Türkiyənin paytaxtında Ermənistanla sərhədlərin açılmasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə bir neçə ekspert də iştirak edib. Lakin Azərbaycandan buraya mütəxəssis dəvət edilməyib. Çıxış edənlər iki ölkə arasında münasibətlərin normallaşdırılması zərurətindən danışıb, bunun üçün ilk olaraq Türkiyənin addımlar atmalı olduğunu əsaslandırmağa cəhd ediblər.
Yaranmış vəziyyəti elə təqdim etmək istəyiblər ki, guya, münasibətlərin indiki məzmununa Ermənistanın işğalçılıq siyasətinin təsiri olmayıb. Türkiyədən siyasi-diplomatik fəallıq gözləyənlər, İrəvana gələndə yalnız “xalq diplomatiyası”nı yada salıblar. Belə təəssürat yaranıb ki, baş verənlərdə günahkar Azərbaycan və Türkiyədir. Həmin səbəbdən də Ankara ilə Bakı əlaqələrin normallaşması istiqamətində konkret addımlar atmalıdırlar. Bütün bunların arxasında Qərbin müəyyən dairələrinin durduğu iddia olunur. Maraqlıdır ki, Türkiyədə də həmin ideyaya dəstək verənlər tapılıb.
Bağlı qapı arxasında gizlənən sirlər
Tarixi həqiqətlərə göz yummaqla qərəzli niyyətlərə görə dövlətlərarası münasibətlərin normallaşacağını düşünmək çox çətindir. Təcrübə göstərir ki, belə hallarda daha çox ən yaxın dost ölkələrin gözündə etibardan düşülür, düşmənə yeni zərbələr vurmaq üçün əlavə şans verilir. Bu baxımdan noyabrın son günlərində Ankarada Türkiyə-Ermənistan sərhədlərinin açılmasına həsr edilmiş konfrans istisna deyil. Burada müzakirə olunan mövzu və çıxış edənlərin söylədikləri fikirlərin təhlili göstərir ki, həmin tədbir regionda barışa deyil, yeni ziddiyyətlərin meydana çıxmasına təkan verə bilər.
Tədbirin “Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi konfransı” adlandırılması təsadüfi deyil. Burada ilk növbədə sərhədin Türkiyə tərəfindən möhürləndiyinə işarə olunur. Müzakirələrin gedişində açıq deyilməsə də, bu, hiss edilib. Nitq söyləyənlər “erməni soyqırımı”ndan başlayaraq, Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları işğalına qədər baş verən hadisələri sətiraltı Türkiyənin inadkarlığı aspektində təhlil ediblər. Təkliflər də həmin çərçivədə səslənib - Ankara sərhədləri açmalıdır ki, regionda barış, inkişaf və sülh olsun.
İkinci məqam sərhədlərin açılmasının bölgənin gələcək taleyi ilə əlaqələndirilməsindən ibarət olub. Burada da gizli surətdə Türkiyə və Azərbaycan ittiham olunur. Həmin kontekstdə Dağlıq Qarabağda erməni terrorunun nəticələri üzərindən sükutla keçilir və “xalq diplomatiyası”nın, iki cəmiyyət arasında ünsiyyətin qurulmasının zəruriliyi vurğulanır.
Bütün bunların Ankara konfransının məzmunundan nəticə kimi alınması, təbii ki, bizi çox təəssüfləndirir. Türkiyə rəhbərliyinin dəfələrlə “Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmayınca, sərhədlərin açılmasından söhbət gedə bilməz” kimi bəyanatları fonunda da həmin tədbir müəmmalı addım təsiri bağışlayır. Lakin bu, reallıqdır.
Qardaş ölkənin bir neçə tanınmış aliminin, Avropa və Ermənistan mütəxəssislərinin iştirak etdiyi müzakirələrdə Azərbaycandan bir nəfər də olsun iştirak etməyib. Çünki təşkilatçılar dəvət etməyiblər. Bu da paradoksdur: konfransda Dağlıq Qarabağ məsələsi sərhədlərin bağlı olması aspektində təhlil edilibsə, Azərbaycan tərəfinin də fikri mütləq dinlənilməli idi. Görünür, burada qeyri-sağlam məqsədlər və kənar təsirlər də olub.
Qərbin mövqeyi: ikili yanaşmalar qalır
Doğrudan da, ekspertlər buna diqqət yönəldirlər ki, 2010-cu ildən ABŞ və Avropa İttifaqı Ankara ilə İrəvan arasında “səssiz diplomatiya” təşəbbüslərini dəstəkləmək üçün maliyyə yardımları göstərməyə başlayıblar. Bu çərçivədə 2010-cu ildə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ermənistan-Türkiyə Təşkilatları Konsorsiumuna 4,7 milyon dollar maliyyə vəsaiti ayırdı. 2014-cü ildən Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Türkiyə tərəfdən 8 vətəndaş cəmiyyəti təşkilatlarının konsorsiumu Ermənistan-Türkiyə “normallaşma prosesi”nə dəstək verdi.
Ankaradakı son tədbir üçün isə 30 min avro vəsait ayrılıb. Tədbirin məqsədi, məzmunu və gedişatı KİV-də geniş işıqlandırılıb. Burada başlıca niyyətin türk ictimaiyyətinin ermənilərə münasibətini normallaşdırmaqdan ibarət olduğunu duymaq çətin deyil.
Maraqlıdır ki, ermənilərin bu təşəbbüsünü Türkiyənin daxilində dəstəkləyən müəyyən çevrələr də vardır. Məsələn, qardaş ölkənin Bakıdakı keçmiş səfiri və Türkiyə-Ermənistan gizli danışıqlarının əsas iştirakçısı olan Əhməd Ünal Çeviköz həm “Hurriyet” qəzetinə sərhədlərin açılmasına dəstək ifadə edən məqalə yazıb, həm də konfransın iştirakçısı olub. Bundan başqa, Türkiyə və Ermənistanda 2015-ci ildə “erməni soyqırımı”nın 100 illiyinin tamam olmasına qədər sərhədlərin açılmasına ictimai dəstəyi təmin etmək məqsədi ilə gizli qrupların yaradıldığı haqqında informasiyalar yayılıb.
Bu kimi faktlar məsələnin ciddiliyindən xəbər verir. Görünür, kənardan olan sifarişlə Türkiyədə yeni proseslərə təkan verməyə çalışırlar. Ekspertlər hesab edirlər ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsinə daha çox Qərb qarışır. Bütövlükdə isə burada üç faktorun qarşılıqlı təsirindən danışmaq olar. Birincisi, Qərbin təzyiqləri, ikincisi, Azərbaycanın maraqlarını nəzərə almaq zərurəti, üçüncüsü, Ermənistanla ticarət əlaqələrini genişləndirmək tələbi.
Yuxarıda deyilənlərdən belə qənaətə gəlmək olar ki, Türkiyənin Ermənistanla sərhədlərini açması məsələsinin bir aspekti geosiyasi vəziyyətlə əlaqəlidir. Qərb açıqca Ankaraya İrəvanla əməkdaşlıq etməsi üçün təzyiqlər edir. ABŞ rəhbərliyi bu istiqamətdə daha çox canfəşanlıq göstərir. Avropa İttifaqı isə hətta xüsusi proqram hazırlayıb. “Ermənistan-Türkiyə normallaşma dövrünə dəstək proqramı”nı məhz Brüssel maliyyələşdirir. Bu zaman sərhədlərin hansı səbəbdən bağlı olmasının üstündən sükutla keçilir.
Bunun xüsusi məqsədlə edildiyinə şübhə yoxdur. Bir tərəfdən, Ermənistan təcriddən çıxarılır, digər tərəfdən isə Türkiyə ilə Azərbaycanın münasibətlərində problemlər yaradılır. Əgər Qərb bu məsələdə səmimi olsaydı, ilk olaraq, Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa məcbur edərdi. Bu fakt aradan qalxandan sonra Türkiyə avtomatik olaraq sərhədləri açardı. Azərbaycan da dəfələrlə bəyan edib ki, İrəvan işğal etdiyi torpaqlardan çəkiləndən sonra onunla münasibətlərə yenidən baxıla bilər.
Həqiqət bunlardan ibarətdir. Ankarada keçirilən konfransda bu aspektdə danışan olmayıb. Ümumi sözlərlə münaqişədən bəhs edənlər qəti şəkildə Ermənistanın təcavüzkarlıqdan əl çəkməsi zərurətini ortaya qoymayıblar. Ermənilər isə fürsətdən istifadə edərək Dağlıq Qarabağdakı status-kvonu dəyişmədən “xalq diplomatiyası” vasitəsi ilə iki ölkə arasında əlaqələr yaratmaq zərurətindən danışıblar. Məsələn, V.Çeteriyan adlı erməni ekspert sərhəd məsələsinin Dağlıq Qarabağ problemindən daha dərində olan faktorlara bağlı olduğunu əsaslandırmağa cəhd edib. Bu zaman o, Ankaranın lazımi səviyyədə cəsarətli siyasət yeritmədiyini xüsusi vurğulayıb. Guya, həmin səbəbdən münaqişə həll edilmir. Buna görə də, Türkiyə xarici siyasətinin bu aspektinə yenidən baxmalıdır.
Göründüyü kimi, konfransda Ermənistanın işğalçılığı səbəb kimi nəzərdən keçirilməyib. Bu şərt daxilində Cənubi Qafqazda geosiyasi dinamikanı sabitləşdirməyin qeyri-mümkünlüyünü dərk etmək gərəkdir. ABŞ və Avropa Ankaraya təzyiq edə və hansısa tədbirlər görə bilərlər. Lakin bunların müsbət nəticə verəcəyini gözləmək əbəsdir. Çünki heç bir halda Azərbaycan öz haqlı tələblərindən geriyə çəkilməz. Ərazi bütövlüyü bərpa olunmayınca, Ermənistanla hansısa razılaşmadan söhbət gedə bilməz.
Uydurma “soyqırımı”nın 100 illiyinə görə Türkiyədə hansısa dairələrin Qərbin xoşuna gəlmək üçün səylər göstərməsi isə özünü aldatmaqdan başqa bir şey deyil. Çünki rəsmi İrəvan “soyqırımı” iddialarından əl çəkməyəcəyini, Ankara qarşısında tələblər qoymaqda davam edəcəyini dəfələrlə bəyan edib. Yaranmış vəziyyətdən yeganə çıxış yolu həqiqəti etiraf etməkdən, yəni Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını əsas şərt kimi qoymaqdan ibarətdir. Yalnız bundan sonra konfranslar keçirib, ortaq qənaətə gəlmək olar. Həmin səbəbdən hesab edirik ki, Ankarada təşkil edilən konfrans heç bir faydası olmayan iş təsiri bağışlayır. Türkiyənin bundan hansısa səmərə görəcəyinə heç bir əminlik yoxdur.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.