Bir siyasətçi kimi Avropa Parlamentinin prezidenti Martin Şultsun imici çox ziddiyyətlidir. Onun bəzi hərəkətləri Avropa Parlamentini bir sıra hallarda pis vəziyyətə salıb. Azərbaycana qarşı da onun mövqeyinin qərəzli olduğu məlumdur. Noyabrın 26-da Avropa Parlamentinin plenar iclasında bunu bir daha təsdiq edərək, insan hüquqlarını qorumaq bəhanəsi ilə ölkənin daxili işlərinə qarışmağa cəhd etdi.
Avropa Parlamentinə aparan yol
Avropa İttifaqına daxil olan ölkələrin mənəvi-əxlaqi böhran keçirdiyi məlumdur. Aİ-nin rəsmi strukturlarında çalışan adamların arasında siyasi düşüncəsində problemlər olanlar da var. Həmin sırada Avropa Parlamentinin indiki prezidenti Martin Şults öz dəst-xətti ilə seçilir.
Onun şəxsi həyatındakı problemlər haqqında KİV-də məlumatlar çoxdan yayılıb. Belə ki, o, uşaqlıqdan uğursuzluğa düçar olub. Futbolu çox sevirmiş, lakin aldığı zədə psixologiyasını pozub. İçkiyə qurşanan yeniyetmə Şults məktəbi də atmalı olub. Yaxın dostları və qohumları ondan uzaqlaşıblar. Bir dəfə işə içkili vəziyyətdə gəldiyindən onu işdən azad ediblər.
Maraqlıdır ki, M.Şults qeyri-sağlam siyasi bəyanatları ilə qalmaqallı adam kimi tanınır. Bu baxımdan onun İtaliyanın keçmiş Baş naziri S.Berluskoni haqqında dediklərini, İsrail Knessetindəki çıxışını və Böyük Britaniyanın Aİ-dəki rolu haqqında söylədiklərini xatırlatmaq olar. Bunlara görə Şults hətta nasizmin təbliğində günahlandırıldı. Onu da vurğulayaq ki, Azərbaycan və Türkiyə haqqında həqiqətə uyğun olmayan fikirlər söyləyən bu məmur islamofob mövqeyi ilə seçilir.
Bu kimi keyfiyyətlərə malik bir insanın Avropa Parlamentinə rəhbərlik etməsinin özü təəccüb doğurur. Onun fəaliyyətinin konkret nümunələri bu qənaəti təsdiq edir. Son olaraq Martin Şults Azərbaycana qarşı qərəzli və böhtan xarakterli fikirlər söyləyib. Qeyd edək ki, Avropa Parlamenti bir neçə dəfə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışıb. 2013-cü il oktyabrın 23-də bu təşkilatın keçirdiyi plenar iclasda Azərbaycanda guya prezident seçkisinin beynəlxalq standartlara cavab vermədiyini ifadə edən qətnamə qəbul edilmişdi. Halbuki Avropa Parlamentinin müşahidə qrupu tamamilə əks mövqe bildirmişdi.
2014-cü il sentyabrın 18-də isə Aİ-nin bu qurumu “Azərbaycanda insan hüquqları müdafiəçilərinin istintaqı üzrə” qətnamə qəbul edib. Konkret cinayət əməllərində,
o cümlədən vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə ciddi kölgə salır. Onun bütövlükdə Qərb siyasətinə xas olan ikili standartlara uyduğu aydın görünür.
Bütün bunlar Avropanın ciddi siyasətçilərinin Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirmələri fonunda cərəyan edir. Məsələn, Fransanın “Trombinoskop” jurnalının oktyabr nömrəsində Milli Assambleyanın deputatları Jerom Lamber, Tyeri Maryani və Jan Lui Dümon Azərbaycanın Avropa İttifaqının əsas tərəfdaşı olduğunu real faktlarla əsaslandırıblar. Avropanın enerji təhlükəsizliyinin təminində Bakının rolu əvəzsizdir. İqtisadi, enerji, mədəni və başqa sahələr üzrə tərəflər arasında əlaqələr inkişaf edir. Aİ-nin yüksək vəzifəli rəsmi şəxsləri Azərbaycanın strateji tərəfdaş kimi rolunu dəfələrlə vurğulayıblar.
Azərbaycanın uğurları: qəbul etməyənlərin problemləri
İndi isə cənab Martin Şults qalmaqallı və qərəzli bəyanatları ilə əməkdaşlığın yolunda əngəl törətməyə çalışır. Noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında o, Leyla Yunusovanın hüquqlarının pozulması haqqında dolaşıq və əsassız fikirlər söyləyib. Bununla Azərbaycanda insan haqlarına guya əməl edilmədiyi təəssüratı yaratmağa cəhd edib. Onun iddiasına görə, rəsmi Bakı guya Avropa Parlamentinin nümayəndə heyətinin ölkəyə gəlməsinə icazə vermir.
Azərbaycan tərəfi məsələ ilə bağlı bildirib ki, bununla əlaqədar Avropa Parlamentindən ölkəmizin müvafiq dövlət qurumlarına heç bir rəsmi müraciət daxil olmayıb. Belə olan halda ya M.Şultsun rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə dəqiq informasiyası yoxdur, ya da o, öz ampluasında qalaraq qalmaqallı, ikili yanaşmalara və öz təxəyyülünə əsaslanan qeyri-obyektiv fikirlər söyləməkdə davam edir. Hər iki variantda Avropa İttifaqı kimi quruma üz ağlığı gəlmir. Bunlar qeyri-ciddi siyasi mövqedən xəbər verir. Ən əsası isə obyektiv deyil, reallığı əks etdirmir.
Həmin səbəbdən Azərbaycan rəsmilərinin M.Şultsun söylədiklərinə sərt reaksiya verməsi tamamilə təbiidir. Məsələ burasındadır ki, bu cənab özünü günahsız insanların müdafiəçisi kimi göstərməyə çalışır. Lakin onun indiyə qədər Ermənistandan didərgin salınan, Qarabağdakı öz doğma yurdlarından qovulan yüz minlərlə azərbaycanlının hüquqlarından danışdığını görən olmayıb.
Martin Şults özünü beynəlxalq ictimaiyyətə haqqın-ədalətin tərəfdarı kimi təqdim etməyə çalışır. Bəs onda hansı səbəbdən erməni separatçıları tərəfindən həyatlarını itirmiş insanlardan, müxtəlif zorakılığa məruz qalmış müsəlmanlardan bəhs etmir? Sanki cənab Şults Azərbaycan haqqında mənfi fikir formalaşdırmağa bir fürsət axtarır. Bu cür davranışın ona baş ucalığı gətirdiyinə inanmırıq.
Üstəlik, çox qəribədir ki, M.Şults 25 ildir Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də olsun, fikir bildirməyib. Münaqişənin ədalətli həlli üçün Avropa Parlamenti rəsmisinin (indi isə onun rəhbərinin) dedikləri faydalı olardı.
Yaxud M.Şults nəyə görə Ferquson hadisələri ilə əlaqədar bəyanat vermədi? Niyə o, Avropanın müxtəlif ölkələrində hüquqları pozulan və zorakılığa məruz qalan insanlarla bağlı mövqe bildirmir? Belə çıxmırmı ki, onu daha çox Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaq maraqlandırır? Bakı nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir, Avropa və dünya miqyaslı idman yarışlarının keçirilməsi ona etibar edilir. Bunlar haqqında M.Şults heç bir fikir bildirməyib. Bu, qərəz deyilmi?
Yaxşı olardı ki, M.Şults Avropa İttifaqının qarşılaşdığı problemlər haqqında düşünsün. Təşkilatın düçar olduğu böhran vəziyyəti onun kimi məmurların fəaliyyəti nəticəsində yaranıb. Heç kəsə sirr deyil ki, düzgün strategiya seçilmədiyinə və səmərəli idarə olunmadığına görə Aİ hazırda ciddi çətinliklərlə üz-üzədir. Cənab Şultsun bunda nə dərəcədə məsuliyyət daşıdığını kim müəyyənləşdirəcək?
Aydındır ki, Azərbaycana qarşı növbəti çirkli oyun gedir. Qərbin bir sıra dairələri ölkənin uğurlarını qəbul etmək istəmirlər. Onlar həm də islamofobiyadan yaxa qurtarmaq iqtidarında deyillər. Birtərəfli və qərəzli mövqe heç zaman uğur gətirmir. Şübhə yoxdur ki, Azərbaycan bu kimi bəyanatları qəbul etmir və seçdiyi inkişaf yolu ilə irəliləyəcək. Eyni zamanda, qanunun aliliyini tam təmin edəcək. Bu yolda Bakının kənardan kimsənin məsləhətinə ehtiyacı yoxdur və təzyiq dilində onunla danışmaq səmərəsiz işdir.
Bunlarla yanaşı, Avropa Parlamentində Azərbaycana qarşı qərəzli fikirlərin səslənməsi Qərbin Cənubi Qafqaz siyasətinin zəifliyindən xəbər verir. Həmin aspektdə Avropa İttifaqının müəyyən problemlərlə qarşılaşdığını demək olar. Görünür, bu təşkilat hələ də region dövlətlərinin bölgədəki rolunu real qiymətləndirə bilmir. Bəlkə də dini təəssübkeşlik onlara mövcud mənzərəni obyektiv görməyə mane olur. Hər bir halda Azərbaycan dövləti ilə ədalətli davranmaq, onun haqlı mövqeyini qiymətləndirmək gərəkdir.
Martin Şults Avropa İttifaqının uğursuz kadrlarından biri təsiri bağışlayır. Leyla Yunusova kimi “hüquq müdafiəçiləri”ni müdafiə etməyin özü böyük ədalətsizlikdir. Ən azından ona görə ki, L.Yunusova vətənə xəyanət edib. Cənab Şults Almaniyaya, məsələn, xəyanət etmiş bir adamı Azərbaycandan kiminsə müdafiə etməsinə necə reaksiya verərdi? İnanmırıq ki, bu addımı o, qəbul edərdi.
Avropa Parlamenti rəhbərinin öz fəaliyyətinə yenidən baxması, hər şeydən əvvəl, Avropanın problemləri ilə məşğul olması daha faydalı olardı. Azərbaycan demokratikləşmə və islahatlar yolundan dönməyəcək. Çünki bu ölkənin daxili və xarici siyasəti tam düşünülmüş, elmi əsaslandırılmış kursa əsaslanır.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.