər yaratmış, zəngin dövlətçilik ənənələri formalaşdırmışdır. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaradılmışdır. “Ona görə də gənclərə demək istəyirəm. Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir. Bunları sevə bilməyən adam, onları özü üçün mənəvi əsas edə bilməyən gənc həyatda özünə yer tapa bilməyəcəkdir və şübhəsiz ki, bizim ictimai-siyasi prosesdə, müstəqil Azərbaycanın inkişafında lazımi qədər iştirak edə bilməyəcəkdir”.

Gənclərin dilimizi, dini dəyərlərimizi dərindən bilməsi də ulu öndərimizin gənclərə ən vacib tövsiyələrindədir. O, gənc insanın Azərbaycan dilində gözəl danışmasına çox yüksək qiymət verirdi, ancaq başqa dilləri öyrənməyi də vacib hesab edirdi. “Əvvəl öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi daim duymaq lazımdır, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz”.

Heydər Əliyevin gənclərə ən böyük tövsiyələrindən biri də milli vətənpərvərlik məsələsidir. Bu vəzifə dahi siyasətçinin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra xüsusilə aktual şəkildə dayanırdı. Azərbaycan ərazilərinə təcavüz etmiş Ermənistan torpaqlarımızın 20 faizini işğal etmiş, 1 milyona qədər soydaşımız Ermənistandakı tarixi dədə-baba yurdlarından, eləcə də Dağlıq Qarabağ və ətrafdakı 7 rayondan qovularaq qaçqın-köçkün vəziyyətinə düşmüşdü. Azərbaycana xilaskarlıq missiyasını həyata keçirmək üçün gəlmiş ulu öndər belə bir dövrdə ordumuzun möhkəmləndirilməsi, düşmənə qarşı müqavimətimizin artırılması kimi ağır problemləri həll etməli olmuşdu. Heydər Əliyev 1999-cu il martın 2-də Azərbaycan gənclərinin ikinci forumunda cəsarətlə bəyan edirdi ki, ölkədə güclü ordu qurulub. Bu ordu istənilən anda Azərbaycan torpaqlarını müdafiə etməyə, lazım gələrsə, doğma yurdlarımızı müharibə yolu ilə düşmən tapdağından azad etməyə hazırdır. Belə bir ordunun qurulmasında gənclərin, onların vətənpərvərlik ruhunun mühüm amil olduğunu qeyd edən ümummilli lider Azərbaycan gəncliyinin Vətən sevgisindən, orduya münasibətindən razı qaldığını bəyan edirdi. O, cəsarətlə bildirirdi ki, gənclər indi orduya könüllü şəkildə, həvəslə gedir, Vətənə layiqincə xidmət edir, öz vətəndaşlıq borclarını vicdanla yerinə yetirir və Azərbaycan ordusunu gücləndirir, inkişaf etdirirlər.

Bu gün ordumuzda Mübariz İbrahimov kimi Vətən yolunda candan keçməyə hazır oğullarımızın olması Heydər Əliyevin gənclərimizə aşıladığı vətənpərvərlik tərbiyəsinin bariz nəticəsidir. Belə oğullar ordumuzda minlərlədir. Bu günlərdə ordumuzda xidmət edən daha bir gənc əsgərin - İlkin Muradovun mövqelərimizə hücum etməyə cəhd edən Ermənistan hərbi helikopterini vuraraq məhv etməsi də gənclərimizin yüksək vətənpərvərlik hissindən qaynaqlanır. Bu hiss, eyni zamanda, Heydər Əliyev ideyalarının layiqli davamçısı olan hazırkı Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə qiymətləndirildi və düşmən helikopterini məhv edən cəsur əsgərimiz yüksək dövlət mükafatına layiq görüldü. Mübariz İbrahimov isə Prezident İlham Əliyevin fərmanı ilə Milli Qəhrəman adına layiq görüldü. Bu, Azərbaycan dövlətinin gənclər siyasətinin uğurlu nəticəsi olmaqla yanaşı, gənclərimizin dövlət siyasətini lazımınca qiymətləndirə bilməsi deməkdir.         

Azərbaycan dövlətinin Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Bu siyasətin bəhrələrini təkcə paytaxt Bakıda deyil, rayonlarda da görürük. İndi elə bir rayon mərkəzimiz qalmayıb ki, orda Prezidentin şəxsi təşəbbüsü və göstərişi ilə gənclər mərkəzləri tikilib istifadəyə verilməmiş olsun. Bu isə təkcə gənclərin asudə vaxtlarının səmərəli təşkili deyil, həm də gənclərə qayğı və diqqət, onların milli vətənpərvərlik, milli təəssübkeşlik hissələrinin lazımınca istiqamətləndirilməsi deməkdir. Bu, birbaşa dövlət qayğısı, dövlət diqqəti deməkdir. Gənc insan bunu gördükdə özünü Vətəninin əsl sahibi hiss edir, onun taleyinə cavabdehlik borcunu anlayır. Son nəticədə Azərbaycan cəmiyyəti milli mənlik şüuru, vətənpərvərlik hissi yüksək səviyyədə inkişaf etmiş gənc nəsil əldə edir. 

Gənclərin mükəmməl təhsilə yiylənməsi məsələsi bu gün dövlət gənclər siyasətinin vacib elementlərindən biridir. Dövlət yüksək balla ali məktəblərə daxil olan tələbələrə xüsusi təqaüd verir, xaricdə təhsil almaq istəyənlər üçün hər cür maddi şərait yaradır, sonra onların işlə təmin olunması qayğısına qalır. Eyni zamanda, Gənclər və İdman Nazirliyi, gənclər təşkilatları tərəfindən mütəmadi olaraq olimpiadaların, müsabiqələrin, bilik yarışlarının, elmi-əyləncəli oyunların, elmi-texniki yaradıcılıq müsabiqələrinin keçirilməsi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə kömək edir. Bütün bunlar gəncləri biliklərə daha səylə yiyənməyə həvəsləndirir.

Bununla yanaşı, Azərbaycanın hər bir bölgəsində yaradılan idman şəraiti, olimpiya idman kompleksləri dövlətin fiziki cəhətdən sağlam gənc nəsil yetişdirmək qayğısından irəli gəlir. Azərbaycan gəncliyinin son təxminən 10-15 il ərzində bir çox sahələrdə, o cümlədən, idman sahəsində əldə etdiyi uğurların bazasında Prezident İlham Əliyevin yüksək qayğısı dayanır. İlham Əliyev respublikada olimpiya hərəkatının hərtərəfli inkişafına böyük təkan vermişdir. Məhz bunun nəticəsidir ki, dünya olimpiadalarında idmançılarımız bir-birinin ardınca misilsiz qələbələr qazanırlar...

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında