Azərbaycan xalqının ən yeni tarixi, onun dövlət müstəqilliyi uğrunda mübarizəyə hazırlanması, əldə edilmiş suverenliyin qorunub möhkəmləndirilməsi, bir qərinəlik dövrdə yüksəliş yolu keçməsi və çağdaş tərəqqiyə qovuşması ümummilli lider Heydər Əliyevin dillər əzbəri olan adı, ölməz ideyaları, möhtəşəm əməlləri ilə bağlıdır. Ulu öndərin 1969-cu il iyulun 14-də Azərbaycanda hakimiyyətə gəlişi həyatımızda dinamik inkişaf və milli- mənəvi intibah mərhələsinin başlanğıcını qoymuşdur.
Böyük rəhbər Heydər Əliyev o illərdə respublikanı geriləmələrdən xilas etmək, iqtisadiyyatı inkişaf etdirmək, elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərini istehsalatda tətbiq etmək, ümumiyyətlə, respublikanın hərtərəfli inkişafına nail olmaq üçün mükəmməl konsepsiya hazırlamış və uğurla həyata keçirmişdi. Həmin dövr Azərbaycanın son yarım əsrdəki quruculuq salnaməsinə parlaq səhifələr kimi daxil olmuşdur.
Daxilən islahatçı və yenilikçi xüsusiyyətlərini özündə birləşdirən Heydər Əliyev hələ sovet zamanında yeni idarəçilik sistemi yaratmağa, Azərbaycanı hərtərəfli inkişaf edən qabaqcıl respublikalardan birinə çevirməyə nail olmuşdu. Heydər Əliyevin idarəçilik sisteminə gətirdiyi yeniliklər, dövlət intizamının möhkəmləndirilməsi nəticəsində respublikamızda bütün sahələr-sənaye, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, mədəniyyət, tikinti, nəqliyyat, rabitə, idman və s. yüksəliş mərhələsinə qədəm qoymuşdu.
Ulu öndər hələ o illərdə uzaqgörənliklə gənc milli kadrların, o cümlədən zabitlərin yetişdirilməsinə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Bakıda C. Naxçıvanski adına hərbi məktəbin açılışı, burada azərbaycanlı zabitlərin hazırlanması həmin dövr üçün çox cəsarətli addım idi və bu, yalnız Heydər Əliyevin böyük nüfuzu və qətiyyəti sayəsində mümkün olmuşdu.
Parlaq siyasi xarizması, dərin zəkası, geniş dünyagörüşü, ciddi nailiyyətləri Heydər Əliyevi o vaxt təkcə SSRİ məkanında deyil, beynəlxalq miqyasda da tanıtmış, şəxsiyyətinə dərin ehtiram yaratmışdı. Heydər Əliyev, sözün əsl mənasında, fenomen bir insan idi, bunu zəmanəmizin nəhəng siyasi xadimləri də etiraf etmişdilər. Təbiətin ona bəxş etdiyi bir çox nadir keyfiyyətlər sayəsində ulu öndər tarixi hadisələrin gedişini irəlicədən müəyyənləşdirir, xalqın taleyi baxımından önəmli qərarların qəbulunda qətiyyətlə hərəkət etməyi bacarırdı. Heydər Əliyev hər sözündə, əməlində sarsılmaz və aydın məntiqə, fəlsəfi təfəkkürə, səlis düşüncəyə əsaslanırdı.
Ulu öndər haqqında sonralar da beynəlxalq miqyasda tanınmış şəxsiyyətlər çox dəyərli fikirlər söyləmişlər. Heydər Əliyevi siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət, şəksiz lider adlandıran ABŞ-ın görkəmli siyasi xadimi Zbiqnev Bjezinski müsahibələrində bildirmişdi ki, o hələ 80-ci illərdə Ağ Evdə çalışdığı vaxt Heydər Əliyevi SSRİ-nin aparıcı rəhbərlərindən biri kimi tanıyır və Sov. İKP MK-nın baş katibi vəzifəsinə ən layiqli namizəd kimi görürdü.
Təsadüfi deyil ki, müasirləri, dünyanın aparıcı dövlətlərinin başçıları və görkəmli ictimai-siyasi xadimləri Heydər Əliyevi zəmanəmizin canlı əfsanəsi adlandırmış, onu lider kimi qəbul edib, ehtiram göstərmişlər. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl demişdi ki, “Heydər Əliyev Azərbaycanı israrla və demokratik yollarla, müstəqil olaraq məqsədinə çatdırmaq üçün canını sipər edib, qeyrət göstərən oğuldur”.
Ulu öndərimizin Vətəni və xalqı qarşısında xidmətləri saysız-hesabsızdır. Lakin əminliklə demək olar ki, bəşəriyyətin nadir şəxsiyyətlərindən olan Heydər Əliyevin ən böyük xidməti XX yüz ilin sonunda xalqımızı və Vətənimizi düşdüyü fəlakətdən qurtarmasıdır. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı qəbul edilərkən keçirdiyimiz qürur və iftixar hissləri hələ də yaddan çıxmayıb. Onu da unutmamışıq ki, ilk vaxtlar müstəqilliyimiz yalnız kağız üzərində mövcud idi. Ölkənin o vaxtkı iqtidarlarının düşünülməmiş, milli mənafelərə zidd siyasəti Azərbaycanı göz-görəsi fəlakətə, uçuruma sürükləyirdi.
1993-cü ilin hərc-mərclik, xaos, anarxiya dolu o taleyüklü günlərində ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişi ilə Vətənin harayına gəldi. Ulu öndər qısa vaxtda ölkədə sabitliyi və əmin-amanlığı bərpa etdi. Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi ilə ölkəmizdə yeni dövrün-demokratiya və inkişaf mərhələsinin başlanğıcı qoyuldu.
Ulu öndərin yolu xalqa bağlılıq, milli əqidə, ilk növbədə, azərbaycançılıq məramı idi. Heydər Əliyev milli məfkurəmizin, düşüncə tərzimizin formalaşmasının mənbəyi olan dəyərləri Azərbaycan dövlətçiliyinin, özünüdərkin əsası kimi qəbul etmişdi. Ədəbiyyatımızda, mədəniyyətimizdə, incəsənətimizdə, dilimizdə və dinimizdə azərbaycançılığın qorunmasını və inkişafını o, müqəddəs bir vəzifə kimi qarşıya qoyur, özü də bu amalın gerçəkləşməsinin əsas hərəkətverici qüvvəsi kimi çıxış edirdi.
Müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoymuş ümummilli lider Heydər Əliyev öz dühası ilə qarşıdakı bir çox onilliklər üçün hərtərəfli inkişafın və milli təhlükəsizliyin istiqamətlərini müəyyən etmişdi. Məhz ulu öndərin uzaqgörən diplomatiyası, uğurlu daxili və xarici siyasəti sayəsində ölkədə siyasi sabitlik bərqərar edilmişdi. Mürəkkəb tarixi şəraitdə dövlətin dayaqlarının möhkəmləndirilməsi, həyatın bütün sahələrində tənəzzülün qarşısının alınması, ölkənin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi və iqtisadiyyatın bazar prinsipləri əsasında yenidən qurulması mümkün olmuşdu.
O dövrdə həlli vacib olan məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişinə təsir göstərə biləcək qəti addımların atılması idi. Bunsuz ölkənin ərazi bütövlüyünü qorumaq, daxili sabitliyə nail olmaq mümkün deyildi. 1994-cü ilin mayında Qarabağ cəbhəsində atəşin dayandırılması barədə razılığa gəlinmiş və münaqişənin sülh yolu ilə həll olunması önə çəkilmişdi. Ölkə iqtisadiyyatında köklü dəyişikliyə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə məhz atəşkəsdən sonra başlanılmışdı.
1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan ilk beynəlxalq neft sazişi imzalanmışdı. Belə bir vaxtda Azərbaycan dövləti müstəqil respublikamızı yenidən anarxiya girdabına sürükləmək istəyən daxili və xarici qüvvələrin ciddi müqaviməti ilə üzləşmişdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti və xalqın öz liderini dəstəkləməsi nəticəsində 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlərin qarşısı alınmış, bununla da hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyulmuşdu.
Sabitliyin bərqərar olmasından sonra müstəqil dövlətimizin ilk konstitusiyasının qəbul olunması və ilk parlament seçkilərinin keçirilməsi ilə Azərbaycanın müasir tarixinin yeni bir mərhələsi başlanmışdı. Gənc dövlətin sərbəst iqtisadiyyat yolunu tutduğunu dünyaya bəyan edən Heydər Əliyev iqtisadi müstəqilliyin vacibliyini önə çəkmişdi. Dahi strateqin iqtisadi inkişaf konsepsiyasında milli iqtisadiyyatımızı bazar prinsipləri əsasında qurmaq, özəl sektorun fəaliyyətini genişləndirmək və dövlət mülkiyyətinin özəlləşdirilməsini həyata keçirmək, aqrar islahatlara, azad sahibkarlığa, vətəndaş təşəbbüskarlığına geniş imkanlar yaratmaq, inkişaf etmiş ölkələrin qabaqcıl iş təcrübəsindən yararlanmaq və dünya iqtisadiyyatına inteqrasiya mühüm yer tuturdı.
Ümumiyyətlə, 1993-2003-cü illər Azərbaycanın demokratik prinsiplərə sadiq bir dövlət kimi inkişafında mühüm bir dövr olmaqla, dünya birliyinə inteqrasiya yolunda ölkəmizə böyük nailiyyətlər qazandırdı. Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, gərgin zəhməti və təşəbbüskarlığı və beynəlxalq nüfuzu olmadan bütün bunları əldə etmək mümkün olmazdı.
Öz polad iradəsi, sarsılmaz qətiyyətli, bənzərsiz idarəçiliyi, yüksək təşkilatçılığı və dərin yaddaşı ilə fərqlənən, bütün ömrünü doğma xalqının, Vətəninin tərəqqisinə sərf edən Heydər Əliyev ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatına böyük dəyişikliklər, yeniliklər, inkişaf gətirmiş, milli dövlətçiliyimizin və mənəvi dəyərlərimizin yenilməz qarantı olmuşdur. Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı öz vətəndaşları üçün sakitliyin, vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradılan bir ölkəyə, xarici və daxili investorlar üçün isə əlverişli imkanlar açan, səmərəli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirmişdi.
Ulu öndərin ideya və əməllərini son 11 ildə onun ən ləyiqli siyasi varisi Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkəmizdə hərtərəfli tərəqqi və yeniləşmə kursunun nailiyyətləri indi bütün dünyanı heyran qoymaqdadır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə xalqımız çox böyük nailiyyətlər əldə etmiş, inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə qədəm qoymuşdur. Təhsil sahəsinin uğurları da möhtəşəmdir. Azərbaycanda son illərdə 2 mindən çox orta məktəb binası və əlavə tədris korpusu tikilmiş və yenidən qurulmuşdur. Müstəqillik illərində aparılan genişmiqyaslı işlər, təhsil infrastrukturunun yeniləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlərin əldə edilməsi və müasir tələblərə uyğun şəraitin yaradılması məzmun islahatları üçün də əlverişli zəmin yaratmışdır. Prezident İlham Əliyevin sərəncamları ilə son illər təhsil tarixində onlarla inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir.
Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində tədris müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki-peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər istiqamətlərdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Azərbaycan xalqı xoşbəxtdir ki, tarixinin ən çətin və mürəkkəb anlarında taleyi məhz Heydər Əliyev kimi dünya miqyaslı nəhəng şəxsiyyətə həvalə olunmuşdu. Artıq 11 ildir ki, ulu öndər çismən aramızda yoxdur. Lakin onun zəngin irsi, qoyduğu yol daim yaşayır. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və banisidir. Bu gün müstəqil siyasət yürüdən, dünya arenasında öz siyasi və iqtisadi çəkisinə görə önəmli rol oynayan Azərbaycan dövləti ümummilli liderimizin şah əsəri, xalqımıza əbədi yadigardır.
Müşfiq ATAKİŞİYEV,
Azərbaycan Elm və Tədris Mərkəzi,
“Təfəkkür” Universitetinin rektoru,
iqtisad elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.