Beynəlxalq aləmdə gərginliyin artmasının, “dondurulmuş” hesab edilən münaqişələrin uzun müddət nizamlanmamasının və bu sahədə hər hansı irəliləyişə nail olunmamasının əsas səbəblərindən biri bu gün dünyada ikili standartların mövcudluğudur.
Məsələn, elə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıqdır ki, öz həllini tapmamasına diqqət yetirək. Bunun əsas səbəbi beynəlxalq birliyin işğalçını öz adı ilə çağırmaması, açıq şəkildə ayrı-seçkilik etməsi və ikiüzlü siyasət yeritməsidir.
Özlərini dünyanın super güclərinin, o cümlədən digər ölkələrə “demokratiya dərsi” keçən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin, həmçinin bir sıra beynəlxalq təşkilatların bu vaxta qədər Ermənistanı öz adı ilə- işğalçı adlandırmamaları, onun daha da quduzlaşmasına, amansız terror aktları törətməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə hörmətsizlik etməsinə səbəb olmuşdur.
Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin bu günlərdə mətbuatda dərc olunmuş “İkili standartların dünya nizamı və müasir Azərbaycan” əsəri hələ də dövlətlər arasında ayrı-seçkilikdən, ikili standartlardan və riyakar siyasətdən əl çəkə bilməyən belə dövlətlərə və təşkilatlara tutarlı cavabdır.
Akademik R.Mehdiyev yazır: “Bu gün müxtəlif beynəlxalq hüquq-müdafiə təşkilatları, ABŞ-ın, onun Avropadakı müttəfiqlərinin beyin mərkəzləri və adi QHT-lər öz həqiqi məqsədlərini maskalayaraq, guya insan hüquqlarının müdafiəsi, demokratik dəyərlərin və bazar iqtisadiyyatının təşkilati əsaslarının yayılması üçün bütün dünyada öz filiallarının nəhəng şəbəkəsini yaradıblar. Yeni tipli ”beşinci kolon" rolunda çıxış edənlər də məhz onlardır. İnkişaf etməkdə olan ölkələrdə, xüsusən postsovet məkanındakı ölkələrdə göstərilən strukturlar həmin dövlətlərin qanunvericiliyi ilə hesablaşmadan işləyirlər. Bu təşkilatların əksəriyyəti Qərb dövlətlərinin hökumətlərindən birbaşa və ya xüsusi xidmətlərin formalaşdırdığı müxtəlif fondlar vasitəsilə çox böyük məbləğdə maliyyə dəstəyi alır".
Müəllif diqqətə çatdırır ki, XXI əsrdə Qərbin başqa regionlardakı dövlətlərə münasibəti yalnız forma etibarilə dəyişib. İnkişaf etmiş Qərb dövlətləri, o cümlədən ABŞ bu gün də, əvvəlki kimi, açıq-aydın ikili standartlar siyasəti yürüdür, insan hüquqlarından hökumətlərə təzyiq aləti kimi istifadə etməklə, dünyanın əksər ölkələrinin daxili işlərinə qarışır. Onlar məhz bu məqsədlə həmin ölkələrdə yeni tipli “beşinci kolon”lar formalaşdırır və onların köməyi ilə həmin dövlətlərin daxili və xarici siyasətini müəyyən etməyə çalışırlar. Bu praktikanın məqsədi insan azadlıqlarının və hüquqlarının müdafiəsi deyil, konkret siyasi və iqtisadi səmərə əldə etmək üçün bu və ya digər dövləti arzu olunan güzəştlərə məcbur etməkdir. XXI əsrdə beynəlxalq münasibətlərdə güc siyasətinin yeni formasının reallaşması məhz bundan ibarətdir.
Yeri gəlmişkən qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin Azərbaycanda insan haqlarının pozulmasını iddia etməsi də bu ölkənin ikili standartlardan əl çəkə bilməməsinin bariz nümunəsidir. Xanım Psaki tez-tez dünyanın ayrı-ayrı bölgələrində baş verən proseslərlə əlaqədar qeyri-peşəkar, doğru olmayan faktlar, hətta coğrafi səhvlərlə müşayiət olunan çıxışlar edir. Ona görə də onun Azərbaycanla bağlı söylədiyi fikirlər təəccüb doğurmamalıdır. Onun dediyinə görə, guya Azərbaycanda insan haqları sahəsində beynəlxalq öhdəliklərə riayət olunmur. Dövlət Departamentinin adından çıxış edən C.Psakinin qərəzli, riyakar, heç bir reallığa söykənməyən fikirləri, əslində, öz ölkəsində və onların cani-dillə müdafiə etdikləri işğalçı Ermənistanda insan haqlarının kobudcasına pozulması, fundamental hüquq və azadlıqlara məhəl qoyulmaması faktlarını ört-basdır etməyə hesablanıb.
Amerika Birləşmiş Ştatlarının müxtəlif bölgələrində mütəmadi olaraq irqi ayrı-seçkilik, dinc nümayişçilərə qarşı polis zorakılığı, güc tətbiq olunması, hətta küçələrə hərbi texnikanın çıxarılması, gözyaşardıcı qazdan istifadə olunması, işgəncələrin verilməsi halları baş verir, kütləvi həbslər aparılır. Bütün bunları və Ermənistanın işğalçılıq siyasətini görməzliyə vuran dövlətdən hansı obyektivlik və demokratiya gözləmək olar?
Akademik R.Mehdiyev də öz əsərində bu məsələyə ciddi münasibət bildirərək yazır: “Belə hesab etmək olmaz ki, Dövlət Departamentində bütün bunları bilmirlər. Məsələnin mahiyyəti bunda deyil, Ağ Evin rəhbərliyinin sadiq qaldığı ”ikili standartlar" konsepsiyasındadır. Məsələn, ABŞ Ermənistanın 20 ildən artıq müddətdə Azərbaycanın (Amerikanın rəsmi dairələrində hesab edildiyi kimi onun strateji tərəfdaşının) ərazisinin 20 faizini işğal altında saxladığını bildiyi halda, guya “yumşaq güc” prinsipinə əsaslanaraq, təcavüzkarın nazı ilə oynayır".
Başqa bir fakt. Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçən Ermənistan silahlı qüvvələrinə məxsus hərbi helikopter müdafiənin ön xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edərkən cavab atəşi ilə məhv edilmişdir. Bu hadisədən sonra bir sıra beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti dərhal bəyanat verərək, guya atəşkəs rejiminin pozulmasından narahat olduqlarını bildirmişlər. Yenə də Dövlət Departamentinin sözçüsü Cen Psaki bəyanatla çıxış etmiş və helikopterdə həlak olanların ailə üzvlərinə başsağlığı verərək, rəsmi Vaşinqtonun insan itkisindən təəssüfləndiyini bildirmişdir. Özlərini insan hüquq və azadlıqlarının fədaisi kimi və atəşkəs rejiminin pozulmasından narahat olan kimi göstərən Dövlət Departamentinin rəhbərliyi hər gün 40-50 dəfə pozulan atəşkəsi niyə görmürlər? Bəs ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş 20 mindən çox azərbaycanlının ailəsinə niyə başsağlığı verilməyib? Bu ailələrə başsağlığı vermək niyə Dövlət Departamenti rəhbərliyinin yadına düşmür?
Bu barədə akademik R.Mehdiyev yazır: “ABŞ bu fakta necə göz yuma bilər ki, Ermənistan Azərbaycanın ərazisini işğal edərək burada, özü də qarşıdurma vəziyyətində olan iki qoşunun təmas xəttinin lap yanında 40 mindən çox hərbi qulluqçunun və minlərlə vahid döyüş texnikasının iştirakı ilə hərbi təlimlər keçirir. Üstəlik, ermənilərin Mi-24 döyüş helikopteri Ermənistan və Azərbaycan qoşunlarını ayıran kiçik sahəyə soxularaq təhdidedici uçuşlar keçirir, bizim qoşunların mövqelərinə hücum etməyə cəhd göstərir. Bu, bizim hərbçiləri cavab hərəkətlərinə sövq etmək üçün şüurlu şəkildə törədilən provokasiya idi. Buna görə də tamamilə təbiidir ki, silahlı qarşıdurmanın bütün qaydalarına əsasən, həmin helikopter vurulmalı idi və o, vurulub. Bəs nəyə görə ABŞ Ermənistanı bu təhlükəli provokasiyaya görə qınamır, halbuki, Ukraynada baş verən hadisələrlə əlaqədar Rusiyanın ünvanına az qala hər gün xəbərdaredici bəyanatlar səslənir. Ermənistanın ünvanına isə heç nə deyilmir. Məgər bu, ABŞ-ın xarici siyasətində ikili standartların göstəricisi deyilmi?”
ABŞ-ın bu vaxta qədər Ermənistanın təcavüzkar siyasətində seyrçi mövqe tutması və işğalçılıq siyasətini pisləməməsi, bunun qarşısının alınmasında qəti addım atmaması da Prezident Administrasiyasının rəhbəri tərəfindən kəskin tənqid olunub:"Vaşinqton artıq başa düşməlidir ki, “yumşaq güc” o vaxt səmərəli olur ki, o, ABŞ-ın başqa ölkələrin (məsələn, Azərbaycanın) milli maraqları ilə üst-üstə düşən milli maraqlarının həyata keçirilməsinə əsaslansın. Azərbaycanın milli maraqları ilə hesablaşmadan öz siyasi məqsədlərini həyata keçirmək cəhdləri heç vaxt uğur qazanmayacaq. Məsələn, ABŞ Ukraynanın ərazi bütövlüyünə tərəfdar çıxır və bütün mümkün üsullarla onu qorumağa çalışır. Bəs, nəyə görə ABŞ Azərbaycana münasibətdə müvafiq yanaşma tətbiq etmir, onun ərazi bütövlüyünü açıq müdafiə etmir, təcavüzkarı pisləmir?”
İkili standartlar nümayiş etdirən dövlət və beynəlxalq təşkilatlar sanki dərk edə bilmirlər ki, hazırkı gərginlik Ermənistanın işğalçı siyasətinin, danışıqlar prosesini yenidən pozmaq cəhdinin məntiqi nəticəsidir və mövcud vəziyyətə görə məhz Ermənistan rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən guya atəşkəs rejiminin və insanların hüquqlarının pozulmasından narahat olduqlarını bəyan edən beynəlxalq təşkilatlar isə sanki sözləşiblər kimi, mənasız və təəssüf doğuran bəyanatlar verir, bununla da riyakarlıqlarını bir daha bəyan edirlər. Görünür, onlar belə əhəmiyyətsiz bəyanatlarla öz vəzifələrini bitmiş hesab edirlər.Biz Azərbaycanın hava məkanını pozan erməni helikopterinin məhv edilməsi zamanı da bunun şahidi olduq.
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin, BMT baş katibinin sözçüsü Farhan Haq, ATƏT-in baş katibi Lamberto Zannier, ATƏT sədri, İsveçrənin dövlət başçısı və xarici işlər naziri Didye Burkhalter, Avropa parlamenti və digərləri guya atəşkəs rejiminin pozulmasından narahat olduqlarını bildirblər. Əslində isə, onları narahat edən Azərbaycan Milli Ordusunun qüdrətlənməsi, Ermənistan ordusunun isə zəifliyi, gücsüzlüyüdür.
Ermənilərin törətdikləri dəhşətli vandal aktları nəticəsində 2 mindən çox azərbaycanlı ömürlük şikəst olub. Azərbaycan vətəndaşı, 15 yaşlı II qrup əlil Cavid Məmmədov Tərtər rayonunun Aşağı Çaylı istiqamətində erməni əsgərləri tərəfindən girov götürüləndə, 2011-ci il martın 8-də Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən Ağdam rayonunun Orta Qərvənd kənd sakini, 9 yaşlı azərbaycanlı Fariz Bədəlov həyətlərində oynayarkən qətlə yetiriləndə, Tovuz rayonunun Əlibəyli kəndində ermənilərin uşaq oyuncağına yerləşdirdikləri partlayıcı qurğu vasitəsilə 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı faciəli şəkildə həlak olanda və Şahmalıyeva Elnarə Məmədtağı qızı ağır bədən xəsarətləri alanda bu gün hayqıran beynəlxalq təşkilatlar və insan hüquq və azadlıqlarının müdafiəçiləri olan “demokratlar” niyə səslərini çıxartmadılar? Axı, həmin partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılmışdı. Ermənilərin azyaşlı uşaqları belə xüsusi amansızlıqla qətlə yetirmələri barədə faktlar istənilən qədərdir.
İşğal altında olan torpaqlarımızda doğmalarının məzarlarını ziyarətə getmiş üç azərbaycanlının – Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi heç bir beynəlxalq təşkilatı maraqlandırmır. Onlar Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüşdür. Sonradan Həsən Həsənov vəhşicəsinə qətlə yetirilmiş, digər iki nəfər isə öz valideynlərinin məzarlarını ziyarət etdiklərinə görə onlara qarşı Ermənistan tərəfindən “məhkəmə” şousu qurulub. Lakin beynəlxalq təşkilatlar bu ədalətsizliyə hələ də göz yumur.
Göründüyü kimi, həm ABŞ, həm də digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına maraq göstərmirlər. Əksinə, ABŞ Ermənistana və Dağlıq Qarabağ separatçılarına milyonlarla, hətta, milyardlarla ölçülən maliyyə yardımı göstərir. Müəllif əsərində bu məqamı xüsusi vurğulayır: “Səmimi etiraf etmək lazımdır, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qrupunun həmsədri kimi, bu problemin həllində lazımi maraq göstərmir. Axı, onun həlli, Vaşinqtonun bəyan etdiyi kimi, geniş mənada ABŞ-ın da marağındadır... Amma bununla belə ABŞ 1992-ci ildən bəri Ermənistana iki milyard dollardan artıq, Dağlıq Qarabağ separatçılarına isə 1998-ci ildən bəri 83 milyon dollardan çox maliyyə yardımı göstərib. Göründüyü kimi, Amerika əsla gizlətmir ki, o, Ermənistanın yürütdüyü, bu uzanan münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət xəttini dəstəkləyir”.
Akademik Ramiz Mehdiyev bunun səbəbindən bəhs edərkən yazır ki, ABŞ rəsmiləri onun özünə dəfələrlə etiraf ediblər: “Amerikada erməni lobbisinin Konqresdə və Senatda mövqeləri güclüdür, bundan əlavə, çoxsaylı erməni diasporu bizim elektoratdır, ona görə biz bu amillə hesablaşmağa məcburuq. Biz Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı təzyiq metodları tətbiq edə bilmərik: ”Bax belə: nə az, nə də çox - erməni diasporunun “məclisi idarə etdiyi” regionlarda ədaləti bərpa etməyə qabil olan “yeganə dünya dövlətinin” xarici siyasət strateqlərinin mövqeyi belədir".
Bəs problemin mahiyyəti nədən ibarətdir? Bu məsələyə öz fundamental əsərində açıqlama verən R.Mehdiyev yazır: “Problemin mahiyyəti ondan ibarətdir ki, ABŞ ikili standartlar siyasəti apardıqca, bəzi ölkələrdə işğalı pislədiyi halda, başqa ölkələrdə buna nəinki göz yumduqca, hətta faktiki olaraq bu vəziyyəti təşviq etdikcə, başqa ölkələrin hökumətləri ilə razılaşdırmadan, onların milli mənafelərinə və qanunvericiliklərinə məhəl qoymadan hərəkət etdikcə onun səmərəli xarici siyasət həyata keçirməsinə heç bir güc – istər “yumşaq güc”, istərsə də “sərt güc” kömək etməyəcək. ABŞ-da bunu nə qədər tez başa düşsələr və regionda öz xarici siyasətini bu reallığa nə qədər tez uyğunlaşdırsalar, bir o qədər səmərəli nəticə əldə edərlər"
İşğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyinə göz yuman, özlərini təcrübəli, demokrat hesab edən dövlətlər, həmçinin bəzi beynəlxalq təşkilatların ayrı-seçkiliyinə, qərəzinə və siyasi riyakarlıqlarına baxmayaraq, Azərbaycanın dünya birliyindəki mövqeləri getdikcə möhkəmlənir. Bu, inkarolunmaz faktdır. Bu gün Prezident İlham Əliyevin təşəbbüsləri ölkənin və regionun iqtisadi landşaftını dəyişir, öz liderini inamla dəstəkləyən xalqın mənəvi dirçəlişi üçün güclü stimula çevrilir. Akademik Ramiz Mehdiyevin bu dəyərli əsəri də belə xoş notlar üzərində Prezident İlham Əliyevdən gətirdiyi iqtibasla tamamlanır: “Əminəm ki, biz qarşıya qoyulmuş bütün məqsədlərimizə çatacağıq”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.