Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da,
nə qədər zənginlik olsa da, mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz.
Heydər ƏLİYEV
Ümummilli lider
Hər bir dövlətin, xüsusən gənc müstəqil dövlətin yaşayıb fəaliyyət göstərməsi, fasiləsiz inkişaf edib təkmilləşməsi və möhkəmlənməsi üçün zəruri olan amillərdən üçü ayrıca qeyd olunmağa layiqdir: güclü iqtisadiyyat, ölçülüb-biçilmiş, sahmanlı, elmi zəminə söykənən daxili və xarici siyasət, bir də cəmiyyətin mənəvi sağlamlığı. Şübhə yoxdur ki, sıx əlaqə və vəhdət halında olan bu amillər bir-birinə qarşılıqlı təsir göstərir, bir-birini şərtləndirir. Lakin o da şübhəsizdir ki, iqtisadiyyat və siyasət sahəsində qazanılan uğurların əsasında sağlam mənəviyyat normaları və prinsipləri dayanmalıdır.
Cəmiyyətdəki sağlam mənəvi mühitin, vətəndaşların mənəviyyatca yetkinliyinin, kamilliyinin hər bir dövlətin möhkəmliyi üçün əhəmiyyəti tarix boyu müdriklər, siyasətçilər tərəfindən dəfələrlə bəyan edilmişdir. Bu baxımdan böyük Azərbaycan alimi Mirzə Kazım bəyin vaxtilə dediyi bir fikri xatırlatmaq yerinə düşər. O yazırdı: “Roma imperiyası iqtisadi ziddiyyətlərin və bununla əlaqədar olan sosial ziddiyyətlərin təsiri altında deyil, müxtəlif siyasi qüvvələr arasındakı didişmələrin, həmçinin mənəviyyatların pozulması nəticəsində süqut etmişdir”.
Bu həqiqəti yaxşı bilən ulu öndər Heydər Əliyev mənəviyyatla bağlı məsələləri daim diqqət mərkəzində saxlayırdı. Onun elə bir məruzəsinin, nitq və çıxışının adını çəkmək olmaz ki, orada mənəviyyat, milli-mənəvi dəyər problemlərinə toxunulmamış olsun. Mən ilk növbədə ümummilli liderin 1996-cı ilin fevral ayında müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumundakı nitqində ifadə olunan proqram müddəanı xatırlatmaq istəyirəm. Ulu öndər demişdir: “Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz”.
Hər bir insan həyatda özünü müxtəlif vasitələrlə təsdiq və ifadə etməyə çalışır. Bəziləri ağılın, kamalın, yüksək mənəvi keyfiyyətlərin, bəziləri elmin, biliyin, bəziləri yüksək yaradıcılıq qabiliyyətinin vasitəsilə. Bəziləri isə özünü var-dövləti, villaları, bahalı maşınları, zinət əşyaları vasitəsilə təsdiq etməyə çalışırlar. Aydındır ki, ən yüksək özünütəsdiq, özünüifadə forması mənəvi özünütəsdiqdir, mənəvi özünüifadədir.
ABŞ-da Emil Poust adına Etiket İnstitutunun etiketə dair nəşrlərinin birində deyilir: “Amerikalılar başa düşməlidirlər ki, heç də hər şey dollarla alınmır. Dollar, funt, frank, peso, lir... Bəli, bu pullara zinət şeyləri və ya suvenir almaq olar, lakin nə xeyirxahlıq pulla satılır, nə heyranlıq, nə də rəğbət”.
Cəmiyyət üzvlərinin sağlam mənəviyyatlı vətəndaşlar kimi yetişdirilməsi üçün bir sıra amillərin mövcud olması vacibdir. Onlardan birincisi, ölkədə sabitliyin bərqərar edilməsidir ki, ulu öndərin ciddi səyləri nəticəsində bu sahədə çox böyük işlər görüldü. Qanunsuz silahlı dəstələrin, dövlət çevrilişi cəhdlərinin xofundan xilas olan xalq quruculuq işlərinə başladı, iqtisadiyyatı, mədəniyyəti inkişaf etdirmək imkanı qazandı. Demokratik, hüquqi dövlət quruculuğu prosesi adamların vahid, yeganə ideologiyanın təlqin etdiyi, zorla aşıladığı mənəvi norma və standartlardan yaxa qurtarmasına kömək etdi. Özəl televiziya və radio kanalları, informasiya agentlikləri fəaliyyət göstərməyə, çoxlu sayda qəzet və jurnallar nəşr olunmağa başladı. Fikir plüralizmi ən müxtəlif mülahizə və rəylərin sərbəst surətdə ifadə edilməsinə gətirib çıxartdı. Adamlar öz düşündüklərini söyləməkdən daha çəkinmədilər. Düzdür, ölkədə yaranmış demokratik şəraitdən sui-istifadə edənlər də oldu və indi də var. Belələri həqiqət əvəzinə, yalanı özlərinə bayraq edən, ən ali milli-mənəvi dəyərlərimizin təbliği əvəzinə, insanlara mənəviyyatsızlıq aşılamağı qarşılarına məqsəd qoyan, müstəqillik illərindəki şəksiz, danılmaz uğurlarımıza qara yaxan şəxslərdir. Lakin bu, artıq həmin şəxslərin mənəviyyatındakı aşınmalardan xəbər verən bir faktdır.
Dil mənəviyyatın ayrılmaz hissəsi və ən mühüm atributudur. Təəssüf ki, sovet hakimiyyəti illərində doğma Azərbaycan dilimiz küncə sıxışdırılmış, onun tətbiq sahəsi son dərəcə məhdudlaşdırılmışdı. Azərbaycan Respublikasının SSRİ vaxtındakı son Konstitusiyasında Azərbaycan dili dövlət dili elan olunsa da, əslində, buna tam mənası ilə əməl edilmirdi. Yalnız Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra doğma ana dilimiz, sözün həqiqi mənasında, müstəqil, tamhüquqlu dil oldu. 1995-ci ilin noyabrında qəbul edilmiş müstəqil respublikamızın ilk Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması qəti şəkildə bəyan edildi və təsbit olundu. Yeri gəlmişkən, müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaradıcısı da, doğma dilimizin Azərbaycan dili adı altında Əsas Qanunumuza daxil edilməsinin təşəbbüskarı da ulu öndər Heydər Əliyevdir.
Ümummilli liderimizin öz nitq və çıxışlarında Azərbaycan dilinə verdiyi yüksək qiymət, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, eləcə də “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” onun imzaladığı tarixi fərmanlar doğma dilimizin inkişafına yeni böyük təkan verdi.
Qeyd etməyi lazım bilirəm ki, ulu öndərin hər bir nitq və çıxışı Azərbaycan dilinin gözəlliyini, zənginliyini, geniş ifadə imkanlarına malik olduğunu əyani şəkildə nümayiş etdirən misilsiz örnəklərdir. Bu nitq və çıxışlar hər bir ölkə vətəndaşında öz doğma dili üçün iftixar hissi doğurur, onu bu dili daha dərindən sevməyə, öyrənməyə və təbliğ etməyə həvəsləndirir.
Mənəvi mədəniyyətimizin yaradıcıları olan, cəmiyyət üzvlərinin mənəvi aləminin formalaşdırılmasında bilavasitə iştirak edən elm və sənət adamlarına, istedadlı gənclərə qayğı göstərilməsi, onlara fəxri adlar, yüksək təqaüdlər verilməsi, onların, eləcə də xalqımızın tarixində çox görkəmli yer tutan mədəniyyət, ədəbiyyat abidələrinin yubileylərinin keçirilməsi mənəvi tərbiyədə, cəmiyyət üzvlərinin mənəvi aləminin formalaşmasında olduqca böyük əhəmiyyətə malikdir. Hələ sovet dönəmində nə qədər sənətçimiz ulu öndərin köməkliyi ilə SSRİ-nin yüksək fəxri adlarına, orden və medallarına layiq görülmüşdür. Neçə-neçə yazıçı, şair, rəssam, bəstəkar və müğənnimiz Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti fəxri adlarına layiq görülmüş, SSRİ Dövlət mükafatı laureatı olmuşlar.
Bu vəziyyət hətta əhalisinin sayı bizdən çox olan bəzi respublikaların rəhbərlərində qısqanclıq hissi doğururdu. Onlar deyirdilər ki, Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti adı almış sənət adamlarının sayı bizdəkindən çoxdur. Bu, əlbəttə, Heydər Əliyevin xidməti idi.
Sənət adamlarının, mədəniyyət və ədəbiyyat abidələrinin yubileylərinin keçirilməsi ən azı iki nöqteyi-nəzərdən faydalıdır. Əvvəla, bu prosesdə haqqında söhbət gedən şəxslərin və ya əsərlərin mənəvi keyfiyyətləri qabarıq surətdə nəzərə çarpdırılır ki,bu da mənəvi tərbiyədə, xüsusən gənclərin mənəvi cəhətdən formalaşmasında və inkişafında mühüm əhəmiyyətə malikdir. Digər tərəfdən, xalqımızın tarixində müsbət rol oynayan heç bir faktın, hadisənin diqqətdən kənarda qalmadığı hamıya bəlli olur, nəticədə adamlarda daha yaxşı işləmək, qurub-yaratmaq həvəsi və əzmi artır.
Heydər Əliyev ədəbiyyat və incəsənət aləmi ilə daim ünsiyyətdə, təmasda olmağı xoşlayırdı. Teatr tamaşalarının premyeralarında, hökumət tədbirlərində təşkil olunan konsertlərdə, yazıçıların, rəssamların, bəstəkarların qurultaylarında, sərgilərin açılışında və digər tədbirlərdə ulu öndər şəxsən iştirak edirdi. Teatr tamaşalarından və konsertlərdən sonra səhnə arxasında aktyorlarla, musiqiçilərlə, müğənnilərlə görüşür, onların qayğıları və problemləri ilə maraqlanır, onlara təmsil etdikləri sənət sahələri ilə bağlı səriştəli tövsiyələr verirdi.
Ədəbiyyat və incəsənətin müxtəlif növləri ilə bağlı qənaətlərində Heydər Əliyev incəsənətin daxili qanunauyğunluqlarına və inkişaf perspektivlərinə yüksək peşəkarlıqla yanaşan bir sənət nəzəriyyəçisi kimi çıxış edirdi.
Milli-mənəvi dəyərlərimizə dərindən bələd olan ümummilli liderimiz xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.
Heydər Əliyevin rəhbərliyi dövründə cəmiyyətdə mənəvi mühitin saflaşması istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin siyahısı genişdir. Mən bunlardan yalnız bəzilərini xatırlatdım. Lakin təəssüf hissi ilə qeyd etməyi lazım bilirəm ki, qazanılan bütün uğurlara baxmayaraq, biz bu gün cəmiyyətimizin, vətəndaşlarımızın tam mənəvi sağlamlığından danışa bilmirik. Əksinə, müəyyən hallarda milli-mənəvi dəyərlərimizin nüfuzdan düşməsindən, bu dəyərlərə tam biganəlikdə ifadə olunan hərəkətlərdən, açıq-aşkar mənəviyyatsızlıqdan danışmalı oluruq. Xüsusən müstəqilliyimizin ilk onilliyində bu sahədə vəziyyət qətiyyən ürəkaçan deyildi. Təbiidir ki, cəmiyyətdə baş verən mənəvi prosesləri həmişə diqqətlə izləyən ulu öndər bu cür hallara biganə qala, onlarla bağlı narahatlıq keçirməyə bilməzdi. Onun 13 avqust 2001-ci il tarixli bəyanatı bu narahatlığının nəticəsi olaraq meydana gəlmişdi. Həmin bəyanatda cəmiyyətin mənəvi həyat sahəsində baş verən mənfi hallardan danışılır, onların yaranma səbəbləri və aradan qaldırılması yolları göstərilirdi.
Adı çəkilən bəyanat cəmiyyətdə böyük əks-səda doğurmuş və geniş müzakirə obyektinə çevrilmişdi. Hər cür ixtisas və peşədən olan adamlar, gənclər və yaşlılar bu bəyanatda irəli sürülən fikirlərlə həmrəy olduqlarını bildirir, mənəvi mühiti sağlamlaşdırmaq üçün səmərəli təkliflər irəli sürürdülər.
Yeri gəlmişkən, qeyd etməyi lazım bilirəm ki, o dövrdə cəmiyyət üzvlərinin müəyyən qismində özünə yer tapan mənəviyyatsızlıq hallarını əsasən ölkədə iqtisadi durumun çətinliyi ilə izah etmək meyli güclü idi. Məncə, bu, o qədər də düzgün deyildir. Əvvələn, mənəviyyatsızlıq uçurumuna yuvarlanmış insanlar içərisində hədsiz var-dövlətə malik olan harınlaşmış şəxslər heç də az deyil. Bu cür şəxslərin, xüsusən də vəzifəli şəxslərin qudurğan övladlarının mənəviyyatsız hərəkətlərinə cəmiyyətdə çox mənfi münasibət formalaşmışdır. Haqlı olaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu cür şəxsləri, vəzifə sahiblərini və onların qudurğan övladlarını ciddi cəzalandırır. Bu da cəmiyyətdə razılıqla qarşılanır. İkincisi, insan şüura və mənəviyyata malik yeganə canlı varlıqdır və buna görə də öz insanlıq ləyaqətini hər cür şəraitdə qoruyub saxlamağa borcludur. Dahi ədibimiz Cəlil Məmmədquluzadənin bir fikrini burada xatırlatmaq yerinə düşər. O, hekayələrinin birində yazırdı: “İnsan necə çətinliyə düşsə, gərək tab gətirsin və nə eləyir eləsin, amma gərək ədəbi və nazikliyi əlindən qoymasın”.
İnanıram ki, ulu öndərin digər məsələlər kimi, cəmiyyətin mənəvi saflığı, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və daha da inkişaf etdirilməsi məsələsinə münasibəti də bizim üçün həmişə bir örnək, bir nümunə olacaq.
Ölkə Prezidenti cənab İlham Əliyev cəmiyyətin mənəvi cəhətdən sağlamlaşdırılması, milli-mənəvi dəyərlərimizin qorunması və daha da inkişaf etdirilməsi sahəsində ulu öndərin gördüyü işləri uğurla davam etdirir. O, özünü “xalqın xidmətçisi” adlandıraraq vəzifə sahiblərinin ondan nümunə götürməsini tələb edir. Bu cür münasibət və tələbkarlıq cəmiyyətdə mənəvi-psixoloji iqlimin sağlamlaşmasına çox kömək edir.
Əlisa ƏHMƏDOV,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru,
fəlsəfə elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.