Azərbaycanın xarici siyasəti beynəlxalq aləmdə ona inamı artırır

Azərbaycan dövlətinin güclü iradəsi, düşünülmüş şəkildə həyata keçirilən daxili və xarici siyasəti, həmçinin iri infrastruktur layihələrinin reallaşdırılması respublikamızı Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik ölkəyə çevirib. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadiyyatında 75 faizdən artıq paya malikdir. Xarici sərmayələrin həcminə görə də ölkəmiz postsovet məkanında lider dövlətdir. Təkcə keçən il ölkə iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun da 30 faizi xarici sərmayədir. Azərbaycan artıq öz investisiyaları ilə Avropa bazarına daxil olmuşdur.

Azərbaycanın öz enerji təhlükəsizliyini tam şəkildə təmin etməsi və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynaması dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Bütün bunların nəticəsidir ki, bu gün ölkəmiz regional əməkdaşlıq məsələlərində lider rolunu oynayır.

Azərbaycanın dünya birliyində əlaqələri getdikcə genişlənir. Bu, ilk növbədə, dövlət başçısının yeritdiyi uğurlu xarici siyasətin və ölkəmizdə ictimai-siyasi sabitliyin davamlı olmasından irəli gəlir. Hazırda Azərbaycanın xarici ölkələrdə 60-a yaxın səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Ölkəmizin beynəlxalq aləmdə getdikcə artan reytinqi növbəti illərdə xaricdəki diplomatik korpuslarımızın sayının artacağını istisna etmir. Dünyanın, demək olar ki, bütün dövlətləri ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir və bizimlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını gizlətmirlər. Təbii ki, bütün bunlar dövlətimizin başçısının uzaqgörənliyinin və praqmatik düşüncəsinin məhsuludur. Bunu xarici ölkələrin siyasi xadimləri, görkəmli şəxsiyyətləri və aparıcı kütləvi informasiya vasitələri də bəyan edirlər. Bu günlərdə Türk Dünyası Bələdiyyələr Birliyinin “Perspektiv” jurnalında dərc olunmuş “Azərbaycan Prezidenti İlham Əliyev – uğurlu dövlət başçısı örnəyi” sərlövhəli məqalədə bildirilir: “Seçkilərdə əhalinin 85 faizinin səsini qazanaraq üçüncü dəfə Prezident seçilən İlham Əliyev Azərbaycanı iqtisadi və siyasi sahədə inkişaf etdirərək beynəlxalq aləmdə söz sahibinə çevirib. Azərbaycanda əhalinin rifah halı yaxşılaşır, təhsil, səhiyyə və digər sahələrin inkişafına böyük əhəmiyyət verilir. İlham Əliyev milli maraqlar məsələsində çox həssas dövlət xadimidir, onun yürütdüyü xarici siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir”. “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” nəşrində dərc olunan məqalədə də diqqətçəkən məqamlar çoxdur. Qəzet yazır: “Müstəqilliyin əldə olunmasından keçən dövr ərzində Azərbaycan dünya iqtisadiyyatı üçün model ölkəyə çevrilib, sosial sahəyə qoyduğu sərmayələr və apardığı modernləşmə siyasəti ilə dünyanın inkişaf etmiş dövlətləri ilə eyni səviyyəyə qalxıb”.

 Azərbaycan dünyada sülhsevər, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan müstəqil dövlətdir. Düşmən əsarətində olan ərazilərimizin azad olunması üçün bizim qüdrətli, nizami ordumuz var. Milli Ordumuz işğalçı Ermənistan silahlı qüvvələrini ərazimizdən çıxarmağa qadirdir. Son hadisələr də bunu təsdiqləyir. Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti işğal altında olan ərazilərimizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində azad edilməsinin tərəfdarıdır və bunu dəfələrlə bəyan edib. Ölkəmizin ərazi bütövlüyünü qəbul edən və dəstəkləyən beynəlxalq birlik də Azərbaycan Prezidentinin bu mövqeyini dəstəklədiyini bəyan edib. Dünyanın super dövlətlərindən biri olan ABŞ-ın tanınmış ictimai xadimləri Prezident Barak Obamaya müraciət edərək dünyada sülh və əmin-amanlıq tərəfdarı olan Azərbaycana dəstək verməyə çağırıblar. ABŞ konqresmenləri Robert Aderholt və Mayk Doylun Prezident Barak Obamaya müraciətində bildirilir: “ABŞ Azərbaycana dəstək verməlidir. Regiondakı mövcud çağırışlara baxmayaraq, Azərbaycan Birləşmiş Ştatlarla tərəfdaşlığa sadiq qalır, Əfqanıstandakı antiterror əməliyyatlarına dəstək, Avropanın enerji təhlükəsizliyinə töhfə verir”.

Bu gün yüksək tribunalardan Ermənistanın işğalçı dövlət kimi təqdim olunması və öz ordusunu işğal etdikləri Azərbaycan ərazisindən geri çəkmək tələbi ərazi bütövlüyümüzün beynəlxalq səviyyədə dəstəklənməsinin nəticəsidir. Bir faktı xatırlatmaq yerinə düşərdi. Avropa Parlamentinin slovakiyalı deputatı Boris Zalanın dediklərindən: “Azərbaycan torpaqlarının işğal altında qalması davamlı ola bilməz. Bu, Avropa İttifaqının xarici siyasəti qarşısında duran real məsələdir. Son hadisələr sözdə dondurulmuş münaqişənin hər an həqiqi müharibəyə çevrilə biləcəyini göstərdi. Biz münaqişənin həlli naminə qətiyyətli addımlar atmalıyıq”.

Ermənistanın işğalçılıq siyasəti, qonşu dövlətlərin ərazilərini öz torpaqları kimi təqdim etmələri artıq beynəlxalq birliyi təngə gətirib. Erməni lobbisinin bütün cəhdlərinə baxmayarq, dünyanın müxtəlif ölkələrində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrin qəbul olunması Ermənistan rəsmilərinin bütün çirkin niyyətlərini alt-üst edir. Bu ilin əvvəlində ABŞ-ın Nyu-Meksiko ştatı Senatının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etməsi erməni lobbisinə vurulan ən böyük zərbələrdən biri oldu. Həmin qətnamədə bildirilir ki, Azərbaycanın ərazi bütövlüyü ABŞ tərəfindən dəstəklənir və beynəlxalq birlik Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Qeyd olunur ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna münaqişəni beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, eləcə də ATƏT-in qəbul etdiyi qərar və sənədlər əsasında həlli həvalə olunub.

Sənəddə vurğulanır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bütün erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar da daxil olmaqla, bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü və sərhədləri çərçivəsində həllini dəstəkləyir.

Xatırladaq ki, bu, 2014-cü ildə ABŞ-da Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul edilmiş ikinci qətnamədir. Bundan əvvəl isə, yanvarın 30-da Arizona parlamenti oxşar qətnamə qəbul edərək Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini bildirmişdi.

Son vaxtlar Ermənistanın dövlət rəsmiləri iddia edirlər ki, guya BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə konkret olaraq Ermənistan dövlətinin işğalçı olması qeyd edilməyib. Bu da növbəti bir yalandır. Çünki BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi dörd qətnamədən sonra bir neçə dəfə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib. Həmin qətnamələrdə də Ermənistanın işğalçılıq siyasəti pislənilir. Xatırladaq ki, 2004-cü ilin noyabrında Azərbaycanın işğal olunmuş ərazilərinə dair məsələnin qurumun tribunasında müzakirə edilməsi Ermənistanın dövlət rəsmilərini bir daha ifşa etdi. Hətta, Ermənistan hakimiyyəti bu prosesdən təlaşlanaraq qondarma Dağlıq Qarabağ respublikasını tanıyacaqlarını, danışıqlar prosesindən çıxacaqlarını bəyan etmişdilər. BMT-dəki bu müzakirələr digər beynəlxalq təşkilatlara da təsir etdi və 2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyası Ermənistanın təcavüzünü pisləyən qətnamə qəbul etdi.

“Avropa Şurası Parlament Assambleyası (AŞPA) Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal azad edilməsini tələb edir”. Bu fikri isə AŞPA-nın sabiq sədri Luis Mariya de Puç səsləndirib. O deyib ki, AŞPA Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu hər zaman qeyd edib və edir: “Mən bu gün burada bu barədə bəyan edirəm. Bir həftədən sonra isə Ermənistanda səfərdə olacağam və bunu orada da deyəcəyəm”.

Onun sözlərinə görə, söylədiyi fikirlər AŞPA-nın sessiyasında qəbul olunmuş qətnamədə də öz əksini tapıb. Sənəddə qeyd olunub ki, “Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü, onun beynəlxalq aləm tərəfindən qəbul olunmuş sərhədlərini tanıyır və erməni ordusunun işğal edilmiş ərazilərdən dərhal çıxarılmasını tələb edir”.

2008-ci il martın 14-də BMT-nin Baş Məclisi geniş iclasında 62-ci sessiyanın gündəliyinə 20-ci bənd kimi əlavə edilən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” məsələsini yenidən müzakirə edib. 9 bənddən ibarət olan qətnamə layihəsi BMT Baş Məclisinin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini ifadə edirdi. Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir və məcburi köçkün düşən azərbaycanlıların öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını əks etdirirdi. Beləliklə, BMT-nin Baş Məclisi “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” barədə daha bir qətnamə qəbul edib. Sənəddə “Azərbaycanın Dağlıq Qarabağ regionunda və ətraf rayonlarda silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyi sual altında qoymasından” və Cənubi Qafqaz ölkələrinin humanitar vəziyyətinə mənfi təsir göstərməsindən ciddi narahatlıq ifadə olunub. Baş Assambleya üzv dövlətləri Azərbaycanın suverenliyinə və beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət etməyə və dəstəkləməyə çağırır: “Baş Assambleya bir daha bildirir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti qanuni vəziyyət kimi tanımamalıdır və bu vəziyyətin saxlanmasına yardım göstərməməli və ya şərait yaratmamalıdır”. Qətnamədə, həmçinin, “erməni qüvvələrinin Azərbaycan Respublikasının bütün zəbt edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” zərurəti qeyd edilib.

Böyük əhəmiyyət kəsb edən bu sənəd Azərbaycan diplomatiyasının növbəti uğurlarından biri hesab edilir. Çünki Ermənistanın işğalçı dövlət olması dünyanın ən mötəbər qurumlarından birinin qəbul etdiyi qətnamədə öz əksini tapırdı. Ancaq təəccüb və təssüf doğuran bir məsələ yaranmışdı. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bu qətnamənin əleyhinə çıxmışdılar. Bu da ciddi narazılıqlara səbəb oidu. Əslində, burada təəccüb doğuracaq bir şey yox idi. Çünki Minsk qrupunun ikili mövqe və riyakar siyasət yerirməsi birinci hal deyildi. Biz dəfələrlə bu qurumun belə ikili standartlar nümayiş etdirməsinin şahidi olmuşuq. Minsk qrupunun 20 ildən artıq vasitəçilik missiyası zamanı bir dəfə də olsun işğalçını öz adı ilə çağırmaması ikili standartlar nümayiş etdirməsinin bariz nümunəsidir.

Bu il noyabrın 12-də Ermənistan ordusuna məxsus hərbi helikopterin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumu zamanı məhv edilməsi, nədənsə, ATƏT-in Minsk qrupunu da ciddi narahat edib. Hətta, bu barədə bəyanat da veriblər. Həmsədrlər Azərbaycan Silahlı Qüvvələrinin vurduğu hərbi helikopterin düşdüyü ərazini “neytral zona” adlandırıblar. Azərbaycan tərəfinin bu bəyanata ciddi etiraz etdiyini görən Minsk qrupu guya “səhvini” düzəldərək, “neytral zona”nı, “məskunlaşmamış zona” ilə əvəz edib. 20 ildən artıqdır ki, guya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən Minsk qrupu, doğrudanmı bu vaxta qədər hələ də dərk edə bilmir ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib. Hər dəfə işğal olunmuş ərazilərə “turist” səfərinə gedən Minsk qrupu həmsədrlərinin başları görəsən nəyə qarışır ki, onlar işğal altında olan ərazilərdəki dağıntıları, erməni vəhşiliyini görmürlər? Minsk qrupu həmsədrlərinin fəaliyyətindəki ziddiyyətlərə fikir verin. Həmsədrlər təmsil etdikləri dövlətlərin adından danışırlarsa, Amerika Birləşmiş Ştatları da, Rusiya da, Fransa da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ancaq qurum rəsmiləri təxribat xarakterli bəyanat yayırlar. Onlar çox yaxşı bilirlər ki, o ərazilər Azərbaycanın əraziləridir. Bu faktı da yaxşı bilirlər ki, Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın 20 faizdən artıq torpaqlarını işğal altında saxlayır. Minsk qrupu həmsədrlərinin hər zaman olduğu, kimi bu dəfə də riyakar mövqe nümayiş etdirmələri münaqişənin tənzimlənməsinə xidmət etmir. Həmsədrlər işğalçı dövlətə təzyiq etmək əvəzinə, belə təxribat xarakterli bəyanatlarla ədalətsizliklərini bir daha ortaya qoyurlar.

Bu qurumun ikili standartlar nümayiş etdirməsi artıq beynəlxalq aləmdə də narazılıq yaradır. Estoniya parlamenti üzvünün fikri də bunu təsdiqləyir: “Dağlıq Qarabağ, eləcə də işğal olunmuş ətraf rayonlar Azərbaycan Respublikasının tərkib hissəsidir və ölkənin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınır. 20 ildə aparılan işlərin heç bir nəticə verməməsi onu göstərir ki, Minsk qrupu bu məsələyə yenidən baxmalıdır”.

Azərbaycanın ərazi bütövlüyünün dünyanın bütün dövlətləri tərəfindən dəstəklənməsi işğal altında olan torpaqlarımızın azad olunmasına böyük inam və ümid yaradır. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın mövqeyi birmənalıdır – Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Dövlət başçısı öz çıxışında qəti surətdə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında